Sənə yazmadım, Səni yazdım (11-ci bölüm)

Müəllif: Diablo
Şərhlər: 1
Baxılıb: 1 813
Səs ver:
(səs: 1)
Sara xala, siz belə savadlısız, niyə işləməmiz heç vaxt?
Siz çox yaxşı ədəbiyyat müəllimi olardınız, uşaqlar sizi çox
sevərdi.
Sara onun üzünə mehriban nəzər salıb, danışmağa başladı:
– Universiteti bitirib ailə qurdum, ilk vaxtlardan Atabəyin atası işləməyimə razı olmadı, sonradan uşaqlar olandan sonra heç özüm də istəmədim, elə onlara həsr etdim
bildiklərimi. Bir də dünyada elə bil qanun yoxdu ki, ali
təhsilli qadın mütləq işləməlidi, qadının birinci işi ailəsidi,
əri və uşaqlarıdı. Çox vaxt evdar qadınları, köhnə fikirli,
geridə qalmış hesab edirlər, özü də belə hesab edənlərin də
çoxusu işləyən qadınlardı, ancaq gedib həmən o qadınların
evlərinin içinə girsən evdəki soyuqluqdan üşüyərsən. Onların başları işə qarışdığından aralarındakı ailə bağları elə qırılır ki, bunu ya çox gec, ya da heç başa düşmədən ömür sürüb gedirlər. Dünyanın ən inkişaf etmiş ölkələrində isə belə
ali təhsilli qadınların çoxusu işləmir, məsələn, Yaponiyada
ali təhsilli qadınların 70-80%-i evdar qadınlardı. Onlar çox
yaxşı bilirlər ki, savadlı ana savadlı cəmiyyət deməkdi.
Atabəyi yaxşı tanıyırdı Səmra, bilirdi ki, onun valideynlərində də nəsə var ki, Atabəy belə savadlı, istedadlıdı,
amma anasını tanıdıqdan sonra onun dünyagörüşünə, ağlına heyran qalmışdı, o bu qədərini də gözləmirdi. Bu qadına
Səmranın qanı elə qaynamışdı ki, saatın necə keçdiyindən
xəbəri olmamışdı.
Birdən Səmra saatına baxıb:
– Çox gec oldu, mən getməliyəm, – dedi.
Bunu eşidəndə anası Atabəyə üzünü tutub:
– Get yola sal, tək getməsin, – deyib sonra Səmraya
mehribanlıqla baxaraq: – Qızım, tez-tez gəl, sənin kimi bir qızın bizim dəli oğlanın yanında olması məni çox xoşbəxt
edir, – deyib sonra yalnız özü eşidəcək bir tərzdə pıçıldadı.
– Allah sizi nəzərdən qorusun!
Atabəyin anasıyla sağollaşıb çıxdıqdan sonra Səmra
Atabəyə qapının ağzında söylədi ki, tək getməyi yaxşıdı,
buralarda ikisini birlikdə görüb atasıgilə deyən olar.
Atabəy qapının ağzında ona yanaşıb:
– Çox sağ ol, Səmra, bu ad günü mənim həyatda ən yadda qalan ad günüm olacaq, – deyib bir anlıq susdu, – bilirəm
ki, sənin kimi bir qızın gəlişi nə deməkdi, sən yaxşı qızsan,
gecədən ürəyimdən keçirdi ki, görəsən, yadındadımı ad günüm, sən isə hər şeyi gözə alıb bura gəlmisən, bağışla ki,
sənin haqqında gic-gic düşünürdüm.
– Dəlisən, mən sənin ad gününü unuda bilərəm heç? –
deyərək Səmra onun sözünü kəsdi, elə bu an Atabəyə yaxınlaşıb pıçıltıyla: – Səni çox sevirəm! – söylədi və pilləkənləri
tez-tez düşdü.
Atabəy heç bir söz söyləmədən xoşbəxtcə gülümsündü.
Evə girdikdən sonra eyvana çıxıb Səmra gözdən itənə qədər
arxasınca baxdı.
Gecə saat 11 idi, Səmra dərslərilə məşğul olsa da anasının telefonla danışığında öz adının, hətta Atabəyin adını
çəkdiyini eşitdi. Danışıq kəsildikdən sonra anası atasıyla
yavaş-yavaş nəsə danışdılar, sonra nəyisə müzakirə etdilər
və belə pıçıltıyla danışdıqlarına görə Səmra əmin idi ki,
bu söhbət hər nədisə ona aiddir. Birdən anası otağa girdi,
Səmraya baxaraq:
– Neyləyirsən, dərslərin qurtarıb? – soruşdu.
Səmra bilirdi ki, anası nəsə başqa söz demək istəyir,
amma başlaya bilmir.
– Hə, qurtardım, – deyib anasının üzünə baxdı.
Səmranın baxışlarından mətləbə keçməli olduğunu hiss
edən anası soruşdu:
– Bu gün Atabəylə danışmısan?
– Yox, siz düşündüyünüz qədər tez-tez danışmırıq, –
deyə kinayəli cavab verdi.
– Mən ciddiyəm.
– Mən də, – deyib Atabəylə danışdığı saatı yadına saldı,
bu gün səhər universitetə gedəndə danışmışdı son dəfə, anası nə demək istəyirdi, axı?
– Bilirsən, bu gün eşitmişəm ki, atası ölüb Atabəyin, günorta gətiriblər meyitini.
– Nə danışırsan, mama? – O, yerindən qalxıb əllərini
üzünə apardı.
– Hə, xəstəymiş, sonra da...
Səmra anasının sözünü yarımçıq kəsib:
– Mən gedirəm, bu dəqiqə getməliyəm.
Anası qəti şəkildə etiraz etdi:
– Heç vaxt.
– Getməliyəm, xahiş edirəm, mama, Atabəyin yanında
olmalıyam. – Səmra az qala yalvarırdı.
– Əlbəttə, sən ora sabah gedəcəksən, amma indi mümkün deyil.
– On dəqiqlik heç olmasa...
– Bir dəqiqəlik də olmaz, sən hansı adla bu gecə vaxtı
ora gedirsən?
– Hansı adla getdiyimi bilmirsən ki? – Səmra ağlayaraq
dilləndi.
– Təəssüf ki, bunu bircə mən bilirəm və sən heç kimi
başa sala bilməzsən.
Anasının qətiyyətini görən Səmra ümidsiz halda:
– Yaxşı, getmirəm, indisə tək qalmaq istəyirəm.
– Düz deyirsən, elə tək qalsan yaxşıdı, – deyib otaqdan
çıxdı.
Səmra bir neçə dəfə Atabəyə zəng etdi, telefon söndürülmüşdü, o, Atabəyin atasına necə bağlı olduğunu bilirdi,
hələ həbsdə olması dərdilə barışa bilmirdi. İndisə o, atasını
itirmişdi. Səmra isə belə bir vəziyyətdə onun yanında deyildi, gedə bilmirdi... Bu düşüncələrlə yatağa uzanıb ağlayırdı və birdən Səmra saata baxdı, gecə 12:35 idi, evdən
səs-səmir gəlmirdi, valideynləri, yəqin ki, artıq yatmışdı,
getmək vaxtıdı deyə düşündü... O, sakitcə geyindi, səs salmadan qapını açıb otaqdan çıxdı, düzgün qərar verdiyinə
əminiydi. O, Atabəyin yanında olmalıydı, vəssalam. Onun
gizlin getməyinin də günahkarı anasıydı, o öz-özündə belə
düşünürdü; əgər anası onu başa düşsəydi, Səmra da gizli
getməyə məcbur olmazdı.
Gecə vaxtı ilk dəfə idi ki, Səmra tək küçəyə çıxırdı,
qorxu-həyəcan varıydı içində, amma onu da bilirdi ki, heç
bir qüvvə onu yolundan döndərə bilməz. Yolboyu taksilər
olsa da gecə vaxtı taksiyə yaxınlaşmağa qorxduğundan piyada getməyi qərara aldı, tez-tez getsə 20 dəqiqəlik yoluydu. Yolun yarısını qaça-qaça, yarısını yeyin-yeyin gedərək
sonunda Atabəygilin binasına çatdı. Səmra binanın qarşısına gələndə qabağında çoxlu adam olan mağarı gördü,
tez gözləri Atabəyi axtarsa da onu görə bilmədi, təəccüblü
nəzərləri üzərində hiss etdiyindən mağarın qarşısından düz
keçib getmək istədi, yalnız indi nə etdiyini anladı, elə özözünə “anam bəlkə də haqlıydı, gərək sabah gələydim” düşünürdü ki, Atabəyin dostu, özünün də sinif yoldaşı olan
Üzeyirin səsini lap yaxınında eşitdi:
– Səmra, sən nə edirsən burda? – deyə o təəccüblənmiş
halda onun qarşısındaydı.
– Mən... mən Atabəyi... utanmış halda o sözünü bitirə
bilmədi.
– Yaxşı, gəl bura, maşında otur, – deyib, Üzeyir binanın
baş tərəfində saxladığı maşını istiqamətə apardı Səmranı.
Səmra da arxasınca gedib ürəyində: “əsas odur ki, o adamların gözündən uzaqlaşdıq” düşüncəsilə maşına oturdu.
– 5 dəqiqəyə Atabəy gələr, sən burda gözlə, – deyib Üzeyir Səmranın yanından ayrıldı.
Səmra heç bir söz demədən gözləməyə başladı.
Atabəy 5 dəqiqədən də tez gəlib maşına oturdu. 1 günün
içində necə dəyişmişdi, gözləri şişib, üzü solmuşdu, sanki
qocalmışdı ruhən. O xoş, səmimi, ətrafa xoşbəxtlik saçan
üz yox olub, yerini kədər, əzab, dərdlə əvəz etmişdi elə bil.
Onu belə görəndə Səmranı qəhər boğdu. Atabəysə maşına
oturan kimi ilk sözü “necə gəldin” oldu, sonra qırağa baxdı,
hiss olunurdu ki, özünü zorla saxlayır, bəlkə də ağlamamaq
üçün gözlərini Səmradan qaçırırdı.
O:
– Eşidən kimi gəldim, – deyib Atabəyin əllərini sıxdı.
– Evdə bilmədilər, yəqin ki.
– Yox, bilmədilər.
– Sən indi evdə olmalısan, valideynlərin narahat olar, –
deyib Atabəy maşını işə salmaq istəyəndə Səmra əlindən
tutub:
– 15 dəqiqə, xahiş edirəm 15 dəqiqədən sonra gedək.
Atabəy razılıqla başını tərpətdi.
Onun razılaşdığını görən Səmra bayaqdan vermək istədiyi sualı verdi:

Müəllif:Dilşad Talıbova[/i]
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 1 813
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri