QARAQAN - "A" Romanı ( Bölüm 23)

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 4 896
Səs ver:
(səs: 2)

 

Sonra Azad deyirdi.

Biz dünyada birliyin tərəfdarıyıq. Biz sərhədsiz, eyni dildə danışan, bərabər insanların dünyasında yaşamaq istəyirik. Süni olan heç bir şey olmamalıdır. Sərhədlər isə sünidir. Onları biz çəkirik, istəyəndə də dəyişirik. Quşların nə sərhədi var, nə də ki xarici pasportu. Və biz heç vaxt görməmişik ki, bir dəstə quş başqa bir dəstə ilə müharibə etsin. Təbiətin öz harmoniyası var. Onu pozmaq olmaz. Dünyada iki millət var. PİS insanlar və YAXŞI insanlar. Dünyada iki dil var YALAN və HƏQİQƏT. Dünyada iki ölkə var CƏNNƏT və CƏHƏNNƏM. Ən ideal ölkə cənnətdirsə bilin ki orada nə Banqladeş var, nə İtaliya, nə də ki Kosova. Əgər kimsə yəhudiləri pisləyirsə bilsin ki, HZ.Musa da yəhudi olub. Əgər kimsə türkləri tərifləyirsə bilsin ki, Dədə Qorqud da türk idi. Amma Qıpçaq Məlik də türk idi. Hər millətin içində pis də var, yaxşı da var. İnsanlara insanlığına görə qiymət verək.

Sonra Adil davam edirdi.
Bizə sabah İslam terrorçusu deyəcəklər. Müsəlmanlar isə Mason deyəcəklər. Yəhudilər xristianların qurduğu yalançı şərq təşkilatı deyəcək. Bəziləri skinhed deyəcək, bəziləri kommunist deyəcək, bəziləri anarxist deyəcək. İndidən buna hazır olun. Bizdən soruşsalar siz kimsiniz. Biz də onlardan soruşacağıq. "Bəs siz kimsiniz? Tapa bilmisiz?”

Sonra mən deyirdim.

Ola bilsin ki, içinizdə qəribə suallar var. Biz nə edirik? Bunun sonu nə olacaq? Dünyanı dəyişəcəyik, yoxsa bizi öldürəcəklər? Nə qədər bu qərargahlarda yığışacağıq? Bu suallar sizi qorxudur? Məni də qorxudur. Bizim hamımızı qorxudur. Bizim gücümüz ondadır ki, qorxularımızı gizlətmirik. Qorxulu suallar iyrənc cavablardan daha yaxşıdır. İyrənc cavabları bilirsiniz. Məktəb, universitet, nişan, toy, iş, uşaq, yataq, qəbir... Kim getmək istəyirsə qapı açıqdır. Kim qayıdacaqsa qapı yenə də açıqdır. Bizə deyəcəklər ki, siz vəhşisiz, gördüyünüz işlər ədalətsizdir. O yazıq fahişə qızlar, bəlkə aralarında bir yaxşı qız da var idi. O yazıq müəllimlər axı onlar da rüşvəti ehtiyaclarına görə alırdılar. Yazıq narkomanlar, pis insanlar, siyasətçilər, qatillər, əyyaşlar, sərxoşlar, mavilər axı onların hamısı pis deyil? İçlərində yaxşıları da var axı, onda biz də cavab verəcəyik. "Biz pisik, zalımıq, aqressivik, vəhşiyik, cinayətkarıq, amma siz bizə heç nə etməzsiz, düzdü? Axı içimizdə yəqin yaxşılar da var”. 

Balığın nağılı
Bir kişi dəniz sahili ilə gedirdi. Birdən uzaqda balaca bir uşağın sahildən nə isə götürüb dənizə atdığını gördü. Yaxınlaşanda gördü ki, bütün dəniz sahili balaca balıqlarla doludur. Yəqin səhərki güclü külək onları sahilə çıxarmışdı. Uşaq da bir-bir balıqları götürüb dənizə atırdı. Amma bütün sahil bu kiçik balıqlarla dolu idi. Kilometrlərlə sahəni kiçik balıqlar doldurmuşdu. Milyonlarla balıq. Bunu görən kişi uşağa dedi:
- Niyə bu balıqları suya atırsan?
Uşaq cavab verdi
- Səhər güclü dalğalar onları quruya atdı indi dəniz sakitdi, əgər axşam əsəcək küləyə qədər onları suya atmasam balıqlar öləcək.
Kişi qışqırdı:
- Axı bu axmaqlıqdır. Bir ətrafına bax? Burda milyonlarla balıq var. Sənin əziyyətin heç nəyi dəyişməyəcək.
Uşaq əyilib yerdən növbəti balığı götürdü və dedi:
- Yox, mənim əziyyətim əlimdəki balıq üçün hər şeyi dəyişəcək.
Sonra balaca balığı dənizə atdı.

BİZ HƏR GÜN DÜNYANI XİLAS EDƏ BİLƏRİK. ÇÜNKİ HƏR GÜN BİR İNSANI XİLAS EDƏ BİLƏRİK. HƏR İNSAN DA BİR DÜNYADIR.

Psixoloq məni xilas etmək istəyir, mən də dünyanı

Evdə gec-gec göründüyümdən valideynlərim lap narahat olmuşdular. Onların HOST-dan xəbəri var idi. Elə bilirdilər ki, müxalifət partiyasıdır. Mənə deyirdilər ki, ay bala əl çək bu müxalifətçilərdən. Ən yaxşı hakimiyyət indiki hakimiyyətdir. Amma mən onlara başa sala bilməzdim ki, iş nə yerdədir. Mənə iki-üç dəfə psixoloqun yanına getməyi məsləhət görmüşdülər. Sonra yaz tətilində Türkiyəyə aparacaqlarını deyirdilər. Gündə bir paltar , yeni kompyuter, doberman, gitara zir-zibil hamısından alıb otağıma doldururdular ki, bəlkə mənim başım qarışdı və sektadan çıxdım. Bunlar da kömək etməyəndə məni söyməyə başladılar, sonra atam bir-iki şillə vurdu. Bütün ümidləri öləndə anam ağlamağa başladı. Amma bu da mənə təsir etmirdi. Dünyanın taleyini anamın göz yaşına qurban verə bilməzdim. Tam biganəliyimi görəndə sonuncu üsula əl atmışdılar.
Evə gələndə qapının açıq olduğunu gördüm. İçəri daxil olub anamı səslədim. Cavab gəlmirdi. Sonra atamı, sonra bacımı çağırdım. Səs gəlmirdi. Böyük otaqdan dəhlizə orta yaşlı kök bir kişi çıxdı. Bu mənim anam deyildi. Atam da bir günə bu boyda şişə bilməzdi. Ağ qəribə uzun bığları lap Nitşeni xatırladırdı. Mənə baxıb gülümsündü:
- Anar oğlum, keç içəri.
Mən çaşbaş qaldım
- Siz kimsiz ki?
Kişi dedi:
- Mən sənin psixoloqunam. Məni dost çağıra bilərsən. Mən sənə kömək etməyə gəlmişəm.
Aha, məsələ aydın idi. Yenə valideynlərimin fokusları. Ehhh.. Bir təhər yola verməli idim.
- Yaxşı dost, necə kömək etmək istəyirsən?
- Oğlum qarşıdakı divanda rahat əyləş, dərindən nəfəs al. 
Mən onun dediklərini etdim. Kişi mənə elə baxırdı ki, güya bir baxışdan məni kitab kimi oxumuşdu.
- Oğlum, valideynlərin deyir ki, son vaxtlar özünü pis hiss edirsən. Həyatında nə isə baş verib? Sevgilindən ayrılmısan bəlkə? Sənin yaşda uşaqlar üçün bu çox təbii haldır.
Mən onun danışıq tərzindən çox əsəbiləşmişdim.
- Heh, maraqlıdı sizə nə qədər pul veriblər. Hə?
Kişi bu sualı gözləmirdi.
- Oğlum, bu önəmli deyil.
- Aydaaa... Önəmi olmasaydı indi burda klounluq eləməzdiniz. Əgər səmimi olmağımı istəyirsizsə özünüz də səmimi olun. Nə qədər pul veriblər?
- Hmm, mənim seanslarımın saatı 200 manatdır.
- Ooo.. Bu başqa məsələ.. Deməli birinci sinifdən əlaçı olan cənab Nitşe, bu gün kök qarnının piyini bir az da artırmaq üçün bizə qonaq gəlib.
- Oğlum , davam et. Ürəyini boşalt. 
- Ehh..Dayday. Mənim heç bir psixoloji problemim yoxdur. Hər şey əladır. Gedə bilərsiniz.
- Oğul, mən görürəm ki, sənin içində bir sıxıntı var.
- Hə? Görürsünüz? Düzdü var. Mənim sıxıntılarım var.
- Onda de, mən də sənə kömək edim. Danış. Bəlkə bir çarə tapdıq.
- Siz doğrudan mənə kömək edəcəksiniz?
- Hə, oğlum, söz verirəm.
- Hhmm. Onda başlayaq. Birinci sıxıntım Perudakı su problemidir. Kəndlərə hələ də su çəkilməyib. İkincisi Fələstindəki döyüşlərlə bağlıdır. Zəhmət olmasa onu dayandırın. Sonra Ozon qatının deşilməsinin də qarşısını alsanız lap yaxşı olar. Ya da qonşumuz üçün hər ay bazarlıq eləsəniz. Necədi? Başqalarını da danışım? Sizin eviniz yəqin ki, bina evidir hə? Pəncərənizlə üzbəüzdə başqa bir bina görünür. Amma siz orada yaşayanları görmürsünüz. Siz binanın işıqlarına baxıb siqaretinizi çəkirsiniz. Bircə siqaretlə arvadınızla dalaşdığınız günü unuda bilirsiniz. Binanın işıqlarına baxıb xəyallara qapılırsınız.
- ıı. Olur hərdən. Amma....
- Zəhmət olmasa pəncərənin qırağına gəlin. Qorxmayın özümü atmaq istəmirəm. İstəyirəm sizə daha bir sıxıntımı göstərim. Daha doğrusu sizdən nə ilə fərqləndiyimi. Baxın. Üzbəüzdəki binanı görürsünüz. Orada 50 mənzil var. Mənim əlaqələrim yaxşı olduğundan çox şeydən xəbərim olur. Baxın binaya. Siz nə görürsünüz?
- Hmm. Pəncərələr... Nə görməliyəm ki? Orada da hansısa insanlar yaşayır. Kimlərinsə pəncərəsidir.
- Aha. Düzgün dediniz. Bu sizə xas olan bir düşüncə tərzidir. Kimlərsə yaşayır. Hansısa insanlar. Kim, Hansı. Hansısa, necəsə, niyəsə... Siz də hamı kimi bu sualları artıq sual kimi yox, adi cümlədə işlədirsiniz. Fərqimiz də bundadır. Mən demirəm orada hansısa insanlar yaşayır. Mən soruşuram - orada hansı insanlar yaşayır? Baxın fərqimiz bundadır.
- Oğlum, səni başa düşürəm.
- Ee, heç nə başa düşmürsüz...
Sağ tərəfdən birinci pəncərə - Türkan. Sevgilisi onu atıb. Hər gün axşam telefonundakı mahnılara qulaq asa-asa pəncərədən baxır. Oğlan indi zibilçənin biri ilə gəzir. Türkanı isə bir il istifadə edib atdı.
Sağdan ikinci pəncərə -Tofiq kişi, şəkər xəstəsidir. Gecələr durub ayaqyoluna gedir. 2 saat oradan çıxa bilmir. Bilirsiz niyə çünki işəyə bilmir. İki saatdan sonra sidiy qanla çıxır. Qanlı tumanını gecə dəyişib yerinə uzanır.
Növbəti pəncərə - bu cavan ailənin bir günü də davasız keçmir. Televizor üstündə hər axşam dalaşırlar. Oğlan futbolçudur. Qız isə nazirlikdə işləyir.
O biri pəncərə - Fuad. Kitabı çıxmayan şair. Öz şeirlərini yüz nəşriyyata göndərib, amma hamısında deyiblər ki, sənin şeirlərin heç kəsə maraqlı deyil. Amma Fuadın bu şeirlərdən başqa heç nəyi yoxdur.
O biri pəncərə - Ağamirzə kişi. Qarabağ əlili.
O biri - Tükəzban xanım, əyyaş ərin sədaqətli xanımı.
O biri – fahişə, hər günorta qonşuluqdakı oğlanlardan biri onlara qonaq gedir. Və işə başlayırlar. Anası evə qayıdanda isə qız kitab oxuyur.
O biri – Dilarə xanım. Dul arvad. Gecələr porno filmlərə baxır. Sonrakı pəncərə tək yaşayan qoca nənədir. İki dəfə pristupu olanda telefona əli çatmayıb. Mən həkimlərə zəng etmişəm. O biri pəncərədə Əli qalır. O birində Qədir. O birində Samir. Başa düşürsünüz indi mən demək istəyirəm?
Bizim baxdığımız eyni yerdir. Amma gördüyümüz başqa şeylərdi. Siz hansısa insanları görürsünüz. Amma mən gedib onların kim olduğunu öyrənirəm. İnsanın gözləri açılanda sevinməyə çox az şey qalır...

O donub qalmışdı. Cənab bığlı professor nə deyəcəyini bilmirdi. Amma nə isə deməli idi.
- Oğlum, sənin dediklərin doğrudur. Ola bilsin ki, insanların çoxlu problemləri var. Amma bu problemləri sən həll etməməlisən ki, dünyanı xilas edəcək qəhrəman sən deyilsən. Oğlum, gözlərini aç, dünyanı dəyişə bilməyəcəksən. Öz həyatını yaşa. Özünü düşün. Başqaları heç səni düşünmür? Sən niyə onları düşünürsən ki? Ailə qur, pul qazan, istirahət elə. Əslinə qalsa hamı xoşbəxtdir. Hətta dilənçilər də öz içlərində xoşbəxtdilər.
- Dilənçilər? Siz heç bilirsiniz dilənçilər necə olur?
- Niyə bilmirəm? Mən psixoloqam. Mən onlarla söhbət eləmişəm.
- Bravo bravo. Əla. Söhbət eləmisiniz... Bəs özünüz heç dilənmisiniz?
- Yox, yox. he he..
- Onda bilmədiyiniz şeylərdən danışmayın. Dilənən adam xoşbəxtdir? O bilirsiniz sizə necə baxır? O dilənçi. Bilirsiniz? Əgər küçədə ona 100 dollar da versəniz ürəyində sizi söyəcək. O sizə nifrət eləyir. Sizə, mənə, hər kəsə. Dünyaya nifrət eləyir. Mən dilənmişəm. Mən bilirəm bu necə olur. Gözəl paltarları yandırmaq, təmiz sifətləri cırmaq istəyirsən.
- Oğlum, səni başa düşürəm. Çalış bir neçə gün istirahət elə. Mən sənə bu dərmanları yazım. Səndə sinir rahatsızlığı var. Çalış daha çox əylən, qızlarla daha çox vaxt keçir. Sənə seks lazımdır. Bir az da komediyalara bax..
Kişini söymək istəyirim. Birdən Balu və Sutanın nağılı yadıma düşdü. Mən əmin olduğum şeyləri ona sübut etmək istəyirdim. Yenə də eyni səhvi buraxıram. Olmaz. Bu insanı dəyişə bilməyəcəm. Vaxtımı ona sərf etməyim.
- Yaxşı dayı. Başa düşdüm. Siz düz deyirsiniz. Mənə bir az əyləncə lazımdır. Düz deyirsiniz. Çox saq olun ki, məni özümə gətirə bildiniz. Sizə dərdlərimi danışdım. İndi özümü çox rahat hiss edirəm.
Elə bil ki, bütün içim boşalıb. Çox saq olun.
Kişinin uzun bığlarının altından dişləri parıldamağa başladı. O öz missiyasını yerinə yetirmişdi. Bir az da nə isə danışıb papağını götürüb getdi. Mən də arxasıyca əl elədim. Üzünü çevirəndən sonra isə "ortancıl barmaq”.

Ardı var...

 

(səs: 2)
Şərhlər: 3
Baxılıb: 4 896
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri