Uşaqlara ölümü necə izah etməli?

Müəllif: Catwoman666
Şərhlər: 2
Baxılıb: 1 939
Səs ver:
(səs: 2)
Bu yaxınlarda bir ananın qızı haqqında söhbətinə şahid oldum. Təxminən 5-6 yaşlarında olan qızı nənəsinin 60 yaşı olduğunu öyrənəndə ağlamağa başlayıb. Buna səbəb daha əvvəl insanın 60 yaşında öldüyünü eşitməsi olub. Balaca qızcığaz nənə və babasına "sizin 60 yaşınız var və siz öləcəksiniz, nə olar, ölməyin" deyib ağlayırmış. "Saçlarınız niyə ağarıb, üzünüzdəki qırışlar nədir" kimi sualların bir neçə gün davam etdiyini görən ana ciddi şəkildə narahat olmağa başlayıb.

Burası bir həqiqətdir ki, çox zaman uşaqların sualları qarşısında aciz qalırıq və nə cavab verəcəyimizi bilmirik. Üstəlik, söhbət ölüm kimi ciddi bir məsələdən gedirsə, onda vəziyyət daha da çıxılmaz hal alır. Çünki böyüklərin özləri belə ölüm anlayışını düzgün şəkildə qavramış sayılmır. Bəs uşaqlara "ölüm"ü necə izah etməliyik? Bu suallar uşaqlarda hansı yaşda başlayır?

"Uşağa ölüm anlayışı izah edilərkən onun zəka səviyyəsi nəzərə alınmalıdır"

Uşaqlar 3-4 yaşlarında ölümü harasa getmək, səyahət etmək kimi başa düşürlər və gedənin nə vaxtsa geri qayıdacağına inanırlar. 5 yaşından sonra isə uşaq artıq ölümün geri dönüşü olmayan bir yer olduğunu anlayır və yaxınlarını itirəcəyi qorxusu ilə qarşı-qarşıya qalır.
Müsahibə verən psixoloq Anara Baxşəliyeva ölüm anlayışının uşaq üçün olduqca ağır bir proses olduğunu bildirdi: "Adətən, 6 yaşına qədər uşaqlara ölüm haqqında danışmamağı məsləhət görürük. Bu ağır bir proses olduğu üçün onların qavraması çətindir. Lakin gündəlik həyatda uşaqları belə hallardan uzaq tutmaq o qədər də mümkün deyil. Çünki televiziya qarşısında olan uşağın ölüm xəbərini eşitməsi qaçılmazdır. Hər şeydən əvvəl uşağa bunu izah edərkən onun yaşını, inkişaf səviyyəsini və hadisələri analiz eləmək qabiliyyətini nəzərə almaq lazımdır. Valideyn ölən şəxs haqqında düşüncələrini ehtiyatla dilə gətirməlidir. Dünyasını dəyişən biri haqqında "mən inanmıram. O ölə bilməz, yox bu doğru deyil, o qayıdacaq" kimi cümlələr işlətməsi doğru deyil. Nəzərə almaq lazımdır ki, uşaqlar hər zaman böyükləri model götürürlər".

"Uşağın hər hansı bir yaxınını torpağın altında təsəvvür eləməsi onun üçün çox böyük bir travmadır"

Məktəbəqədər dövrdə uşaqların hadisələri fərqli şəkildə qəbul etdiyini deyən psixoloq onların real olan şeylərlə qeyri-realı fərqləndirə bilmədiklərini vurğuladı: "Bu yaşda uşaqlar çox şeyi real qəbul edirlər. Ona görə də cümlə qurarkən son dərəcə diqqətli olmaq lazımdır. Uşağa "filankəs öldü, amma geri qayıdacaq ya da onu torpağın altına basdırdılar" demək çox yanlışdır. Uşağın hər hansı bir yaxınını torpağın altında təsəvvür eləməsi onun üçün çox böyük bir travmadır. Bu hal uşaqda müxtəlif qorxuların yaranmasına və gündəlik həyatda gördüyü işlərdən imtina etməsinə yol aça bilər. Onda yuxusuzluk, iştahasızlıq halları müşahidə olunur".

"7 yaşından yuxarı uşaqlara kiminsə öldüyünü birbaşa demək birmənalı şəkildə qadağandır. Onu prosesə alışdıraraq, yavaş-yavaş demək lazımdır. Bəzən böyüklər uşağa pis təsir etməsin deyə vəziyyəti ona "nənə getdi buludların üstünə, göylərdən bizə baxır" kimi izah edirlər. Biz bunun əleyhinəyik. Uşağa hadisələri yalan demədən, olduğu kimi, lakin bir az daha yumşaq formada demək lazımdır. Məsələn, filankəs xəstədir artıq, həkimlər onun üçün əllərindən gələni edirlər. Amma ola bilsin ki, o bu dünyada davam edə bilməz kimi cümlələrlə demək daha yaxşı olardı. Eyni zamanda körpəsinə bunu izah edən valideyn soyuqqanlı olmağa çalışmalıdır. Ağlayaraq, emosional halda deyilən söz də uşaqda psixoloji cəhətdən mənfi iz buraxar", - deyə psixoloq bildirdi.

Necə ki, uşağımızı həyatda vacib olan nüanslara hazırlayırıq, eləcə də valideyn uşağını bu prosesə də əvvəlcədən hazırlamalıdır. Bunu televiziyada və ya hər hansı başqa yerdə rast gəldiyi zaman yavaş-yavaş uşağa izah edə bilər. Quş öldü, pişik öldü kimi nümunələrlə başa salmaq olar.

Bildiyiniz kimi, uşaqların hər zaman gözlənilməz sualları olur. Bəzən anasına gəlib "sən nə vaxt öləcəksən" deyə sual verə bilir uşaq. Çox zaman valideynlərin birinci ağlına gələn "qocalanda öləcəyik" demək olur. Lakin bu çox yanlış düşüncədir. Ölümü hər hansı bir xüsusiyyətlə bağlamaq doğru deyil. "Saçımız ağaranda, üzümüz qırışanda və ya 60 yaşından sonra" kimi nümunələr göstərmək izahı daha çətin hallara gətirib çıxarır. Çünki uşağın ətrafında kifayət qədər 60 yaşında, saçları ağarmış, üzü qırışan insanlar var. Elə özümüz ətrafımızda bu qədər ölümə namizəd insanın olduğunu bilsək, necə olarıq? Nəzərə alaq ki, uşaqlar daha həssas varlıqlardır",-deyə psixoloq bildirdi.

Uşaqlar sığınmağa, qorunmağa möhtacdırlar. Onlar tək qalmaqdan qorxduqları üçün tez-tez belə suallar soruşa bilərlər. Əgər bu cür suallarla tez-tez qarşılaşırsınızsa, "mən hələ uzun illər sənin yanında olacağam. Əminəm ki, mənim (atan, bacın, qardaşın) kimi digər qohumlarımız da uzun müddət sənin yanında olmaq istəyirlər" kimi güvənverici cümlə quraraq uşağınızı qorxularından uzaqlaşdıra bilərsiniz.
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 1 939
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri