Yazgül Mərdəkanda doğulub. 28 yaşı
var. Ailədə beş bacı, bir qardaş olublar. Maddi vəziyyətləri ağır olduğu
üçün valideynləri bacıları erkən yaşda ərə verməyə çalışıb. Dördüncü
sinifdə oxuyanda məktəbdən ayrılıb. Evdə, həyətyanı sahədə anasına kömək
edib. Evin ikinci övladı olan Yazgül də 17 yaşında ailə qurub.
Qonşuluqda yaşayan qadın ona oğlu üçün elçi gəlib. Qonşunun oğlu Həmid
Yazgüldən 14 yaş böyük olub. Evliliyə etiraz etsə də, valideynlərinin
təkidi ilə ailə qurub.
Həyat
yoldaşı Həmidlə birgə Rusiyanın Tver vilayətinə köçüb. Həmid Tverdə
kiçik ticarətlə məşğul olub. Ailə qurduqdan üç ay sonra hamilə qalıb.
Hamiləliyi çox ağır keçdiyi üçün evdən bayıra çıxa bilməyib. Bu müddətdə
Yazgül yaşadığı şəhərdə heç yeri tanıya bilməyib. Hamiləliyinin altıncı
ayında əri Həmid ağır qəza keçirib. Onun ayağına işlədiyi mağazada ət
baltası batıb. Balta paslı olduğu üçün yaralanan yer sürətlə
infeksiyalaşıb. Bir ay sonra isə Həmid dünyasını dəyişib. Hamilə,
yaşadığı yerə nabələd Yazgül 3 gün ərinin meyiti ilə tək qalıb. Üçüncü
gün şokdan çıxan qadın qonşuları haraylayıb. Qonşular gələndə Yazgülü
çürüməkdə olan meyitin yanında tapıblar.
Qonşular
həkim və polis çağırıb. Həmidi Rusiyanın Tver vilayətində tanımadığı
insanlar dəfn edib. Yazgül isə nə öz qohumlarına, nə də Həmidin
qohumlarına zəng edə bilib. Heç bir ünvan, telefon nömrəsi xatırlamayan
Yazgül qonşuların ümidinə qalıb. Dəfndən bir həftə sonra Yazgülün
qonşusu hiss edib ki, onun ruhi vəziyyəti normal deyil. Onu xəstəxanaya
yerləşdirib. İki aydan sonra ruhi əsəb dispanserindən çıxarıblar. Ən
dəhşətlisi isə odur ki, Yazgül bətnindəki uşağın hara yoxa çıxdığını
xatırlamır.
Yazgül
deyir ki, qonşulardan uşağı haqda soruşanda ona deyiblər ki,
xəstəxanada onu əməliyyat edib uşağı bətnindən azad ediblər. Uşaq isə
ölü doğulub.
Yazgül xəstəxanadan
qayıtdıqdan sonra qonşusu Kseniyanın oğlunun və gəlininin onun evində
yaşadığını görür. Buna isə heç bir reaksiya verə bilmir. Çünki, onun
başqa çıxış yolu olmur. Rusca bilməyən Yazgül sənədlərini axtarsa da
tapmır. Kseniya onun sənədlərini gizlədir. Bakıya qayıtmağı xəyala
çevrilir.
Yazgül
başına gələnləri xatırladıqca dəli həddinə çatır. Deyir ki, Kseniyanın
gəlini və oğlu ona çox zülm verib. Kimsəsizliyindən istifadə edib öz
evində qulluqçuluq etdiriblər. İki il müddətində səsini çıxara bilməyib.
Çünki, hər dəfə səsini çıxaranda, işləməyə etiraz edəndə Kseniya onu
döyüb. Kseniyanın gəlini ilk uşağını dünyaya gətirdikdən sonra
alkoqolizmə düçar olub. Gün boyu evə topladığı rəfiqələri ilə içib
əylənən Lenanın uşağına Yazgül analıq edib.
Bir
gün Lena yenə adəti üzrə rəfiqələri ilə içib əylənirmiş. Əri isə üç
gündən çox imiş ki, evdə yox imiş. Gecə saat 3-də otaqdan uşağın
ağladığını eşidən Yazgül otağa keçir. Onu sakitləşdirməyə çalışsa da,
uşaq susmur. Uşaq ac olur. Evdə isə körpənin qidalanmağı üçün heç bir
şey olmur. Yazgül məcbur qalıb Lenanı uşağı əmizdirmək üçün çağırır.
Otağa girən kimi Lena Yazügül vurub öz otağına qovur. Yazgül ananın
körpəsini qucağına aldığını gördükdən sonra rahatlayıb öz yatağına
gedir.
Səhər
isə yuxudan qışqırıq, ağlamaq səsinə oyanır. İçəri keçəndə dəhşətli
səhnənin şahidi olur. Kseniya zorla uşağı Lenanın altından çıxarmağa
çalışır. Məlum olur ki, gecə içkili vəziyyətdə uşağını əmizdirməyə
çalışan Lena körpənin üstünə yıxılıb. Daha sonra yüksək alkoqol aldığına
görə onu yuxu tutur. Ağırlığı ilə uşağı boğub öldürüb. Lena evdəki
hay-küyə yenə də oyanmır. Polislər, həkim gələndə uşağı morqa aparırlar.
Tibbi ekspertizanın rəyi isə daha dəhşətli olur. Məlum olur ki, uşağı
Lenanın ağırlığı yox, südlə qanına keçən ağırlıq öldürüb. Həkimlər
körpənin qanından 8% alkoqol tapıb.
Həkim-tibbi
ekspertizanın rəyindən sonra Yazgülün günü daha da qara olur. Lenanı
həbs edirlər. Kseniya isə alkoqollu gəlininə körpə uşaq verdiyinə görə
Yazgülü günahkar hesab edir. Yazgülün günü daha da qaralır.
Təxminən
bir ay sonra milliyyəti özbək olan 50 yaşlarında olan kişi ilə evə
gəlir. Yazgülə paltarlarını yığışdırıb həmin kişi ilə getməyi əmr verir.
Yazgülü öz gözlərinin qarşısında Kseniya özbək kişiyə satır.
Murat adlı özbək kişi onu öz evinə gətirir.
Yazgül
deyir ki, həmin evdə Murat arvadı və uşaqları ilə yaşayırdı. Yazgül bu
evdə həm xidmətçi, həm də Muratın arvadı kimi yaşayır. Yazgül deyir ki,
Muratın evində qaldığı müddətdə onu heç kim döyüb əziyyət verməyib. Hamı
onunla yaxşı davranıb. Ev işləri çox olsa da, günü yaxşı keçib. Dil
fərqi az olduğu üçün tezliklə bir-birlərini anlamağa başlayıblar.
Muratın maddi vəziyyətinin yaxşı olması, evin böyüklüyü problemlərin
qarşısını alıb. Muratdan bir oğlan uşağı dünyaya gətirib. Övladı dünyaya
gəldikdən sonra isə ev işlərini görmək üçün xidmətçi tutulub.
Yazgül
zamanla çəkdiklərini unutmağa başlayıb. Lakin, xoş günlərin ömrü uzun
çəkməyib. Oğlunun bir yaşı tamam olduğu gün Muratı külli miqdarda pul
oğurladığına görə həbs ediblər. Muratın həbsindən sonra ərinin böyük
övladları və birinci arvadı onun evdən çıxmasını istəyib. Gedəcək yeri
olmadığı üçün Yazgül yalvarıb yaxarsa da, ona acımırlar. Yazgülün bu
ailədən yeganə istəyi sənədlərini bərpa etməyə kömək olub. Yazgülün
sənədlərini bərpa etmək üçün Azərbaycanın Rusiyadakı səfirliyinə
müraciət edilib. Müraciətdən 4 ay sonra Yazgülün sənədləri bərpa edilib.
Yazgül deyir ki, sənədlərini əlinə alanda hönkür-hönkür ağlayıb. Yeganə
istəyi vətənə qayıtmaq olub. O, Bakıya geri qayıdıb. Düşünməyib ki,
valideynləri onu evə qəbul etməzlər. Körpə uşağı ilə birlikdə atasının
qapısını döyüb. Başına gələnləri danışıb. Onu evdə heç kim dinləmək
istəməyib. Çünki, Həmidin qohumları deyib ki, Yazgül öz ərini öldürüb.
Sonra da başqa kişi ilə çıxıb gedib.
Yazgülün qucağındakı gözləri çəkik olan körpə Yazgülə doğru danışdığını isbatlamağa imkan verməyib. Ona yalnız bibisi acıyıb.
Yazgül
hazırda bibisinin həyətində, kiçik daxmada yaşayır. "Taleyin şəkli”
layihəsi ilə tanışlığı bibisi qızı Günelin vasitəsi ilə olub. Bibisi
qızı onu danışmağa təkid edib. Taleyini danışdığı insanlara isə Yazgül
demək istəyir ki, o günahsızdır. Nə ailəsinin, nə də öz adına ləkə
gətirməyib. Məcburi evliliklərə, qulluqçuluğa dözüb. Ən böyük utancı isə
övladının atalığının olmamasıdır.
Əziz
oxucu, talelər müxtəlifdir. İnsan acıları, ağrılar isə eynidir.
Başqalarının ağrısını duymaq çətin deyil. Buna yalnız kiçik cəhd etmək
kifayət edir. Acıları duyub məlhəm olmaq, qınamaqdan daha yaxşıdır.