Azərbaycan Dahiləri: Mir Möhsüm Nəvvab

Şərhlər: 3
Baxılıb: 2 889
Səs ver:
(səs: 1)
İstər Şərq Renessansı, istərsə də Qərb Renessansı mütəfəkkirlərini (Biruni, Nizami Gəncəvi, Leonardo da Vinçi, Mikelancelo və b.) fərqləndirən cəhət onların çoxşaxəli fəaliyyəti olmuşdur. Renessans dövrünün bir neçə elm və mədəniyyət sahəsi ilə yaxından tanış olan alim və ədibləri öz sahələri üzrə şedevr əsərlər yaratmışlar. XIX əsrin II yarısı – XX əsrin əvvəllərində Qarabağda yaşayıb fəsliyyət göstərmiş görkəmli Azərbaycan mütəfəkkiri Nəvvab belə şəxsiyyətlərə aiddir.

Azərbaycan tarixinə Mir Möhsün Nəvvab görkəmli şair, filoloq, rəssam, xəttat, musiqişünas, xeyriyyəçi, “üsuli-cədid” məktəblərinin təərfdaşı kimi daxil olmuşdur.

Mir Möhsün Nəvvab 1833-cü ildə Şuşa şəhərində adlı-sanlı bir ailədə anadan olub. Atası Hacı Mirəhməd oğlunu oxutmuş və onu müəllim kimi görmək istəmişdir. Doğrudan da, Nəvvab günlərin bir günü mədrəsədə dərs deməyə başlayır. Tez bir zamanda yaxşı müəllim kimi tanınan Nəvvab həm də şair kimi şöhrət tapır. Onun yazdığı şeirlər dillər əzbəri olur. Bu şeirlərdə Nəvvab zülmkar hakimləri, riyakarlıq edən bəzi din xadimlərini tənqid edir, elm və mədəniyyətə, mənəvi-əxlaqi gözəlliyə çağırırdı. Nəvvab həm də lirik şeirlər yazırdı. Şuşada yaşayan şairlərimiz Nəvvabın ətrafına toplaşır və o bu Azərbaycan şəhərində "Məclisi-fəramuşan" adlı ədəbi məclis təşkil edir. Bu məclis bir çox şairlərimizin sənətkar kimi formalaşmasında böyük rol oynamışdır.

Şairliklə bərabər, Nəvvab rəssamlıqla da məşğul olmuşdur. 1864-cü ildə onun "Bəhr ül-həzən" ("Qəm dəryası") əsərinə çəkdiyi illüstrasiyalar Nəvvabın miniatürçü rəssam kimi püxtələşməsindən xəbər verir. Maraqlıdır ki, real həyatı təsvir edən şəkillərlə bərabər, bu kitabda fantastik təsvirlər də vardır. Nəvvabın çəkdiyi illüstrasiyalar XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda kitab tərtibatının inkişafına böyük təsir göstərmişdir. Maraqlıdır ki, xəttatlığı öyrənən Nəvvab kitablarının mətnlərini də özü köçürürdü. O başa düşürdü ki, bu üsulla nadir kitablar yaratmaq olar, lakin belə kitablar geniş yayıla bilməz. Ona görə də

Nəvvab öz hesabına Şuşada mətbəə açır və burada litoqrafiya üsulu ilə kitab çap etməyə başlayır. Mətbəədən başqa, o, Şuşada cildxana da açır və kitab çapı işini daha da təkmilləşdirir. Nəvvab tərəfindən tərtib edilmiş kitablar hal-hazırda nadir eksponatlar kimi Əlyazmalar İnstitutunda saxlanılır.

Quş və çiçək təsvirləri olan peyzaj xarakterli şəkillər çəkən Nəvvab evinin və dərs dediyi məktəbin divarlarını da ornamentlər və təsvirlərlə bəzəmişdir. Bu rəsmlər son dərəcə gözəl olduğundan ona Şuşadakı Böyük məscidin minarələri üzərində ornamental rəsmlər çəkmək təklif edilir. Nəvvab bu işin öhdəsindən layiqincə gəlir. Daha sonra Mir Möhsün portret janrında da işləməyə başlayır, bir çox şəxslərin portretlərini çəkir. Onun 1902-ci ildə yaratdığı "Teymurun portreti" (türk dünyasının məşhur sərkərdəsi Əmir Teymurun) Azərbaycan boyakarlığının nadir incisi kimi hal-hazırda İncəsənət Muzeyində qorunur.

Azərbaycan tarixi ilə maraqlanan Nəvvab əhalidən nadir tarixi əşyaları toplayır, bu əşyaların tariximizin öyrənilməsində necə böyük əhəmiyyətə malik olması istiqamətində maarifləndirmə işi aparır. Nəticədə o, nadir tarixi əşyalardan ibarət zəngin bir kolleksiya toplayır. Şərq silahları burada çoxluq təşkil edir. Nəvvabın topladığı əşyalar sonralar Azərbaycan Tarixi Muzeyinə təhvil verilmiş və hal-hazırda burada eksponat kimi nümayiş etdirilir.

Nücum (astronomiya) elmi ilə maraqlanan Mir Möhsün Nəvvab dövrünün səviyyəsində astronomiya biliklərinə yiyələnir və onları "Kifayət ül-ətfal" əsərində bir yerə toplayıb sistemləşdirir. O zaman Şərqdə mövcud olan astronomiyaya aid dərs vəsaitləri arasında Nəvvabın kitabı ən kamili olmuşdur.

1913-cü ildə Mir Möhsün Nəvvabın yazdığı iki kitab ona təkcə Azərbaycanda deyil, vətənimizin hüdudlarından kənarda da şöhrət qazandırır. Belə ki, Bakıda nəşr olunmuş "Təzkireyi-Nəvvab" adlı birinci kitabında o, XVIII əsrin sonu - XIX əsr Qarabağ şairlərinin həyat və yaradıcılığını işıqlandırmış, onların əsərlərindən parçalar vermişdir. Əsərlərin ədəbi təhlili Azərbaycanın Qarabağ bölgəsində ədəbiyyatımızın inkişaf yolu haqqında təsəvvür yaradır. Bu əsər Nəvvabın filoloq alim kimi yetişməsindən xəbər verir. Azərbaycan musiqisinin tarixi və nəzəriyyəsi ilə yaxından tanış olan Nəvvab klassik Şərq musiqisi haqqında da "Musiqi elmində rəqəmlərin aydınlaşdırılması" adlı kitab yazıb nəşr etdirmişdir. Burada o, Şərq musiqisinin keçdiyi inkişaf yolunu izləmiş və əmin nəzəri əsaslarını araşdırmağa çalışmışdır. Antik dövr müəllifləri Platon və Aristoteldən tutmuş müsəlman Şərqinin görkəmli alimləri Ferabi, İbn Sina, Nizami Gəncəvi, Səfiəddin Urməvi, Əbdülqadir Marağayi və başqalarının tədqiqatlarına əsaslanan Nəvvab musiqinin mənşəyi, musiqi estetikası, musiqinin dinləyicilərə emosional təsiri, musiqinin şəfaverici xüsusiyyətləri haqqında müfəssəl məlumat vermişdir. Riyazi əsaslarla musiqini təhlil etməyə çağıran Nəvvab bu əsəri ilə dünya musiqi elmində çevriliş etmişdir. Bəşəriyyət indi-indi, elektron-hesablama maşınlarının icadından sonra, XX əsrin əvvəllərində Nəvvabın tərtib etdiyi nəzəriyyə ilə razılaşır və onu təsdiqləyir. "Elektron musiqi" kimi tanıdığımız musiqinin yaradılma ehtimalını Nəvvab əvvəlcədən görmüşdür. Bununla belə, o qeyd etmişdir ki, musiqiçi özü ifa etdiyi musiqinin təsiri altına düşdükdə dinləyicilərinə təsir göstərə bilər. Bunun üçün o, musiqi əsərlərini ürəkdən ifa etməlidir. Müasir tibb elmi musiqinin şəfaverici qüvvəsini minlərlə təcrübələrlə təsdiqləyir və onu geniş tətbiq etməyə çağırır. Halbuki Nəvvab hələ bir əsr bundan əvvəl bu barədə yazmış və misallarla fikirlərini təsdiqə çalışmışdır.

Musiqişünas kimi tədqiqatlarını davam etdirən Nəvvab XIX əsr - XX əsrin əvvəlləri Azərbaycan musiqi ifaçılığı təcrübəsini ümumiləşdirmiş, muğamlarımızın təsnifatını vermişdir. Bundan başqa, o, muğamları orijinal sistemə salmış və bu sistemi 5 cədvəldə əks etdirmişdir.

Cəmiyyətdəki bir çox problemləri insanların savadsızlığı ilə bağlayan Nəvvab ildən-ilə kitab çapını genişləndirir. Bundan əlavə, o öz hesabına əhalinin kasıb təbəqəsi üçün Şuşada qiraətxana açdırır.

Təhsil sahəsi ilə yaxından tanış olan Mir Möhsün humanitar və dəqiq elmlərlə bağlı ədəbiyyat oxuyur və tezliklə belə qənaətə gəlir ki, mədrəsələrin dərs proqramı real həyatdan geridə qalıb. Onun fikrincə, mədrəsəni bitirən şəxs ali məktəblərə daxil ola bilməz və deməli, o zaman Rusiya imperiyasının tərkibində olan Azərbaycanın siyasi və iqtisadi həyatından kənarda qalacaq. Eyni zamanda o, imperiyanın Azərbaycanda açdığı məktəblərin proqramları ilə də tam razı deyildi. Bu proqramlar əsasında ali məktəblərə daxil olmaq üçün kifayət qədər bilik əldə edən şagird Azərbaycan tarixi, ədəbiyyatı və islam dinindən xəbərsiz olurdu.

Problemdən çıxış yolunu Mir Möhsün Nəvvab "üsuli-cədid məktəbi" adlandırılan, yəni "yeni üsul məktəbləri”nin açılışında görür. Belə "üsuli-cədid" məktəbi müasir elmi nailiyyətləri ana dilində öyrətməli idi. Burada humanitar, təbiət və texniki fənlərdən peşəkar müəllimlər dərs deməli, eyni zamanda şagirdlərə islam tarixi və şəriət, Azərbaycan tarixi, Azərbaycan və Şərq ədəbiyyatı öyrədilməli idi. Belə məktəbi bitirmiş şəxs həm Rusiya və Avropa dövlətlərinin ali təhsil məktəblərinə daxil ola bilər, həm də milli, dini köklərindən ayrı düşməzdi.

"Üsuli-cədid" məktəblərində dərslər çətin olan heca üsulu ilə deyil, daha yaxşı qavranılan səs üsulu ilə aparılmalı idi.

"Üsuli-cədid" məktəblərinin açılması layihəsi Azərbaycanın bir çox ziyalıları tərəfindən dəstəklənir, lakin hökumət orqanları belə məktəblərin açılması yolunda heç bir tədbir görmürdülər. Belə olduğu halda Azərbaycan ziyalıları öz imkanları hesabına "üsuli-cədid" məktəbləri açmağa başlayırlar. Şamaxıda Seyid Əzim Şirvani, Ordubadda Məmmədtağı Səfərov Sidqi ilk belə məktəblər açırlar. Mir Möhsün Nəvvab da öz hesabına Şuşada belə bir məktəb təşkil edir. Çox keçmir ki, öz keyfiyyəti ilə seçilən "üsuli-cədid" məktəbləri Azərbaycanın bir çox yerlərində açılır.

Azərbaycanda təhsil sisteminin üzləşdiyi əsas problemlərdən biri o zaman dərslik çatışmazlığı problemi olmuşdur. Bu problemi aradan qaldırmaq üçün bir çox ziyalılarımız dərsliklər yazır, onları öz hesabına nəşr etdirib məktəblərə paylayırlar. Nəvvab da bu təşəbbüsə qoşulur.

XIX əsrin II yarısı - XX əsrin əvvəllərində Azərbaycanın görkəmli şairi, filoloqu, rəssamı, xəttatı və musiqişünası olmuş Mir Möhsün Nəvvab 1918-ci ildə Şuşada vəfat etmiş və orada da dəfn olunmuşdur. Hal-hazırda isə onun doğma Şuşa şəhəri erməni işğalı altındadır.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 889
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri