İnsanları
narahat edən ən mühüm suallardan biri budur ki, niyə dua edirik, amma
dualarımız müstəcab olmur? Yaxud niyə filankəsin duası yerinə yetir,
mənimki isə yox?
Hər şeydən əvvəl
bunu bilməliyik ki, dünyada baş verən bütün hadisələr kompleks şəkildə,
bir-biri ilə əlaqəli formada cərəyan edir. Bizim başımıza gələn hər bir
hadisə bütöv şərait və hadisələr sisteminin bir hissəsidir. Heç nəyi
ayrı-ayrılıqda qəbul etmək düzgün deyil. Bizim müstəqil kimi gördüyümüz
hər bir hadisənin sezmədiyimiz səbəb və şərtləri, nəticə və təsirləri
vardır. Hər hansı əməlimiz Allah yanında ayrı-ayrılıqda dəyərləndirilsə
də, son qiymət kompleks şəkildə verilir. Məsələn, bir günahımız başqa
bir savabımızı poza bilər. Eləcə də, bir savabımız başqa bir günahımızın
silinməsinə səbəb ola bilər. Etdiyimiz ardıcıl müsbət və ya mənfi
hərəkətlərimizin nəticəsi bir gün heç gözləmədiyimiz və yalnız Allahın
hikmətinə məlum olan şəkildə rastımıza çıxar. Biz öz məlumatsızlığımız
üzündən bunu ya təsadüf ya da ədalətsizlik kimi dəyərləndirirk. Əslində
isə, hər şey bizim şüurumuzun dərk etmədiyi ciddi nizam-intizam əsasında
baş verir. Daha sadə dillə desək, dualarımızın müstəcab olmamasının
səbəbi bizim keçmiş fəaliyyətimizdə də gizlənmiş ola bilər. Yaxud Allah
gələcəkdə baş verəcək hər hansı hadisənin qarşısını almaq üçün
dualarımızı müstəcab etməyə bilər.
Unutmayaq ki, dua
ilə əməl bir-biri ilə sıx bağlı olan məsələlərdir. Dua Allahla bəndə
arasında qarşılıqlı surətdə baş verən bir prosesdir: bəndə istəyir,
Allah bu istəyə münasibət bildirir, onu ya yerinə yetirir ya da rədd
edir. Əgər biz Allahın buyurduqlarını, bizdən istədiklərini icra
etmiriksə, hansı haqla Ondan da bizim istəklərimizi yerinə yetirməsini
tələb edə bilərik? Əgər biz dualarımızın müstəcab olmasına layiq
deyiliksə, deməli, istəyimiz baş tutmayacaq. İmam Əli (ə) buyururdu ki,
əməlsiz dua edən şəxs ipsiz kamanla ox atan adama bənzəyir
(Nəhcül-bəlağə, 330-cu hikmətli kəlam). Məlumdur ki, oxun kamandan
çıxışı məhz ipin dartılıb gərilməsi və sonra buraxılması nəticəsində baş
verir. Əgər kamanın ipi yoxdursa, o kamanın heç bir faydası yoxdur və
onunla ox atmaq mümkün deyil.
İmam Əlinin (ə)
digər bir kəlamında duaların müstəcab olmamasının səbəbləri daha əhatəli
və təsirli şəkildə bəyan edilib. Rəvayət edirlər ki, bir nəfər o
həzrətin yanına gəlib soruşdu: "Allah Quranda buyurub ki, dua edin, mən
dualarınızı müstəcab edərəm. Bəs niyə biz dua edirik, amma müstəcab
olmur?” İmam cavab verdi: "Sizin qəlbiniz səkkiz xüsusiyyətdə Allaha
xəyanət edir. Ona görə də dularınız müstəcab olmur.
Birincisi, siz
Allahı tanıyırsnız, amma Onun haqqını sizə vacib olduğu tərzdə əda
etmirsiniz: ona görə də, bu tanımaq sizə fayda vermir.
İkincisi, siz
Onun Rəsuluna iman gətirmisiniz, amma onun sünnəsinə əks çıxır və
şəriətini öldürürsünüz; ona görə də bu imanın sizə faydası yoxdur.
Üçüncüsü, siz
Onun nazil etdiyi Kitabı oxuyursunuz, amma ona əməl etmirsiniz,
deyirsiniz ki, eşitdik və itaət etdik, sonra onun əksinə çıxırsınız.
Dördüncüsü,
deyirsiniz ki, cəhənnəmdən qorxursunuz. Amma həmişə sizi cəhənnəmə
yaxınlaşdıran günahları edirsiniz; bəs, elə isə, qorxunuz harada qaldı?
Beşincisi,
deyirsiniz ki, cənnəti sevirsiniz, amma həmişə sizi cənnətdən
uzaqlaşdıran əməllər edirsiniz. Bəs, elə isə, cənnətə sevginiz harada
qaldı?
Altıncısı, ağanızın (yəni Allahın) nemətini yeyir, amma Ona şükr etmirsiniz.
Yeddincisi,
Allah sizə əmr edib ki, şeytanı özünüzə düşmən biləsiniz. Amma siz
şeytanla düşmən olduğunuzu iddia edə-edə onunla dost olursunuz.
Səkkizincisi, camaatın eyiblərini gözə soxur, öz eyiblərinizə isə göz yumursunuz.
Bütün bunlarla
yanaşı, nə üzlə gözləyirsiniz ki, dualarınız müstəcab olacaq? Halbuki,
siz özünüz dualarınızın qəbul olma yollarını bağlayır, qapıları
qapayırsınız. Təqvalı olun, əməllərinizi islah edin, insanları yaxşı
əməllərə doğru çağırıb, pis işlərdən çəkindirin. O zaman Allah sizin
dualarınızı qəbul edər” (Səfinətül-Bihar, 1-ci cild, səh. 448-449).
Həzrət Əli (ə)
lənətlik İbn Mülcəm tərəfindən ölümcül yaralandığı zaman həyatının son
anlarında övladlarına buyurduğu vəsiyyətnamədə də bu məsələyə toxunaraq
buyurmuşdu: "İnsanları yaxşı işlərə doğru çağırmağı və pis işlərdən
çəkindirməyi tərk etməyin! Çünki bunları tərk etsəniz, zalımlar sizə
qalib gələr. O zaman əlacsız qalıb Allaha dua edərsiniz, amma dualarınız
müstəcab olmaz!”