Quranın azəricə tərcüməsi - Əl əraf surəsi

Müəllif: my_angel
Şərhlər: 2
Baxılıb: 1 607
Səs ver:
(səs: 1)
"Sədd (əl əraf)" surəsi, 206 ayə,
Məkkədə nazil olub.
Mərhəmətli və Rəhmli Allahın adı ilə!

1. Əlif. Ləm. Mim. Sad.

2. Bu, insanları qorxutmaq və möminlərə öyüd-nəsihət vermək üçün sənə nazil edilən Kitabdır. Ona görə qəlbin heç narahat olmasın.

3. Rəbbinizdən sizə nazil edilənə tabe olun. Onu qoyub başqa dostlara uymayın. Siz necə də az öyüd-nəsihət dinləyirsiniz.

4. Biz neçə-neçə kəndləri məhv etdik. Əzabımız onlara gecə ikən və ya günorta çağı yatıb istirahət etdikləri vaxt gəldi.

5. Əzabımız onları haqladığı zaman onların çağırışları: "Həqiqətən, biz zalım olmuşuq!"– deməkdən başqa bir şey olmadı.

6. Biz, mütləq elçi göndərilən ümməti və göndərilmiş elçiləri sorğu-suala tutacağıq.

7. Onlara etdikləri əməlləri barədə Öz elmimizlə bildirəcəyik. Axı Biz qaib deyildik.

8. O gün əməllərin tərəzidə çəkilməsi bir həqiqətdir. Tərəziləri ağır gələnlər – məhz onlar nicat tapanlardır.

9. Tərəziləri yüngül gələnlər isə ayələrimizə qarşı haqsızlıq etdiklərinə görə özlərini ziyana uğradanlardır.

10. Biz sizi yer üzündə yerləşdirdik və orada sizin üçün dolanışıq vasitələri yaratdıq. Necə də az şükür edirsiniz!

11. Sizi xəlq etdik, sonra sizə surət verdik, sonra da mələklərə: "Adəmə səcdə edin!"– dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə edənlərdən olmadı.

12. Allah dedi: "Mən sənə əmr etdikdə sənə səcdə etməyə nə mane oldu?" İblis dedi: "Mən ondan daha üstünəm. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratmısan!"

13. Allah dedi: "Buradan aşağı en! Burada təkəbbürlük göstərmək sənə yaramaz. Çıx get, çünki sən alçaldılmışlardansan".

14. İblis dedi: "Onların dirildiləcəyi günə qədər mənə möhlət ver".

15. Allah dedi: "Şübhəsiz ki, sən möhlət verilənlərdənsən".

16. İblis dedi: "Sən məni yoldan çıxartdığına görə mən də Sənin düz yolunun üstündə oturub insanları tovlayacağam.

17. Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən".

18. Allah buyurdu: "Oradan mənfur və qovulmuş halda çıx! Onlardan hər kəs sənin ardınca getsə, əlbəttə, Cəhənnəmi sizin hamınızla dolduracağam.

19. Ey Adəm, sən zövcənlə birlikdə Cənnətdə sakin ol. Bəyəndiyiniz yerlərdə yeyin, ancaq bu ağaca yaxınlaşmayın! Yoxsa özlərinə zülm edənlərdən olarsınız".

20. Şeytan onların bir-birindən gizli qalan ayıb yerlərini özlərinə göstərmək üçün onlara pıçıldayıb dedi: "Rəbbiniz sizə bu ağacı yalnız ona görə qadağan etmişdir ki, siz mələk və ya Cənnətdə əbədi qalanlardan olmayasınız".

21. Üstəlik onlara: "Şübhəsiz ki, mən sizin nəsihətçilərinizdənəm"– deyə and içdi.

22. Beləliklə, şeytan onları tovlayaraq Cənnətdən aşağı endirdi. Hər ikisi ağacdan daddıqda ayıb yerləri özlərinə göründü və onlar Cənnət ağaclarının yarpaqlarından ayıb yerlərinin üstünə örtməyə başladılar. Rəbbi onlara belə müraciət etdi: "Mən sizə o ağacı qadağan etmədimmi və şeytan sizin açıq-aşkar düşməninizdir, demədimmi?"

23. Hər ikisi: "Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və bizə rəhm etməsən, əlbəttə, ziyana uğrayanlardan olarıq"– dedilər.

24. Allah dedi: "Bir-birinizə düşmən kəsilərək yerə enin! Yerdə sizin üçün müəyyən vaxta qədər qərar tutacağınız məskən və faydalanmaq üçün istifadə edəcəyiniz şeylər vardır".

25. Allah dedi: "Siz orada yaşayacaq, orada öləcək və oradan çıxarılacaqsınız".

26. Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək libas və bəzək-düzək nazil etdik. Təqva libası isə daha xeyirlidir. Bu, Allahın dəlillərindəndir. Bəlkə düşünüb onlardan ibrət alasınız.

27. Ey Adəm oğulları! Şeytan, əcdadınızın ayıb yerlərini özlərinə göstərmək məqsədilə aldadaraq libaslarını soyundurub Cənnətdən çıxartdığı kimi, sizi də aldatmasın. Şübhəsiz ki, o və onun nəsli sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər. Həqiqətən, Biz, şeytanları iman gətirməyənlərin dostları etdik.

28. Onlar yaramaz əməl etdikləri zaman: "Atalarımızı belə gördük. Allah da bizə bunu əmr etmişdir"– deyirlər. De: "Allah yaramaz əməlləri əmr etməz. Yoxsa Allaha qarşı bilmədiyinizi danışırsınız?"

29. De: "Rəbbim ədalətli olmağı əmr etdi. Hər səcdə etdiyiniz yerdə üzünüzü Ona tutun və Allaha – dini məhz Ona məxsus edərək dua edin. Sizi ilk dəfə yaratdığı kimi diriləcəksiniz".

30. Allah Öz bəndələrinin bir qismini doğru yola yönəltdi, digərlərinə isə haqq yoldan azmaq layiq görüldü. Çünki onlar Allahı qoyub şeytanları özlərinə dost tutdular və elə güman edirlər ki, doğru yoldadırlar.

31. Ey Adəm oğulları! Məscidlərə gedərkən gözəl geyimlərinizi geyin. Yeyin-için, lakin israf etməyin. Şübhəsiz ki, Allah israf edənləri sevmir.

32. De: "Allahın Öz qulları üçün üzə çıxartdığı zinəti və təmiz ruziləri kim haram etmişdir?" De: "Bunlar dünya həyatında hamıya, Qiyamət günü isə yalnız möminlərə məxsusdur". Biz dərk edən adamlar üçün ayələri belə izah edirik.

33. De: "Rəbbim həm aşkar, həm də gizli törədilən yaramaz əməlləri, hər cür günahı, haqsızcasına zülm etməyi, Allahın, haqqında heç bir dəlil nazil etmədiyi bir şeyi Ona şərik qoşmağınızı və bilmədiyiniz şeyləri Allahın əleyhinə söyləməyinizi haram buyurmuşdur".

34. Hər ümmətin bir əcəli vardır. Onların əcəli gəldiyi zaman bircə saat belə nə yubanar, nə də qabağa keçə bilərlər.

35. Ey Adəm oğulları! Sizə aranızdan elçilər gəlib ayələrimi bəyan edərkən Məndən qorxub öz əməllərini islah edən şəxslərin heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər.

36. Ayələrimizi yalan sayıb onlara təkəbbürlüklə yanaşanlar isə Od sakinləridirlər. Onlar orada əbədi qalacaqlar.

37. Allaha qarşı yalan uyduran və ya Onun ayələrini yalan hesab edən kimsədən daha zalım kim ola bilər? Yazıda olan qismətləri onlara nəsib olacaqdır. Nəhayət, elçilərimiz onların canını almaq üçün yanlarına gəldikdə: "Allahdan savayı çağırdıqlarınız haradadır?"– deyəcəklər. Onlar: "Bizi qoyub qaçıblar!"– deyəcək və kafir olduqlarına dair öz əleyhlərinə şahidlik edəcəklər.

38. Allah deyəcək: "Sizdən əvvəl gəlib-getmiş günahkar cin və insan tayfaları ilə birlikdə Oda girin!" Hər bir tayfa Oda girdikcə digərini lənətləyəcəkdir. Nəhayət, hamısı orada toplandığı zaman sonrakılar əvvəlkilər barəsində deyəcəklər: "Ey Rəbbimiz! Bunlardır bizi azdıran! Elə isə Odda bunlara ikiqat əzab ver!" Allah deyəcək: "Əzab hər kəs üçün ikiqatdır, lakin siz bunu bilmirsiniz!"

39. Əvvəlkilər sonrakılara deyəcəklər: "Sizin bizim üzərimizdə heç bir üstünlüyünüz olmayıb. Elə isə qazandıqlarınıza görə dadın əzabı!"

40. Şübhəsiz ki, ayələrimizi yalan sayanlara və onlara təkəbbürlüklə yanaşanlara göyün qapıları açılmayacaq və dəvə iynənin gözündən keçməyincə onlar Cənnətə girməyəcəklər. Biz günahkarları belə cəzalandırırıq.

41. Onların Cəhənnəm odundan yatağı və yorğanları olacaqdır. Biz zalımları belə cəzalandırırıq.

42. İman gətirib yaxşı əməl edənlər isə Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyirik.

43. Biz onların kökslərindəki kin-küdurəti çıxaracağıq. Onların ayaqları altından çaylar axacaq. Onlar deyəcəklər: "Bizi buna qovuşduran Allaha həmd olsun! Əgər Allah bizə hidayət etməsəydi, biz özümüz doğru yola yönələ bilməzdik. Əlbəttə, Rəbbimizin elçiləri haqqı gətirmişdilər". Onlara belə xitab ediləcəkdir: "Əməlləriniz sayəsində varis olduğunuz Cənnət budur!"

44. Cənnət əhli Od sakinlərini səsləyib deyəcəklər: "Biz Rəbbimizin bizə vəd etdiyinin doğru olduğunu gördük. Siz də Rəbbimizin sizə vəd etdiyinin doğru olduğunu gördünüzmü?" Onlar: "Bəli!"– deyəcəklər. Bu zaman onların arasında bir carçı səsləyib deyəcəkdir: "Allahın lənəti olsun zalımlara!

45. O kəslərə ki, insanları Allah yolundan sapdırır, onu əyri göstərməyə çalışır və axirəti inkar edirdilər".

46. Hər iki tərəfin arasında pərdə və səddin üzərində hər kəsi simasından tanıyan insanlar olacaqdır ki, onlar Cənnət əhlini səsləyib: "Sizə salam olsun!" deyəcəklər. Halbuki özləri çox istədikləri halda hələ Cənnətə girməyəcəklər.

47. Onların gözləri Od sakinlərinə tərəf çevrildikdə isə deyəcəklər: "Ey Rəbbimiz, bizi zalımlara tay tutma!"

48. Sədd əhli əlamətlərindən tanıdıqları adamları səsləyib deyəcəklər: "Sizə nə yığdıqlarınız, nə də təkəbbürlük göstərməyiniz fayda vermədi".

49. "Allah onlara mərhəmət nəsib etməyəcəkdir"– deyə barəsində and içdiyiniz kəslər bunlardırmı?" Sədd əhlinə deyiləcəkdir: "Cənnətə girin! Sizə heç bir qorxu yoxdur və siz kədərlənməyəcəksiniz".

50. Od sakinləri Cənnət əhlini səsləyib deyəcəklər: "Bizim üstümüzə bir az su və ya Allahın sizə verdiyi ruzidən tökün". Onlar isə deyəcəklər: "Allah bunları kafirlərə haram etmişdir".

51. O kəslərə ki, dinlərini əyləncə və oyun etmişdilər və dünya həyatı onları aldatmışdı. Onlar bu günləri ilə qarşılaşmağı unutduqları və ayələrimizi inkar etdikləri kimi, Biz də onları bu gün unudarıq.

52. Biz onlara biliyimizlə izah etdiyimiz, iman gətirən qövm üçün hidayət və mərhəmət olan bir Kitab göndərdik.

53. Yoxsa kafirlər yalnız onun (Quranda verilən xəbərlərin) aqibətini gözləyirlər? Onun aqibəti gəldiyi gün əvvəllər onu unudan kəslər deyəcəklər: "Həqiqətən də, Rəbbimizin elçiləri haqqı gətirmişdilər. İndi bizim tərəfimizi saxlayan şəfaətçilər varmı? Yaxud geri qaytarılacağıqmı ki, əvvəllər etdiyimiz əməllərdən başqasını edək?" Onlar özlərini ziyana uğratdılar. Uydurduqları bütlər isə onlardan uzaqlaşıb qeyb olacaqlar.

54. Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır.

55. Rəbbinizə acizanə, həm də gizlicə dua edin! Şübhəsiz ki, O, həddi aşanları sevmir.

56. Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin. Allaha qorxu və ümidlə yalvarın. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə yaxındır.

57. Küləkləri Öz mərhəməti önündə yağışdan qabaq müjdəçi olaraq göndərən Odur. Nəhayət, o küləklər ağır buludları daşıyarkən, Biz o buludları ölü bir diyara tərəf qovur, onunla yağmur endirir və bunun vasitəsi ilə hər cür meyvə yetişdiririk. Biz ölüləri də belə dirildəcəyik. Bəlkə, düşünüb ibrət alasınız.

58. Yaxşı torpaqda bitkilər Rəbbinin izni ilə çox asanlıqla bitər, pis torpaqda isə onlar yalnız çox çətinliklə yetişər. Biz ayələri şükür edən bir qövmə beləcə izah edirik.

59. Biz Nuhu öz xalqına elçi göndərdik. O dedi: "Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa məbudunuz yoxdur. Mən sizə üz verəcək Böyük günün əzabından qorxuram".

60. Xalqının zadəganları dedilər: "Həqiqətən də, biz səni açıq-aydın azğınlıq içində görürük!"

61. O dedi: "Ey qövmüm! Mən heç də azmamışam. Lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir elçiyəm.

62. Mən Rəbbimin mənə vəhy etdiklərini sizə təbliğ edir və sizə öyüd-nəsihət verirəm. Allahdan nazil olanlar sayəsində sizin bilmədiklərinizi bilirəm.

63. Allahdan qorxub bəlkə mərhəmətə nail olasınız deyə, sizi qorxutmaq üçün öz aranızdan olan bir kişinin vasitəsi ilə Rəbbinizin sizə öyüd-nəsihət verməsinə heyrətmi edirsiniz?"

64. Kafirlər onu yalançı hesab etdilər. Biz onu və onunla birlikdə gəmidə olanları xilas etdik. Ayələrimizi yalan hesab edənləri isə suya qərq etdik. Doğrudan da, onlar kor adamlar idilər.

65. Ad qövmünə də qardaşları Hudu göndərdik. O dedi: "Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa məbudunuz yoxdur. Yoxsa qorxmursunuz?"

66. Qövmünün kafir zadəganları dedilər: "Biz səni səfeh sayırıq və həqiqətən də, səni yalançılardan hesab edirik!"

67. O dedi: "Ey qövmüm! Mən heç də səfeh deyiləm. Lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir elçiyəm.

68. Mən Rəbbimin vəhy etdiyi hökmlərini sizə təbliğ edirəm. Mən sizin etibarlı nəsihətçinizəm.

69. Yoxsa sizi qorxutmaq üçün öz aranızdan olan bir kişinin vasitəsi ilə Rəbbinizin sizə öyüd-nəsihət verməsinə heyrətmi edirsiniz? Yadınıza salın ki, O, sizi Nuh qövmündən sonra xələflər təyin etdi və sizi xilqətcə daha qüvvətli etdi. Allahın nemətlərini xatırlayın ki, bəlkə nicat tapasınız".

70. Onlar dedilər: "Yanımıza gəlmisən ki, atalarımızın ibadət etdiklərini buraxıb tək Allaha ibadət edək? Əgər doğru danışanlardansansa, bizə vəd etdiyin əzabı gətir".

71. Hud dedi: "Artıq Rəbbinizdən sizə əzab və qəzəb yetişdi. Siz özünüzün və atalarınızın uydurduqları adlar (bütlər) barəsində mənimlə mübahisəmi edirsiniz? Halbuki Allah onlar barəsində heç bir dəlil nazil etməmişdir. Gözləyin! Şübhəsiz mən də sizinlə birlikdə gözləyənlərdənəm".

72. Biz onu və onunla birlikdə olanları Öz mərhəmətimizlə xilas etdik. Ayələrimizi yalan hesab edənlərin isə kökünü kəsdik. Onlar iman gətirən deyildilər.

73. Səmud qövmünə də qardaşları Salehi göndərdik. O dedi: "Ey qövmüm! Allaha ibadət edin! Sizin Ondan başqa məbudunuz yoxdur. Rəbbinizdən sizə açıq-aydın dəlillər gəldi. Allahın qayadan çıxartdığı bu dişi dəvəsi sizin üçün bir möcüzədir. Onu buraxın Allahın torpağında otlasın. Ona bir pislik etməyin, yoxsa sizi ağrılı-acılı bir əzab yaxalayar.

74. Xatırlayın ki, O, sizi Ad qövmündən sonra xələflər etdi və yer üzündə yerləşdirdi. Siz də onun düzənliklərində qəsrlər tikir, dağlarda evlər yonursunuz. Allahın nemətlərini yada salın, yer üzündə fəsad yayaraq pis işlər görməyin".

75. Onun qövmünün təkəbbürlü zadəganları öz aralarından iman gətirən zəiflərə dedilər: "Siz Salehin öz Rəbbi tərəfindən göndərildiyini bilirsinizmi?" Onlar dedilər: "Həqiqətən, biz onunla göndərilən hər şeyə inanırıq".

76. Təkəbbür göstərən başçılar dedilər: "Həqiqətən, biz sizin inandığınızı inkar edirik".

77. Onlar dişi dəvənin diz vətərini kəsdilər və beləliklə də Rəbbinin əmrindən çıxıb: "Ey Saleh! Əgər sən göndərilən elçilərdənsənsə, bizə vəd etdiyin əzabı gətir"– dedilər.

78. Onları dəhşətli bir sarsıntı yaxaladı və onlar öz evlərində üzüqoylu düşüb qaldılar.

79. Saleh onlardan üz çevirib dedi: "Ey qövmüm! Mən Rəbbimin mənə vəhy etdiyi hökmünü sizə çatdırdım və sizə öyüd-nəsihət verdim. Lakin siz nəsihət verənləri sevmirsiniz".

80. Lutu da elçi göndərdik. Bir zaman o, öz qövmünə demişdi: "Sizdən əvvəl aləmlərdən heç kəsin etmədiyi iyrənc əməli sizmi edəcəksiniz?

81. Siz, qadınları qoyub şəhvətlə kişilərin yanına gedirsiniz. Həqiqətən, siz, həddi aşmış adamlarsınız".

82. Onun qövmünün cavabı: "Onları yurdunuzdan çıxarın. Axı onlar təmizliyə can atan adamlardır"– deməkdən başqa bir şey olmamışdı.

83. Biz onu və ailəsini xilas etdik. Yalnız arvadından başqa. O, geridə qalanlardan oldu.

84. Biz onların üstünə daşlardan yağış yağdırdıq. Bir gör günahkarların aqibəti necə oldu.

85. Mədyən qövmünə də qardaşları Şueybi göndərdik. O dedi: "Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa məbudunuz yoxdur. Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəldi. Elə isə ölçüyə və çəkiyə tam riayət edin, insanların əşyalarını əksik verməyin və yer üzü islah olunduqdan sonra orada fəsad törətməyin. Əgər möminsinizsə, bu, sizin üçün daha xeyirlidir.

86. Hər yolun başında oturub Allaha iman gətirənləri hədələyib Onun yolundan sapdırmayın və onu əyri göstərməyə çalışmayın. Xatırlayın ki, siz az idiniz, O sizi çoxaltdı. Bir görün fəsad törədənlərin aqibəti necə oldu.

87. Əgər aranızdan bir dəstəniz mənimlə göndərilənə inanmış, bir dəstəniz isə inanmamışsa, Allah aramızda hökm verənədək səbir edin. Axı O, hakimlərin ən yaxşısıdır".

88. Onun qövmünün təkəbbürlü zadəganları dedilər: "Ey Şueyb! Ya biz hökmən səni də, səninlə birlikdə iman gətirənləri də yurdumuzdan çıxaracaq, ya da siz bizim dinimizə dönəcəksiniz". Şueyb dedi: "Hətta nifrət etmiş olsaq belə?"

89. Allah bizi sizin dininizdən xilas etdikdən sonra biz yenə də ona qayıtsaq, Allaha qarşı yalan uydurmuş olarıq. Rəbbimiz Allah istəməyincə bizim ona dönməyimiz olacaq bir şey deyildir. Rəbbimiz elmi ilə hər şeyi əhatə etmişdir. Biz Allaha təvəkkül etmişik. Ey Rəbbimiz! Bizimlə qövmümüz arasında ədalətlə hökm ver. Axı Sən hökm verənlərin ən yaxşısısan.

90. Onun qövmünün kafir zadəganları dedilər: "Əgər Şueybin ardınca getsəniz, siz mütləq ziyana uğrayanlardan olarsınız".

91. Onları dəhşətli bir şiddətli sarsıntı yaxaladı və onlar öz evlərində üzüqoylu düşüb qaldılar.

92. Şueybi yalançı sayanlar, sanki orada yaşamamışdılar. Şueybi yalançı sayanların özləri ziyana uğrayanlardan oldular.

93. Şueyb onlardan üz çevirib dedi: "Ey qövmüm! Mən Rəbbimin mənə vəhy etdiyi hökmlərini sizə çatdırdım və sizə öyüd-nəsihət verdim. Kafir tayfadan ötrü mən necə heyfsilənə bilərəm?"

94. Biz hansı bir ölkəyə peyğəmbər göndərdiksə, onun əhalisini sıxıntıya və bəlaya düçar etdik ki, bəlkə boyun əyələr.

95. Sonra pisliyi yaxşılıqla əvəz etdik. Nəhayət onlar firavanlıq içində yaşayarkən: "Atalarımıza da belə qıtlıq və bolluq üz vermişdi"– dedilər. Biz də onları heç özləri də hiss etmədən qəflətən yaxaladıq.

96. Əgər o ölkələrin əhalisi iman gətirib Allahdan qorxsaydı, əlbəttə, Biz onların üstünə göydən və yerdən bərəkət qapılarını açardıq. Lakin onlar peyğəmbərləri yalançı hesab etdilər. Biz də onları qazandıqları günahlara görə əzabla yaxaladıq.

97. Məgər o ölkələrin əhalisi əzabımızın onlara gecə vaxtı, onlar yatarkən gəlməyəcəyindən əminmi oldular?

98. Ya da o ölkələrin əhalisi əzabımızın onlara səhər-səhər, onlar əylənərkən gəlməyəcəyindən əminmi oldular?

99. Yaxud onlar Allahın hiyləsindən ehtiyat etmirdilərmi? Allahın hiyləsindən yalnız ziyana uğrayanlar ehtiyat etməzlər.

100. Məgər yer üzünün keçmiş sakinlərindən sonra ona varis olanlara bəyan olmadımı ki, əgər Biz istəsəydik, onları da günahları üzündən müsibətə düçar edər, qəlblərinə möhür vurardıq və onlar da eşitməzdilər?

101. Bu, o ölkələrdir ki, onların əhvalatlarından bəzisini sənə söyləyirik. Elçiləri onlara açıq-aydın dəlillər gətirdilər. Onlar isə daha öncə yalan hesab etdiklərinə görə iman gətirmədirlər. Allah kafirlərin qəlblərini beləcə möhürləyir.

102. Onların əksəriyyətini vədə xilaf çıxan gördük. Onların çoxunu günahkar gördük.

103. Onlardan sonra Musanı möcüzələrimizlə Firon və onun əyanlarına elçi göndərdik. Onlar isə bunu inkar etdilər. Bir gör fəsad törədənlərin aqibəti necə oldu.

104. Musa dedi: "Ey Firon! Həqiqətən, mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir elçiyəm.

105. Mənim borcumdur ki, Allah barəsində yalnız həqiqəti deyim. Mən Rəbbinizdən sizə açıq-aydın dəlillər gətirmişəm. Elə isə İsrail oğullarını mənimlə göndər".

106. Firon dedi: "Əgər möcüzə gətirmisənsə və doğru danışanlardansansa, onu göstər!"

107. Musa əsasını yerə atdı və o, dərhal açıq-aşkar bir ilan oldu.

108. Əlini qoynundan çıxartdı və o, baxanlar üçün ağappaq parlaq bir əl oldu.

109. Firon qövmünün əyanları dedilər: "Həqiqətən, bu, bilikli bir sehrbazdır.

110. O sizi yurdunuzdan çıxartmaq istəyir. Elə isə təklifiniz nədir?"

111. Onlar dedilər: "Onu və qardaşını gözlət və şəhərlərə sehrbazları toplayan adamlar göndər ki,

112. bilikli sehrbazların hamısını sənin yanına gətirsinlər".

113. Sehrbazlar Fironun yanına gəlib dedilər: "Əgər qalib gəlsək, doğrudanmı bizim üçün mükafat olacaq?"

114. Firon dedi: "Bəli, siz mənə yaxın adamlardan olacaqsınız".

115. Sehrbazlar dedilər: "Ey Musa! Ya sən əsanı birinci at, ya da biz əlimizdəkiləri ataq!"

116. Musa dedi: "Siz əvvəl atın!" Onlar əllərindəkiləri atdıqda, insanların gözlərini sehrləyib canlarına qorxu saldılar və böyük bir sehr göstərdilər.

117. Biz Musaya: "Əsanı yerə at!"– deyə vəhy etdik. Elə bu an əsa ilana çevrilib onların düzəltdikləri şeyləri uddu.

118. Artıq haqq üzə çıxdı, onların etdikləri isə batil oldu.

119. Sehrbazlar orada məğlub oldular və rüsvay olaraq geri döndülər.

120. Sehrbazlar səcdəyə qapandılar.

121. Onlar dedilər: "Aləmlərin Rəbbinə iman gətirdik!

122. Musa və Harunun Rəbbinə!"

123. Firon dedi: "Mən sizə izin verməmişdən əvvəl siz ona iman gətirdiniz? Şübhəsiz ki, bu, şəhərdə qurduğunuz bir hiylədir ki, əhalisini oradan çıxarasınız. Tezliklə biləcəksiniz.

124. Əllərinizi və ayaqlarınızı çarpaz kəsəcək, sonra da hamınızı çarmıxa çəkəcəyəm".

125. Onlar dedilər: "Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq.

126. Sən sadəcə, Rəbbimizin möcüzələri bizə gəldikdə onlara iman gətirməyimizə görə bizdən intiqam alırsan. Ey Rəbbimiz! Bizə çoxlu səbir ver və bizi müsəlman olaraq öldür".

127. Firon xalqının əyanları dedilər: "Sən Musanı və onun qövmünü buraxırsan ki, yer üzündə fəsad törətsinlər, həm səni, həm də sənin məbudlarını bir kənara atsınlar". Firon dedi: "Biz hökmən onların oğlan uşaqlarını öldürəcək, qadınlarını isə sağ buraxacağıq. Şübhəsiz ki, onların üzərində sarsılmaz hökmranlığa malik olan bizik".

128. Musa öz qövmünə dedi: "Allahdan kömək diləyin və səbir edin. Şübhəsiz ki, yer üzü Allahındır. O, qullarından istədiyini onun varisləri təyin edir. Gözəl aqibət müttəqilərindir".

129. Onlar dedilər: "Sən bizə peyğəmbər gəlməzdən əvvəl də, sənin gəlişindən sonra da bizə əziyyət verildi". Musa dedi: "Ola bilsin ki, Rəbbiniz düşməninizi məhv edib sizi yer üzünün varisləri təyin etsin, sonra da necə hərəkət edəcəyinizə baxsın".

130. Biz Firon xalqını quraqlıq illərinə və məhsul qıtlığına məruz qoyduq ki, bəlkə düşünüb ibrət alsınlar.

131. Onlara bir yaxşılıq üz verəndə: "Bu, bizə məxsusdur!"– deyərdilər. Onlara bir pislik üz verdikdə isə, Musa və onunla birlikdə olanları uğursuzluq əlaməti sayardılar. Əslində onların uğursuzluğu Allah yanındadır, lakin onların çoxu bunu bilmir.

132. Kafirlər dedilər: "Sən bizi sehrləmək üçün nə qədər möcüzə gətirsən də, biz sənə inanan deyilik!"

133. Biz də onların üstünə müxtəlif möcüzələr olaraq tufan, çəyirtkələr, bitlər, qurbağalar və qan göndərdik. Onlar isə təkəbbürlük göstərdilər və günahkar bir tayfa oldular.

134. Əzab onları bürüdükdə dedilər: "Ey Musa! Bizim üçün Rəbbinə sənə verdiyi əhd ilə dua et! Əgər əzabı bizdən sovuşdursan, biz hökmən sənə iman gətirəcək və İsrail oğullarını mütləq səninlə birlikdə göndərəcəyik".

135. Biz çatacaqları müəyyən vaxta qədər əzabı onlardan sovuşdurduqda isə, dərhal əhdi pozdular.

136. Ayələrimizi inkar edib onlardan qafil olduqlarına görə Biz o tayfadan intiqam alaraq onları dənizdə qərq etdik.

137. Musa ilə olan zəif camaatı isə yer üzünün xeyir-bərəkət verdiyimiz məşriqlərinə və məğriblərinə varislər təyin etdik. Səbir etdiklərinə görə Rəbbinin İsrail oğulları barəsindəki gözəl Sözü yerinə yetdi. Biz Firon və onun xalqının qurduqlarını və tikib ucaltdıqlarını darmadağın etdik.

138. Biz İsrail oğullarını dənizdən keçirtdik və onlar öz bütlərinə tapınan bir qövmə rast gəldilər. Onlar dedilər: "Ey Musa! Onların məbudları olduğu kimi, bizim üçün də bir məbud düzəlt". Musa dedi: "Həqiqətən, siz cahil bir tayfasınız.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 1 607
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri