Həsrətindəyəm (23-cü bölüm)

Müəllif: _Mrs_
Şərhlər: 9
Baxılıb: 4 671
Səs ver:
(səs: 0)
Facebook
Google
Twitter
Pinterest
Firuzə DAVUDQIZI

8-ci bölüm
Bir qədər sonra qapının kandarında duyulan addım səslərinə çevrildim. Elşad idi. Daxilən keçirdiyi iztirablar üzünə yansımış bir halda gözucu məni süzdü.

Gözümün yaşını əsəbi bir əda ilə silib, səbrimə hakim ola bilmədim, kinayəli-kinayəli dedim:

– Təbrik edirəm səni! Ata olacaqsanmış! Atalı-analı böyüsün!

Elşad onu sarmış əsəbdən rəngi boğulmuş halda tərs-tərs üzümə baxdı:

– Ağzına gələni danışma! Kimdən, harada nə qazanıb bilmirəm, mənə aidiyyəti yoxdur! Küçədə it də tanıyır onu! Mən yəni belə səviyyəsiz oldum ki, onun kim olduğunu bilə-bilə bu qədər irəli gedib, belə iş tutum? Uşaqsan sən? Ağlın yəni bu qədər işləyir?

Mən istəsəm belə sakit ola bilmədim. Çəkdiyim əzabın odunda yanıb qovrula-qovrula, ağlaya-ağlaya dedim:

– Başqasına yox, sənə verdi bu xəbəri! Deməli, əmindir! Heç bir qadın, lap pozğun da olsa, əmin olmasa buna cürət eləməz!

Elşad köks ötürüb hirsli-hirsli fısıldadı. Amma sonuncu sözümü duyanda daha səbir edə bilmədi. Özündən çıxdı:

– Çünki onun qurduğu planlar da özü kimi cındırdır! Çünki nə elədiyini yaxşı bilir! Nəticədən əmindir! Bilir ki, sənin kimi başıboş axmaqlar dərhal inanacaqlar!

– Haqlısan! Mən axmağam! Başıboşam! Çünki səni düz adam bilmişəm! Səni sevmişəm! Andımı pozub, sənə qəlbimdə yer vermişəm, səni ürəyimin sahibi eləmişəm! Heyif, yanıldım! Yaddan çıxartmamalıydım ki, sən belələrinə üstünlük verirsən!

– Qurtar bu söhbəti! – Elşad mənə çəmkirdi. – Deyirəm belə bir şey olmayıb, vəssalam! Fikrin nədir, səhərə qədər and-aman eləməliyəm, hə, sənə? Deməli, fahişə düz danışır, mən yalan?

– Çünki bunu səndən gözləyirəm! – Acıqla ona səsimi ucaltdım. – Çünki özün etiraf eləmisən nə işlər gördüyünü! Şəkillərlə, dəlil-sübutla utanıb-çəkinmədən təsdiqləmisən ki, evlənmək səninçün heç bir əngəl törətmir! Bunun ağrısını, əzabını mənə çəkdirməyinə tab gətirə bilmirəm! Məni hansısa bir əxlaqsızın qarşısında alçaltmağına dözə bilmirəm!

– Səsinin tonunu aşağı sal! – Elşad gərgin halda mənə xəbərdarlıq etdi. Düyünlənmiş qaşlarının altından əsəblə üzümə baxdı. Necə yanıb-yaxılırdımsa susmadım:

– Mən bu evdə gecəni qorxu içində yatanda sən onun qoynunda səhəri açırsanmış! Vicdanın heç sızlamadı? Necə qəbul edə bildin?

– Kəs səsini! – O, səsini bozartdı. – Mən bu dəqiqə elə bir vəziyyətdəyəm ki, heç kim yadıma düşmür. O ki qaldı kef çəkmək barədə düşünəm. Öz hayımdayam!

– Aha, bəlli olur! Bu səbəblə bir az əvvəl şad xəbər aldıq da, Kama xanım hamilədir!

Elşad səbri tükənmiş halda masanı bir həmlədə qaldırıb yerə çırpdı. Altını üstünə çevirdi. Diksinib təlaşla bir addım geri çəkildim.

– Bu idi istədiyin?! – Elşad bağırdı. – Buna çalışırdın?! Tüpürüm sizin…

Həqarətlə onun üzünə baxdım. Durmayıb ağlaya-ağlaya yanından ötüb-keçmək istədim. Qolumdan tutub hirslə geri çəkdi. Qəzəbi coşub daşa-daşa gözlərimin içinə baxdı:

– Hara gedirsən?!

– Üzünü görmək istəmirəm! – Nifrətlə Elşadı süzüb, əlindən çıxmaq üçün var gücümlə geri dartındım. O, bütün cəhdiylə buna mane olmağa çalışdığı vaxtda, heç bilmirəm necə oldu, mən bir göz qırpımında müvazinətimi itirib yerdə çevrilib qalmış masanın ayaqları üstünə, oradan da döşəməyə yıxıldım.

Elşad özü də çaşıb qaldı. Əl atıb məni tutmaq istədi, amma artıq gec idi. Yıxılanda qarnım masanın ayağına zərblə dəydi və dəhşətli bir ağrı qopub məni diksindirdi. Əlimi qarnıma sıxıb ağrıdan qıvrandım.

Elşad özünü itirmiş halda başımın üstünü aldı. Məni yerdən qaldırmağa çalışdı. Mən inadla onu özümdən uzaqlaşdırdım. Və bütün cəhdimlə Elşadın mənlə maraqlanmasını əngəlləməyə çalışdım. Yerdən qalxıb güclə addım ata-ata gedib çarpayının kənarında əyləşdim. Özümə gəlməyə çalışdım.

Elşad məni belə görüb həyəcandan əliylə üzünü ovuşdurdu. Elə bu vaxt bayırda onu çağırdılar. Nazim əmi idi.

Elşad otaqdan çıxanda dönüb bir də mənə baxdı. Gərgin əhvalla həyətə endi. Qapıda Sona xala ilə üz-üzə gəldi.

Sona xala onun üzündəki ifadəyə və otaqdakı mənzərəyə nəzər salanda narahatlığı daha da artdı. Həyəcanla mənə yaxınlaşdı:

– Dalaşdınız?

Dillənmədim. Dillənməyə halım olmadı. Sona xala halıma-əhvalıma diqqət edib sualına cavab alıbmış kimi iradla dilləndi:

– Çox əbəs yerə! Elə birinə görə dəyər bəyəm?

Gözümdən çıxan yaş yanağıma süzüldü. Sona xala əlimlə qarnımı sıxıb, səssiz dayandığımı görəndə şübhəylə soruşdu:

– Bura bax, yoxsa vurub səni?

“Yox” mənasında başımı buladım.

– Bəs niyə rəngin belə qaçıb, ay qız? Yaxşısan?

Özümdə güc tapıb birtəhər dilləndim:

– Sən mənə fikir vermə.

– İnanma ona. Tanımırıq bəyəm? İfritənin, ev yıxanın biridir. Sən özünü qoru bu aralar. Əsəbdən, stresdən uzaq durmağa çalış.

Həyatdan küskün bir ifadə ilə köks ötürüb başımı buladım. Bir qədər sonra qarnımın altındakı kəskin ağrı nisbətən sovuşub keçdi. Rahatlandım. Məni üzən qorxu və şübhə ağlımdan və qəlbimdən silinib getdi.

Əsl ağrı-acı məni, sən demə, səhər gözləyirmiş. Bu sakitlik aldadıcı imiş…

Səhər saatlarında məni sanki silkələyib oyatdılar. Bədənimdə bir istilik duyub yerimdə dikəldim. Üstümdəki mələfə və gecəliyim qurşaqdan aşağı büsbütün qan içində idi. Dəhşətə gəldim. Sarsılmış halda mələfəni bir həmlədə çəkib üstümdən tulladım. Qışqırmamaq üçün özümü güclə saxlayıb Elşadı oyatdım.

Elşad oyanıb yarıyuxulu mənə tərəf çevriləndə nə vəziyyətdə olduğumu görüb, heyrətlə bir an üzümə baxdı. Yerindən dik qalxdı. Rəngi ağarmış halda sual verdi:

– Bu nədir?! Nə olub sənə?

Mən göz yaşları içində bircə bunu deyə bildim:

– Məni xəstəxanaya apar!

…Elşad xəstəxanaya kimi maşını necə və hansı sürətlə idarə etmişdi, özü də bilməmişdi.

Sona xala da bizimlə idi.

Ginekoloq məni USM-də müayinə edib, təəssüf hissi ilə Sona xalaya baxdı. Nəticəni söylədi:

– 5-6 həftəlik hamiləlikdir. Amma pozulub. Hamiləliyi dayandırmaq məcburiyyətindəyəm, yoxsa xəstənin həyatı təhlükəyə düşər.

Sona xala kövrəlib əlini ağzına tutdu.

Duyduqlarım məni onsuz da sarsıtmışdı, ginekoloqun qərarı məni yerlə-yeksan etdi. Göz yaşım yanağıma süzüldü.

Həkim Sona xalanı müayinə otağından çıxarıb tibb bacısına məni əməliyyata hazırlamağı tapşırdı.

Tibb bacısı hazırlığa başladı. Canımı qorxu aldı. Məni nələr gözlədiyinə artıq şübhəm qalmadı.

– Xanım, sizə kömək edim, qalxın kürsüyə. – Tibb bacısının səsi məni diksindirdi.

Məni saran təlaşla yerimdə tir-tir əsməyə başladım. Az qala imdad diləyər təki tibb bacısının üzünə baxdım. Amma ayrı yolum yox idi. O, məni qorxmamağa çağırdı.

***

Sona xəstəxananın dəhlizinə çıxanda boylanıb Elşadı gəzdi. Elşad xəstəxananın pəncərəsindən həyətə baxırdı. Amma gərgin və narahat olduğu buradan da açıq-aşkar görünürdü. Əliylə saçlarını daraqlayıb, yumruğunu səbri tükənmiş halda pəncərənin tininə vururdu.

Sona dayanıb onu və davranışlarını izləsə də irəli getməyə, ona yaxınlaşmağa ürək etmirdi.

Bu an dərindən köks ötürüb geriyə çevrilən Elşad Sonanı görüb duruxdu. Həyəcanla qonşusunun üzünə baxdı. Ayaqlarını dalınca sürüyə-sürüyə ona doğru gəldi. Udqunub, özündə güc taparaq soruşdu:

– Həkim nə dedi?

Sona ağlamaqdan qızarmış gözlərini Elşaddan qaçırdı, dinə bilmədi.

Elşad onun üzündəki ifadəni izləyib, bir az da narahat oldu:

– Özü haradadır? Necədir vəziyyəti? Bir səs eşitdim bayaq. Onun səsi idi?

Sona ard-arda gələn suallardan başını tamam itirdi. Bilmədi hansı sözü və kəlməni tapıb, düzüb-qoşub desin ki, Elşada toxtaqlıq versin.

– Xalan qurban sənə! Yaxşı olar, inşallah! Allah sizə dəyməsin təki, sizi bir-birinizə çox görməsin! Özünüzü üzməyin, Allah rəhmdildir, yenə verər!

– Nə olub axı?

Sona güclə dilləndi:

– Uşağı götürməli oldular. Tələf olub. – Son sözü dodaqaltı öz-özünə pıçıldadı. – Mərdimazara lənət olsun!

– Nə uşaq? – Elşad xəbərsiz olduğu üçün çaşıb qaldı.

– Mələk hamilə imiş. – Sona kövrəldi.

Elşad bir xeyli donmuş vəziyyətdə Sonaya baxdı, dinmədi. Sonra tutqun ifadə ilə keçib dəhlizdəki divanda əyləşdi. İki əliylə başını tutub oturdu, dinməz dayandı.

– Sən işindən qalma oğlum, qayıt. Mən burdayam. Bir-iki saata yəqin ki, həkim icazə verər evə getməsinə.

Elşad daxilində qopan tufandan Sonanın ona nə dediyini eşitmədi. Ayağa qalxıb əlini cibinə apardı. Siqaret qutusunu və alışqanı çıxardı. Dünyası yıxılmış, alt-üst olmuş bir əhvalla dəhlizdən çıxıb, xəstəxananın həyətinə endi.

***

…Evə gəldik. Sona xala yatağımı hazırladıqdan sonra mənə uzanmağa kömək edib, həkimin yazdığı dərmanları içirtdi.

Elşad otağa keçsə də gələndən qapının ağzında dayanıb durmuşdu. Lal-dinməz mənə baxırdı. Yol boyu da səsi çıxmamışdı.

Sona xala:

– Mən bir azdan qayıdacam, qızım. Sən ayağa qalxma. Nə lazım olsa, mən edərəm, – deyib getdi.

Elşadın baxışları canımdakı ağrıya bir ağrı da əlavə etmişdi. Üzümü yastıqda çevirdim. Göz yaşımı saxlaya bilmədim.

– Necəsən? Özünü necə hiss edirsən? – O, nəhayət ki, dilləndi. Amma səsinin ahəngindəki əsəbi, gərginliyi göydə tutdum.

– Səncə necə ola bilərəm? – Daha da kövrəldim.

Elşad bir anlıq susub, sonra şübhəylə soruşdu:

– Hamilə olduğunu bilirdin?

– Əmin deyildim. Bu vurhavurda yadıma düşən bu deyildi, dəqiq vaxtı belə unutmuşdum.

O, bunu duyanda sözümü ağzımda qoyub, gözləmədiyim bir şəkildə əsəblə səsini qaldırdı:

– Yalan deyirsən! Gözünün içinə kimi yalan deyirsən! Bilirdin! – Gəlib qarşımda dayandı. – Qəsdən bunu məndən gizlətdin ki, mən bu gün vicdan əzabından qovrulum. Özümü söyüb, qınayım. Bilirsən nə çəkirəm, nə vəziyyətdəyəm?

Onun kobudluğuna, belə sərt reaksiyasına məəttəl bir şəkildə yerimdə dikəlib oturdum:

– Sənə bircə bu xəbəri öyrənmək lazım idi, hə? Mənim nə yaşadığım, nələr çəkməyim sənə vacib deyil! Mənimlə gör nəyin davasını edirsən!

– Sən məni saymırsan! Söhbət bundan gedir! – Sinəsi gərginliklə qalxıb-enməyə başladı. Səsi gərildi. – Nədir, fikirləşdin ki, Elşad ola bilsin həbsə düşdü. Nə qədər gec deyil, bir yolla bu uşağı rədd eləsəm yaxşıdır, hə? Buna görə kimisə bəhanə edib, məni özümdən çıxardın!

Təəssüf hissi ilə onu süzərək dözməyib dilləndim:

– Mən sizinkilər kimi plan qurub, addım atmıram!

Söz Elşadı tutdu, hiddətlə mənə həm üzünü, həm səsini bozartdı:

– Yum ağzını! Bizimkilərdən söhbət getmir burda! Diliuzunluq eləmə!

Onun necə gərildiyini görsəm də susmadım:

– Zəng vur, şad xəbəri ver, anan xına yaxsın da əlinə. Özün də gedib əllərinə-ayaqlarına düş, xeyir-duanı al. Sənə kimi alırlarsa al, məndən ömürlük uzaq durun! – Ağlaya-ağlaya səsimi ucaltdım. – Sizə rast gələn gündən çəkmədiyim bəla qalmayıb. Bir bu qalmışdı, bunu da yaşadım!

– Səsini kəsmək fikrin var? Yoxsa bu vəziyyətdə döyülmək keçir ürəyindən? – Məni dinlədikcə rəng verib-rəng alan, haldan-hala düşən Elşad yumruğunu düyünlədi. – Hiss edirsən ki, xəstəxanadan gələndən dilin yaman uzanıb? – Kinayə ilə dedi. – Dünənə qədər səsin çıxmazdı! Mənə nə desən, yeri var! Düz eləyirsən! Əsas verdim də əlinə!

Biz heç vaxt belə ağır sözlərlə bu qədər irəli gedib dava etməmişdik. O qədər cana yığılmışdım ki, daha heç nə gözümdə deyildi. Bu günə qədər yığdıqlarımı bütün nifrətimlə bir-bir üzünə vururdum. Elşadın məni anlayıb başa düşməyə çalışmaqdansa cavab tələb etməsi bu halımda məni cin atına mindirmişdi.

– Məni qəbul etməyən adamlar, mənim uşağımı da qəbul etməyəcəkdi! Amma ürəyini sıxma, məni boşayıb, anan deyən qızla evlənsən xoşbəxt olacaqsan! İcazə verəcəklər rahat yaşayasan!

Bunu dilim deyirdi. Ürəyim onu bir başqasına verməyə əsla razı olmazdı. Hirs başıma necə vurmuşdusa özüm də bilmirdim nə danışıram. Elşadın səsi mənim səsimi üstələdi.

– Mənə yol göstərmə! – Gərgin tonda əlavə etdi. – Nədir, boşanmaq keçir ürəyindən?

Dinmədim.

– De, bilim də işimi! Kişiyəm deyib genələ-genələ gəzməyim də adam arasında!

Sükutumu gördükcə Elşad daha da gərildi:

– Dillən! Səni gözləyirəm, cavab ver! Yaman çox eşitdirirsən bu sözü mənə! Boşanacam! Ayrılacam! Məndən boşanıb Rüfətin qucağına atılacaqsan? Planınız budur? O, bomba oğlandır da, səni xoşbəxt edər! Mən bacarmıram!

Mən yerimdə quruyub qaldım. Heyrətlə onun gözlərinin içinə baxdım. Deməli, onun Rüfətin varlığından xəbəri varmış.

Amma and içərdim ki, məni daha Rüfət zərrə qədər maraqlandırmırdı. Mən bu kobudluğuna, məni yaralayıb incitməsinə rəğmən Elşadı dəlicəsinə sevirdim. Bir vaxtlar Rüfətə görə çəkdiyim əzablar bu gün mənə çox gülünc gəlirdi.

Mənim üzümdəki ifadə Elşadı özündən çıxardı. Qısqanclıq hissi onu dəliyə döndərdi. Qanlı-qanlı məni süzərək barmağını silkələdi:

– Eşit və bil! Səni tikə-tikə doğrayıb girərəm içəri, məzarda yatmağına razı olaram, amma boşamaram! Bu fikri biryolluq unut!

Bu vaxt açılan qapı səsinə Elşad sözünə son verməli oldu. Gələn Sona xala idi.

Elşad üzümə bir anlıq tənbehedici nəzərlərlə baxıb, otağı tərk elədi. Evdən çıxanda onun Sona xalaya dediklərini duydum:

– Xala, sənə bir zəhmət, onun yanında ol. Tək qoyma onu.

– Ayıb söhbətdir ki, oğlum. Deməyin artıqdır.

Çəkdiyim acının ağırlığına dözməyib, əllərimi üzümə tutaraq hönkür-hönkür ağladım. Bu anlar ağlıma belə gəlməzdi ki, bu Elşadla son görüşümdür. Bu andan etibarən bizi bir-birimizdən uzun zaman ayıracaqdı. Və mən artıq onun canıma vəlvələ salan o acıqlı səsinə də həsrət qalacaqdım.

(Ardı var)

Müəllif Firuzə Davudqızı
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 4 671
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri