Mark Yuni Brut

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 977
Səs ver:
(səs: 2)
Mark Yuni Brut eramızdan əvvəl 85-ci ildə anadan olmuşdu. Əsilli bir ailədən idi. Onun babalarından olan Lusiy Yuni Brut tiran Torkvinini ölkədən qovmuş və ilk konsul olmuşdu. Lusiy öz prinsiplərini güzəştə gedən adam deyildi. Çarlıq quruluşunu bərpa etməyə çalışan patrislərin sui-qəsdinin üstünü açmış, onların sırasında olan öz oğullarını da ölümə məhkum eləmişdi. Lusiy öləndən sonra ona Kapitolidə heykəl qoymuşdular.
Brutun atasını isə Pompeyin əmri ilə edam etmişdilər. Anası Serviliya ağıllı, təhsilli bir qadın idi. Dayısı Katon respublikaçıların lideri idi. Qul müharbələri dövründə Spartakın üsyanının yatırılmasında böyük xidmətləri vardı. Brut Afinada gözəl təhsil almışdı. Fəlsəfəni, natiqlik sənətini dərindən öyrənmişdi. Platonun fəlsəfəsinə vurulmuşdu. Böyük idealistin fəlsəfəsi onu başqa filosofları da dərindlən öyrənməyə təhrik etmişdi.
Miladdan öncə 49-cu ildə Yuli Sezarla Pompey arasında vətəndaş müharibəsi başladı.Hər iki tərəf Brutun şəxsi müstəvidə düşməni idi: Pompey atasının qatili, Sezar isə anasının və bacısının oynaşı. Brut iki od arasında qalmışdı. O, monarxiyaya nifrəti səbəbindən ata qatili ilə əməkdaşlığı seçmişdi. Brutun öz tərəfdarları ilə Makedoniyaya – Pompeyin yanına gəlməsi respublikaçılara böyük rüh yüksəkliyi vermiş, öz seçimlərində haqlı olmaları qənaəti yaratmışdı. Əvvəllər Brut Pompeyi görəndə atasının qatilinə olan nifrət onu çulğayır və salam vermədən keçirdi. Amma Vətənin gələcəyi haqda narahatlıq onları birləşdirdi. Döyüşlər Makedoniyada gedirdi və Brut ölümü haqda düşünmədən qəhrəmanlıqla döyüşürdü. Hətta indiki Albaniya ərazisində baş verən bir neçə döyüşdə uğur da qazanmışdı. Onun həyatı üçün narahat olan Sezar sərkərdələrə tapşırıq vermişdi ki, Brutu qorusunlar, imkan daxilində xahiş edib yanına gətirsinlər. Gəlmək istəməsə, narahat etməsinlər. Ehtimal olunur ki, Sezarın bu hərəkəti onun Brutun anasına olan münasibətlə bağlı idi: Sezar əmin idi ki, Brut onun döğmaca oğludur. Plutarx yazır ki, bir dəfə senatda mübahisələr zamanı qəribə bir hadisə olub. Sezar və Brutun dayısı Katon mübahisə edəndə Sezara bayırdan bir məktub gətirirlər və o oxumağa başlayır. Bu vaxt Katon qışqırır ki, sən düşmənlə əlaqə saxlayırsan, onlardan məktub alırsan. Çaxnaşma yarandığını görən Sezar məktubu sakitcə Katona uzadır. Yazılanın bacısı Serviliyadan sevgi məktubu olduğunu görən Katon məktubu onun üzünə çırpır: «Götür, əyyaş…» və müzakirələri davam etdirir… Pompey bu müharibəni uduzdu və sığınacaq üçün Misirə qaçdı. Amma orada çarın əyanları Sezarın yaxınlaşdığını hiss edib onu öldürdülər
48-ci ildə Pompey məğlub olandan sonra Sezar nəinki Brutu bağışladı, hətta ona məsul vəzifələr də verdi. Özü isə ömürlük diktator titulu aldı. Ona «Vətənin atası» titulu, dini liderlik statusu verildi. Sezarın qələbə çaldığı günlər bayram elan olundu. Sikkələrə şəkli həkk olundu, heykəlini «allahlar»ın heykəlləri ilə bir cərgəyə qoydular. Sezar Senat üzvlərinin sayını artırdı və oranı öz adamları ilə doldurdu. Bununla da xalq yığıncaqları öz siyasi əhəmiyyətini itirdi. Burada Sezarın verdiyi qərarları mütiliklə dəstəkləyirdilər. Amma onun Bruta münasibəti əvvəlki kimi qalırdı. Bu simpatiyanı hamı duyurdu. Hətta Sezar bir dəfə demişdi: «Mən bilmirəm, bu cavan oğlan nə istəyir. Amma nə istəyirsə, onu çox şiddətlə istəyir». Brut Sezarın tapşırıqlarını lazımınca yerinə yetirirdi, amma içində bir qisas hissi vardı. Düzdü, Sezarın Brutun anası Serviliyanı yoldan çıxarması Brutun əlinə əlavə arqumentlər verdiyini də inkar etmək olar. Amma bütün bunlar ikinci dərəcəli idi. Sezar böyük hakimiyyət toplamışdı. Brut hesab edirdi ki, ölkədə əsas söz sahibi ayrıca bir şəxs yox, senatorlar olmalıdır. Belə bir mövqeyin formalaşmasında atası öləndən sonra ona atalıq edən dayısı Katonun böyük təsiri vardı.
Sezarın hakimiyyəti çox da möhkəm deyildi. O, Senatı real siyasi gücdən məhrum eləsə də, onun iqtisadi potensialına dəyməmişdi. Senatorlar çox iri torpaq sahibləri idi. Sezar, demək olar ki, bütün iri pompeyçiləri bağışlamışdı. Onlar formal şəkildə Sezarla barışsalar da, monarxiya ilə barışmırdılar.
Çünki ölkədə Sezarı ilahlaşdırmaq prosesi gedirdi. Ona and içmək hüquqi gücə malik idi. Ziyarətgahlarda Sezarın adına qurban kəsirdilər…
Bu vaxt Brutun həyatında mühüm bir hadisə baş verdi. O, arvadını boşayıb dayısı Katonun qızı Porsiyə evləndi. Porsinin əri ölmüşdü. Dayısı isə Sezarın qanlı düşməni idi. 44-cü ildə nəhayət, Kassi sui-qəsd planı haqda Bruta məlumat verdi. Qəsdin rəhbəri Brut oldu. Sezar yenidən yürüşə hazırlaşırdı. Zaman az idi. Plana görə Brutun qohumu qladiatorlarla sui-qəsdçiləri qorumalı idi. Treboni küçədə Antonini Sezardan ayırmalı, Brut isə Senatda qəsdin motivləri barədə çıxış etməli idi… Amma Sezar gəlib çıxmırdı. Evdə arvadı pis yuxular gördüyünü, ürəyinə nəsə damdığını demişdi. Falçılar da məsləhət görmürdülər. Sezar iclası təxirə salmaq barədə göstəriş verdi. Bu vaxt Sezara yaxın olan, amma qəsddə iştirak edən adamlardan biri ona məsləhət gördü ki, söz-söhbətə son qoymaq üçün özü gedib çıxış etsin. Gözlənilən an yaxınlaşırdı. Bu vaxt daha bir problem çıxdı. Brutun evindən pis xəbər gəldi: arvadı can üstədir. Amma o, Senatı tərk etmədi… Nəhayət, Sezar gəldi, əhatəyə alındı və ona iyirmi üç xəncər zərbəsi vuruldu. Onu vuranların biri də Brut idi. Sezarın yeganə sözü sonralar dillər əzbəri olacaqdı: "Brut, sən dəmi, mənim balam?!” Yunan filosofları tiran Sezarın qətlini müsbət hadisə kimi qiymətləndirirdi. 


(səs: 2)
Şərhlər: 2
Baxılıb: 2 977
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri