Gənc yazar Ceyhun Aranlının kiçik müsahibəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 035
Bölmə: Maraqlı / Şeirlər
Səs ver:
(səs: 0)
Gənc yazar Ceyhun Aranlının kiçik müsahibəsi və şeirlərini Qadınla.Com saytı olaraq təqdim edirik:

- Ceyhun Aranlı özünü oxuculara hansı şeiri ilə təqdim edər?

- Əslində, bütün şeirlərimdə baş rolda Ceyhun Aranlı çıxış edir. Lakin, fikrimcə, "Yetim uşaqlar" şeirimi oxumaq kifayətdir ki, oxucu mənimlə tanış olsun.

- Şeir ola bilsə idiniz, hansı şeir olardınız?

- Zatən, şeirlər kitabıyam. Tək bir şeir olmağa lüzum yoxdur, məncə.

- İlham pəriləriniz daha çox sevincinizdən, yoxsa kədərinizdən qidalanır?

- Ümumiyyətlə, istənilən bədii əsərin bünövrəsini qoyan kədərdir. İnsan sevincli olanda dərin düşünmür, bəlkə, heç dayaz da düşünmür. Sevincinin dadını çıxarır. Ancaq kədər insanı düşünməyə vadar edir. Ani misal, "ana" mövzusunda şeir. Bir yazar əsgərlikdə olanda, dustaq olanda və ya anası dünyasını dəyişəndə ana mövzusunda şeir yazacaq mütləq. Amma dostları ilə səyahətə gedəndə, əyləncəyə gedəndə anasından uzaqda olmağı onu çox da üzməyəcək. Hə üzməyəcək.

- Şeirlə yanaşı meyxana ilə də məşğul olursunuz. Sizin üçün şeir, yoxsa meyxana daha əzizdir? Birini seçin desəydilər meyxananı, yoxsa şeiri seçərdiniz?

- Belə deyim, bizim bir qonşumuz var, Mahir usta. Həm gözəl saç ustasıdır, həm də gitara ifaçısı. Və hər iki peşə ilə sevərək məşğul olur. Halbuki, hər ikisi tamamilə fərqli peşələrdir. Meyxana ilə şeir isə bir-birinə yaxındır, həm də çox. Mənim əsas sahəm şeiriyyatdır. Lakin, meyxana da ikinci bacarığımdır. Bir də ki, bütün meyxanaçılar şeir yaza bilir də, şairlər meyxana deyə bilməz ki?! (gülür)

- İlk şeirinizi haçan və kimdən, nədən ilhamlanıb yazmısınız?

- İlk yazdığım cızma-qaranı təxminən 10-11 yaşlarımda yazmışdım. Deyəsən, kasıblıqdan gileyli yazı idi. Yadıma düşəndə içimdə qəhqəhə çəkirəm. Hətta elə qəhqəhə ki, təsiri üzümə çıxır. Yəni, üzümdə yumşaq gülüş yaradır.

- Qələminə heyran olduğunuz, ən çox bəhrələndiyiniz ədiblər kimlərdir?

- Oxuduqca qələminə heyran olduğum ədiblərimiz çoxdur. Bəxtiyar Vahabzadə, Məmməd Araz, Mikayıl Müşfiq, Xəlil Rza Ulutürk, Ramiz Rövşən təkrar-təkrar oxuduğum, oxuduqca ilhamlandığım şairlərdir.

- Son olaraq oxuculara sözünüz?

- Kimlər dəyər verib oxuyursa, hər birinə sonsuz təşəkkürümü bildirirəm. Sənə də şeirlərimə, qələmimə dəyər verdiyin üçün təşəkkür edirəm, qələm yoldaşım Aynur.

Bir gün qocalacam, bir gün öləcəm,
Onda olmayacaq daha ümüdlər.
Bir gün qocalacam,
bir gün alacaq
başımın üstünü qara buludlar...

Buludlar alacaq başımın üstün,
Gözlər "bulud" olub dolacaq onda.
"buludlar" alacaq başdaşım üstün,
"yağışlar" göz yaşı olacaq onda.

Gözlər ağlamalı,
gözlər dolmalı,
Yağışlar yağmasa bulud çəkilməz.
Yağışlar yağmalı,
qəlb boşalmalı,
Bulud yox olmasa,
günəş görünməz.
Buludlu gözlərdə gülüş görünməz...

Bir gün qocalacam,
sevdiyim qızın,
çöhrəsi qalacaq xatirimdə gənc.
Gənc qızı düşünmək qoca kişiyçün
Necə də eyibdir,
necə də gülünc...

Deyəcəm- bu evdə can qocaltmışam.
Nə olsun mən tikib, mən ucaltmışam,
bəlkə də, başıma enəcək bu ev.
Bir gün qocalacam, bir qarı bir mən,
Qocalar evinə dönəcək bu ev...

Qocalar evində yaşayanların
gələni-gedəni,
kimsəsi olmur...

Kölgəsində gəzən uşaqlar belə,
Çətin ki, bir daha altına gələ,
qurumuş ağacın kölgəsi olmur...

Bir gün öləcəyəm, cismim torpağa,
Ruhum şeirimə bürünəcəkdir.
İllərdi tozlanıb, oxunulmayan
Ölü şeirlərim diriləcəkdir!

30.03.2019

Soyunasan bir-bir,
bütün dünənlərini.
Lap,
ana bətnini soyunub,
ana qucağına büründüyün günə kimi...
Çılpaq qalasan eey,
tamam çılpaq.
Sonra,
hamısını tərsinə çevirəsən,
yəni "sabah üzünə"
yenidən başlayıb geyinəsən
təmiz üzünü...

Yığıb yandırasan
bütün yanlışlarını.
İstisində qızına-qızına,
doğru yolun xəritəsini cızasan.

Soyunasan
bütün günahların...
Yuyunasan,
bütün günahların
yuyulub axa göz yaşlarınla.

Bilmirəm, bəlkə də,
günahların çirkabıdı,
ağlayarkən, insanı eybəcərləşdirən...


Deyirəm,
o qədər uşaq olasan...

Üst-üstə qoyduğun
xəyallarından
ucalan,
böyük bir imarət ola.
Qoyanda
sonuncu daşı tələsik,
önündən keçərkən
bir qara pişik,
toxuna,
acı bir fəlakət ola...

Deyirəm,
o qədər uşaq olasan,
diksinib görəsən,
dağılan saray,
domino daşından ibarət ola.

Deyirəm,
ən uzaq uzaq olasan,
yaxın uzaqlara həqarət ola.
uzaq yaxınlardan
bir gözəl gələ,
damarında üzə,
çıxa "sahilə",
bir ömür, qəlbində
qalıb dincələ.
Ən uzaq uzağa "birinci səfər",
"birinci edilmiş səyahət" ola.
Deyirəm, o qədər uzaq olasan,
Uğrunda üzməyə məharət ola,
batmağa,
çatmağa cəsarət ola.

Hazırladı: Aynur Haqverdi
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 035
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri