Həsrətindəyəm (13-cü bölüm)

Müəllif: _Mrs_
Şərhlər: 9
Baxılıb: 5 961
Səs ver:
(səs: 1)
Bir neçə saat sonra Elşad hazırlanıb şəhərə yola düşdü. Mənə görə bu qədər yubanmışdı. İndi isə gecəni yuxusuz halda sükan arxasında yol gedəcək, dincini belə almadan səhər işə çıxacaqdı. Bunları düşünəndə ona ürəyim ağrıdı.

Onu ötürməyə həyətə enmişdim. Gedirdi deyə dolub durmuşdum. Bu gün olanlardan sonra, açığı, getməsini istəmirdim. O, maşına doğru gedəndə dözməyib, arxasınca dilləndim:

– Məni burda atıb gedirsən, kim bilir, bir də nə vaxt qayıdacaqsan.

Çevrilib narazılıqla məni süzdü:

– Atıb getmirəm. İşə qayıtmalıyam. Yenə eyni sözü deyirsən?

Mən doluxsunmuş halda başımı aşağı saldım. Elşad soruşdu:

– Gəlməyimi istəyirsən?

Dinmədim. Elşadın isə bu gərgin vaxtında məni gözləməyə səbri, hövsələsi qalmadı.

– Bəlkə cavab verəsən?

Mən nə qədər cəhd etdimsə, o sözü dilimə gətirə bilmədim. İstədim özü başa düşsün, amma Elşad o əhvalda deyildi.

Cavab vermək yerinə əlimi ağzıma tutub, hönkürtümü boğmağa cəhd etdim. Elşad halımı görüb, bəlli ki, yenə ürəyinə söz keçirə bilmədi. Təkrar ayaq saxladı. Və qollarını yana açıb məni yanına çaqırdı. Həyətdə heç kimin olmamasından ürəklənib, irəli yeridim. Ağlaya-ağlaya dəli kimi ona sarıldım. Üzümü köksündə gizlədib hönkürdüm. Elşad bir xeyli məni buraxmadı. Üzünü saçlarımın arasında gizlədib dərin-dərin qoxuladı. Sakitləşmədiyimi görüb, çiyinlərimdən yapışdı, üzümə baxa-baxa dodaqlarını bir-birinə sıxıb, fısıldadı. Sonra narazılıqla öz-özünə deyindi:

– Hə, Elşad! İndi gəl bu əhvalla bu qədər yolu get görüm, necə gedirsən! – Qısa bir sükutdan sonra mənə irad tutdu. – Sən mənim qəsdimə durmusan?

Hıçqırıqlar içində başımı aşağı əydim.

– Get yat, gecdir.

Yerimdən tərpənmədim. Məni tələsdirdi:

– Get, get.

Mən Elşadın yanından kənara bir addım belə ata bilmədim. Saçım onun köynəyinin düyməsinə dolaşmışdı. Elşad saçımı yaxasındakı düymədən açıb çıxarmağa çalışa-çalışa yenə də narazılıqla öz-özünə deyindi:

– Lənət şeytana. Bu qız məni yolumdan edəcək. Səhər işdə olmalıyam axı mən!

Mən göz yaşlarım yanağıma süzülə-süzülə onun necə əlləşib-vuruşduğunu seyr edir, hələ indidən həsrətini çəkməyə başlayırdım. Nəhayət, məndən qurtula bildi. Onun tələbi ilə evə doğru üz tutdum. Eyvana çıxanda dönüb bir də ona baxdım.

Elşad sükan arxasına keçsə də çiyninin üstündən dönüb mənə baxırdı. Mən evə keçəndə maşının qapısını örtdü. Tezliklə həyətdən çıxan maşının təkərlərinin səsi doldu qulaqlarıma. Bu andan etibarən onun gələcəyi günü gözləməyə, saatları, günləri saymağa başladım.

Növbəti həftə o, evə gələndə məni yataqda gördü. Səhərdən belə idim. Tir-tir əsirdim. Üşütmə, qızdırma məni əldən salmışdı. Yerimdən heç qalxa da bilməmişdim. Elşad evə gələn kimi məni heç yerdə görmədiyi üçün birbaşa otağa gəlmişdi. Məni bu vəziyyətdə görəcəyini ağlına gətirmədiyi üçün çaşıb qaldı. Tez yaxınlaşdı.

– Nə olub?

Üzünün ifadəsi bir anda dəyişdi. Taxtın kənarında oturub, adyalı qaldıraraq məni yerimdə dikəltdi. Narahat baxışlarla gözlərini üzümə zillədi.

– Üşüyürəm. Heç yaxşı deyiləm. – Dişlərim bir-birinə dəyə-dəyə güclə dilləndim, bir az da büzüşdüm. O, məni özünə sıxıb alnımdan öpdü. Qaşlarını çatıb, o dəqiqə əlini alnıma toxundurdu.

– Nə vaxtdan beləsən?

– Bu gün səhərdən.

– Dərman içmisən? Evdəkilərin xəbəri var vəziyyətindən? Bir maraqlanan olub sənlə? – Qanıqara halda üzümə baxdı.

– Off… nə çox sual verirsən? Halım yoxdur! – deyib, suallardan yayınmağa çalışdım. Çünki maraqlanan olmamışdı. Bir İlkin idi mənə ürəyi yanan, o da dünəndən harasa getmişdi, hələ qayıtmamışdı.

Amma Elşad verdiyi sualın cavabını almışdı.

– Hmm… Başa düşdüm. – Dodaqlarını bir-birinə sıxıb, ürək ağrısıyla məni süzdü. – Bəs İlkin haradadır? Deyərdin səninçün dərman alıb gətirərdi də. – Dillənmədim. – Dəqiq bilirəm ki, səhərdən heç nə yeyib-içməmisən. Elədir?

– Ürəyim heç nə istəmir.

Əslində özümü sındırmamaq üçün yalan deyirdim. Susuzluqdan yanırdım. İçərimi qarsıb- qovuran qızdırmadan dodaqlarım çat-çat olmuşdu. Amma halım yox idi ki, qalxıb bir qurtum su içəm.

Elşad heç bir sözümə inamadığını bəlli edən bir ifadə ilə məni süzdü. Ayağa qalxıb, öz-özünə deyindi:

– Elə bil düşmən balası gətirib atmışam bu evə! Biri ürək yandırmır. Sonra da məndən hörmət tələb edirlər. Nə deyəsən e…

Onunla valideynləri arasında yeni bir gərginlik yaşanmasın deyə bilmədim nə deyəm.

– Qrip olacam da yəqin. Böyütmə bu qədər. Off, sən də. – Şikayətləndim.

– Məni saymadıqlarını mənə sübut edirlər! Vəssalam! Başqa heç nə!

– Yaxşı da… – Əzgin halda üzünə baxdım.

– Gəlirəm indi, – deyib otaqdan çıxdı.

Çox keçmədən geri döndü. Aptekə gedibmiş. Mənim üçün bir neçə dərman alıb gətirmişdi. Son dərəcə qayğıkeş bir səslə:

– Gəl əvvəlcə yoxlayaq görək qızdırman var, ya yox, – deyib qızdırmaölçəni qolumun altına qoydu. Bir qədər keçdi, götürüb baxdı. – Hmm… – Dodaqlarını heyrətlə büzdü. Sonra həblə birlikdə su ilə dolu bardağı mənə uzadıb dedi: – Sən bu dərmanı al iç, sonra da o birilərini içərsən. Dediyimi elə, sağalacaqsan.

Dayanıb diqqətlə ona baxdığımı görəndə duruxdu:

– Nə oldu?

– Səni belə qayğıkeş gördükcə bir bilsən, necə kövrəlirəm. Gözlərimə inanmağım gəlmir. Sənin kimi sərt, daşürək bir adam mənə görə narahatdır. Gərək duz çevirim başından. Bəd nəzərə gələrsən.

O özünü qətiyyən sındırmayıb:

– Termometr deyəsən düz işləmir. Sənin qızdırman həddindən çoxdur. Nə danışdığını bilmirsən. – deyib tərs-tərs üzümə baxdı.

Halım olmasa belə məni gülmək tutdu.

Həmin gün o, yanımdan ayrılmadı. Mənə qulluq elədi. Gecəni də yatmadı. Tərlədim, əynimi belə dəyişdirdi. Gecənin bir aləmi mənə yenə dərman verəndə:

– İstəmirəm! – deyib imtina etmək istədim.

– Ay uşaq… – Elşad narazılıqla mənə baxdı. – Bir dəfə də böyük sözünə qulaq as!

O, məndən 5 yaş böyük idi deyə bir az da ərkyanalıq edirdi.

Bu vaxta qədər üzünü görmək istəmədiyim, nifrətlə baxdığım bu adam məni öz davranışları və diqqəti ilə mat qoymuşdu. Xəbərim belə olmadan artıq ona bağlanmağa başlamışdım.

(Ardı var)
MüəllifFiruzə Davudqızı
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 5 961
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri