Uşaqların 3 yaşından tez diş pastasından istifadə etməsi zərərlidir.
Türkiyəli diş həkimi Emre Kural süd dişlərinin sağlam olmasının normal
dişlər qədər əhəmiyyətli olduğunu deyir. Vaxtından əvvəl itirilən süd
dişləri normal dişlərin sağlamlığına zərər verdiyi kimi, onların
düzülüşünə də təsir edə bilər. Aile.lent.az həkimin uşaqların dişlərinin
çürümə səbəbləri haqqında fikirlərini təqdim edir
Həkim bildirir ki, süd dişləri normal dişlərə nisbətən daha az mineral
tərkiblidir, yəni daha çox təbii quruluşludur. Bu səbəbdən də daha asan
və sürətlə çürüyürlər: "Uşaqlar çürüyün erkən dövrdə meydana gələcək
əlamətlərini başa düşə bilmirlər. Yalnız dişləri dözülməz qədər
ağrıdıqda bunun fərqinə varırlar. Onda isə çox gec ola bilər. Uşaqlar
ağız qulluğuna böyüklər qədər diqqət edə bilməzlər. Uşağın əl bacarığı,
marağı və valideynlərinin bu qaydaya əməl etmələri uşaqların diş
fırçalama vərdişini təyin edir. Xüsusilə anaların tez-tez etdiyi bir
səhv - əmziyi şirin su, bal, mürəbbə kimi qidalara batıraraq uşaqlara
vermələri və ya yuxu aralarında şirin süd, meyvə suyu kimi qidalara
vərdiş etdirmələri də süd dişlərinin çürüməsinə səbəb olan amillərdir.
Beləliklə də, qidalanma formalarındakı pozuntular süd dişlərinin
çürüməyə meyllərini artırır”.
Çürüyün qarşısını almaq mümkündürmü?
Çürüyü tamamilə aradan qaldıran hər hansı peyvənd və ya dərman yoxdur.
Lakin çürüyün yaranmasının qarşısını almaq üçün bəzi vəsaitlərdən
istifadə edilə bilər. Bunlardan biri "Fissür örtücü" deyilən
materialdır: "Diş çürükləri ümumiyyətlə azı və kiçik azı dişlərinin,
çeynəyən hissədə olan "fissür" adı verilən yerlərdə başlayır. Bəhs
etdiyimiz vəsait vasitəsilə həmin kanalın üzəri bağlanılır, o bölgəyə
mikrob, yemək artığının daxil olmasına maneə yaratmaqla çürüyün
başlamasının qarşısını almaq olar. Bu əməliyyat 6 yaşından etibarən
çıxan qalıcı azı və kiçik azı dişlərinə də tətbiq oluna bilər. Çürüyə
maneə yaratmağın başqa bir yolu da dişlərin zəifləməsinə qarşı
müqavimətini artırmaqdır. Diş səthinə xüsusi qoruyucu tətbiq etməklə bu
müqaviməti artırmaq olar”.
Süd dişlərinin əhəmiyyəti
Süd dişlərinin birinci vəzifəsi uşağın düzgün qidalanmasını təmin
etməkdir. Bununla yanaşı, süd dişlərinin çürüməsi və ya tez itkisi ciddi
estetik problemlər yaradır. Süd dişi tez düşdükdə onun təbii yer tutma
funksiyası da aradan qalxır. Bu da daimi dişlərin lazım olan yerdən
çıxmamasına və ya çıxa bilməyərək ölü qalmasına, əyri bitməsinə səbəb
olur.
Süd dişlərindəki çürüklər müalicə edilməlidirmi?
Müalicə edilməyən süd dişi çürükləri, ağrı, pis qoxu, çeynəmə çətinliyi,
qidalanma pozuqluğu və çirkin xarici görünüşə gətirib çıxarar. E. Kural
bildirir ki, bu dövrdə müalicə edilməyən diş pozuqluqları gələcəkdə diş
əyriliyi, çənə inkişafında pozuntular və ümumi sağlamlıq problemlərinə
(revmatizmdən ürək narahatlıqlarına qədər) səbəb ola bilər. Bu səbəbdən
süd dişlərindəki çürüklər "onsuz da onların yerinə yeniləri gələcək”
deyilərək biganə yanaşılmamalı və müalicə edilməlidir.
Körpələrdə ağız qulluğu
Körpələrin ən azı ilk dörd ay ana südü ilə qidalanmaları ağız
ətrafındakı yumşaq toxuma və əzələ funksiyalarının normal inkişafını
təmin edir. Ana südünün qeyri-kafi olduğu hallarda fizioloji başlıqlı
(damaqlı, kəsik uclu) əmzik istifadəsi lazımdır: "Körpələr 1 yaşından
etibarən stəkan və qaşıqla qidalanmaya vərdiş edilməlidir. Əmziklə
qidalanma ən çox 2 yaşına qədər davam edə bilər. Barmaq əmmə, əmzik
istifadə etmə kimi vərdişlərə 2-2,5 yaşına qədər icazə verilə bilər.
Barmaq əmmə vərdişi davam etsə, bunun qarşısını almaq lazımdır. Çünki
tənəffüs problemləri çənə inkişafına mənfi təsir edir”.
Uşaqlar diş fırçalamağa hansı yaşda başlamalıdır?
Körpə 6-8 aylıq ikən (yəni ilk dişlər ağızda göründüyündə) səhər
yeməyindən sonra və gecə yatmazdan əvvəl dişləri təmiz bir tənzif və ya
cunanı isladaraq silmək, təmizləmək olar. Həkim diş fırçası istifadəsinə
isə uşağın arxa dişləri çıxdıqdan sonra (ortalama 2,5 - 3 yaş) başlana
biləcəyini deyir: "Məktəbəqədər uşaqlara diş fırçalama texnikası
öyrətməkdən çox diş fırçalama vərdişi aşılanmalıdır. Uşaqlar ağızlarında
görünən yerləri fırçalamaqla kifayətlənirlər. Ancaq çürüyün
yaranmasının qarşısını almaq üçün xüsusilə dişlərin aralarını və
çeynəyən dişləri fırçalamaq lazımdır. Buna görə uşağınız dişlərini
fırçaladıqdan sonra ana və atalar təmizliyə nəzarət etməlidir”.
Diş fırçası necə seçilməlidir?
Uşağa uyğun elastik, yumşaq neylon tüklərdən olan diş fırçası almaq
olar. Sərt tüklü fırçalar dişləri təmizləmək üçün uyğun deyil. Vacib
məqamlardan biri də köhnələn fırçalardan istifadə edilməməsidir. Ən çoxu
6 aydan bir diş fırçası dəyişdirilməlidir: "Səhər yeməyindən sonra və
gecə yatmazdan əvvəl dişləri fırçalamaq lazımdır. Lakin uşağa mütləq
düzgün diş fırçalama qaydası öyrədilməlidir. Kiçik yaşlarda qazanılan
vərdişlər gələcəkdə də özünü göstərir. 3 yaşa qədər diş pastasından
istifadə etmək qadağandır. 3 yaşdan sonra isə diş fırçasının səthi qədər
deyil, noxud böyüklüyündə diş pastası uşaqların dişlərini təmizləməsi
üçün kifayət edir. İlk dövrlərdə diş pastasının markası vacib deyil.
Əsas odur ki, uşaqlar diş fırçalamağı sevsinlər və buna əməl etsinlər”.