Cənnətin ətri (5-ci bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 2 896
Səs ver:
(səs: 0)
Qapını açıb onları qarşıladığımda onların üzündən zəhrimar yağırdı. Məni gördüklərində üzlərindəki so- yuq qəzəb əriyərək isti təbəssümə məğlub oldu.
Atam:
– Bay, bay, xoş gəlibsən, avara.
Qardaşım:
– O... üzünü görək, ay qardaş – dedi.
Onlarla görüşüb nə baş verdiyini, niyə əsəbiləş- diklərini soruşdum. Atamın dediyinə əsasən: “ma- şını piyada keçidində saxlayıb piyadaya yol vermək istəyəndə axmağın biri gəlib arxadan maşını vurdu- ğuna görə” – əsəbi idilər. Onlar qəza baş verən yerdən birbaşa usta yanına getdiklərinə görə həmin gün evə gec gəlmişdilər...
Anamla gəlinbacım yeməkləri, salatları, ev üsu- lu hazırlanmış heyva və gilas kompotlarını masaya düzərək axşam süfrəsini hazırlayıb bizi süfrəyə çağır- dılar. Biz də ata və iki oğul kişi-kişi divandan qalxıb hazır süfrə başına keçərək söhbətimizi masa arxasın- da davam etdirdik. Önümə çəkdiyim boşqaba cücə və kartof qızartması qoyaraq atamdan:
– Bazarda işlər necə gedir? Alver yaxşıdı? – deyə soruşdum.
Atam çörəkdən bir əl kəsib adətən eşitdiyim:
– Yox bala, alver sıfır, əvvəl günə əlli-altmış manat qazancımız olurdu, indi beş-on manat qazananda se- vinirik, – cümlələrini təkrar etdi.
Elçin ağzındakı yeməyi çeynəməyib ağzı dolu:
– Bu gün bir az yaxşı oldu, pensiyalar verilib deyə camaat bazara girib-çıxırdı, – dedi.
Atam qardaşımın sözünü təsdiqləyib:

– Hə, bu gün yaxşı oldu, şükür, pensiyalar veriləndə iki-üç gün alver düzəlir, elə ki, pensiyanı yeyib qur- tardılar, əvvəlki kimi olur, – dedi.
Mən:
– Yaxşı olar inşallah, – deyib qardaşımın balaca oğlu Yalçına baxıb, – dərslər necə gedir, göyçək oğ- lan? – dedim.
Gəlinbacım oğluna imkan vermədən:
– Gələn il başlayacaq məktəbə, əmisi, – dedi. Yalçın uşaqlara məxsus utancaqlıqla gülümsəyib:
– Hələ məktəbə getmirəm ki, mən, – deyərək şipşi- rin çürük dişlərini nümayiş etdi.
Mən:
– Yalçın yaxşı uşaqdı, o həmişə beş alacaq, görər- siniz! – deyib Yalçına göz vurdum.
Bu dəm atam və qardaşım bir ağızdan “görək də”
– deyib güldülər. Beləcə yeməyimizi yeyib, ardınca çay içib gündəlik məişət söhbətlərinə yekun vuraraq yataqlarımıza getdik.
Gecə mənim üçün qonaq otağında döşəməyə sə- rilmiş döşəyə uzanıb whatsapp üzərindən bir neçə cümlə Röyaya yazdım. Ondan cavab gəlmədiyindən facebook profilimi açıb dost-tanışın paylaşdığı şəkil- ləri, statusları oxumadan bəyənib sosial aləmdə gəzərək vaxt öldürməklə məşğul oldum. Facebookda yayımlanan xəbər səhifələrində “məşhur müğənni cəsarətli addım atıb kameranın önünə çılpaq çıxdı”, “Monika Belluççini heç belə görməmişdiniz,” nə bi- lim “filankəs sinəsini göstərdi” başlıqları altında xəbərlər gördüyümdə onlara təcili surətdə girib baxır- dım. Amma başlığa uyğun şəkil görməyəndə xəbər səhifəsinin rəhbərindən tutmuş xəbərçisinə qədər söyərək başqa səhifələrə keçid edirdim. Daha sonra instagrama girib facebookdakı məşğuliyyətimi orda davam etdim.
Gecə saat ikiyə işləmiş hamının yatdığından əmin olduğumda ağır qalın yorğanın altından çıxıb işıq- ları yandırmadan telefon fənəri ilə astaca giriş qapı- sına getdim. Asılqana taxılı jaketimin cibindən siqa- retimi götürərək asta addımlarla binanın arxasına keçib səki kənarına qoyulmuş skamyalardan birində oturdum. Yola çəkilmiş işıqların sarı şüaları altında xəfif küləklə titrəşən xəzan vurmuş yarpaqları seyr edərək, səssizliyə gömülmüş şəhərin ifasından məst olaraq fikrə getdim. Çiyinlərimi büküb, ayaqlarımı bir-birinə sıxaraq oturub arxa-arxaya üçüncü siqa- reti çəkdiyimdə yarpaqlar kimi titrədiyimin fərqinə vardım. Somurduqca xışıldayan üçüncü siqareti kötüyünəcən çəkib zibilqabına ataraq yatağıma qayıtdım. Səhəri gün nahar edib atamgillə birlikdə bazara yollandım.
Bazarda qardaşımla atama kömək etdikcə nostalji hisslər yaşayırdım. Uşaqlıqda onlarla birlikdə bura- da işlədiyim vaxtlar yadıma düşürdü. Əksər malla- rın qiymətini bilməz, həmişə hesablamaqda əziyyət çəkərdim. Uşaq vaxtı atamgilə kömək etməyi özümə dərd bilərdim. Elə hey nəyisə bəhanə edib atamgilin yanından qaçaraq məhəlləyə – dostlarımın yanına gedər, onlarla birlikdə futbol oynayardım. O zaman- lar kitab oxumaqdan əlavə ən böyük dərdim alver etmək olduğundan “böyüyəndə heç vaxt dükanda işləməyəcəm, əsgər olub pis adamları öldürəcəm” – deyə xülyalar qururdum. Böyüyüb əsgərlərin pisləri öldürmədiyini, pislərdən yurdunu qoruduğunu, pis adamları nəinki öldürmək, toxunmaq belə mümkün olmadığını dərk elədim və “xəyallarda həqiqətlər, həqiqətlərdə xəyallar var” şüarı ilə xülyalar yox, xəyallar qurdum. Ən böyük xəyalım xoşbəxtliyi qa- zanmaq üçün pul qazanmaq idi. Pulun varlığı məni xoşbəxt etməyəcəkdi, pulun gücü ilə xoşbəxt ola- caqdım, kasıblara, əlacsızlara yardım edərək, acların qarnını doyuraraq, kimsəsizlərə kimsə olaraq... Ən azından evimə bir tikə çörək apararaq xoşbəxt olmaq üçün dükanda durmalı, ya da başqa işdə işləməli olduğumu anladım və uşaq vaxtı qaçmağa çalışdığım dükana girib piştaxtanın arxasına keçərək müştəriləri gülərüzlə qarşılayıb yola saldım.
Dükanımıza arada analarının yanında gözəl qızlar da gəlirdi. Amma nazları o qədər böyük idi ki, Olimp dağı onların yanında fındıq boyda görsənərdi. Hələ bir adama oxşamaz qız mənə gözünü elə süzdürmüş- dü ki, ürəyimdən başına qapaz vurmaq keçmişdi, özümü güclə saxlamışdım.
Dükanda müştəri olmayan vaxtlar interneti açıb fa- cebooka, instagrama girirdim. Elə zamanların birində Röyadan mesaj gəldi. Mən də həmin an hər şeyi deak- tiv edib onunla yazışmağa girişdim. Ondan mənə hər mesaj gəldikcə telefonun səsi dükanı bütün bürüyür- dü. Atam mənə baxıb:
– Nə var o telefonda? Bütün günü az qala başınızı soxasız ekranın içinə, arada başını qaldır, gör dün- yada nə var, nə yox, – deyib təəssüf hissi ilə başını yellədi.
Qardaşım:
– Elə nə var, telefonda var, dünyanı bu balaca çər- çivəyə sığışdırıblar, ona görə gözlərini ayırmırlar da,
– deyərək gəlib başımın üstünü kəsdirib Röya ilə ya- zışmağımı oxuyurdu. Qardaşım yazdıqlarımı oxuya-

oxuya əyilib qulağıma: – Ə, yekə kişisiz, bunlardan birini də mənə düzəldin də, nə olar ki? – dedi.
Başımı qaldırıb qardaşıma gülərək:
– Evli adamsan, yeri get işinlə məşğul ol, – deyəndə atam bizə baxıb başını təəssüf hissi ilə bir daha sağa- sola yellədərək:
– Dünyaya kiçik çərçivədən baxanlar, durun vitrini səliqəyə salın, deyim kişi adamsız, arvad kimi az pıçı- pıçı edin, – dedi.
Bir əlimdə telefon Röya ilə yazışaraq qardaşımla birlikdə vitrindəki malların yerlərini düzəldir, azalan malların yerinə yenilərini qoyur, tükənmək üzrə olan- ların siyahısını çıxarır, atamıza yarınmağa çalışırdıq. Saat dördə qalmış dükanı bağlayıb qara rəngli “Hyun- dai Santa Fe”mizə əyləşib evə yollandıq. Atamın günlərlə deyinməyinə, əsəblərinin pozulmasına səbəb olan qəzaya görə maşınımızın arxa hissəsinə diqqət yetirdim. Maşının arxa hissəsində azca batıq var idi və otuz santimetr uzunluğunda ola-olmaya cızıqlar, sol tərəfinin çatlamış stop işığı. Bunlardan savayı nə qədər baxdımsa nəzərimə başqa əzik, xəsarət dəymədi. Axşam yeməyindən sonra ailəcə oturub türk kana- lından evlənmə proqramını izlədiyimizdə anam əlini dizimə qoyub:

– Səni nə vaxt evləndiririk? Daha yaşın keçir, şükür şəhərdə evin də var, işin də, hansı qıza elçi getsək başı üstə gələr, – dedi.
Ağzımı açmamış qardaşım Elçin:
– Əşi, arvadı neynir axı, mən bir günə çıxdım, qaldı Rasim, – dedi.
Bu sözlərdən inciyən qardaşımın yoldaşı oturduğu yerdən qalxıb çəp-çəp Elçinə baxaraq otaqdan çıxdı.
Qardaşım səsinin tonunu qaldırıb gəlinbacımın ar- xasınca:
– Gəlib indi gözlərini çıxaracam, onun baxmağına bax hələ, – deyə deyindi.
Atam əsəbi-əsəbi qardaşıma baxaraq:
– Eşşək-eşşək danışma, qocaldın da ağıllanmadın sən, – dedi.
Otaqdakı ab-havadan qorxan balaca Yalçın do- daqlarını əsdirərək anasının arxasınca qaçdı. Atamın sözü ilə pərt olmuş qardaşım sakitcə asılqandan ja- ketini götürüb qapını çırparaq evdən çıxdı. Qapının çırpılması ilə evə bir anlıq səssizlik çökdü, kimsə da- nışıb-dinmirdi. Qardaşımın arxasınca ayağa qalxıb gedəndə anam:
– Get gör hara getdi, yanında ol, – dedi.
Atam qardaşımın hərəkətinə narahatlıq keçirdiyini büruzə verməməyə çalışaraq:

– Yenə qayıdıb gələcək, hara gedəcək, otur yerinə, – desə də tələsik qardaşımın arxasınca getdim. Həyətə enib onu binanın sağ tərəfinə keçdiyini gördüyümdə dalınca qaçaraq ona yetişdim. Məni gözləyirmiş kimi yanına çatdığım an üzündəki qəmli ifadə ilə ürəyini açdı:
– Ağlın varsa evlənmə, qardaş canı, guya evlə- nəndə nə olur ki? Bax mənə, hər gün eyni şey, hər gün dükan-ev, dükan-ev, başqa heç nə. Nə gəzə bilirəm, nə istirahət edə bilirəm, qazandığım da an- caq yeməkdədi. İnanırsan, Rasim, bezmişəm daha, hər şeydən bezmişəm. Nə qədər eyni şeyləri eləmək olar? Vallah, qardaş, sənə məsləhətim: nə qədər gec evlənsən o qədər yaxşı. Atama bax, ağzımı açmağa qoymur. Arvad mənim – özüm bilərəm, peşmanam bir söz deyəm, həmişə belə edir. Bezmişəm daha, elə bir vəziyyətdi ki, işin içindən çıxmaq da olmur, adam nə etsin, nə eləsin bilmir. Uşaq kimi elə hey ağlım- dan keçir ki, bir gün ayılam görəm hər şey yuxu imiş, üzümə lənət əgər evlənsəm. Çıxıb gedərəm Rusiyaya, günümü gün edərəm, gündə bir rus qızı ilə gəzərəm. Nə bilim bəlkə də Almaniyaya gedərəm, Türkiyəyə gedərəm, ancaq səyahət edərəm, bir yerdə qalmaram.
– O, bitirdiyi hər cümlənin sonunda: – Başa düşürsən də məni? Hmm? Başa düşürsən? – deyərək sual ver-

diyində sakitcə başımı yelləyib təsdiqləyirdim. Da- nışmadan dinləməkdən yorularaq cibimdən siqaret qutusunu çıxarıb birini yandıranda o məndən siqaret istədi.

Yazar: Elmar Şahbazov
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 896
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri