Sənə yazmadım, Səni yazdım (24-cü bölüm)

Müəllif: Diablo
Şərhlər: 0
Baxılıb: 1 815
Səs ver:
(səs: 0)
Oğlum, birinci məni işə çatdır. – Sonra Səmraya baxıb zarafatyana, – Səmra geciksə də olar, – dedi. Nailə
yolboyu iş yerindəki çətinliyindən, işdə məsuliyyət hissinin gərəkliyindən danışa-danışa iş yerinə çatdılar. Nailəylə
sağollaşıb maşınla uzaqlaşan Rəşada Səmra narahat halda
iş yerinin ünvanını izah etməyə çalışırdı. Rəşad da yalandan “hə, bildim, bəs sonra” kimi suallar verir, özünü bu
ünvanın varlığından xəbərsiz biri kimi aparmağa çalışırdı.
Səhər-səhər Rəşad Səmranın iş yerinə gedib onu elə bu boz
kostyumda görmüşdü, amma indi o, Rəşadın maşınında gedirdi. Çox qəribədi, deyirlər insanın ağlına gəlməyən başına gələr, hazırda içində olduğu bu məqam, bu deyimin ən
bariz nümunəsiydi. Rəşadın da belə bir an ağlına gəlməzdi,
ən yaxşı halda Səmranı atasının yanında görüb söhbət etməyi
xəyal etmişdi Rəşad. İndisə Səmra onun maşınında oturub
gah aynaya, gah da əlində saxladığı kağızlara baxırdı. Rəşad
tam aydınlığı ilə dərk edirdi ki, bu sakitliyi pozmaq yalnız
onun vəzifəsidi, həm də ki, 2 ayın anlaşılmaz, narahat, gərgin
gecələrindən sonra bəlkə tale özü işə qarışmışdı, və bu məqamı
boşuna xərcləmək axmaqlıq olardı.
– Sizə bir kitab vermək istəyirəm, deyərək maşının
sürətini azaldıb, az qala 2 ay yarımdır ki, maşınında saxladığı kitabı qıza uzatdı.
Səmra:
– Nə kitabdı belə? – deyərək nəzakətlə kitabı götürüb
kitabın üz qabığında yazılmış sözləri oxudu: “Love letters
of great men”, qızın üzündə təəccüb qarışıq sevincli ifadə
əmələ gəlmişdi:
– Nə yaxşı? Siz bu kitabı hardan almısız? – maraqla
Rəşada baxdı.
Qız suallar versə də Rəşad arxaya baxıb cavab vermədən
maşını sürürdü, bir neçə dəqiqə sonra arxaya çönmədən:
– Bu kitab bir neçə gün əvvəl qarşıma çıxıb, bilirəm
axı siz maraqlısınız, memuarlar, dahilərin xatirələri, məktubları-filan, mən də götürüb atdım maşına ki, ya mamagilə
verərəm sizə versin, ya da özüm imkan olsa sizə verim.
Rəşad düz yola baxa-baxa danışırdı, sanki qız onun üzünə
baxsa yalanını anlayacaqdı.
– Çox sağ olun, çox dəyərli kitab oldu mənimçün, – deyib
Səmra öz minnətdarlığını bildirdi. Çox keçmədən Rəşadın
artıq yerini əzbər bildiyi iş yerinə çatdılar. Səmra təşəkkür
edib maşından düşən kimi Rəşad da sürətlə uzaqlaşdı.
Səmranın Rəşada münasibəti əvvəldən sıradan deyildi, ilk görüşdən onun haqqında müsbət fikir formalaşmışdı, ancaq bu müsbət fikir bir subay qızın əks cinsə olan
münasibəti kimi deyildi, amma kitab məsələsindən sonra münasibət yaxşıya doğru daha artıq dəyişmiş, Rəşaddan
ona yaxşı dost ola biləcəyini belə düşünmüşdü Səmra. Kitab
haqqında evdə bir söz deməmişdi, bilirdi ki, anası bilsə tez ağlına ayrı fikirlər gətirəcək, gərəksiz yerə ümidlənəcək, o, narahat idi ki, Rəşad birdən evdə nəsə deyər anasıgilə, amma görünür, Rəşad da deməmişdi evlərində, çünki Solmaz bilsə yəqin
ki, anasına demiş olardı. Səmra isə ürəyində yəqin Rəşad üçün
bu o qədər əhəmiyyətsiz mövzudur ki, heç evdə deməyə belə
gərək duymayıb.
Kitabı çox həvəslə oxumağa başladı, bu kitabdakı məktubların bəzilərini, məsələn, Bethovenin İmmortal Beloved” (ölümsüz sevgili) adlandırdığı sevgilisinə yazdığı
məktublar, pərəstiş etdiyi Napoleonun arvadı Jozafinaya
yazdığı məktublar və başqa bir iki məktub var ki, Səmra
onları oxumuşdu, oxumadıqları lap çoxuydu içində, onların hamısını toplu kitab şəklində əldə etmək Səmranı çox
sevindirirdi, ürəyində “çox sağ ol, Rəşad” deyib oxumağa
davam edirdi. Səhifə 9-a çatanda Səmra bir az təəccübləndi,
bu səhifədə məşhur dramaturq Villiam Congreve sevgilisi
Arabelle Hunta məktublar yazmışdı, bu səhifədəki bir neçə
sətir yaşıl rənglə işarələnmişdi, kitab təzə kitab idi, bəs onu
kim belə işarələyərdi ki, həmin cümləni Səmra təkrar oxudu: “Nothing but you can lay hold of my mind, and that can
lay hold of nothing but you” (Beynimi sizdən başqa kimsə
ələ keçirə bilməz və beynim də sizdən başqa kimsəni ələ
keçirməz).
Səmra düşündü ki, kim işarələyə bilərdi bu fikirləri –
Rəşadmı, yox, oxusa, əlbəttə ki, mənə nəsə deyərdi. Bəs
kim ola bilərdi?! Sonra Səmra düşündü ki, kim olur olsun,
Rəşad belə olsa hər halda həqiqətən çox dərin mənası olduğu üçün işarələyib. Oxuduqca kitaba elə aludə oldu ki,
onda təəccüb doğuran bu anı da unutdu... Kitabı oxuduqca
ürəyinə toxunan sətirlər onun xəyalını uzaqlara, yaralanmış
qəlbinin tək sahibinin yanına, Atabəyin yanına aparırdı.
Səmra kitabı çox həvəslə, həyəcanla bitirdi, kitabı
oxuyub qurtaran kimi onda bir arzu baş qaldırdı: Rəşada
minnətdarlıq etmək, belə dəyərli kitabı ona verdiyi üçün kitab bitdikdən sonra mütləq minnətdarlıq etmək gərəkdi, ancaq necə? Bunu ancaq telefonda edə bilərdi. Rəşadın telefon nömrəsi isə onda yoxuydu, birdən facebook yadına düşdü, bəlkə də Rəşadı burda tapmaq olardı. Səmra aktiv sosial
şəbəkə istifadəçisi deyildi, facebook-u həftələrlə istifadə
etməsə də facebook hesabı varıydı. Süleymanov Rəşad yazan kimi oxuduğu universitetin adı Hacəttəpə və şəkli çıxdı.
Səhifəsinə girəndə burda Rəşadın tələbə yoldaşları ilə çoxlu şəkillərinə baxıb bir-birindən maraqlı statuslarını oxudu.
Rəşadı tanıdığı qədər və şəkillərdəki gülər üzü bu oğlanın
xeyirxah, optimist, nikbin biri olduğundan xəbər verirdi, bu
baxışlarda, bu üzdə nədənsə narahatlıq, nigarançılıq yoxuydu, baxışlarında arxayınlıq varıydı nəsə. Ancaq hər nə idisə
Səmra onu yaxşı xoş adam kimi qiymətləndirirdi və Səmra
vaxt itirmədən mesaj bölməsinə girib öz ürək sözlərini yazıb göndərdi: “Kitabı oxudum çox ürəyə toxunan gözəl
məktublar varıydı içində, bu günə qədər mənə hədiyyə
olunan ən dəyərli kitablardandı, kitab rəfimə belə qiymətli
kitabı əlavə etdiyiniz üçün sizə dərəcəsiz minnətdarlığımı
bildirirəm!”
10 dəqiqə keçməmiş Rəşaddan mesaj gəldi: “Nothing
but you can lay hold of my mind, and that can lay hold of
nothing but you”. Səmra telefon əlində donub qaldı, kitabda
işarələnmiş fikirləri indi Rəşad ona göndərmişdi, deməli,
Rəşad özü Səmra oxusun deyə işarələmişdi. Hər şey onun
başa düşdüyü kimiydimi? Yoxsa Rəşadın fərqli hissləri varıymış demək ona qarşı? O, vur-tut həyatında iki dəfə gördüyü adamdan özünə qarşı nəsə hiss etməmişdi, ancaq fakt
idi ki, bu mesaj Rəşaddan gəlmişdi. Səmra ürəyində “Keşkə
nəsə yanlışlıq ola” düşündü. Rəşad kimi oğlanın belə “lazımsız” vəziyyətə düşməyini istəməzdi o. Qəribəydi, Səmra
bu kitabı hansı hisslərlə oxumuşdu, Rəşad nə niyyətlə vermişdi... Rəşadın müəmmalı mesajından üç gün keçmişdi. Səmraya Rəşaddan növbəti mesaj gəldi, burda telefon
nömrəsi, və əlavə: “Salam, bu gün işdən sonra mənə vaxt
ayıra bilərsinizmi? Əgər vaxtınız olsa saat 5-də iş yeriniz
yerləşən küçənin başında gözləyəcəm.
Səmra artıq söhbətin hansı mövzuda olacağından əminiydi, və ürəyində söhbət etsək yaxşıdı, qoy birdəfəlik həll
olsun məsələ, bilsin ki, məndən ona xeyir gəlməz.
Səmra sürücüyə bu gün iş yerindən qızlarla proqramı
olduğunu demişdi ki, gəlməsin. Binadan çıxanda Səmra
küçənin başına baxdı, dediyi kimi Rəşad onu gözləyirdi.
Səmra da artıq narahat olmağa başladı. Ona rədd cavabı
vermək Səmra üçün elə də asan deyildi, belə rədd cavablarını çox oğlana asanlıqla versə də indi vəziyyət fərqliydi,
həm çox yaxın olan ailənin oğluydu, həm də ən əsası bu
oğlana qarşı içində həqiqi hörmət varıydı.
Yaxınlaşıb salamlaşdılar, Səmra Rəşada bircə dəfə nəzər
salan kimi ondakı əvvəlki arxayınlığın, rahatçılığın yoxluğunu gördü. Səmra özü də narahat olmasına baxmayaraq
zahiri soyuqluğunu qoruya bilirdi.
Rəşad ona:
– Tanıdığım bir kafe var, bəlkə orda danışaq?
– Gedək, – dedi Səmra. İlk dəfəydi ki, Rəşad ona sən
deyə müraciət edirdi, yəqin ürəyini açmaq istədiyi qıza siz
demək ona mənasız gəlmişdi. Baxmayaraq ki, kafenin yolu
uzaq idi, ancaq yolboyu bir kəlmə də danışmadılar.
Kafedə oturub çay içdikdən bir müddət sonra Rəşad,
ətrafa göz gəzdirib bir az narahat halda sözə başladı:
– Mesajdan sonra yəqin ki, burda danışılacaq söhbətin
mövzusunu bilirsən, – deyib Səmranın üzünə diqqətlə baxdı, elə bil qızın gözlərində cavab axtarırdı.
Səmra nə düşündüyünü gizlətmədən Rəşada söylədi, rol
oynamaq ona görə bir iş deyildi.
Rəşad qızın sakit, açıq rəftarından ürəklənərək sözə başladı:
– Ən əvvəl istəyirəm deyəm ki, nə o mesajdan, nə də
bu görüşdən evdəkilərin xəbəri var. İstəyirəm biləsiniz ki,
ailəmin sözü ilə mən burda deyiləm, – deyib bir qədər dayandı, söz tapmaqda çətinlik çəkən adamlar kimi sağa-sola baxıb yenə sözə başladı, – bir sözlə, sizi düşünmədiyim bir
günüm belə yoxdu, bilmirəm, bu nə hissdirsə az qala üç aydır, yəni sizi tanıyandan mənim rahatlığım alınıb əlimdən,
– Rəşad istədi desin ki, sənin iş yerinə gəlib uzaqdan səni
görürdüm, demədi, qızın yanında özünü çox da zəif kimi
göstərmək istəmədi, sonra qızın utanmış üzünə baxıb: –
sizə demək istəyirəm ki, bir az düşünün, bəlkə də bizdə alınar, – o öz sözünü qurtarıb Səmradan cavab gözlədi.
Səmra üçün gözlədiyindən də ağır idi bu dəqiqələr.
“Keşkə bu dözülməz an tez bitəydi” – deyə ürəyində Allaha
yalvarırdı, ancaq cavab verməliydi.
– Sizə hörmətim böyükdü, siz həqiqətən hər qızın arzulayacağı oğlansız, amma mən sizə deməliyəm ki, – deyib Rəşada baxdı, yadına hardasa eşitdiyi bir fraza düşdü:
“ammadan əvvəl deyilmiş bütün sözlər mənasızdı” və çətin
də olsa sözlərini bitirməliydi, – siz bilməlisiz ki, mən siz
istəyən biri deyiləm, bu klassik cavab olsa da deməliyəm
ki, siz daha yaxşısına layiqsiz, – bu zaman Rəşad onun sözünü kəsib tamam başqa bir ifadəylə:
– Bəlkə həyatınızda kimsə var?! Əgər belədirsə sizi bir
də narahat etmərəm.
Deyirlər həyatımda biri yox, birində həyatım var...
Ürəyində birisi ola-ola kiminsə sənə sevgi etirafı telefonun
məşğul olması kimi bir şey idi, ən vacib zənglər belə cavabsız qalırdı. Səmra da bu vəziyyətdə idi. O, Rəşadın tutqun
üzünə baxıb:
– Heç kim yoxdu həyatımda, – söyləyəndə bu sözü eşidən Rəşadın sevincdən gözləri parıldadı.
– O zaman niyə yox? Xahiş edirəm mənə açıq denən görüm niyə yox axı?
Səmra ürəyini kiməsə açası deyildi, amma bu suallar
onun dərdini təzələyirdi. Bir az kövrəlmiş səslə:
– Mən heç kimi xoşbəxt edə bilmərəm, insan gərək özü
xoşbəxt olsun ki, kimisə xoşbəxt etsin, – deyib gözündən
axan yaş damcısını Rəşad görməsin deyə üzünü çevirdi.
Qızın ağladığını görüb çaşmışdı Rəşad, onu bu qədər
incitdiyinə görə özünü qınadı, həyəcanlı halda daha səmimi
bir səslə:
– Səmra, mən səni incitmək istəməzdim, – deyib əlindən
tutdu, Səmra nə əlini çəkir, nə də göz yaşını saxlaya bilirdi.
Bir az sakitləşəndən sonra Rəşada baxıb:
– Sən məni incitmədin, mənim bu hala düşməyimin
səninlə bir əlaqəsi yoxdu, sənə yox deməyimi özünlə bağlama, problem tamamilə məndədi, heç kim məni incidə
bilməz, mən zamanında elə möhkəm incimişəm ki, hər
şeydən – özümdən də, hamıdan da... – Qızın danışığından
heç nə anlamayan Rəşad nəfəs almadan ona qulaq asırdı ki,
nəsə başa düşsün.
İndi isə xahiş edirəm məni apar evə düşür, elə bilək bu
söhbət də heç olmayıb.
Bu zaman Rəşad qətiyyətlə:
– Sizi indi aparıb evə düşürsəm də cavabınızı ciddi qəbul
etmirəm. Elə yetərli bir səbəb demədiz ki, mən də buna görə
sizdən uzaq durum. – Söhbət zamanı onu özünə gah yaxın,
gah da uzaq hiss etdiyindən Rəşad ona gah sən, gah da siz
deyirdi.
– Sizi üzdüyümçün məni bağışlayın, inanın istəməzdim.
Siz həmişə mənim dostum olaraq qalacaqsınız, – əgər
özünüz də istəsəniz, ancaq xahiş edirəm bundan artığını məndən gözləməyin, – deyib ayağa qalxdı. Səmra rədd
cavabını verdikdən sonra nə qədər yorğun görünürdüsə,Rəşad da rədd cavabı almasına baxmayaraq bir o qədər israrlı, qətiyyətli görünürdü.
O gün haqqında hər iki ailə xəbərsiz olsa da Rəşadla
Səmra arasında adı bilinməyən gizli bir bağ yaranmışdı,
görüşdükləri gün Rəşad ondan telefon nömrəsini aldığından artıq telefonla ona hər gün mesajlar yazırdı, bu mesajlar oxuduqları kitablardan, iş yerində başına gələn maraqlı əhvalatlardan, ailəsində baş vermiş xüsusi hadisələrdən
ibarət idi. Burda Səmranı bezikdirən, yoran heç nə yoxuydu, mesajlar elə yazılırdı ki, sanki sual vermədən, ən əsası,
heç bir cavab tələb etmədən söhbət edirsən və zaman
keçdikcə Səmra bu mesajlara öyrəndi və hətta hadisələrə
öz münasibətini bildirməyə başlamışdı da. Ancaq elə günlər
olurdu ki, Səmra yazılanlara cavab vermir, münasibət bildirmirdi. Bu zaman Rəşad inanılmaz səbir nümayiş etdirirdi, mütəmadi mesajlar ardı-arası kəsilmədən gəlirdi. Az
keçmədi Səmra özü belə fərqində olmadan Rəşad ona ən
yaxın söhbət yoldaşı, ən səmimi dost oldu, amma bu hələ də
Səmranın onun hisslərinə cavab verməsi deyildi.
Bir gün, anası iş yerinə zəng vurub:
– Bu gün mümkün qədər tez gəl, işimiz var, – deyəndə,
Səmra evdə nə olduğunu dönə-dönə soruşsa da anası heç nə
demədi və işini tələsik qaydaya salıb günortadan evə getdi.
Evə girən kimi anasını mətbəxdə başı qarışıq görüb nə baş
verdiyini soruşanda anası xidmətçilərin yanında danışmaq
istəmədiyindən tez mətbəxdən çıxaraq Səmraya “otağına
get” deyib özü də onun arxasınca gəldi. Səmra:
– Hə, mama, de görüm, məni niyə çağırmısan işdən? –
soruşanda anası sevincək üzlə:
–Bu gün Sabir müəllimgil bizə gəlir. Solmaz dedi ki, xeyir iş üçündü.

Müəllif:Dilşad Talıbova[/i]
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 1 815
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri