Həsrətindəyəm (22-ci bölüm)

Müəllif: _Mrs_
Şərhlər: 11
Baxılıb: 5 660
Səs ver:
(səs: 0)
Mən Elşada olan güvəncimi sarsıtmaq istəmədiyim üçün ona inanmağa çalışırdım. Daxilən talan olsam da gördüklərimi sükutla qarşılayıb udur, səsimi çıxarmırdım. İstəmirdim bu mövzuda Elşadla üz-üzə gələm. Çünki ona qarşı qəlbimdə güclü bir hiss baş qaldırmışdı. Özünə bildirməsəm də mən Elşadı sevirdim. Həm də onu itirməkdən qorxacaq qədər çox! Ona ömrümün sonuna qədər nifrət edəcəyimi düşündüyüm halda indi bütün qəlbimlə ona bağlanmışdım. Bu insan məni nə qədər incidir-incitsin, bütün hiss və duyğularımı əsir alıb, məni ram etmişdi. Bir sözlə, o, qalib gəlmişdi.

Bu minvalla aradan 2 ay keçdi.

Elşadın Kamanı görəndə dəyişən əhval-ruhiyyəsi, ondan açıq-aşkar qaçması, uzaq gəzməsi ürəyimə yol tapmış şübhələri alt-üst etsə də, bu yalnız mənim gözüm önündə baş verənlər idi. Kənarda Elşadın ona olan münasibəti mənə qaranlıq qalırdı.

Kamanın həyasız davranışları, heç kəsdən çəkinməyən açıq-saçıq danışığı, Elşada olan həddindən ziyadə səmimiyyəti bu iki ayda məni boğaza yığmışdı.

O, Elşadı Nazim əmigildə görən kimi bir bəhanə ilə meydana çıxırdı. Və Elşadın yanından əl çəkmirdi.

Hərdən Elşad sözarası burdan köçmək, evi dəyişmək istədiyini dilə gətirsə də, Nazim əmigildən keçə bilmirdi. Bircə onlara görə dayanıb səbrini basırdı. Çünki bu ailə onun ürəyinə yatmışdı.

Artıq tab gətirməyə gücüm çatmayanda, dözümüm tükənəndə səssiz-sədasız ağlayırdım, amma bunu Elşada bəlli etmirdim. Çünki hələ səbrimi basırdım. Ta o gün baş verənlərə qədər…

Həmin gün mən duş qəbul edirdim.

İstirahət günü idi və Elşad evdəydi. Bilmirəm, həyətdə nə iləsə məşğuldu. Burada hamam həyətdə yerləşdiyi üçün və həyət özü də darısqal olduğu üçün sakitlik olanda pıçıltı belə aydın duyulurdu.

Mən hamam xalatımı geyinib çıxmağa hazırlaşırdım ki, bu vaxt Elşadın gərgin səsini eşidib duruxdum:

– Burda nə işin var sənin? Başın xarab olub?

Hamamın giriş qapısı taxtadan idi və bir-birinə pərçimlənmiş taxtalar köhnəldiyindən araları boşalmışdı. Gözünü qapıya dirəyib diqqətlə baxanda həyəti cüzi də olsa görmək olurdu. Qapıya yaxınlaşıb həyətdə nə baş verdiyini bilmək istədim.

– Nədir, qorxursan?

Bu səs qulaqlarımda bomba kimi partladı. Kamanın səsi idi. O, Elşadın yan-yörəsində dolansa da heç vaxt bizə gəlməzdi. İndi isə Elşadla üz-üzə dayanmışdı. Yenə açıq-saçıq geyimdə, saçları yanında. Şəhvətdən dəli olmuşdu. Ehtirasla Elşada baxırdı. Ona doğru bir addım da getdi. Lakin Elşad qolundan tutub onu geri itələdi:

– Sən məni boğaza yığmısan, bunu bilirsən? Başa düşə bilmirəm, ağır söz eşitmək istəyirsən, yoxsa ürəyindən döyülmək keçir? – Elşad mənim eşidəcəyimdən ehtiyatlanaraq bir gözü hamamın qapısında, əsəblə səsini bozartdı. – Rədd ol, ayağın bir də bura dəyməsin! Çıx bayıra! – Səbri tükənmiş halda bir də təkrar etdi. – Çıx bayıra dedim!

Kama bu sözləri vecinə almayıb, ona bir də yaxın getdi. Görünməmiş bir cürətlə əlini Elşadın sinəsində gəzdirə-gəzdirə dedi:

– Yadından çıxıb o gecələrimiz? – Özünü ona sıxdı. – Bu qızcığaz mənim sənə verdiklərimi verə bilir? De də…

– Bunun sənə dəxli yoxdur! – Elşad onun qollarını boynundan götürüb hirslə tulladı.

Kama özünə xas bir gülüşlə güldü:

– İnanmaram! O, hələ uşaqdır, gözü açılmayıb. – Elşadın saçlarını qarışdırdı. – Mənim yerimi verə bilməz! Boynuna al!

– Deyəsən çaşırsan axı yavaş-yavaş…

– Sənin kimi bir oğlanın qarşısında adam çaşmasın, neyləsin, yaraşıq!

O, birdən özünü saxlaya bilməyib irəli cumdu və Elşadı bərk-bərk öpməyə başladı.

Bu an mən gördüklərim qarşısında keçirdiyim gərginlikdən tir-tir əsirdim. Bayıra çıxıb o qadını parçalamamaq üçün özümü güclə saxlayırdım. Gözlərim kəlləmə çıxmışdı. Ürəyim necə şiddətlə vururdusa elə bilirdim bu dəqiqə nəfəsim kəsiləcək.

Elşad onu dərhal, amma güc-bəla ilə özündən qoparıb geri itələdi. Amma Kamanın gözü necə dönmüşdüsə heç nə onu qorxutmurdu. Bir də təzədən Elşadın üstünə yeridi:

– Axşam gəl! Mütləq! Gözləyəcəm! Səni istəyirəm, başa düşürsən? – Üsyankar bir səslə dillənib, onu yenidən öpmək istədi. Dözməyib qapını zərblə açaraq bayıra çıxdım. Məni görüb diksindilər, bir-birilərindən aralandılar. Əslində Elşad onu cəld özündən ayırdı. Amma mən hər şeyi gördüm. Sarsılmış halda hiddətlə Elşadın gözlərinin içinə baxdım.

Gərginliklə nəfəs alıb-verir, əsirdim. Hər ikisinə şillə çəkməmək üçün özümü zorla saxlamışdım.

Kama öz əməlindən razı halda həyasızca gülümsədiyi halda, Elşad elə bil yerindəcə ölmüşdü. Gözlərimin içinə baxa-baxa rəng verib, rəng alırdı. Gözucu bir anlıq qəzəblə Kamanı süzdü.

Mən durmayıb onlardan ayrıldım. İkinci addımdan sonra artıq ağlaya-ağlaya evə yüyürdüm. Qapını açıb evə keçmək istəyəndə Elşadın ona acıqla səsini ucaltdığını duydum:

– İtil, gözüm səni görməsin!

Divana çöküb oturdum. Hönkür-hönkür ağlayırdım ki, bu vaxt Elşad içəri girdi. Amma mənə yaxınlaşmağa ürək eləmədi. Yerindən tərpənmədən əzab içində əliylə üzünü ovuşdurdu.

Mən hiddətimi boğa bilməyib ona ağzımın acısını tökməyə başladım. Çünki bir az əvvəl gördüklərim artıq bardağı daşıran son damla idi.

– Sənin qəhrəmanlıqlarından xəbərim var idi, amma bu qədər cəsarətli olduğunu bilmirdim. Gözümün önündə şəbeh çıxarıb, mənə əzab vermək üçün gətirdin yanına?

Elşad üzümə baxmadan gərgin halda dedi:

– Mənim o küçə itiylə işim olmaz artıq! Çox da ki, böyür-başımda dolanır! Nə olubsa keçmişdə olub. Subay vaxtı hamı kimləsə başını qatır. Amma indi yox! Sən məni səhv başa düşdün!

– Sən özünü mənə tanıtdırırsan?! – Hiddətlə onu süzdüm.

– Mən artıq belələrinə ehtiyac duymuram! – O da səsini qaldırdı. – Hansısa bir qadının yanına getmək fikrim olsa, gedərəm, heç xəbərin də olmaz. Amma lazım bilmirəm! O da əvvəl idi, bir səhv elədim!

– Hətta bu qədər açıq danışırsan, hə?

– Mən olanı deyirəm! Səsinin tonunu bir balaca aşağı sal!

– Bəlkə yoldan ötən bir əxlaqsıza görə məni vurasan da. Adətkarsan axı!

Tərs-tərs məni süzdü, fısıldadı. Mənsə çəkdiyim acının ağırlığına dözməyərək heç özüm də bilmədim bu sözləri ona necə deyə bildim:

– Səni görüm lənətə gələsən! – Yanıb yaxıla-yaxıla ona bağırdım. – Sən rastıma çıxan günə lənət olsun! Taleyimi qaraltdın! Həyatımı puç elədin! Onsuz da çəkəcəksən bir gün! Arxayın ol! Allahın səbri çoxdur!

Tutqun ifadə ilə gözlərimin içinə baxıb, qapını çırpıb getdi. Evə bir də gecə yarısı sərxoş qayıtdı.

Yatağa uzandıqdan bir neçə dəqiqə sonra içki qoxuyan nəfəsini çiynimin üstündə hiss edib üz-gözümü turşutdum. Elşad mənə tərəf əyildi. Kefli bir səslə:

– Niyə mənə əzab çəkdirmək sənə bu qədər xoş gəlir? Səni bu həyatda canımdan çox sevmişəm, ona görə? – soruşdu.

– Toxunma mənə! – Əlini hirslə geri itələdim.

– Mən sənsiz nəfəs ala bilmirəm, ay qanmaz! Ay tərs müsəlman!

– Bəlli olur… – Kinayə ilə dillənib, mənə doğru uzanan əlini təkrar geri itələdim.

Narazılıqla dilini nırçıldadıb:

– Off… Off… – Bezib-usanmış bir tövrlə ah çəkdi. Sonra dili topuq vura-vura təkrar dilləndi. – Niyə başa düşmürsən, mənə səndən başqa heç kim lazım deyil! Tüpürüm ona mən! Lazımdır bəyəm mənə, kimlərinsə əlindən çıxmış?.. Lənət şeytana! Danışdırma də məni bu gecə vaxtı…

– Elşad… içmisən, artıq nə danışdığını bilmirsən. Yat!

– Bilmərəm də… – O, gözləri süzülüb xumarlana-xumarlana dedi. – Baş qaldı ki məndə?

Onu dinləməyib üstümə sərdiyim mələfəni başıma çəkdim. Yatmaq istədim. Elşad əl çəkmədi. İçmişdi deyə tərs damarı bir az da tutmuşdu. Mələfəni üstümdən çəkib, müqavimət göstərsəm də məni qollarının arasına aldı.

1 HƏFTƏ SONRA.

Elşad bir gün evə dilxor vəziyyətdə gəldi. Özündə deyildi. Alt-üst olmuşdu. Yorğun adamlar təki ayaqlarını dalınca sürüyə-sürüyə keçib divanda əyləşdi. İki əliylə başını tutub xeyli dinmədi. Mən onun bu pərişan halından heç nə başa düşməyib sual yağan nəzərlərlə onun qarşısında dizi üstə döşəmədə oturdum.

– Yaxşısan?

O, məni sanki indi gördü. Fikirli halda üzümə baxıb soruşdu:

– Nə dedin?

Mən onun əhval-ruhiyyəsinin yerində olmadığına artıq əmin olub, başqa söz dedim:

– Süfrə hazırdır.

O, narazılıqla başını buladı.

– Bu dəqiqə boğazımdan heç su da keçmir. Başımı elə itirmişəm ki.

– Nə isə olub? – Narahat halda onu süzdüm.

Elşad dinmədi. Sıxıntı içində dərin köks ötürdü. Mənimsə varlığımı saran təşvişdən gözləməyə səbrim çatmadı. Qolundan yapışıb həyəcanla üzünə baxdım.

– Off… dillən! Ürəyim partladı!

Elşad ayrı çıxış yolunun qalmadığını bildiyi üçün açıb danışmağa başladı. Qanıqara halda nağıl elədi:

– Hərbi hissədə aləm dəyib bir-birinə. Ola bilsin, bir neçə gün evə gələ bilmədim. İndi də icazə yox idi, yarım saatlıq güclə izn ala bildim. Gəldim səni görəm, xəbərdar edəm. – Sözün bu yerində tutqun baxışlarla gözümün içinə baxdı. Amma çox uzatmadı, sözünə davam elədi. – Baş qarışıqdır, hərbi prokurorluğun işçiləri tökülüb hərbi hissəyə. Hamını dindirirlər. Heç bilmirəm vəziyyət necə olacaq. Hər şeyə hazır olmaq lazımdır! Ola bilsin, həbs etdilər məni!

Qulaqlarım uğuldadı. Dəhşət içində ona baxdım.

– Sənin nə günahın var ki… Həbs etmək nədir?

Elşad çətinliklə dilləndi. Öz səhvini etiraf etdi:

– Əsgərə buraxılış vərəqəsi yazıb bir neçə saatlıq evə buraxmışdım. Qayıdanda maşın vurub. Xəstəxanadadır. Yaralıdır, özünü bilmir. Ona bir şey olsa, mənim dərimi soyacaqlar! – Elşad təşvişlə üzünü ovuşdurdu.

Mən duyduqlarımın təsiri altında idim. Əlimi ağzıma tutub donmuş vəziyyətdə eləcə Elşada baxırdım. Handan-hana dilləndim:

– Sən vurmamısan ki. Səni niyə tutsunlar? Yolda qəzadır də, olub. – Ona ürək-dirək vermək istədim, amma dediklərimə heç özüm də inanmadım.

– Uşaq-uşaq danışma. – Elşad istehzayla gülümsündü. – Mənim tabeliyimdə olan əsgər idi. Həmin gün də naryaddaydım. Ümumiyyətlə ixtiyarım yox idi hansısa bir əsgərin hərbi hissədən çıxmasına şərait yaradam. Sual verirlər, nə səbəbə göndərmisən əsgəri? Nə marağın var idi?

– Yəqin vacib olmasa göndərməzdin də.

Elşad köks ötürüb dedi:

– Yalvarıb-yaxardı ki, atam ölüm ayağındadır, heç olmasa ölməmiş üzünü görüm. Mən də… – Elşad bir anlıq susdu. Sonra dedi. – Yumşaldım. Amma səhv elədim! Böyük səhv elədim!

Bu, Elşadın zəif nöqtəsi idi. Çünki Elşad atasına çox bağlı idi. Baxmayaraq ki, danışmırdı, amma yaxşı bilirəm ki, bir anlıq özünü əsgərin yerinə qoymuşdu. Aylardır xəstə yatdığını bilə-bilə atasının görüşünə getməməsi Elşadı daxilən talan etsə də, bunu üzə vurmurdu.

Mən o anın təlaşı içində ildırım sürətiylə çarələr axtarmağa başladım. Əmisi general idi deyə düşündüm ki, necə olsa Elşadı bu vəziyyətdən xilas edə bilər.

– Bəs əmin nə deyir? Sənə bir köməkliyi dəyə bilməz?

Elşad mənim səsimə fikirdən ayrıldı. Cavab verdi:

– Əmim deyir elə bir iş tut ki, səni müdafiə eləməyə üzüm olsun! O da özünə görə narahatdır.

Bir neçə saniyə ikimiz də susduq. Bu sükutu Elşad özü pozdu:

– İndi həyatım tükdən asılıdır. Əsgər özünə gəlib hər şeyi olduğu kimi danışmayınca bunlar məndən əl çəkən deyillər!

– Bəs valideynləri sənə niyə kömək etmir axı? – Gözlərim dolmuş halda soruşdum. – Onların uşağı getmək istəyib də.

– Onlar bu dəqiqə öz uşaqlarının hayındadır. Mən yada düşmürəm.

– Off… – Çarəsiz halda hönkürdüm.

Elşad ayağa qalxdı. Özünə yer tapa bilmirdi. Elə bil tikan üstə gəzirdi.

– Mən batdım! Məhv oldum! Həbsə düşsəm rütbəmi də əlimdən alacaqlar, ordudan da tərxis olunacam! Bununla da bu qədər əziyyətim heç olacaq! Fikirləşməkdən az qalır dəli olam! Götür-qoy edirəm, yenə də zərərli mən çıxıram! Özüm bir yana, sənin dərdini çəkirəm! Mən həbs olunsam sən necə olacaqsan? Kimə əmanət edim səni?

Gözümün yaşını tökə-tökə Elşada baxırdım. Bu nə iş idi başımıza gəlmişdi?

Günlər bu gərginlik və narahatlıqla davam etməkdə idi. Hələ heç bir irəliləyiş yox idi.

Əsgər hələ koma vəziyyətində idi, Elşad isə fikirləşməkdən, həyəcan keçirməkdən ayaq üstə gəzən bir ölü idi sanki. İşə necə gedib-gəldiyini belə bilmirdi. Səhərə qədər yatmır, yerində çevrikib dururdu. Yuxuya gedən kimi isə qəflətən oyanaraq sarsılmış halda yerində qalxıb otururdu. Və dəqiqələrcə özünə gələ bilmirdi.

Ona baxdıqca mən də sabaha olan ümidimi itirir, özümü yeyib-tökürdüm.

Bir gecə yatağa uzansam da məni yuxu tutmamışdı. Uzandığım yerdəcə bütün diqqətimlə Elşada baxırdım. Ürəyim necə dolub qabarmışdısa artıq dözmədim. Bir an:

– Elşad… – deyə onu səslədim.

Elşad qolunu gözlərinin üstündən götürüb təəccüblə mənə baxdı:

– Yatmamısan?

– Yuxum gəlmir.

– Sən mənə fikir vermə, yat, – deyib köks ötürdü.

Onun bu ahı ürəyimi köz-köz elədi. Doluxsundum. Elşad məni belə görüb yatağın içərisində qalxıb oturdu. Çaşqın baxışlarla üzümə baxdı.

Mən ağlaya-ağlaya onun boynuna nə vaxt sarıldığımı belə bilmədim.

– Nə olub, ay qız?

Mən cavab vermək əvəzinə hönkürdüm. O, saçlarımı tumarlaya-tumarlaya məni sakitləşdirməyə çalışdı:

– Yaxşı, bir az sakitləş… De görüm, nə olub?

Mən üzümü Elşadın köksündə gizlədib, göz yaşlarım selə dönmüş, pərişan bir halda hayqırdım:

– Mən səndən ayrı qala bilmərəm! Çətin olar mənə! Qurban olum, elə et ki, biz ayrılmayaq. Məni gözünün qabağına gətir. Mənə yazığın gəlsin! Mən səndən ayrılsam, dəli olaram! Sənsiz… – Sözümün gerisini gətirə bilməyib, təkrar hönkürdüm. Onun boynunu-boğazını həsrətli-həsrətli öpdüm.

Elşad donub qalmışdı. Məndən heç vaxt duymadığı sözləri eşidirdi. Mənsə günlərdir sürən sükutumu bu gecə pozub, nəhayət, özümdə güc taparaq, ürəyimi deşən sözləri dilə gətirmişdim. O, qollarımdan yapışıb diqqətlə gözlərimin içinə baxdı:

– Sabah nə olacağını bilmirəm. Amma nə olur-olsun, mən səndən əlimi üzən deyiləm! Bunu yadında saxla və əmin ol! Bilsəm ki, yolun sonunda məni ölüm gözləyir, yenə də səndən vaz keçmərəm! Son nəfəsimi verəndə də sənin qollarında verəcəm! – Bunu deyib, məni bağrına basdı. Və heç buraxmadan inamla dilləndi. – Darıxma! Yaxşı olacaq, inşallah! Sən dua elə! Dua elə ki, bu bəladan qurtulaq! Gerisi düzələndir!

Mən onun sözlərindən sonra az da olsa toxtadım, ona daha bərk sarıldım.

Amma fələk bizim üçün hesabda olmayan, ummadığımız bədbəxtlikləri taleyimizə çoxdan yazmışdı.

20 GÜN SONRA.

3 gün idi özümü heç yaxşı hiss etmirdim. Halsızlıq, başgicəllənmə, ürəkbulanma…

Vəziyyətimdən şübhələnsəm də hələ tam əmin deyildim. Hamiləlik testi alıb yoxlamaq lazım idi. Lakin buna cəhd etməyə halımızın-günümüzün belə gərdin vaxtında zərrə qədər ürəyim atmırdı, nəinki buna sevinə biləm. Məni bu günlər yalnız Elşadın aqibəti maraqlandırırdı. Qalan hər şey ikinci planda idi.

Hələ dünəndən Sona xalaya kömək edəcəyimə söz verdiyim üçün məcburən onlara keçmişdim. Onunla həyətdəki artırmada qutab bişirirdik. Bura gəldiyim dəqiqədən Sona xala işini görə-görə bir yandan da mənim əhval-ruhiyyəmi, ona şübhəli görünən davranışlarımı izləyirdi. Çünki limon dilimini necə iştahla yediyimi görmüşdü.

Başını aşağı salıb, öz-özünə gülümsünürdü. Hətta bir ara mən işimi yarıda saxlayıb əlimlə ağzımı tutaraq vanna otağına qaçmışdım. Qayıdanda Sona xala mənim avazımış rəngimə baxıb:

– Qızım, nə olub sənə? – Məni danışdırmaq, əmin olmaq üçün soruşdu.

– Yaxşıyam, narahat olma, xala. İy vurdu.

– Təsir elədi, hə, sənə? – Sona xala heyrətlə gözümün içinə baxdı.

– Hə, bir balaca. Keçib-getdi. İndi yaxşıyam.

Sona xala simasındakı heyrət dolu bir sevinclə:

– Keç otur sən görüm burda, əlini heç nəyə vurma. İnşallah! İnşallah, sevinərik! – dedi. Fərəhi köksünə sığmadı.

Mən istəmədim əmin olmadan hamıda bu fikir formalaşsın. Odur ki:

– Dəqiq bilmirəm, bir neçə gün gecikmişəm sadəcə. Bundan da ola bilər. – Sıxıla-sıxıla Sona xalaya baxdım. – Buna görə Elşada da deməmişəm.

– Yox, yox! – Sona xala sevinclə dedi. – Ürəyimə damıb ki, bu belədir! Rəngin-ruhun da dəyişib. – Sonra əllərini açıb dua elədi. – İlahi, sən özün sevindir bu uşaqları!

Bir qədər sonra Nazim əmi Elşada zəng vurmuşdu. Ağaclara su verə-verə onunla danışırdı:

– Haradasan, qardaşoğlu? – Elşad nə dedi bilmədim, Nazim əmi dərhal qəti səslə tapşırdı. – Birbaşa bizə gəl. Sona xalan qutab bişirib sənin üçün. Bu olmadı ki… İnciyərəm ha səndən. Alə, gəl bir az oturaq, danış görüm vəziyyət nə yerdədir. Gəl, fikrin də dağılsın. Nə vaxtdır buralara da keçmirsən. – Dayanıb Elşadı dinlədi və birdən gümrah səslə. – Vəssalam! Gözləyirəm! – deyib, söhbəti bitirdi.

Təxminən bir saat sonra Elşadın həyətə girdiyini gördüm. Onu görər-görməz gözlərimin necə güldüyü Sona xalanın diqqətindən yayınmadı.

Elşad onu qarşılayan Nazim əmiylə görüşüb hal-əhval tutduqdan sonra arada bir fürsət tapıb biz tərəfə də baxdı. Gözüm gözlərinə sataşan kimi qaşının biri adəti üzrə alnına qalxdı, dodaqlarında xəfif təbəssüm dolandı. Amma ciddiliyini pozmadı.

Naryadda olduğu üçün dünəndən onu görməmişdim. Üz-gözündən yorğunluq, yuxusuzluq yağırdı.

Nazim əmi onu sorğu-suala tutmuşdu. O da qanıqara halda:

– Xəstəxanadan gəlirəm. Ayılıb, amma nitqi yoxdur, – deyir, əsgərin vəziyyəti barədə danışırdı.

– Düzələr, inşallah! – Nazim əmi əlini inamla onun kürəyinə vurdu.

Elşad bir qədər sonra bir bəhanə ilə yanımıza gəlib:

– Salam xala, necəsən? – Sona xaladan soruşdu. Sona xala razılıq etdi. – Bizim uşağı buralarda görməmisən? – Elşad ciddi ifadə ilə soruşdu.

– Əmin əllərdədir, heç nigaran olma! – Sona xala gülümsünüb Elşada baxdı. – Göz bəbəyimiz kimi qoruyuruq! – Və bizi tək qoymaq üçün Nazim əminin yanına getdi. – Görüm bu kişi nə işlə məşğuldur yenə?

Elşad baxışlarıyla Sona xalanı ötürüb dərhal mənə yaxınlaşdı. Bir gözü ətrafı müşahidə edə-edə alnımdan öpüb:

– Necəsən? – asta və mehriban bir səslə halımı xəbər aldı.

– Yaxşı. Bəs sən? – Baxışlarımı qaldırıb təbəssümlə üzünə baxdım.

– Mən? – Yuxarıdan aşağı ədalı-ədalı məni süzdü. – Məni soruşma. Elə bir vəziyyətdəyəm, bu dəqiqə adım da yadımdan çıxıb. Üstəlik, dünəndən səni də görməmişəm, başım bir az da qaçıb. – Dodaqlarıma tez-tələsik bir öpüş qondurdu. – Yaxşısı budur, mən gedim əminin yanına… Bir az da yubansam, əlimdən bir xəta çıxacaq!

Gülə-gülə onun dalınca baxdım. İşimə davam etdim.

Həmin axşam həyətdəki masanın arxasında az sonra baş verəcəklərdən xəbərsiz halda yeyib-içib, deyib-güldük.

Mənim meyvədən başqa heç nə yeməməyim masadakıların diqqətini çəkmişdi. Nazim əmi israr edib:

– Ürəyin nə istəyir de, hazırlatdırım bu dəqiqə! – deyə məni sorğu-sual edirdi. – Heç nə yemədin axı sən. Olmaz belə.

Sona xala bunun səbəbini başa düşsə də, açıb-ağartmırdı. Ərinə irad tutub:

– İncitmə qızı. Yad yerdədir bəyəm? Meyli nə çəkirsə özü götürüb yeyəcək. Sən söhbətini elə! – deyib, narazılıqla onu süzür, göz-qaş işarəsi edirdi.

Bir qədər sonra Elşad getmək üçün Nazim əmidən icazə istədi:

– Yorğunam. Yatıb dincəlim. Görək sabah başımıza nə gəlir, – dedi.

– Səbirli ol, düzələr.

Nazim əminin sözü ağzında qaldı. Elə bu anda həyət qapısı açıldı. Gələn yenə də Kama idi.

Nə vaxt idi üzünü görmürdük, sakitlik idi. Sözün düzü, başımız öz problemimizə qarışdığından Kama heç yada da düşmürdü. O, təklif belə gözləmədən masaya yaxınlaşdı:

– Axşamınız xeyir! – deyib, stul çəkib oturdu.

Hamının üzündə narazı bir ifadə dolanmağa başladı. Kama isə bundan qətiyyən geri düşmədi. Əksinə, əhvalı kök halda:

– Sona xala, bu nə deməkdir? Məni özünüzə qonşu saymırsınız? Bax, inciyirəm ha. Özüm gəlməsəm, dəvət belə etmirsiniz.

Onu görüb Elşadın rəngi-ruhu yenə dəyişmişdi. Qaşlarını çatıb, mənə qalxmağı işarə etdi:

– Getdik!

Mən dinməzcə yerimdən qalxdım.

Bunu görən Kama istehza ilə Elşada:

– Nə oldu? Qaçırsan? – dodaqaltı güldü. – Afərin, vallah! Mat qalmışam sənə! Gündəlik dalımca sürünən Elşad sanki sən deyilsən! İndi arvadını görüb özünü elə aparırsan ki, elə bil, sənin ailəni dağıdıram.

Elşad mənim ona necə həqarətlə baxdığımı görüb, Kamaya üzünü bozartdı:

– Kəs səsini!

Nazim əmi Kamaya irad tutdu. Amma Kama onu dinləmədi. Ayağa qalxıb uzun dərin bir baxışla Elşadı süzdü, qəhqəhə çəkdi.

– Aaa… Mən bu kişiləri başa düşə bilmirəm. Gecəni mənimlə keçirəndə arvadına “Naryaddayam” deyir, yanıma gələndə heç qorxub çəkinmir… İndi bu balaca qızcığazın qabağında buna bax da, gör necə zağ-zağ əsir. Ona özünü göstərmək üçün mənim səsimi kəsir!

Mən artıq güclə ayaq üstə dayanmışdım. Yer-göy başıma fırlanırdı. Sona xala məni dilə tutub, ona inanmamağı tapşırırdısa da mənim Kamanın sözlərindən artıq qulaqlarım uğuldayırdı. Bütün bədənim yarpaq kimi əsirdi. Bundan sonra eşitdiklərim isə daha sarsıdıcı oldu.

Kama kimsədən çəkinmədən müdhiş bir cəsarətlə üzünü Elşada tutub dedi:

– Gəldim deyəm ki, xəbərin olsun, hamiləyəm! Hər halda özünə sığışdıra bilməzsən də, uşaq atasız böyüsün!

Elə bildim başıma küt alətlə vurdular. Yıxılmamaq üçün özümü güclə saxladım. Gözlərim yaşdan pərdələnmiş halda sarsılmış ifadə ilə Elşada baxdım.

Sona xalanın əli üzündə qaldı. Qınaq dolu baxışlarını Kamanın üzünə zillədi.

Kama sözünü hələ bitirməmişdi ki, Elşad yerindən sıçrayıb qalxdı. Hətta elə təlatümlə qalxdısa altındakı stul da çevrilib aşdı. O, heç kimin gözləmədiyi bir şəkildə Kamaya tutarlı bir şillə çəkdi. Kama müvazinətini saxlaya bilməyib masanın üstünə aşdı. Əlini sifətinə tutdu. Elşad qızarıb pörtmüş halda, əsib-coşaraq bir də onun üstünə yeriyəndə Nazim əmi qarşısına keçib mane oldu. İmkan vermədi.

– İt qızı, it! Kəsərəm o dilini!

Son günlərdə əsəbi tarıma çəkilən Elşad bir qığılcımla alovlanan tonqal kimi necə odlanmışdısa daha Sona xalanı da nəzərə almırdı. Dişinin dibindən çıxanı Kamaya deyirdi. Bütün bu ağır sözləri qəbul edən Kama heç nəyi vecinə almadan qalib bir əda ilə gülümsəyir, Elşadı qıcıqlandırırdı. Hətta buna nail olmuşdu da. Elşad onu vurmaq üçün var qüvvəsi ilə Nazim əminin əlindən çıxmağa can atırdı:

– Burax! Burax, onun sümüklərini qıracam! – deyə əsəblə səsini qaldırırdı.

Nazim əmi onu zorla kənara çəkib:

– Özünə gəl! Bəlanın birindən hələ yaxanı qurtara bilməmisən! Nədir, ikinci bəla gəzirsən özünə! Yekə oğlansan, alə! Kimdir ona inanan? – deyə Elşadı qınadı. Sonra çevrilib Kamadan buradan getməsini tələb etdi. Sona xala da ona qoşuldu. Amma Kama yerindən tərpənmədi. Qanlı-qanlı onu süzən, parçalamağa hazır olan Elşadı özündən çıxarmağa davam etdi.

Elşad barmağını silkəyə-silkələyə onu hədələdi:

– Sənlə işim qurtarmadı! Sənə elə bir toy tutacam ki, doğulduğun günə peşman olacaqsan!

– Gözləyirəm, canım! Nə vaxt istəsən, buyura bilərsən! Evimin, ürəyimin qapıları sənin üzünə həmişə açıqdır! – Elşada havadan bir öpüş də göndərdi.

Elşad dilini-dodağını gəmirə-gəmirə Kamanı süzdü:

– Eybi yox! Darıxma! Darıxma, küçük!

Mən bundan artıq davam gətirə bilmədim. Durmayıb darvazaya tərəf getməyə başladım. Elşad getdiyimi görüb əsəblə mənə səsləndi:

– Ay qızz! – Məni durdurmaq istədi. Ona qulaq asmadım. İndi elə bir haldaydım ki, nəinki üzünü görmək, səsini də eşitmək istəmirdim.

Nazim əmi onu yalnız bundan sonra, mənim getdiyimi görəndə buraxdı.

Elşad dalımca qaçıb küçədə mənə çatdı. Əl atıb qolumdan yapışdı:

– Söz sərf eləmir sənə? – Gərgin halda üzümə baxdı.

Hiddətlə sinəsindən vurub onu itələdim:

– Məni rahat burax! Eşidirsən?! Əl çək yaxamdan!

– Səsini qaldırma küçədə! – Elşadın bir gözü ətrafı süzdü. Hirsindən fısıldadı.

Mən onu orada atıb həyətə keçdim. Çəkdiyim acının əzabıyla için-için ağlaya-ağlaya evə doğru qaçdım.

Elşad həyətdə idi. Yenə siqaretə sarılmışdı. Özünü bu yolla sakitləşdirməyə, canındakı hirsi, qəzəbi qovmağa çalışırdı.

Mənimsə aldığım yara o qədər dərin və böyük idi ki, hələ-hələ sağalıb qaysaq bağlamayacaqdı. Çünki o qadının sözlərini xatırladıqca təkrar bir daha yaralanırdım.

(Ardı var)

Müəllif Firuzə Davudqızı
(səs: 0)
Şərhlər: 11
Baxılıb: 5 660
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri