2015-ci
il dəb dünyasında baş verən dəyişikliklərlə də yadda qaldı. Məsələn, ən
nüfuzlu moda evlərinin dizaynerləri, praktiki olaraq, bir-birinin
ardınca istefa verdilər.
İlin istefaları
Aleksandr Venq
Bir
neçə moda brendlərinin daxil olduğu "Kering” şirkəti "Balenciaga” moda
evinin kreativ direktoru vəzifəsini tutmuş Aleksandr Venqlə 3 illik
əməkdaşlıqdan sonra müqavilənin müddətini uzatmaq istəmədi. Bu xəbər bir
çoxlarını kədərləndirsə də, gözlənilən qərar idi. Aleksandr Venq
Kristobal Balensiaqanın zəngin arxivləri ilə həddindən artıq
maraqlanmaqda ittiham edilirdi. Venqin hər bir kolleksiyası xüsusi qayğı
ilə yaradılsa da, moda təndiqçiləri onu heç bir yenilik edə bilmədiyinə
görə, kəskin tənqid edirdilər. Nəticədə, "Kering” şirkəti dizaynerlə
müqaviləni yeniləmədi. Gənc dizayner bu qərardan üzülmədiyini, əksinə,
bundan sonra şəxsi markasına vaxt ayıra bildiyi üçün sevindiyi
açıqlamışdı.
Donna Karan
Donna
Karan yaz aylarından moda dünyasından kənar gəzirdi. Bu səbəbdən, "Donna
Karan” moda evinin təsisçisi Donna Karanının baş dizayner vəzifəsindən
istefa verməsi heç kimdə təəccüb doğurmadı. "Donna Karan” moda evinin
təsisçisi də baş dizayner vəzifəsindən yay aylarında istefa vermişdi.
Dizayner bu addımını özünü bütünlüklə "Urban Zen” fondunun inkişafına
həsr etməyi planlaşdırması ilə əlaqəndirmişdi. Xatırladaq ki, sözügedən
fond inkişafda olan ölkələrdə, həmçinin, ABŞ-da səhiyyə və təhsil
məsələləri üzrə ixtisaslaşıb. O, hesab edir ki, təhsil, səhiyyə,
mədəniyyətin inkişafı və xeyriyyəçilikdən vacib heç nə yoxdur: "Əminəm
ki, "DKNY” komandası bütün çətinliklərin öhdəsindən gələcək. Mən onların
uğur qazanacağına şübhə etmirəm!"
Raf Simons
"Christian
Dior” moda evinin kreativ dizayneri Raf Simons isə bir neçə ay əvvəl 3
illik əməkdaşlıqdan sonra vəzifəsindən istefa verib. Onun bu addımı
moda dünyası üçün gözlənilməz qərar olmuşdu. Moda evinin məxsus olduğu
"LVMH” holdinqin nümayəndəsi bildirib ki, belçikalı dizayneri bu qərarı
qəbul etməyə şəxsi səbəblər sövq edib. Simons özü də mətbuata verdiyi
açıqlamada, şəxsi brendini qurmaq niyyətində olduğunu açıqlamışdı. Belə
çıxır ki, oktyabrın əvvəllərində Parisin Luvr Muzeyində nümayiş olunan
kolleksiya modelyerin moda evi ilə əməkdaşlıq çərçivəsində sonuncu işi
oldu. Raf Simonsu kimin əvəzləyəcəyi hələlik məlum deyil.
Alber Elbaz
Eyni
aqibəti Alber Elbaz da yaşadı. Belə ki, Raf Simons "Dior” moda evini
tərk etdikdən sonra daha bir dizayner analoji addım atıb. "Lanvin”
fransız moda evinin yaradıcı direktoru Alber Elbaz 14 illik fəaliyyətdən
sonra vəzifəsindən istefa verdi. "WWD” portalının məlumatına görə,
modelyerin istefasına səbəb kimi onun "Lanvin”-nin icraçı direktoru
Mişel Yiban və moda evinin indiki sahibi Şou-Lan Vonq arasında fikir
ayrılığının yaranması göstərilib. Onun yerini kimin tutacağı hələlik
bəlli deyil.
Bununla
yanaşı, moda aləmində söz-söhbət gəzir ki, "Dior” evinin yaradıcı
direktoru vəzifəsinə ən çox ehtimal olunan namizədlərdən biri məhz
Elbazdır. Xatırladaq ki, Raf Simonsun "Dior”dan qəfil gedişindən sonra
kreativ dizayner postu boş qalıb.
İlin təyinatı
Demna Qvasaliya
"Kreing”
şirkəti Aleksandr Venqlə müqaviləni uzatmaqdan imtina etdiyini elan
etdikdən sonra yeni kreativ direktorunun adını sirr saxlayırdılar. İki
aylıq sükutdan sonra məlum oldu ki, Demna Qvasaliya "Balenciaga” moda
evinin yeni kreativ dizayneri təyin olunub. Yeri gəlmişkən, qeyd edək
ki, gürcü dizayner "Vetements” markasının təsisçilərindən biridir. Dəb
təndiqçiləri onun brendini son iki mövsümün əsas kəşfi adlandırır. Gənc
olmasına baxmayaraq, gürcüəsilli dizayner moda dünyasında kifayət qədər
uğur əldə edib. Qvasaliyanın debüt kolleksiyası gələn ilin martında baş
tutacaq. Məhz o zaman "Balenciaga” –nın yeni kolleksiya tamaşaçıların
mühakiməsinə təqdim olunacaq.
Alessandro Mikele
"Gucci”
moda evinin kreativ direktoru Frida Cannini vəzifəsindən gedəndən sonra
şirkətin rəhbərliyi tanınmayan dizayner Alessandro Mikeleyə şans vermək
qərarına gəldi. Bu qərarın düzgün olub-olmadığı barədə dəqiq heç nə
demək olmaz. Lakin kişi moda həftəsində özünün ilk kolleksiyasını təqdim
etdikdən cəmi bir neçə həftə sonra dizaynerin işləri dəb jurnallarının
əsas müzakirə mövzusu oldu. Alessandro Mikele ilk növbədə "Gucci”-nin
ənənəvi üslubunu dəyişərək, satışı yüksəltməyə nail oldu. Payız və qış
aylarında hökm sürən romantizm dəb tendensiyasını da məhz ona borcluyuq.
O,
sanki əsl sehrbaz kimi sandığından bir-birinin ardınca müxtəlif əcaib
dəb nümunələri çıxarır: üzün yarısını tutan eynəklər, köynək və donların
yaxasını bəzəyən romantik bantlar, məxmər kamzollar, bəbir naxışlı və
qırçınlı yubkalar, pencəklərin qoluna əlavə olunmuş qorjetlər və.s
hamısı onun əsərləridir. Ümumilikdə onun kolleksiyalarına zəriflik
hakimdir.
İlin tapıntısı
Vita Kin
Vita
Kin milli Ukrayna naxışları və ornamentlərini 2015-ci ildə dünyanın hər
yerində məşhurlaşdıra bildi. Onun Ukrayna milli naxışları ilə zəngin
olan, o cümlədən, 70-ci illərin bohem havasında hazırladığı
kolleksiyaları Hollivud ulduzlarının diqqətindən yayınmadı.
Ukraynalıların
etnik naxışları dəb gündəminin də əsas mövzusu oldu. Belə ki,
Amerikanın "Vogue” jurnalı ukraynalı dizaynerin naxışlarla işləməli
kostyumlarını "mövsümün ən isti trendi" adlandırmışdı. Bu naxışlar hələ
heç vaxt bu ilki qədər populyar olmayıb. Əldə etdiyi nailiyyətlərə görə,
dizayner Ukraynada xüsusi mükafata layiq görülüb.