Səməd Vurğunun "Aygün" poemasında ailə-əxlaq münasibətləri - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 40
Səs ver:
(səs: 0)
Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən biri Səməd Vurğundur. Onun yaradıcılığı XX əsr poeziyamızın tacı, zirvəsidir. Öz xalqının mənəvi aləmindən bəhrələnmiş, ilhamını doğma vətən torpağının əsrarəngiz gözəlliklərindən almış xalq şairimizin sənəti özünün dil sadəliyi, məzmun dərinliyi, ahəngdarlığı, səmimiyyət «və müdrikliyi ilə ürəkləri» fəth etmiş, öz yurdunun hüdudlarını aşaraq dünya miqyasında şöhrət qazanmışdır. Səməd Vurğun əsl xalq şairidir. Sənətkarın sönməz bir eşqlə sevdiyi, yenilməz bir qüdrətlə hüsnünə nəğmələr qoşduğu doğma respublikamızda kiçikdən böyüyə elə bir şəxs tapılmaz ki, şairin şirin misralarından, bəndlərindən əzbər bilməsin, əsl şair ruhunun təsirinə məruz qalmasın.
S.Vurğun yaradıcılığa gənc yaşlarından başlamış, ilk ədəbi əsərləri lirik şeirlər olmuşdur. Getdikcə mövzu dairəsi genişlənən, həyatın aktual məsələlərini nəzmə çəkən şairin yaradıcılığında poema canlı üstünlük təşkil etməyə başlamışdır. Şairin poema yaradıcılığında «Komsomol poeması», «Macəra», «Kənd səhəri», «Aslan qayası», «Bəsti», «Muğan» və s. kimi əsərlər qiymətli sənət nümunələridir.
S.Vurğunun ən yaxşı əsərlərindən biri «Aygün» poemasıdır. Janrına görə mənzum roman hesab olunan bu əsərdə həyat hadisələri geniş və əhatəli bir şəkildə verilir, qəhrəmanlar, onların mühiti ətraflı göstərilir. Əsərdə Aygünün həyatından yalnız bir hadisə təsvir olunmur, onun sənətkar kimi yetişməsi, ailə münasibətləri bütün təfərrüatları ilə əks etdirilir, qəhrəmanların həyatı geniş epik planda göstərilir.
Əsər Aygünlə Əmirxanın ailə həyatının ilk günlərinin təsviri ilə başlayır. Təzəcə evlənən gənclər bir-birini sevir, xoşbəxt günlərini yaşayırlar. Bu səadətli günləri müəllif hər iki gəncin bir-birinə olan saf məhəbbəti ilə bağlayır. Lakin Əmirxanın təsvirində biz şairin bir qədər qorxunu xatırladan münasibət və fikirlərinə rast gəlirik. Onun xarakterində uşaqlıq həyatından irəli gələn bir ərköyünlük və bir qədər də köhnəfikirlilik vardır. İnstitutu bitirdikdən sonra Muğan sovxozlarından birinə təyinat alan Əmirxan yalnız özünü düşünərək Aygünü təhsilini yarımçıq qoymağa məcbur edir. Aygün nə qədər konservatoriyada təhsilini davam etdirmək arzusu ilə alışıb yansa da, Əmirxanı sındırmır. Ona güzəştə gedərək əri ilə birlikdə Muğana yollanır.
Əmək fəaliyyətinə başladıqdan sonra Əmirxanın yeni mənfi keyfiyyətləri üzə çıxır. Əvvəlcə işə həvəslə başlayan Əmirxan getdikcə işdən soyuyur, əhli-kef həyat keçirməyə meyil göstərir. Daha sonra kəndin xoşuna gəlmədiyini, burada mədəniyyətin zəif olduğunu bildirərək şəhərə qayıdır.
Əmirxanın şəhərə qayıdışı ailənin vəziyyətini yaxşılaşdırmır, əksinə, ər-arvad münasibətləri daha da kəskinləşərək son həddə çatır. Əmirxan şəhərdə də ictimai-faydalı bir işlə məşğul olmur, günlərini içki məclislərində keçirir, tez-tez evə gecə keçəndən sonra qayıdır. Bütün bunlara dözməyən Aygün körpəsini də götürərək evdən gedir.
Bundan sonra Aygünün yüksəlişi başlayır. O, konservatoriyada təhsilini davam etdirir, musiqi əsərləri bəstələyir, Dövlət mükafatına layiq görülən bir simfoniya yaradır. Əmirxan isə ağır günlər, mənəvi sarsıntılar keçirir, düşdüyü vəziyyətin çirkinliyini dərindən dərk edərək yenidən öz əvvəlki sənətinə qayıdır.
Aygün evdən ayrılsa da, öz ilk eşqinə sona qədər sadiq qalır, ilk məhəbbətini sona qədər qoruyaraq heç kimə könül vermir. Müğənni Elyarın ona qarşı olan sevgi duyğularını qiymətləndirsə də, bu sevgini qəbul edə bilmir, heç kimi sevməyi bacarmadığını söyləyir:

Yalnız sənətimlə yaşayıram mən,
Bir də ki, gözümün işığı Ülkər...
Niyə gizlədim ki... bəzən qəlbimdən
isti bir nəfəs də keçir müxtəsər.
Fəqət sevməyirəm mən heç bir kəsi,
Xəyalım bir yerdə qərar tutmayır.
Üzümə dəydikcə övlad nəfəsi
Ürəyim ilk eşqi heç unutmayır.

Bu anlarda müəllif ər və arvadı qarşılaşdırır və Aygünün iradə möhkəmliyini, mənəvi saflığını nümayiş etdirir. Aygün qısqanclıq hissləri keçirən Əmirxana heç kimi sevmədiyini, ailənin dağılmasında ancaq Əmirxanın özünün təqsirkar olduğunu bildirir.
Bundan sonrakı səhnələrdə Əmirxanın məhəbbətin təsiri ilə yüksəlişi, saflaşma və inkişafı əks olunur. O, Muğana əvvəlki işinə qayıdaraq elə bir həvəslə işləyir və elə bir bağ salır ki, şöhrəti hər tərəfə yayılır. Məhəbbətin sarsılmaz gücü yenidən ailəni birləşdirir. Şair bununla saf və təmiz məhəbbətin insanın xoşbəxtliyində, ailə səadətində oynadığı yüksək rolu qabarıq bir şəkildə açıb göstərir.
«Aygün» mənzum romanı müasir ailəni, bu ailənin problemlərini, ailənin möhkəmliyində qarşılıqlı məhəbbətin yüksək rolunu açıb göstərən bir əsər kimi bu gün də aktualdır və indi də oxucular tərəfindən sevilə-sevilə oxunur.

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 40
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
İlaha
Səməd Vurğunun irihəcmli əsərlərini demək llar ki oxumamışam, sadəcə şeirlərini oxumuşam. Aygün poeması oxuyacağım əsərlər siyahısındadır.
7 sentyabr 2019 22:47
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri