Doğuşdan sonra qadınları bir çox suallar narahat edir: menstrual
dövrünün bərpa olunması, hamiləliyin mümkün olub-olmaması, cinsi həyatın
ziyanlı olub-olmaması və s.
Bu məqalədə biz doğuşdan sonra qadınları ən çox maraqlandıran sualları cavablandırmağa çalışmışıq.
1. Doğuşdan sonra qanaxma neçə müddət ərzində davam edir?
Bu çox fərdi prosesdir. Bu proses uşaqlığın yığılma qabiliyyətindən,
doğuşun necə keçməsindən (təbii doğuş və ya qeysəriyyə kəsiyi, asan və
ya ağır doğuş və s.), doğuşdan sonrakı dövründən asılıdır. Adətən
doğuşdan sonrakı qanaxma təxminən 6 həftə davam edir. Əvvəl qanaxma daha
güclü olur, sonra tədricən azalır, qanın rəngi əvvəl qırmızı, sonra
qəhvəyi, sarımtıl olur, daha sonra isə adi normal ifrazatlara qayıdır.
Əgər al-qırmızı qan 4 gündən artıq ifraz olunursa, qadın 1 saatdan bir
bez dəyişməli olursa, ifrazatlar pis iylidirsə, qadın üşümə və ya
istilik hiss edirsə, bu yaxşı əlamətlər sayılmır. Bu əlamətlər (və ya
onlarda biri) meydana çıxdıqda qadın dərhal həkimə müraciət etməlidir.
2. Doğuşdan sonra menstruasiya nə zaman başlayır?
Bu çox fərdi prosesdir. Adətən bu laktasiyadan (əmizdirmə) asılıdır.
Laktasiyanı stimullaşdıran prolaktin hormonu eyni zamanda
yumurtalıqlarda gedən dövri proseslərin (yumurta hüceyrəsinin yetişməsi,
ovulyasiya, menstruasiya) tormozlamasına səbəb olur. Bunun nəticəsində
qadının yumurtalıqlarında yumurta hüceyrəsi lazım olan ölçülərə kimi
yetişmir, ovulyasiya baş vermir və menstruasiya başlamır. Lakin bu o
zaman mümkündür ki, qadın körpəsini yalnız öz südü ilə körpənin tələbinə
görə (saatla yox!) qidalandırır (gecə əmizdirmələr xüsusilə vacibdir).
Belə qadınlarda menstruasiya yalnız körpə əlavə qidaları (sıyıqlar,
tərəvəzlər və s.) almağa başladıqda bərpa olunur (adətən 6 aydan sonra).
Əgər ana körpəsini həm ana südü, həm də süni südlə qidalandırırsa
(qarışıq qidalandırılma), menstruasiyalar doğuşdan 3-4 ay sonra bərpa
oluna bilər.
Süni qidalanma (körpə yalnız süni süd alır) zamanı menstruasiyalar doğuşdan təxminən 2 ay sonra bərpa olunur.
3. Menstruasiyalar başlamadıqda qadın hamilə qala bilərmi?
Bəli, bu mümkündür. Hətta menstrual dövr bərpa olunmadıqda qadın hamilə
qala bilər. Bundan əvvəlki ayda qadında menstruasiya olmayıbsa, bu heç
də o demək deyil ki, bu ayda ovulyasiya baş verməyəcək. Qadın
ovulyasiyanın baş verməsini hiss etməyə bilər və nəticədə hamilə qala
bilər.
4. Əmizdirən qadın hamilə qala bilərmi? (bax sual 3)
5. Doğuşdan neçə müddət sonra cinsi əlaqələrə icazə verilir?
Buna doğuşdan 6-8 həftədən sonra icazə verilir (cinsi yollardan olan
ifrazatlar adi xarakter almalıdır - rəngsiz, iysiz). Bundan tez cinsi
həyata başlayan qadında müxtəlif cinsiyyət sistemi iltihabların və
xəstəliklərin riski artmış olur. Məsələ burasındadır ki, doğuşdan sonra
müəyyən müddət ərzində uşaqlıq yolu və uşaqlıq boynu tədricən öz normal
formasına və ölçülərinə qayıdır. Bu vaxta kimi müxtəlif infeksiyalar
uşaqlıq boynuna və daha sonra isə uşaqlığa asanlıqla keçə bilir.
6. Doğuşdan neçə müddət sonra idmanla məşğul olmaq olar?
Doğuş qadının orqanizmi üçün çox ciddi sınaqdır. Bu səbəbdən qadın
orqanizminin bərpa olunmasını gözləməlidir (qanlı ifrazatlar
kəsilməlidir və s.). Daha sonra qadın həkimin müayinəsindən keçməli və
məşğələlərin başlanması barədə həkimlə məsləhətləşməlidir.
7. Növbəti hamiləliyi nə zaman planlaşdırmaq olar?
Növbəti hamiləliyi laktasiyanın (əmizdirmə) qurtarmasından 1 il sonra
planlaşdırmaq olar. Bu müddət orqanizmin hamiləlik və laktasiyadan sonra
bərpa olunması və növbəti hamiləliyə hazırlaşması üçün lazımdır.
Əgər doğuş zamanı qeysəriyyə kəsiyi əməliyyatı tətbiq olunubsa, bu halda
növbəti hamiləliyi 2-3 il keçdikdən sonra planlaşdırmaq olar. Əks halda
uşaqlığın üzərində olan çapıq növbəti hamiləlik zamanı aralana bilər.
Lakin qeysəriyyə kəsiyi əməliyyatları arasında çox uzun müddət də
keçməməlidir (məsələn, 7-10 il). Bu da təhlükəli sayılır.