Həsrətindəyəm (19-cu bölüm)

Müəllif: _Mrs_
Şərhlər: 9
Baxılıb: 4 935
Səs ver:
(səs: 1)
Elşad iki gün evə gəlmədi. Mən bu günlərdə nələr keçirdim, bunu bir Allah bilir.

Evə gəlmədiyi üçün atası Elşadı xəbər alanda İlkin hər dəfə bir yalan uydururdu. Halbuki Elşad, İlkinin dediyinə görə, iki gün idi durmadan içir, maşında gecələyir, telefon zənglərinə belə cavab vermirdi.

Bu gün artıq üçüncü gecə idi Elşad evə gəlmirdi.

Mən qorxu və həyəcandan səhərədək yenə yata bilməmişdim. Hava işıqlananda bir balaca mürgüləmişdim, vəssalam.

Otaqda hənirti duyub oyandım. Elşadı gördüm. Onu görəndə məni istər-istəməz saran təşvişlə tez özümü yuxululuğa vurdum. Amma artıq tir-tir əsirdim.

O, ağır addımlarla gəlib taxtın kənarında əyləşdi. İki əlli başını tutub xeyli səssiz dayandı. Sonra elə geyimli halda yanıma uzandı. Və gözlədiyimin tam əksinə, əlini saçlarımda gəzdirdi. Birdən məni özünə bərk-bərk sıxıb, dərin köks ötürdü. Bu zaman içki qoxusu mənə vurdu. Bəlli idi ki, yenə bütün gecəni içib. Hələ tam ayılmamışdı. Üzünü saçlarımda gizlədib, iztirab dolu bir səslə:

– Mənim səhvimin bağışlanası bir tərəfi yoxdur! Bağışlaya bilirsənsə əgər, bağışla məni! Bağışla ki, heç olmasa çəkdiyim əzab bir az xəfifləsin! – dedi. – Onsuz da sənə bu etdiklərimçün Allaha necə cavab verəcəm, heç bilmirəm. Heyvanam mən! Əclafın yekəsiyəm! Sənin üzünü güldürməmişəm, əksinə, incitmişəm. Buna görə də çəkirəm cəzamı!

Mən bu anlar nəfəsimi tutub tamam səssiz dayanmışdım. Elşadın zəhmi, baxışlarının xofu hələ də canımda idi. Onun bu sözüylə gözümdən çıxan iri yaş damlası yanağıma süzüldü.

Sözünü bitirər-bitirməz çiyinlərinin titrədiyini hiss etdim. Səsini nə qədər boğmağa çalışsa da alınmırdı. Bu vəziyyət bir xeyli davam etdi. O, inanılmaz dərəcədə əzab çəkirdi. Ürəyi partlamaq həddində idi. Birinci dəfə idi onu bu qədər gücsüz, belə kövrək görürdüm. Acizanə bir halda sanki imdad diləyirdi. Bəlkə də ayıq olsaydı günahını boynuna alıb bu sözləri mənə deməyi özünə sığışdırmaz, qüruruna gücü çatmazdı. Demək istəsə də deyə bilməzdi. Bu sərxoşluğun ona vermiş olduğu bir cəsarət idi.

Mənə inanmaması, haqqımda şübhəyə düşməsi mənə hədsiz yer eləmişdi. Üstəlik, məni haqsız yerə, vəhşicəsinə döydüyü üçün bundan belə dildə danışsam da onunla ürəyim heç vaxt barışmazdı. Amma etiraf edim ki, bu məqamda onun bu halına, düşdüyü vəziyyətə ürəyim ağrıdı. Məni nə qədər incitsə belə o, artıq mənim ərim idi. Və onun qarşımda belə aciz vəziyyətə düşməsinə razı ola bilməzdim. Çünki bir kişi göz yaşı tökürsə, bu qədər çarəsizdirsə, deməli, bu, sözün bitdiyi məqamdır.

Elşad toxtamağa çalışaraq dinməzcə dayandı, məni bir az da özünə sıxdı. Amma hələ də tövşüyürdü.

Mən bütün bunları duyub bilsəm də istəmədim onu utandıram. Qollarının arasında cücə kimi sıxılıb büzüşsəm də səsimi çıxarmadım. Səssiz-sədasız ağladım.

Günorta o, duşdan çıxdıqdan sonra otaqda elə mənim yanımdaca dostu Kənana zəng vurdu. Və ikisinin arasında heç gözləmədiyim bir söhbət getdi.

– Necəsən, brat? Narahat etmədim ki?

– Yox, bu nə sözdür? – Kənanın həmişəki kimi gümrah səsi duyuldu.

Elşad dərin bir nəfəs alıb yenidən dilləndi:

– Kənan, mənə diqqətlə qulaq as, brat.

– Eşidirəm, de gəlsin!

– Mən sabah qayıdıram şəhərə. Mənə sabaha kimi oradan bir ev tapa bilərsən? Sənə bir zəhmət. Bir otaqlı olsa da qəbulumdur. Amma hərbi hissəyə yaxın yerdə olsun. Təcili!

– Nə olub? Xeyirdir? – Kənan şübhələnən kimi oldu.

Elşad köks ötürdü. Kənanı maraq götürdü:

– Ə, nə olub? Dillən, ürəyimizi partlatma.

– Evli-eşikli gələcəm! – Elşad baxışlarını qaldırıb birdən mənə baxdı. Gözlərimi ondan qaçırdığımı gördüsə də sözünə davam elədi. – Məsləhətli bir yer olsun. Başa düşdün də.

– Başa düşdüm e, düşməyinə. Amma sənin bu qəfil qərarların məni bu gedişlə öldürəcək. Ə, qadan alım, bir günə ev tapmaq olar? Özü də məsləhətli yerdən… On gündür rayondasan, bunu indi deyərlər?

– Yaxşı-yaxşı, deyinmə. Nə deyirəmsə onu elə!

– Xəbər edərəm uşaqlara… – Kənan naəlac razılaşdı. – Qolumuzu çırmayıb axtaraq da…

– Sabah günortaya kimi xəbər elə mənə. Gözləyirəm.

– Oldu.

Elşad telefon söhbətini bitirib mənə baxdı.

– Nəyimiz varsa götür, hazır ol. Mən deyən kimi çıxacağıq. Bizə aid burda bir çöp də qalmasın, çünki bir də bura qayıdan deyilik! Eşitdin?

Sükut içində baxışlarımı yerə dikdim.

Ertəsi gün günorta biz artıq yola düşmək üzrə idik. Elşad dolu çantaları bir-bir daşıyıb maşına yığanda atasıgil şübhəyə düşdülər. O isə otağa gəlib mənə:

– Gəl getdik, – dedi.

Mən otaqdan çıxanda nədənsə çevrilib geri baxdım. Burda artıq bir ilimiz keçmişdi.

Elşad məni tələsdirdi. Biz salona keçəndə atası Elşada səsləndi:

– Hara belə?

Elşad qaşqabaqlı halda quru və soyuq səslə cavab verdi:

– Şəhərə! Birdəfəlik gedirəm.

– Başa düşmədim… Adamla bir məsləhət eləmək yoxdur? Hər halda müqəvva deyilik də bu evdə! Sənin valideynlərinik! – Atası ayağa qalxdı.

Mən o dəqiqə Elşadın böyrünə qısıldım. Həyəcanla qolundan yapışdım. Elşad gözucu məni süzüb atasıgilə tərəf çevrildi. Dillənmədi.

– Sənin bütün işlərin belədir e… Böyük saymırsan! Özbaşına hərəkət edirsən! – Qayınatam əsəbləşdi.

Elşad mənə:

– Get otur maşında, məni gözlə, – dedi.

Qayınanam bunu duyanda acıqla mənə səsini ucaltdı:

– Çatdın arzuna? İfritə! Yedin oğlumun beynini! Sən deyən kimi edir! Fikrin bizdən uzaqlaşdırmaq idi, məqsədinə çatdın!

Elşad qanlı-qanlı anasına baxaraq səsini bozartdı:

– Sakit ol!

Qayınanam o dəqiqə ərinə baxdı:

– Əli, görürsən bunun mənə olan rəftarını?

Elşad mənə bir də təkrar etdi:

– Get maşına, indi gəlirəm.

Mən onun dediyi kimi etdim.

***

Mələyin maşına oturmasını səbirlə izləyən Elşad, onun duymayacağına əmin olduqdan sonra yenidən üzünü atasıgilə tutdu:

– Mən gedirəm və qayıtmaq fikrim də yoxdur! Məni axtarmayın! Elə fərz edin ki, yoxdur oğlunuz, ölüb! Daha bizim üzümüzü görməyəcəksiz! Rahat yaşaya bilərsiniz!

– Bu nə danışır? – Anası təşvişlə ərinə baxdı. Bir söz desin deyə baxışlarıyla onu tələsdirdi. Elşad bunu görüb, təkrar anasına səsini bozartdı:

– Sözümü kəsmə! – Və yenidən atasına baxaraq sözünə qaldığı yerdən davam elədi. – Qaldı ki məsləhət eləməyə… – O, hiddətini güclə boğub, dodaqlarını bir-birinə sıxdı. Özünü ələ alıb təkrar dilləndi. – Mən sizdən bir böyüklük görmədim. Buna görə də məsləhətləşməyə ehtiyac qalmadı.

Atası onun bu sözündən sonra tutulub qaldı. Lakin anası dərhal iradını bildirdi:

– Niyə? Nə pisliyimiz keçib sənə?

Elşad baxışlarını çevirib kin-küdurətlə anasını süzdü:

– Nə pisliyin keçib?!

– Elşad… – Bayaqdan iki əlli başını tutub oturmuş İlkin ayağa qalxıb, həyəcanla qardaşına doğru gəldi.

– Otur yerinə görümm! – Elşad özü də bilmədi ona nə vaxt çəmkirdi. Və təkrar anasına doğru çevrildi. – Qohumun Sabirdən soruş, o, sənin yadına salar nə plan qurduğunu!

Anası yerində quruyub qaldı. Rəng verib, rəng aldı. Elşad atasının onlara zillənmiş çaşqın baxışlarını görsə də susmadı. Gərginliklə:

– Öldürürdüm onu! Sənin adını verdi! Vurdum hər şeyi peysərə, canını bağışladım!

– Nədən söhbət gedir burda? – Atası gərildi.

– Soruş arvadından, özü danışar sənə! Nə qədər ki, məni gözüylə görən eləməyib, millət üzümə söyməmiş, üzü sulu çıxıb gedim burdan! – Elşad kinayə ilə dilləndi.

– Bu nədir, ağzına gələni danışırsan?! Ədəbin, mərifətin olsun! – Atası ona hiddətlə səsini ucaltdı.

Lakin Elşad bu sözləri duymamış kimi anasının gözlərinin içinə baxa-baxa barmağını əsəblə silkələdi.

– Heyif ki… Heyif ki, məni dünyaya gətirmisən, yoxsa layiq olduğun sözü eşidərdin! Sənə ana deməyə dilim də gəlmir!

İlkin onu sakitləşdirmək istədi, yenə bacarmadı. Elşad onu özündən uzaqlaşdırıb yenidən anasına səsləndi:

– Sənin gücünə, sənin hünərinə bələd oldum mən! Sən dediyini sübut eləmək üçün çəkinmərsən, başqa çirkinlikləri də eləyərsən! Bu da mənim səhvimdir! Heç vaxt özümü bağışlamayacağım böyük bir səhv elədim! – Elşad onun qarşısında göz yaşı tökən, peşman bir ifadə ilə onu dinləyən anasını təəssüflə süzdü. – Mənə çox maraqlıdır e, necə cavab verəcəksən o dünyada, bu əməllərinə görə!

Bu vaxt atası Əlinin arvadına bütün hiddəti ilə vurduğu şillə Elşadın sözünə son nöqtə oldu sanki. Artıq danışmağa ehtiyac görmədi.

Əlini üzünə tutub durmuş anası nəyə uğradığını bilmədi. Çaşıb qaldı.

Elşad bu mənzərəni soyuqqanlı izlədi. İlkinin onun getməsinə mane olmaq cəhdini əngəlləyib onlardan ayrıldı.

***

Elşad iti addımlarla pilləkəni enib maşına yaxınlaşdı. Qapını açıb sükanın arxasına keçdi. Bir xeyli gərginliklə fısıldadı. Sonra bir anlıq güzgüdən məni süzüb:

– Vəssalam! Qurtardı! Bir də buralara ayaq basan deyiləm! – dedi, açarı burdu. – Getdik!

Bayaqdan ağlamamağa cəhd etsəm də, onun qətiyyətlə dediyi bu sözə özümü saxlaya bilməyib hönkürdüm. Elşad güzgüdən yenə bir anlıq mənə baxdı. Amma heç nə demədi.

Heç yaxşı gün görməsəm belə bu evə, bu həyətə öyrəşmişdim. Elşad vaxt itirmədən ayağını pedalın üstünə qoyub, qaza basdı. Təkərlər beton döşəmənin üzərində qorxunc səs çıxarıb hərəkətə keçdi. Maşın güllə kimi bir göz qırpımında həyətdən çıxdı. Tezliklə mərkəzi yola çıxıb maşınların arasında şütüməyə başladı.

Tanış küçələr, tanış evlər arxada qaldıqca mən, mənə doğma olan bu yerlərlə sonsuz kədər içində vidalaşırdım. Ata-anamı görmək ümidimi bu gün artıq tamamən itirdim. Onları bir də nə vaxt görəcəyim mənə bəlli deyildi. Məni ən çox üzən də elə bu idi.

Tezliklə öz rayonumuzu tərk edib, qonşu rayonun yollarında irəliləməkdə idik. Evdən çıxdığımız dəqiqədən Elşadın telefonu susmaq bilmirdi. Gah qardaşı İlkin, gah da atası durmadan ona zəng vururdular. Elşad heç birinə cavab vermirdi. Sonda səbri tükəndi, telefonu birdəfəlik söndürüb yanındakı oturacağa tulladı. Yol boyu heç birimiz bir kəlmə də danışmadıq. Daha heç danışmağa söz də tapmırdıq.

Başımı maşının pəncərəsinə söykəyib, dərin düşüncələr içində yola baxırdım. Görəsən mənə yad olan bu şəhərdə məni yaşanacaq nələr gözləyir? Öyrəşə biləcəmmi? – deyə düşünürdüm.

Yarı yolda Elşad maşını yolun kənarında saxlayıb düşdü:

– Nəyəsə ehtiyacın var? – soruşdu. – Nə alım səninçün?

Başımı bulayaraq ehtiyac olmadığını bildirdim. İndi daha boğazımdan su da keçməzdi.

O, qapını örtdükdən sonra arxasını maşına söykəyib, siqaret çıxarıb alışdırdı. Dərin-dərin sümürdü. Tüstü burumları küləyin müşayiəti ilə ətrafa yayılırdı. Elşad bir xeyli yubandı bayırda. Bilirdim ki, canındakı hirsi qovmağa, özünə gəlməyə çalışır. Bu vəziyyətdə maşın sürməyə ehtiyat edirdi. Təkcə siqaret çəkmirdi. Düşündüklərinin təsiri ilə onu saran əsəbdən yerində dura bilmirdi. İndi də kapota dirsəklənib iki əlli başını sıxıb dayanmışdı. Barmaqları arasında saxladığı siqaret öz-özünə tüstüləməkdəydi. Elşad isə hələ də başımıza gələnləri qəbul edə bilmirdi. Qeyri-ixtiyari düyünlənmiş yumruğunu kapota necə çırpdısa mən oturduğum yerdə dik atıldım. Qorxmuş halda onu süzməyə başladım. Artıq qorxu canıma yerimişdi. Onun mənə hər sərt baxışında, hər əsəbi hərəkətində bir günah, bir nöqsan aradığını, məni cəzalandıracağını düşünər olmuşdum.

Elşadın gərgin ifadə ilə baxışları bu dəm birdən mənə tərəf yönəldi, maşının pəncərəsindən zəndlə üzümə baxdı. Yanaqlarımı yuyan göz yaşlarımı, üzümdəki qorxu və təşvişin yaratdığı ifadəni süzdü. Sanki bir daha mənən yıxıldı. Alt-üst oldu. Mən onun gözlərində özünü bağışlaya bilməyən, bütün bu olanlarda yalnız özünü günahkar sayan bir adamın baxışlarını, əzablarını gördüm.

Cəmi 3 gün ərzində Elşad sanki xeyli qocalmışdı. Həmin Elşad deyildi. Üzünü narın tük basmış, gözlərinin altı tuluqlamışdı. Rəngi boğulub qalmışdı. Əvvəlki gümrahlığından, arxayınlıq yağan o məğrur görkəmindən əsər-əlamət belə yox idi.

Özünü toplayıb, təkrar maşına əyləşdi. Bu dəfə maşınla birgə maqnitofonu da işə saldı. Salonu asta tempdə həzin bir musiqi səsi bürüdü. Elşad onu dəli edən düşüncələri başından qovmaq, fikrini dağıtmaq üçün bu yolu seçdi. Amma çətin ki, belə tezliklə özünə gələ biləydi.

Bir neçə saat sonra iri daş lövhənin yanından ötüb keçdik. Mən macal tapıb lövhənin üstünə həkk edilmiş yazını oxuya bilmişdim: – SUMQAYIT.

“Atam nə vaxtsa bu şəhərdə işləyib…” – fikrimdən keçirdim. İndi isə tale yolları məni bir başqa adamla bağlayıb bu şəhərə birgə həyat sürməyə gətirir.

Biz Sumqayıta çatanda hava çoxdan qaralmışdı. Elşadın güzgüdən məni süzdüyünü hiss etdim. Bu qədər yolu səsi çıxmayan və arabir gərginliklə fısıldayıb, düşündüklərinin təsiri ilə yumruğunu sükana çırpan Elşadın sanki hirsi bir qədər soyumuşdu. Onun səsinə baxışlarımı ona tərəf çevirdim.

– Yorulmamısan ki?.. Az qalıb, çatırıq.

Mən tamam sakit bir səslə:

– Yox, – dedim. Astadan isə öz-özümə eşitdirdim. – Məni yoran yol deyil, yaşadıqlarımdır!

Elşad deyəsən nə dediyimi eşitdi, dərin köks ötürdü. Maşını işlədiyi qəsəbəyə doğru sürməyə davam etdi.

Biz qəsəbəyə daxil olanda Elşad telefonunu yandırdı. Ona zəng vurmuş nömrələri əlüstü nəzərdən keçirib, özünü qınadı:

– Ay səni… Tamam yadımdan çıxıb. Kənan bir gör neçə dəfə zəng vurub. Mənə görə lap əldən düşdü bu gün. – Bunu deyib, Kənana zəng vurdu. Tezliklə xəttin o üzündən Kənanın əsəbi səsi eşidildi:

– Ə, hardasan?

– Çatdım Nasosnıya. Beş dəqiqəyə ordayam, Kənan. Səbirli ol…

– Ə, sənə nə deyim ki, ürəyim soyusun, ay… – Kənan sözünün gerisini güclə saxladı. – Səhərdən telefonuna zəng çatmır, ürək-göbəyimi yemişəm burda. Min cür pis fikir gəldi ağlıma! Narahat oldum!

– Yaxşıdır hər şey, narahat olma. – Elşad Kənanla danışa-danışa döngələri bir-bir keçməyə başladı.

İlahi, bu qəsəbədə nə qədər döngə, nə qədər tin vardı. Hamısı da bir-birinə bənzəyirdi. Labirint kimi.

Nəhayət, növbəti döngədə maşın tini burulanda hərbi geyimdə orta boylu bir nəfərin var gəl edə-edə gözlədiyini gördük. Bu Kənan idi.

Elşad maşını saxlayıb düşdü. Onun yanına getdi. Salamlaşıb görüşdülər. Nə danışdılar bilmədim, amma çox keçmədi ki, Kənan Elşadın ovcuna nə isə basdı. Bu yəqin ki, kirayə qalacağımız evin açarları idi. Kənan Elşaddan ayrılanda zarafatla onun qoluna bir yumruq da vurdu. Gülə-gülə küçəylə üzü yuxarı getməyə başladı. Və qaranlıqda yox oldu.

Elşad maşına yaxınlaşıb qapını açdı. Mülayim bir səslə mənə:

– Düş, – dedi. – Xoş gəlmisən mənim hərbi şəhərciyimə!

Maşından enib, maraq və sual yağan baxışlarla nabələd olduğum bu yerdə ətrafı süzdüm.

Daha sonra Elşadla yanaşı addımlayıb, beş addım irəlidə yan-yana düzülmüş darvazalardan birinin önündə dayandıq.

(Ardı var)
Müəllif Firuzə Davudqızı
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 4 935
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri