Sevgi zərbəsi (5-ci bölüm)

Müəllif: Antikvar
Şərhlər: 6
Baxılıb: 6 481
Səs ver:
(səs: 3)
Səmra yatmısan?"- Xədicə astaca Səmranın yatağına yaxınlaşdı. "Yox, hələ də fikirləşirəm." Səmra Xədicə otura bilsin deyə ayaqlarını bir kənara çəkdi. "Nəyi düşünürsən?"-soruşsa da əslində Səmranın nə fikirləşdiyindən qorxurdu. Ən çox da yenidən içinə qapanmasından, həyatdan küsməsindən qorxurdu. Zərifənin dedikləri Xədicənin yadindan çıxmamışdı. Həm onun halına acıyır, həm də öz sözlərinə görə az da olsa xəcalət çəkirdi. Amma Səmranın nələr düşündüyünü bilmək borcu idi. Axı, o, Səmra üçün gəlmişdi bura. Onu tək qoymamalı idi. Xədicəni fikirlərindən Səmranın dedikləri ayırdı. "Bilirsən, Xədicə, mən bilmirəm, Zərifənin yerində olmadığıma görə sevinim, yoxsa Mahir kimi alçağı sevdiyimə görə özümə nifrət edim." "Sən heç birini etmə", əslində Xədicə ona təsəlli vermək istəyirdi, amma bacara bilmədiyini hiss etdi. "Səmra, sən Allaha şükr et ki, Zərifənin taleyini yaşamırsan. Şükr et ki, o alçağı ona ərə getməzdən əvvəl tanıdın. Onun əsl üzünü gördün. Buna görə ancaq şükr et. Özünə nifrət etməli biri varsa, o da Mahirdir, sən yox" ...

O gecə Xədicə Səmranın başqa düşündüklərindən xəbərsiz idi. Çünki daha onunla bu mövzu barədə danışmaq istəmirdi. Əksinə, istəyirdi ki, onun başını bacardıqca qatsın. Bacardıqca Mahirə, sevgiyə, Zərifəyə aid olmayan mövzulardan danışmasın. Bunun üçün sabahkı gündən başlayaraq Səmranı özü ilə gəzməyə "məcbur " etdi. Bəhanə etdi ki, uşaq vaxtı Səmra ona bir zaman butun rayonu gəzdirəcəyinə söz verib, amma sözünü tutmayıb. Beləcə 3 gün Səmra ilə rayonun mərkəzi küçələrini, bazarlarını, mağazalarını, parklarını gəzdilər. Hər beş dəqiqədən bir Xədicə ağlına gələn ilk mövzu barədə sual verirdi Səmraya. O da susa bilmirdi. Çünki Xədicə o qədər deyib-gülən insan idi ki, Səmra bir an belə nə Mahiri, nə yaşadıqlarını xatırlamadı. Suallar çoxluğundan Xədicə də yorulurdu, amma məcburdu ki, rəngdən, geyimdən, qarşısına çıxan şirniyyat mağazasından, yaylıqlardan, ağaclardan, güllərdən soruşub Səmranın fikrini dağıtsın. O qədər sual verirdi ki, birinə cavab almadan o birinə belə keçirdi. Amma nə fayda yenə axşam eyni vəziyyət. Səmra yerinə uzanır, amma yatmır. Elə düşünür, düşünür, bir sualına belə cavab tapa bilmirdi. Zərifə ilə Mahirin toyundan bir gün əvvəl Xədicə ilə Səmra bağlarında oturub çay içirdilər. Bunu Xədicə təklif etmişdi. Çünki başqa nə edəcəyini bilmirdi. Səmranın gözü hasar kənarındakı fındıq ağacına sataşdı və gözlərini qırpmadan ona baxmağa başladı. Elə xəyalı gözəl günlərin birinə getdi... Səmranın ad günü idi. Fındıq ağacının altında günorta vaxtı Zərifə ilə 17 yaşını qeyd edirdilər. Səmranın Zərifədən başqa dostu, sirrdaşı yox idi. Bu cür "şənlik" keçirməyi Zərifə təklif etmişdi. Sanki o fındıq ağacı onların böyüməyinə, sirrlərinə, arzularına şahid idi. "Zərifə, sevgi necə hissdir? Səmra, sevgini yaşamayan insan onu anlaya bilməz . Çünki mən sevənə kimi sevginin nə olduğunu bilmirdim. Elə səndə də, elə olacaq. Sevdiyini sonradan biləcəksən. Onunla qarşı-qarşıya dayananda, baxışlarında özünü itirəndə, əllərinə toxunanda şam tək əriyəndə biləcəksən. Zərifə, bəs sənin sevdiyin oğlan necə oldu? Eh, Səmra sənə dedim axı, ona naz edirəm. O da mənim könlümü almaqdan, şıltaqlığımdan zövq alır. Deyir, xoşum gəlir sənin naz etməyindən. Bilirsən, bir dəfə məni sevdiyini də deyib. Amma o qədər tez dedi ki, eşidib eşitmədiyimə inana bilmədim. Sadəcə görüşə bilməmək bizim aramıza soyuqluq salır. Ayda bir dəfə hasar başında iki kəlmə sözü güclə deyirik bir-birimizə. Ancaq məktubla, telefonla yazışırıq, danışırıq. Bir günümü onun səsini eşitmədən yaşaya bilmərəm. Onunla bir ailə qurmaq, övlad sahibi olmaq istəyirəm. Həyatımda keç nəyi, heç kəsi bu qədər arzulamamışdım. Onun varlığı ilə o qədər arzularım yaranır ki içimdə. Hər gecə "yuxun bal tək şirin olsun azizim" deyən sözünü eşitməsəm necə yuxuya gedə bilərəm ki... Allahımdan tək onu istəmişəm onu arzulamışam."

"Səmra, sən hara baxırsan? Deyirəm, gərək ərik ağacı da əkərdiz bura. Eşidirsən?" Səmra qəfldən xəyalından ayıldı. "Nə dedin? "- soruşaraq fikrini cilovlamağa başladı. "Deyirəm gərək bura ərik ağacı da əkərdiz. Sən nə düşünürsən Səmra? O fındıq ağacı sənə nəyi xatırlatdı? " Əslində Xədicə özü də anlamırdı ki, niyə Səmraya bu sualı verdi. Qorxdu ki, yenidən Mahirdən danışacaq, amma içinə qapanmaqdansa, danışmağını istədi. "Bilirsən, Xədicə, o fındıq ağacının kölgəsində başlayıb Zərifə ilə dostluğum. O da bizimlə birgə böyüyüb bu illər boyu. O şahiddir həyatımızdakı bütün sirrlərə. Zərifənin ilk sevgisindən, mənim Mahirə aşiq olmağımdan...." Xədicə hiss etdi ki, Səmra yaşla dolmuş gözlərini ondan yayındırmağa çalışır. Bunun üçün söhbəti dəyişdirməyə başladı.
"Zərifənin sevdiyi oğlanın adı nə idi?"
"Saleh. Niyə soruşdun?" -Səmra fikrini artıq Xədicənin deyəcəklərinə yönəltdi. "Heç deyirəm bəzən düşünəndə xatırla ki, sənin keçirdiklərini Saleh də keçirdir. Əgər Zərifəni sənin Mahiri sevdiyin kimi sevibsə, o da əziyyət çəkir. Yer üzündə xəyanətdən əziyyət çəkən tək sən deyilsən, Səmam. Məni düzgün anla, Mahir sənin sevginin bir damlasına dəyməz. Dəli şeytan deyir, get Zərifənin atasına danış hər şeyi. Vursun öldürsün Mahiri." Xədicə anladı ki, yaman coşdu və Səmra onun son sözlərindən inciyə bilər. "İncimədin sözümdən?". "Yox, niyə inciyim ki, dəli şeytan sənə o yolu göstərir, mənə də deyir ki Mahirlə Zərifə toy günü evdən çıxanda qabaqlarını kəsib tüpürüm Mahirin üzünə, deyim, kişi deyilsən. Sən adam olmayacaqsan. Sənə olan sevgim haramın olsun. "

Birdən Səmra anladı ki, Xədicə ona təəcüblə baxır. Bu səfər Səmra özü mövzunu dəyişdi. "Bilirsən, niyə ərik ağacı əkmirik? Çünki əkənimiz yoxdur " Bu cümlədən sonra Xədicə gülməyə başladı ki, Səmranın da üzü gülsün.... Xədicə uşaq vaxtı yıxıldığı gilas ağacından danışırdı ki, birdən hasardan səs eşitdilər. "Səmra o nə səsdir?" Xədicə diksinərək Səmradan bərk yapışdı. "Qorxma deyəsən biri yolunu səhv salıb".

Bəli, hasarın başına dırmaşan Mahir idi. Qəribəsi o idi ki, Səmra onu görüb heç anasını çağırmadı da. Əslində Mahiri görəndə qulaqlarında Zərifənin sözləri cingildəməyə başlamışdı: "Səmra, bir dinlə məni, gör hadisə necə olumuşdu..." Bəlkə də ona görə Səmra Mahirin deyəcəklərini dinləmək istəyirdi. "Sən kimsən burda nə işin var? Rədd ol xalamı çağıracam bu saat." deyən Xədicə onun üstünə yeridi. "Dayan Xədicə, bu Mahirdi. Sevgimizə ləkə gətirmə deyərək son dəfə bu hasardan aşan Mahir, Zərifəni bədbəxt edən, sevgimizə ləkə gətirən, alçaq Mahir... " Səmra bu sözləri dedikcə gözlərindən damla damla yaş axmağa başladı. Sevdiyi insanı uzun müddətdən sonra ilk dəfə idi ki qarşısında görürdü. Üç ay əvvəl bu rastlaşma olsaydı, Səmra uçardı sevincindən. Amma indi hər şey çox qəliz idi. "Sənə qurban olum Səmra, qovma sözümü dinlə. Sənə dediklərim hamısı doğrudur. Səni bir an belə sevmədiyim an olmayıb. Sən mənim tən yarımsan. Bilirəm, gözlərində daha sevgi qatiliyəm. Amma qulaq as mənə, Zərifə hər şeyi sənə danışdığını dedi. Mən də istəyirəm ki, tamamilə hər şeyi biləsən. " Mahir Səmranın əllərindən bərk yapışdı bütün qəlbi ilə əllərini öpüb sinəsinə sıxdı. "Çək əlini toxunma birdə. Sənin buna bir damcı haqqın yoxdur. Mənim xəyanətimdən qorxan sən idin. Amma sən özün mənə, sevgimizə, arzularımıza elə böyük xəyanət etmisən ki, əlimdən tutmağa nə cəsarət edirsən? Məni düşünmədin, bəs Zərifənin günahı nə idi? Bu qədər ucuz imiş məhəbbətin, bu qədər adi..."  Bu vəziyyəti dəyişmək Xədicənin əlində deyildi. Axı niyə də mane olardı ki. Hər iki tərəf deyiləcəkləri eşitməli, dərk etməli idilər. Sevgilərinin başladığı kimi, bitməsi də elə burda olmalı idi. Ona görə Xədicə nə xalasını çağırdı, nə də onlara mübahisə etməyə mane oldu. Sakitcə iki ağac uzaq durdu ki, həm lazım olsa Səmraya dəstək olsun, həm də Mahirə etibar etmirdi. Səmranı ondan qorumaq daha asan olsun deyə, ağaca söykənərək onların mübahisələrini dinləməyə başladı.

"Səmram mənim, gözümün nuru sənə qurban olum dinlə məni. Axı bir fikirləş, mən sənin sevdiyin Mahir durduğu yerə bu vəhşiliyi necə edə bildim? Bunu düşün. Demirəm ki, Zərifə yalan deyir. Yox, o gün həqiqətən son xatırladığım qatarda dostlarımla yeyib içməyim və bir də ayılanda yanımda Zərifənin ağlamağı, anamla onun anasının da bizə baxmağı idi. Başa düş. Bu mən olmamışam. Qatarda dostlarla deyib gülürdük. Sənə xəbər etmişdim ki gələn kimi anamı elçi göndərəcəm. Amma anama gələcəyimdən xəbər verməmişdim. Ən böyük arzularımı reallaşdıraraq gəlirdim xaricdən. Səni gəlinlik içində evimə gətirmək isə böyük arzum idi. Qatarda oğlanlardan biri təklif etdi ki, birdə birbirimizi görməyəcik ona görə tanışlığımızı qeyd edək. Mən axmaq da narazı olmadım, axı mən hardan bilərdim ki, onlar içkimə uyuşdurucu həb atıblar. İçkini içəndən sonra nəyin necə olduğunu, heç necə qatardan düşdüyümü xatırlamıram. Yadımdadır ki, beynim duman idi. Heç nəyi dərk edə bilmirdim.

Ayılanda isə o səhnə. Elə bilirsən, mən özümə əhsən deyirəm tutduğum işə görə? Yox, əlbəttə. O andan özümə elə nifrət edirəm ki, ən çox da ona görə ki sənin kimi insana etdim bunu. Bacı yerinə hörmətini saxladığım insanı ləkələdim. Səni canımdan varlığımdan da çox sevirəm, Səmra... Amma gəldim ki, daha əzablarına son verəsən. Mən həyatım boyu bu səhvimi daşımağa məcburam, amma sən daşımalı deyilsən. Unut məni, yalvarıram sənə. Bir qara səhifə kimi cır həyat kitabından. Yox say məni, elə tanışlığımızı da. Yenidən qayıt həyatına, davam et onu. Sənin gələcəyin hələ qabaqdadır. Sevgimizə ləkə gətirdiyim üçün ömrü boyu əzab çəkəcəm. Həyatım boyu səndən başqasını sevməyəcəm, bilirəm. Amma sən sevə bilərsən. Sənin üçün gec deyil.... Səni canımdan cox sevirəm bunu heç zaman unutma... Əgər bir gün bacarsan, bağışla məni... "

MÜƏLLİF: Xəyalə Murad
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 6 481
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri