Qız uşaqlarinin qətli: müasir dövrün cahilliyi

Müəllif: Catwoman666
Şərhlər: 4
Baxılıb: 1 846
Səs ver:
(səs: 1)
Allah-təala Qurani-kərimdə övladlar arasında cinsi baxımdan fərq qoymağın düzgün olmadığını gözəl bir üslubda bəyan edir. Allah insanların diqqətini buna yönəldir ki, bir kəsə qız ya oğul övladı vermək yalnız Onun ixtiyarındadır. Hətta bir kəsi sonsuz etmək də Allahın hökmündədir.

Bir ayədə oğul və qız övladları arasında tam bərabər şəkildə, fərq qoymadan, yanaşı söhbət açılması bu ikisinin üstünlük baxımından bir-birindən seçilmədiyinə işarədir: "Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini yaradır, istədiyinə ancaq qız, istədiyinə də ancaq oğlan verir. Yaxud hər ikisindən – həm oğlan, həm də qız verir, istədiyini də sonsuz (övladsız) edir. O (hər şeyi) biləndir, (hər şeyə) qadirdir!” (Şura, 49-50).

Cahiliyyət dövründə ərəblər qız uşaqlarına əskiklik və xəcalət mənbəyi kimi baxırdılar. Quranda buyurulduğu kimi, "Onlardan birinə qızı olması ilə müjdə verdikdə qəzəblənib üzü qapqara qaralar. Verilən müjdənin pisliyi üzündən tayfasından qaçıb gizlənər. (Allah bilir!) Görəsən, onu (o körpəni) zillət içində saxlayacaq, yoxsa torpağa göməcək? Bir görün onlar necə pis mühakimə yürüdürlər!” (Nəhl, 58-59). "Təkvir” surəsinin 8-9-cu ayələrində isə qiyamət gününün əlamətləri sadalanarkən, atası tərəfindən diri-diri torpağa gömülən qız uşaqlarının öz haqqını tələb edəcəyi və bu cinayəti törətmiş atanın sorğu-sual meydanına çəkiləcəyi bəyan edilir: "Diri-diri torpağa gömülən körpə qızdan: "Axı o hansı günaha görə öldürüldü?” soruşulacağı zaman”.

Müasir dövrümüz zahiri cəhətdən cahiliyyə əyyamından fərqlənir. Amma bir çox cəhətlərdən bu gün hətta daha qəddar və mənfur hallara şahid oluruq. Bu gün də qız uşaqları qətlə yetirilir. Amma bir fərqlə ki, İslamdan qabaq qızları doğulduqdan sonra diri-diri torpağa basdırırdılar. Bu gün isə qız uşaqları daha amansız yollarla, ana bətnində məhv edilir. İnsanlıq sifətini itirən, içdiyi Hippokrat andına pul xatirinə xəyanət edən bəzi "həkimlər” artıq kifayət qədər inkişaf etmiş, bədən üzvləri formalaşmış, normal insan kimi ağrını hiss edən körpələri cəllad kimi cərrahiyyə alətlərinin köməyi ilə tikə-tikə doğrayaraq, ana bətnindən xaric edirlər. Bu hərəkət vəhşilik baxımından cahiliyyə ərəblərinin davranışından daha amansız və tükürpədicidir. Elm və texnikanın, bəşəri nailiyyətlərin bu qədər inkişaf etdiyi, təbliğat və maarif vasitələrinin gücləndiyi bir zamanda bu cür vəhşiliklər insanlıq adına ləkə gətirir.

İslam qız övladını nəinki oğlandan əskik saymır, hətta öz valideyninə gətirdiyi savab baxımından onu daha yüksək dəyərləndirir. Peyğəmbərin hədislərində öz qızlarını gözəl şəkildə tərbiyə edib böyüdən və ərə verən atanın mütləq cənnətə düşəcəyi bildirilir. Bu şəkildə davranan üç, iki və hətta bir qız atasının eyni savabı qazanacağı bildirilir.

Qız uşaqlarını məhv etdirənlər öz fikirlərini belə əsaslandırırlar ki, "qız ailədə əlavə çörək yeyəndir, heç bir xeyri yoxdur, böyüyəndə də quş öz yuvasından uçub gedən kimi başqa evə köçəcək”. Üstəgəl, cəmiyyət içində oğul övladının qızdan daha üstün tutulması, oğul valideynlərinin daha hörmətli sayılması, qızı olanlara əskik baxılması kimi tendensiyalar da rol oynayır. Sonuncu tendensiyaya Qurani-kərim yuxarıda misal gətirdiyimiz ayələrlə cavab verib. Qız uşaqlarını ruzi və dolanışıq üzündən məhv edənlərə isə Allah-təala belə müraciət edir: "...Kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk...” (Ənam, 151).

Uşağı dünyaya gətirmək bir məsuliyyətdirsə, onu layiqincə tərbiyə etmək, təlim-tərbiyəsində hədləri aşmamaq, övladı cəmiyyətə faydalı bir insan kimi yetişdirmək də başqa bir məsuliyyətdir. Bu barədə İslam müqəddəslərindən xeyli hədis rəvayət olunub. Aşağıda onlardan birini diqqətinizə təqdim edirik:

İmam Cəfər Sadiqin (ə) səhabələrindən birinin qızı doğulmuşdu. Cahiliyyə dövründən gələn bir təfəkkürün təsiri altında qəm dəryasına qərq olan səhabə İmamın hüzuruna gələndə İmam onun yorğun və kədərli halının səbəbini soruşdu. Səhabə hadisəni o həzrətə xəbər verdi. İmam Sadiq (ə) buyurdu: "O uşağın ağırlığını yer öz üzərinə alar, ruzisini də Allah verər. O uşaq sənə ehtiyacı olmadan yaşayacaq və sənin ruzindən azaltmadan öz ruzisini yeyəcək”. Sonra İmam soruşdu ki, qızın adını nə qoymusan? Səhabə cavab verdi: "Adını Fatimə qoymuşam”. İmam bu sözü eşidəndə üç dəfə ürəkdən ah çəkdi, sonra alnını əli ilə tutub buyurdu: "Əgər adını Fatimə qoymusansa, o uşağı söymə, lənətləmə” (Vəsailüş-şiə).
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 1 846
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri