İçkili qayını ilə yatan qadını əri doğradı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 12 161
Səs ver:
(səs: 5)
Alik Bakıda doğulub. Anası rus, atası azərbaycanlıdır. Qardaşı doğulanda onun 4 yaşı olub. Anaları Seymuru dünyaya gətirdiyi vaxt həyatını itirib. Xatırlayır ki, həmişə qardaşını qorumaq məcburiyyətində qalıb. Qardaşı Seymur uşaqlıqdan epilepsiya xəstəliyinə tuş gəldiyi üçün yanında həmişə kiminsə olması lazım gəlirmiş. Ataları Sumqayıtda, zavodda işlədiyi üçün işi ağır olurdu. Uşaqlar onu ancaq yatmazdan 1-2 saat əvvəl görə bilirdilər. Alik yaşa dolduqca evdə atasını əvəz etməyə başlayırdı. İki uşaq, çətin şəraitdə bütün günü işləyən ata oğullarına ögey ana əziyyəti vermək istəmirdi. Alik dərsdən gələn kimi kiçik qardaşı Seymura yemək hazırlardı. O özü də bilmədən kiçik qardaşının həm atasına, həm də anasına çevrilmişdi. Öz dərslərindən əvvəl onun dərslərinə kömək edər, atası gələnə qədər qardaşının nazı ilə oynardı. Məktəb, yaşadıqları binadakı qonşular demək olar ki, valideynsiz böyüyən uşaqların tərbiyəsinə, davranışına həsəd aparırdılar.

Alik məktəbi bitirdiyi il sənədlərini Azərbaycan Neft Akademiyasına verir. Tələbə həyatını da demək olar ki, ev qayğıları çəkməklə keçirir. Dərsdən sonra iş tapıb qaravulçu işləyir. Qardaşının əyin-başını təmin edir. Atası isə aldığı fəhlə maaşı ilə yalnız uşaqlarının qidasına pul çatdırır.

Alik universiteti bitirdiyi il qardaşı Seymur Azərbaycan İqtisadiyyat Universitetinə daxil olur. Qardaşının özünün yaşamadığı tələbə həyatını yaşaması üçün əlindən gələni edir.

Alik imtahanla yaxşı işə qəbul olunur. Maaşı atasını sevindirir. Ancaq bu müddətdə ürəyində gizli sevgisi olduğunu nə qardaşına, nə də atasına açır. O, Seymurla paralel siniflərdə oxuyan Nərmin adlı çəlimsiz, gözləri yamyaşıl, hündür qamətli bir qıza aşiq olmuşdu. Nərminlə qonşu binalarda yaşasalar da ürəklənib ona sirrini aça bilmirdi.

Seymur artıq ikinci kursu bitirirdi. Dərsləri də yaxşı gedirdi. Qardaşı onu işləməyə qoymurdu. Uşaqlığındakı kimi şıltaq həyatına davam edirdi. Nadir hallarda da olsa onun epilepsiyası arada tuturdu. Hər dəfə xəstəlik özünü büruzə verəndə Alik cəhənnəm əzabı çəkirdi. Qardaşını itirməkdən çox qorxurdu.

Dərs ilinin sonu idi. Seymur qardaşı ilə dənizdən qayıdırdı. Qardaşı Alikin kefinin yaxşı olduğunu görüb ona ürəyini açdı. Seymur evlənmək istəyirdi. Alikə əlində böyüyən qardaşının evlənmək istəyi həm gülməli, həm də qəribə gəlirdi. Ancaq o qardaşına evləmək üçün kömək etməyə hazır idi. Seymur Aliki əmin edirdi ki, sevdiyi qız çox yaxşıdır, anlayışlıdır. Onlardan nə təmtəraqlı toy, nə də çoxlu qır-qızıl tələb edəcək. Beləliklə, qardaşlar qərara aldılar ki, axşam ataları işdən gələndə Seymurun evlənmək qərarını ona desinlər.



Atası işdən gələn kimi Alik gülə-gülə Seymurun evlənmək istədiyini dedi. Atası və  Alik Seymurun qardaşının tələsik evlənmək istəyinə güldülər. Atası isə Alikin böyük qardaş olduğunu, növbənin onda olduğunu deyirdi. Alik atasına etiraz etdi ki, onun hələ evlənmək niyyəti yoxdur. Seymur arxayınlıqla evlənə bilər.

Atasının maraqlandığı isə qızı hardan tanıması, qızın ailəsininin kimliyi idi. Seymur nəhayət ki, evlənmək istədiyi qızın adını, kimliyini deyir.

Qız Alikin uşaqlıqdan bəri sevdiyi Nərmin idi! Dünya Alikin başına dolansa da, səsini çıxarda bilmir. Atası onun vəziyyətinin pisləşdiyini anlayır. O isə deyir ki, dənizdə onu gün vurub.

Alik səhərə qədər öz otağına çəkilib ağlayır. Qardaşdan çox övladı kimi sevdiyi Seymur üçün o həm uşaqlığını, həm də gəncliyini qurban vermişdi. Onun xoşbəxtliyi üçün hər şeyə hazır idi. Həm də Seymur günahkar deyildi ki, o, sevgisini vaxtında qıza etiraf etməyib. Həmin gecə Alik and içir ki, Nərmini ürəyindən birdəfəlik çıxarsın. Axı, Nərmin onlara gəlin gələcəkdi. Ancaq qardaşı üçün...

Söhbətdən iki ay sonra Alikin atası və əmisi musiqi texnikumunda təhsil alan Nərmingilə elçi gedir. Ailələr bir-birlərini bəyənir. İkinci elçilikdən sonra isə nişanın günü məlum olur.
Bu dövrdə isə Alik Nərmini unutmaq üçün Şəbnəm adlı qrup yoldaşı ilə görüşməyə başlayır. Bir müddətdən sonra öz-özünü aldatdığını anlayır.

Toy günü Alik hamıdan çox sevinib şənlənir. Qardaşının toyunun bütün xərcini özü çəkir. Amma özünü nə qədər məcbur edirsə, Nərminin üzünə  baxa bilmir.
Toy gecəsi gəlni evə gətirdikdən sonra Alik və atası qohumların evinə gedir. Alik həddən çox içkili olduğu üçün həmin gecəni xatırlamır. Toy gününün səhəri məlum olur ki, Nərmin bakirə deyil. Bu sirri aşkarladıqdan sonra Seymur onu döyür. Alik və atası nə qərar verəcəklərini bilmirdilər. Xəbərin kənara çıxmamağına çalışır, Seymuru sakitləşdirirlər. Nərmin isə bakirəliyini hələ 15 yaşı olanda, qəza nəticəsində itirdiyini iddia edir.

Seymur buna inanmır. Evləndikləri ilk gündən aralarında hər gün mübahisə olur. Mübahisələri getdikcə böyüyür. Alik iki sevdiyi insanın hər gün necə bir-birlərini məhv etdiyinə göz yuma bilmir.

Evlilikdən 4 ay beləcə keçir. Seymur bir müddət uzaqlaşmaq üçün heç kimə xəbər vermədən universiteti atıb Rusiyaya gedir. Qardaşı və atası onu aylarla axtarmalı olur. Nərmin isə bu müddətdə evdən çölə çıxmırdı. Bir gecə öz otağına çəkilib içki içən Alik evdə hamının yatdığını görüb arxayınlıqla hamama girib vanna qəbul etmək qərarına gəlir. Hamamın qapısını bağlamadan vannanı doldurub suya uzanır. İçkinin və isti suyun təsirindən gözləri qapanır. Gözlərini açanda isə Nərmini çılpaq vəziyyətdə özü ilə birgə vannada görür.

İçkinin və Nərminə illərdən bəri hiss etdiyi ehtirasın təsirindən özünü qoruya bilmir...
Özünə gələndə nə qədər böyük səhv elədiyini anlayır. Bunda isə ancaq Nərmini günahlandırır. Onun içkili vəziyyətindən istifadə edib qardaşına xəyanət etmişdi. Özünü bağışlaya bilmirdi.

Günah və xəyanət dolu gündən heç bir həftə keçməmiş Seymur Rusiyadan evlərinə geri qayıdır. O deyəsən, hər şeyi unutmuşdu. Rusiya həyatı Nərminin toy gecə bakirə olmadığını, dava etdiyi günləri onun yadından çıxara bilmişdi. Münasibətləri həmişəki qaydasına düşmüşdü. Aliksə qardaşına xəyanət etdiyini düşünəndə intihar etmək istəyirdi.Özünü bağışlamamışdı.

Evdən bir müddət uzaqlaşmaq üçün iş gəzintisi adı ilə kirayə ev tutub evdən çıxır. Yalnız qardaşı zəng edib ata olacağı xəbərini verəndən sonra evə qayıdır.
 6 il beləcə keçir. Alikin həyatında saysız-hesabsız qadınlar olur. Lakin o, heç kimlə ciddi münasibətlərə girmək istəmir;  nə özünü, nə də Nərmini bağışlamırdı.  Nərminlə Seymurun artıq 5 yaşlı Davud adlı oğulları var idi. Evdə olduğu müddətdə Alik Davuddan başqa heç kimlə ünsiyyətə girmirdi. Ancaq qardaşı oğlu ilə oynayırdı. Nərmin isə bu müddətdə musiqi texnikumunu bitirmişdi. İndi onun ətrafında çoxlu müğənnilər var idi. Hər həftə onu harasa dəvət edirdilər. Alikin qulağına çatmışdı ki, qardaşı arvadı özünü həmin məclislərdə evli kimi aparmır, məclislərin birində tanış olduğu bir kişi ilə mütəmadi görüşür.

Bunun haqq hesabını çəkmək istəyirdi. Qardaşı arvadını evdə tək tutub danışmaq istəyirdi. Yay gecəsi qardaşının, Davudun və atasının dənizdən gec qayıtdığını görüb Nərmini söhbətə çəkdi. Bir neçə saat mübahisədən sonra Alik əsəblərini sakitləşdirmək üçün əlini içkiyə atdı.


6 il əvvəl baş verənlər təkrarlandı: xəyanət yenidən yaşandı. Yayın istisində, qaranlıq gecədə qəfildən xəyanətlə məşğul olduqları otaqda işıqlar yandı. Gələn Seymur idi. Alik içkinin təsirindən çıxa bilmirdi. Nə qədər çalışsa da, yataqdan qalxa bilmədi. O, yerindən addımalaya qədər Seymur stolun üstündən götürdüyü bıçağı Nərminin sinəsinə sancdı. Bir əli ilə də yaralı Nərminin boğazından yapışıb boğub öldürdü. Seymur qardaşını da təpikləyib döyməyə başladı. O, yenə də ayılmırdı.

Az keçməmiş binanın qarşısını polis maşınları aldı. Seymuru polislər, Aliklə Nərmini isə həkimlər maşına qoyub apardı. Gözünü xəstəxanada açanda Alik öyrəndi ki, Nərmin yerindəcə keçinib. Qardaşı isə istintaq təcridxanasındadır.

Alik xəstəxanadan çıxandan sonra atası ürək tutmasından dünyasını dəyişdi. Davuda o baxmalı oldu. Bircə dəfə də olsun qardaşını görməyə həbsxanaya gedə bilmədi. Özünü günahkar hiss edirdi. Bacarmırdı. Utanırdı. Ölməməyinə səbəb isə balaca Davud idi.

Nərminin ailəsi təxminən 1 il sonra Alikə bir sirr açdı. Nərminlə Seymurun arasında heç vaxt cinsi əlaqə olmamışdı. Uşaqlıqdan epilepsiyalı Seymur həm də impotent imiş...
Davud  Alikin doğma oğluymuş...Həyat Aliklə çox pis davranmışdı. Səhvləri,zəhmətləri onu həyatdan bezdirmişdi. O həm qardaşına, həm də sevdiyi qadına olan hisslərinin qurbanı idi.

P.S Əziz oxucu, heç vaxt sevgini gizlətmə. Sevgini gizlətməyin tək sənin yox, başqalarının da həyatının uçuruma düşməsi ola bilər.

Asya // Publika
(səs: 5)
Şərhlər: 3
Baxılıb: 12 161
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri