Sənə yazmadım, Səni yazdım (6-cı bölüm)

Müəllif: Diablo
Şərhlər: 1
Baxılıb: 2 888
Səs ver:
(səs: 0)
Atabəyin anasının bu gəzintilərdən xəbəri olsa da ərinə heç nə demirdi, təbiətcə tündxasiyyət biri olan Şəmilin bu xəbəri necə qarşılayacağı ona az da olsa məlum idi, Sara bilirdi ki, əri 18 yaşlı oğlunun qızla görüşdüyünü eşidəndə onu “təbrik” edəsi deyil. Şəmil arvad-uşağına ciddi biri idi. O, yeniyetməlik illərindən taksi sürücüsü işləmiş, öz zəhmətilə dolanmış, heç kimin köməyi olmadan ailə qurub, ev saxlamışdı. Evliliyinin ilkin vaxtlarında müəyyən kasıbçılıq çəksə də, son illər işləri elə də pis getmirdi. Türkiyəyə tır sürürdü. Dolanışığı bir az düzələndən sonra da səhhəti ona imkan vermirdi ki, normal yaşasın. Təzyiq və şəkər xəstəliyindən əziyyət çəkirdi. Bu səbəbdən də çox əsəbi idi. Əvvəlki tünd xasiyyətinin üstünə xəstəliklərdən yaranmış gərginliyin gəlməsilə Şəmilin xasiyyəti bir az da sərtləşmişdi. Evdə olan bir çox hadisələri ana və uşaqlar ondan gizləyirdi. Çünki ən xırda hadisəyə öz yanaşmasıyla hamını peşman edə bilirdi. Xarakterinin ağır olması və müəyyən qədər məhdud dünyagörüşlü olmasına baxmayaraq ailəsini, uşaqlarını düşünən kişi idi Şəmil. Uşaqların geyiminə, yeməyinə korluq verməzdi, hələ uşaqların gəzintisinə belə vaxt ayırardı. Amma təbii ki, bütün bunlar öz nəzarəti altında, arvadı onsuz qapıdan eşiyə çıxa bilməzdi. Bir-iki dəfə arvadı evdə işləmək söhbəti salmışdısa da Şəmil ona bu söhbəti yaxşıca “unutdurmuşdu”. “Ac ol, kişi ol” sözləri onun həyatının əsas devizi idi.
Ərindən fərqli olaraq Sara çox yumşaqürəkli, sakit təbiətli qadın idi. O, Şəmillə bir-birlərini sevərək ailə qurmuşdu. Şəmil elə cavanlığından beyni qanlı, öz qanunları olan oğlan idi. Bəlkə də Saranı elə ondakı bu məziyyətlər özünə cəlb etmişdi. O, ərinin qoyduğu qaydalara ilk gündən tabe olmuş, heç bir mövzuda onun üzünə ağ olmamışdı. Oğlanlarını da bu tərbiyədə böyütmüşdü. Hərdən uşaqlar atasından nəsə şikayət edəndə tez ağızlarından vurub ərini müdafiə edir, onun işinin çoxluğunu, xəstəliyini uşaqlara xatırladırdı. Sara bunu ürəkdən edirdi, o, doğrudan da, ərinin daxili aləmini hamıdan yaxşı anlayırdı, o bilirdi ki, əri təmiz, vicdanlı, sözün əsl mənasında kişi kimi kişidir, başa düşürdü ki, evin bütün yükü, sosial problemləri, üstəlik də xəstəliyi ərini gərgin edir. Bu səbəbdən də o, bacardığı qədər evdə əmin-amanlığı qoruyur, evdəki sakitliyi təmin etmək üçün əlindən gələni edirdi və çox vaxt bunu bacarırdı da.
Sara əvvəldən Səmranı oğlunun sinif yoldaşı kimi çox xoşlayırdı, oğlunun onu necə sevdiyini və sevildiyini biləndən sonra bu qıza məhəbbəti ikiqat artmışdı. Atabəy hər dərsdən gələndə Səmranı ondan xəbər alır, hər şey qaydasında olduğunu bilib, oğlunu öpüb-qucaqlayırdı. Atabəydən böyük oğlu Ramin hələ heç bir qız haqqında evdə söz açmamışkən, evin balaca oğlu Atabəy artıq aşiq olmuşdu. Sara oğlunu yaxşı tanıyırdı və onun yaşadığı hissin sıradan bir şey olmadığını tam anlamıyla dərk edirdi. Şəmil isə oğlunun Səmrayla münasibətini yalnız iki ay sonra öyrənə bilmişdi, bu da təsadüfən baş vermişdi, bəlkə də bu təsadüf olmasaydı heç bilməzdi də. O, Atabəyi kinoteatrın qarşısında dayandığını görərkən maşını saxlayıb düşmək istəyəndə qəşəng bir qızın onun qoluna girib kinoya girdiklərinin öz gözlərilə şahidi olmuşdu. Həmin gün evdə arvadını sorğu-sual edəndə ona məlum olmuşdu ki, ondan başqa hamı hər şeyi bilir. Şəmil oğlunu qızla görməyindən çox qızın kimliyini biləndə təəccüblənmişdi. Belə bir imkanlı adamın qızının onun oğluyla nə işi ola bilərdi, axı?! O, oğlundan çox arvadına acıqlıydı, oğlu uşaqdı, başa düşmür, bəs anası bunu necə rahat qəbul edirdi? Arvadına əsəbiləşib ağzına gələni desə də ürəyi soyumadı. O, səbirli olub oğlunun evə gəlməyini gözləməliydi. Arvadı ərinə mülayimliklə təsir edib, “Atabəyə bir söz demə, mən danışaram” desə də mənası olmadı.
Atabəy yalnız saat 9-da evə gəldi, gec olsa da yayda hava gec qaraldığından işıqlıydı, kinoya baxıb sonra da Səmrayla mağazaları gəzmişdilər. Onun telefonu qırıldığından telefon axtarırdılar, işlənmiş, ucuz telefon olmalıydı deyə axtarış uzun çəkmişdi. Əslində Səmra işlətmədiyi telefonlardan ona təklif etsə də o, nəinki qəbul etmək, hətta ona “bir də belə şeylər eləmə” deyə acıqlanmışdı, onun kişilik məktəbinin tələblərinə görə, qızdan-qadından nəsə kömək almaq bağışlanmaz hərəkət idi. Hələ ki, bu qız onun sevdiyi Səmra ola. Onsuz da Səmranın belə zəngin olması, özlərinin də imkansız həyatı aralarında bağlanmış körpüləri istər-istəməz laxladırdı. Əslində Atabəygil elə də imkansız ailə sayılmırdı. Atası Türkiyəyə tır maşını sürürdü. Onların geyindikləri, yedikləri çox vaxt elə Türkiyədən gəlirdi. Zəhmətkeş, daşdan pul çıxarmağı bacaran Şəmili, sakit təbiətli, uşaqlarının tərbiyəsi və təhsili ilə lazımın ca məşğul olan evdar qadın Saranı, universitetdə təhsil alan evin böyük oğlu Ramini, Atabəyin Bakının ən baha lı məktəblərindən birində təhsil almasını nəzərə alsaq, bu ailəyə orta təbəqənin hörmətə layiq ailəsi də demək olardı. Amma Səmragilin ailəsilə müqayisədə vəziyyət elə də ürəkaçan deyildi. Atabəy Səmrayla arasında olan imkan fərqini, təbii ki, öz gənclik fəlsəfəsilə anlayırdı. Onun qüruru varıydı, bu qürur da elə-belə boşluqdan qaynaqlanmırdı, qüruru ona verən məntiqi, yaşıdlarından üstün zəkası və bir də əlbəttə ki, güclü fiziki görkəmiydi. Amma o, aralarındakı fərqi çox da ciddiyə almırdı, öz-özünə “düzdü, Səmra bizim kimi bir ailədən olsa lap yaxşı olardı” desə də gələcəkləri haqqında düşünəndə hər hansı çətinliyin, maneənin ola biləcəyini anlasa da, bunların heç biri onun Səmrayla birlikdəliyini qadağan etmirdi. Ona görə də heç bir qüvvə bu sevgiyə mane ola bilməzdi. Özünün mənsub olduğu mühit istənilən halda onun Səmraya olan sevgisini dəyişmirdi, eləcə də Səmranın özünə olan məhəbbətindən zərrə qədər şübhə etmirdi. Elə bu gün çəkinmədən onun əlindən tutub xoşbəxt-xoşbəxt dükanları gəzən Səmradan şübhə etmək olardımı?!
Atabəy evə girəndə evdəki ab-havadan nələrinsə düz getmədiyini o dəqiqə anlamışdı. Atasının onu görməzlikdən gəlib salamını almaması, anasının həyəcanlı baxışları diqqətindən yayınmadı.
Paltarını dəyişib otağından çıxanda atasının dəhlizdə onu gözlədiyini görüb, nə baş verdiyini soruşmaq istəyəndə, atası:
– Gəl keç otağa, söhbət edək, səninlə işim var, – de yib onların arxasınca otağa girmək istəyən anasının üzünə qapını örtüb, – kişi kimi söhbət etmək istəyirəm sənlə, – deyəndə Atabəy də həyəcanlandı. – Mən səninlə söhbəti uzatmayacam, – deyib atası sakit, amma əsəbi halda sözə başladı: – Bu gün lap təsadüfdən bilmişəm ki, o həkim Cəbrayılovun qızıyla kinoya gedirsən, parka gedirsən, ələlə tutub gəzirsən sərbəstcə, nə məsələdi bu? – deyərək qəzəblə oğluna baxdı.
– O mənim sinif yoldaşımdı, – Atabəy udqunaraq dilləndi.
– Məni gic yerinə qoymusan sən? Yoxsa elə bilirsən uşağam, heç nə başa düşmürəm? Öz gözlərimlə gördüm ki, qız sənin qoluna girdi. Hansı qız sinif yoldaşının qoluna girir? Təzə çıxıb bu? – Atabəy atasının bu qədər acıqlanmasının səbəbini başa düşmədən səssizcə onu dinləyirdi. Bilirsən neyləyərlər səni? Onlar səni yeyərlər, özü də birnəfəsə. O kişini bütün şəhər tanıyır. Mənim kimi biri sizi bir arada görübsə, indi onun ailəsi çoxdan bilir. Sən artıq onların qara siyahısına düşmüsən, xəbərin yoxdu. Ay axmaq, o qız hələ uşaqdı, sənin böyrünə düşüb gəzir, bir az ağlı kəssin, təpiyi vurub yola salacaq səni.
Atasının sözlərinin bu yerində Atabəy artıq dözə bilmədi, elə bil atası onu qəsdən alçaldırdı, qəzəbdən titrəyə-titrəyə yalnız:
– Heç kim məni təpiklə yola sala bilməz, – deyə bildi.

Müəllif: Dilşad Talıbova[/i]
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 888
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri