Uşağın əmizdirilməsinin dayandırılması həm ana, həm də uşaq üçün çox ağrılı mövzulardan biridir.
Uzun müddət ərzində uşağın müvəffəqiyyətlə əmizdirilməsi çox vacib
olduğu kimi, onun düzgün şəkildə başa vurulması da çox əhəmiyyətli bir
məsələdir. Çox vaxt anaları düşündürən əsas suallardan biri də -
"əmizdirməni uşağın hansı yaşına qədər aparmaq lazımdır?” - sualıdır.
Allahın kitabı olduğuna heç bir şübhə olmayan Qurani-Kərimdə əmizdirməni
tamamlamaq üçün uşağı tam 2 il əmizdirmək tövsiyə olunur. 2 il
əmizdirmənin faydasını mütəxəssislər və tibbi araşdırmalar da
dəstəkləyir.
Mütəxəssislərin gəldiyi ümumi rəyə görə, əmizdirilmənin
dayandırılmasının ən aşağı həddi uşağın 1-1,5 yaşında olmasıdır. Bu,
əmizdirilmənin erkən dayandırılması hesab olunur və ananın, yaxud da
uşağın sağlamlıq durumu və digər səbəblərlə (məsələn, ana uşaqdan ayrı
qalmalıdır və s. bu kimi səbəblər) əlaqələndirilir. Bu zaman əsas
məsələ, əmizdirilmənin bu yaşda dayandırılmasının tədricən və yumşaq
şəkildə yerinə yetirilməsindən ibarətdir.
Əmizdirilmənin dayandırılmasının optimal vaxtı 1,8 - 2,2 yaşdır, ən
yüksək həddi isə 2,7 – 3 yaş hesab olunur. Əlbəttə ki, uşaqlarını
müvəffəqiyyətlə 4 yaşınadək əmizdirən analar da vardır. Burada düzgün
olmayan, ayıb və ya zərərli hesab olunacaq heç nə yoxdur. Bu məsələdə
hər şey fərdi şəkildə ola bilər.
Əlbəttə ki, laktasiyanı birdən kəsmək olmaz. Südvermənin qəfil
dayandırılması uşağa ağır psixoloji travma yetirərək, hətta onun
xarakterinin formalaşmasına da mənfi təsir edə bilər. Uşağın döş əmməyi
tərgitməsi üçün, bu prosesi tədricən aparmaq, ananın əmizdirməni
tamamilə dayandırmaq istədiyi vaxtdan isə bir neçə ay əvvəldən başlamaq
lazımdır. Tez bir zamanda əmizdirmənin başa çatdırılması həm uşağın, həm
də ananın sağlamlığı üçün ziyanlıdır. Bunun nəticəsində qadında
müxtəlif pozulmalar (laktostaz, mastit və s.) inkişaf edə bilər.
Bir sıra hallarda əmizdirmənin dayandırılmasını təxirə salmaq lazımdır. Bunlar əsasən aşağıdakılardır:
- uşağın dişləri çıxmağa başlayırsa;
- uşaq soyuqlamışsa və ya onun bağırsaqlarında müəyyən problemlər varsa;
- uşağınıza yeni dayə tutmuşsunuzsa;
- həyatınızda hiss olunacaq mənfi və ya müsbət dəyişikliklər varsa (siz
istirahətdən, səyahətdən yenicə gəlmişsinizsə, yeni mənzilə
köçmüşsünüzsə və s.);
- uşaq bağçaya və ya körpələr evinə getməyə başlayırsa.
İlin isti aylarında uşağın əmizdirilməsini dayandırmaq məsləhət görülmür
(Azərbaycanda bu, yazın axırı, bütün yay və payızın əvvəlinə qədər olan
müddətdir). Məsələ burasındadır ki, məhz bu dövrdə uşaqlarda
mədə-bağırsaq infeksiyalarının yaranması ehtimalı xeyli dərəcədə
yüksəlir. Ana südü isə, məlum olduğu kimi, uşağın hələ ki zəif
olanmədə-bağırsaq sistemini, müxtəlif infeksiyaların zərərli təsirindən
qoruya bilmək xüsusiyyətinə malikdir. Ona görə də uşağın
əmizdirilməsinin dayandırılması üçün payızın sonu, qış fəsli və yazın
ilk ayları daha məqbul sayılır.
Əmizdirməni yumşaq şəkildə dayandırmaq üçün, əmizdirmə üzrə mütəxəssislərin verdiyi əsas tövsiyələr aşağıdakılardır:
- Uşağa, yad adamların yanında (çöldə, mağazada, qonaqlıqda, ictimai
nəqliyyatda və digər bu kimi yerlərdə) anadan döş istəməməsinə vərdiş
etdirin. Körpə ilə "razılaşın" ki, onu ancaq evdə olarkən əmizdirə
bilərsiniz.
- Əmizdirilmə müddətini azaldın.
- Uşağın önündə əyləşməyin. Onun ana südü ilə əmizdirilməkdən
uzaqlaşdırılmasının ilk həftələrində daha çox hərəkət etməyə çalışın.
Ananın oturmuş vəziyyətdə olması, uşaqda əmizdirilmə ilə assosiasiya
olunur (yəni uşaq düşünür ki, anası məhz onu əmizdirmək üçün
oturmuşdur).
- Uşağın yanında paltarınızı dəyişməyin.
- Uşaq ananın döşünü istədikdə onun diqqətini yeni oyuncaqla, multfilmlə
və ya hər hansı digər yolla yayındırmağa çalışın. Bir qədər böyük
uşaqları isə, onları hər hansı yeni yemək növünə qonaq etməklə bu
fikirdən yayındırmaq olar.
- Bir qədər böyümüş uşaqların əksəriyyəti günorta və axşam saatlarında
yatmamışdan qabaq onların əmizdirilmək istəyirlər. Buna görə də onları
tədricən ata, nənə, baba (bu zaman ana təcili olaraq harasa getməli
olur) ilə yatmağa öyrətmək lazımdır. Əgər uşaq buna qəti şəkildə
müqavimət göstərirsə, ana özü uşağı qucağına alıb döş vermədən yatızdıra
bilər.
- Uşaq buna müqavimət göstərərsə, ağlayaraq əvvəlki qaydada
əmizdirilməsini tələb edərsə, buna da hazır olmaq lazımdır. Uşağın bu
hərəkəti tamamilə normal və təbii reaksiyadır. Bu halda ana özünü sakit
və inamlı şəkildə apararsa, uşaq da bu dəyişikliyi normal şəkildə qəbul
edərək tez bir zamanda və minimal həyəcanlanmaqla bunun öhdəsindən gələ
bilər.
- Əmizdirməni dayandırdığınız dövrdə uşağa qarşı maksimal şəkildə
diqqətli olun – onu daha çox qucaqlayın, öpün, əzizləyin, tərifləyin,
onunla daha çox oynayın, onun üçün nağıl oxuyun, onunla gəzməyə çıxın və
s. Bir qədər böyük yaşlarda, ana südü uşaqlar üçün qida mənbəyi kimi o
qədər də vacib deyil. Bu ona, anası ilə bir yerdə olmaq imkanı verərək,
özünü sevimli, qorunmuş, əzizlənmiş hiss etməsi üçün lazımdır. Bu
səbəbdən, ana özünün bütün davranışı ilə uşağa sübut etməlidir ki,
əmizdirmənin qurtarmasına baxmayaraq körpə onun üçün dünyada ən sevimli
və ən dəyərli varlıq olaraq qalır.
- Heç bir halda, psixoloji cəhətdən travma verə bilən üsullardan - döş
gilənizə acı istiot, rəng, pis dadı olan məlhəmin sürtülməsi kimi
üsullardan istifadə etməyin. Bu, yalnız işinizi çətinləşdirə bilər.
Körpəyə heç bir halda yalan danışmayın. Əslində, onlar acı həqiqəti
anlamağa və qəbul etməyə qadirdirlər. Sadəcə, onlara bunun üçün vaxt
verin, ağlayıb hirs və acılarını boşaltmaq üçün isti qucaq verin. Heç
vaxt aldatmayın. Yalanlarınız gələcəkdə uşağınız tərəfindən sizə geri
qaytarılacaqdır.
Əmizdirmənin dayandırılması prosesi tədricən aparıldığı üçün, ananın
döşlərində gedən laktasiya prosesi də tədricən zəifləməyə başlayacaq.
Buna görə də ana, laktasiyanın dayandırılması ilə əlaqədar olaraq öz
orqanizmində elə də böyük diskomfort hiss etməyəcək. Uşağın son dəfə
əmizdirilməsindən 3-4 gün sonra ana döşlərində bir qədər dolğunluq hiss
edə bilər. Bununla əlaqədar olaraq, heç bir şey etmək lazım deyil.
Anaların əksəriyyəti bu halda, sadəcə olaraq, gözləyirlər, çünki,
adətən, bir gündən sonra hər şey normallaşır. Əgər döşlərin dolğunluğu
bir qədər ağrılı, nisbətən dözülməz olarsa, bu halda döşləri yüngülcə
"yumşaltmaq" lazımdır. Bu halda onu, rahatlıq hiss edənə qədər yüngülcə
sağmaq məsləhət görülür. Ancaq döşləri çox sağmaq olmaz! Əks halda,
laktasiya prosesi yenidən güclənə bilər!
Bu dövrdə, gün ərzində qəbul edilən mayenin miqdarının azaldılması
məsləhət görülmür. Döşləri sıx bağlamaq da olmaz. Bunun nəinki heç bir
əhəmiyyəti yoxdur, hətta zərəri var. Belə ki, bunun nəticəsində qadında
hərarətin yüksəlməsi, döş axarının tutulması, zərif toxumanın travmatik
zədələnməsi, hətta mastit (döş toxumasının iltihabı) kimi müxtəlif
fəsadlar baş verə bilər.
Laktasiyanı azaldan dərman preparatlarından istifadə edilməsi də
məsləhət görülmür. Bunlar, əsasən, hormonal dərman preparatlarıdır.
Onların qəbul edilməsi, qadının hormonal fonuna kobud şəkildə müdaxilə
edilməsi deməkdir. Bu isə, bir sıra hallarda yanaşı təsirlərin əmələ
gəlməsi ilə müşayiət olunur, bir çox hallarda isə, ümumiyyətlə, az
effekt verir.
Nanə, adaçayı, rozmarin (ətotu) otlarının dəmləmələrinin qəbul edilməsi,
cəfəri göyərtisinin və soyanın yeyilməsi ana südünün hazırlanmasını
azaldır.