Əhməd
Əyyubov 1989-cu ildə Bakı şəhərində anadan olub. Bir yaşı olanda içkiyə
qurşanan atası həyat yoldaşından ayrılıb. Əhmədin anası 3-cü qrup əlil
və lal-kar olduğundan oğlunu böyüdə bilməyib. Bu səbəbdən Əhməd bir
müddət anasının bibisi Səfurə xanımın himayəsində, sonradan isə internat
evində yaşamalı olub. Artıq 24 yaşı var. Redaksiyamıza üz tutan Əhməd
24 illik acınacaqlı həyatından danışıb...
Əhməd
deyir ki, azyaşlı vaxtlarından pula ehtiyacı olduğu üçün işləməyə
başlayıb: "Hələ orta məktəbə getmirdim. 5-6 yaşlarım olardı, evimizin
yaxınlığındakı mağazada işləyirdim. Anamın bibisi ilə yaşayırdım".
"Anam mənə baxmırdı, günlərlə evə gəlmirdi"
7
yaşında orta məktəbə getsə də, Əhməd yenə də əmək fəaliyyətini davam
etdirib. Onun sözlərinə görə, mağazada günəmuzd işləyib: "Günün sonunda
mağaza sahibi mənə 3 manat verirdi. İşləməyə məcbur idim. Çünki ailə
vəziyyətimiz çətin idi. Anam mənə baxmırdı, günlərlə evə gəlmirdi.
Məktəbə getmirdim, evdən qaçırdım. Küçələrdə butulka yığıb pul
qazanırdım. Məqsədim məni böyüdən Səfurə xalaya əziyyət verməmək idi.
Çünki o vaxt Səfurə xala işləmirdi, 70 yaşı vardı, pensiya ilə
dolanırdı. Məktəbə getmədiyimdən, dərslərimi oxumadığımdan 1-ci sinfi
bitirəndən sonra məni orta məktəbdən çıxartdılar".
"Anam məni istəmirdi, evdən qovurdu"
Əhmədin
sözlərinə görə, məktəbdən çıxarılandan sonra Səfurə xanım onu
Mərdəkanda yerləşən 2 saylı internat məktəbinə qoyub. Burada isə 5-ci
sinfə qədər oxuyub: "İnternat məktəbdə olduğum 4 il ərzində anamın üzünü
bir dəfə də görmədim. Ayda iki dəfə anamın bibisi məni məktəbdən
götürüb evə gətirirdi. Bu müddətdə anamı görmürdüm". Onun bildirdiyinə
görə, anasını görmək üçün min bir bəhanə ilə internat məktəbdən çıxıb
evə gəlirmiş: "Anam məni evdən qovurdu. Deyirdi ki, səni istəmirəm,
mənim sən adda oğlum yoxdur".
2 saylı internat evindən də çıxarılan Əhməd bu dəfə Şüvəlan qəsəbəsində yerləşən əlillər üçün internat məktəbinə yerləşdirilir.
"O məndən qaça bilməzdi"
O
7-ci sinfə qədər həmin məktəbdə oxuyub. Amma dəcəl olduğu üçün buradan
da qovulub: "Bu məktəbdən qovulanda artıq Səfurə xala rəhmətə getmişdi.
2001-ci ilin fevralında anam məni öz himayəsinə götürdü. Artıq
böyümüşdüm, həyatı başa düşürdüm. Anam isə məni başından etmək üçün
aldadaraq Quba şəhərində yerləşən peşə məktəbinə qoydu. 3 il 4 ay orada
oxudum. Qubada olduğum müddətdə sözün əsil mənasında həyatın dəyərini,
anlamını, müqəddəsliyini dərk elədim. Həmin məktəbdə Eynulla müəllim var
idi. Məni məcbur oxutdurdu. 18 yaşım tamam olanda peşə məktəbini
bitirdim".
Əhməd peşə məktəbini bitirdikdən
sonra 2007-ci ildə hərbi xidmətə yollanıb. Hərbi xidmətini başa vurandan
sonra anası ilə yaşamağa başlayıb. Bundan sonra anası doğma övladının
başına daha dəhşətli oyunlar açıb: "Anamın bibisi evini mənim adıma
keçirməyi vəsiyyət etmişdi. Rəhmətə gedəndən 3-4 ay sonra "Təzə Pir"
məscidinin yanında bibimə məxsus olan həmin ev satıldı. Anam məni
aldadaraq dedi ki, orada yaşamağa qorxur, guya həmin evə ruhlar gəlir.
Sonra metronun "Xalqlar dostluğu" stansiyasının yaxınlığında 1 otaqlı
mənzil aldı. Anam isə həmin müddətdə əvvəlcə gürcü, sonra bir ingilislə
yaşayırdı".
Qeyd edək ki, Əhməd dünyaya
gələndə anasının 15 yaşı olub: "Mən bir xəta ucbatından dünyaya
gəlmişəm. Buna görə də anam mənə baxmaq istəməyib, küçəyə atıb. Çünki
cavan olub, həyatını yaşamaq istəyib".
Atalı-analı yetim
Atası
ailəsini atandan sonra ailəsinə demək olar ki, baş çəkməyib: "Atam
əslən Sabirabad rayonundan idi: "Təxminən 5-6 yaşlarım olardı. Atam
həmin vaxt gəlib anamın bibisinə 10 "şirvan" vermişdi. Bundan sonra
atamın üzünü görməmişəm, ailəmizə heç bir yardım etməyib. Birinin atası
öləndə, yetim qalır. Mən isə atalı-analı yetim qalmışam".
Nənənin nəvədən imtinası
Əhmədin
sözlərinə görə, sonralar özü də atası ilə maraqlanmayıb: "İndi atamın
yaşı yəqin ki, 50-dən çox olar. Anamın bibisi mənə deyirdi ki, atam
Sabirabad rayonunda yaşayır. Ailəsi, övladları olduğunu bildirirdilər.
Uşaq vaxtı anamın bibisi məni atamla görüşdürmək üçün Sabirabada aparıb.
Ata tərəfdən olan nənəm həyətdəki iti üstümə qısqırdıb, deyib ki, bizim
belə adda nəvəmiz yoxdur".
Oğlunu atan ananın sevgi macəraları
Əhmədin
sözlərinə görə, anası onu atandan sonra başqa-başqa kişilərlə yaşayıb:
"Anam məni atandan sonra Gürcüstana gedib-gəlir, öz həyatını yaşayırdı.
Heç kimdən çəkinən yerim yoxdur. Anam kefini çəkirdi. Kişilərlə internet
vasitəsilə tanış olurdu. Gürcü oğlanla tanış olmuşdu, bir müddət onunla
yaşadı. Anam işləyib onu da saxlayırdı. 5 ildən sonra həmin oğlan anamı
tərk etdi. Sonradan başqa bir Gürcüstan vətəndaşı ilə yaşadı. Artıq bu
vaxt ağlım kəsirdi, böyümüşdüm. Mən əsgərlikdə olduğum müddətdə anam
cəlilabadlı bir oğlanla tanış olmuşdu. Əsgərlikdən qayıdandan sonra
bunları ayırdım, birgə yaşamağa qoymadım. Hər gün anamın yaşadığı bəylə
dava-dalaş edirdim. Hətta həmin bəy anama deyirdi ki, yaşadığımız evi
satıb, həmin puldan ona 5 min manat versin. Birotaqlı mənzil dəyərində
məbləğin mənə çatacağı təqdirdə evin satılmasına razılaşdım. Məqsədim
həmin pulla özüm üçün ayrıca ev almaq idi. Ancaq anam məni aldatdı, evi
satdı, bir otaqlı mənzil aldı. Mənə isə pul vermədi".
"Anamı qəbul etmirəm"
Əhməd
deyir ki, anası indi Suraxanı rayonunda lal-kar bir oğlanla yaşayır:
"O, yaşda məndən balacadır. Anam iki ilə yaxındır onunla yaşayır. Bu
davranışını qəbul etmirəm, ona görə də evə getmirəm. Anam pul sevən
insandır. Ona pul ver, bütün nəslindən imtina eləsin. O, doğma bacıları,
hətta anası ilə də düşmənçilik edir. Anamın anası hazırda Bayıl
qəsəbəsində yaşayır, xəstədir".
Əhmədin
sözlərinə görə, hazırda qeydiyyatda olduğu evi də anası satıb: "Buna
görə də qeydiyyat məsələm problem olaraq qalıb. Heç kim məni qeydiyyatla
bağlı öz öhdəliyinə götürmür. Nizami rayon Pasport Qeydiyyat İdarəsinə
gedirəm, mənə deyirlər ki, ev satılıb, buna görə də qeydiyyatdan çıxıb,
qeydiyyat üçün ananın üstünə düşməlisən. Anam isə razılaşmır..."
"Gözəl ailə başçısı olmaq istəyirəm"
"Uşaqlıqda
məndən soruşurdular ki, kim olmaq istəyirsən. Deyirdim ki, gözəl ailə
başçısı olmaq istəyirəm. Atasız bir insanam, güvənə biləcəyim həyatda
olmayıb, indi də güvəndiyim insan yoxdur. Ümid insan öldüyü zaman bitir.
Heç bir zaman ümidimi itirməmişəm. Anamın belə bir vəziyyətini nəzərə
alıram. Hər kəsin başına gələ bilər. Bəzən insanları qınayırlar. Amma
mən heç kimi qınamıram. İstəmirəm ki, məni də qınasınlar.
Dul,
şikəst qadın mənim qəbulumdur. Belə insanlarla evlənib, xoşbəxt həyat
sürərdim. Bu mənim içimdən gələn bir duyğudur. Məqsədim odur ki, gözəl
ailəm olsun. Həyatda sevgi görməmişəm".