Tərkibi:
2 kq yaşıl bolqar bibəri
0,5 kq kələm
100 qr acı istiot
100-150 qr sarımsaq (3-4 baş)
2 dəstə cəfəri
2 dəstə nanə
duz və sirkə cövhəri
Hazırlanması:
Bibərlər təmiz yuyulur və saplağı kəsilir, içi təmizlənir. İri qazanda qaynar duzlu suda 3-4 dəqiqə pörtlədilir və aşsüzənə tökülür.
Bibərlər soyuyunca içlik hazırlanır. Kələm və acı istiot çox nazik doğranır. Sarımsaq təmizlənib əzilir və göyərti də doğranıb bir qabda qarışdırılır. Bu içliyə təxminən 1 xörək qaşığı duz əlavə edilir.
Sonra pörtlənmiş bibərlərin içi qarışıqla doldurulur və səliqə ilə balona yığılır. Üstünə duzlu sirkəli su tökülür və kapron qapaqla bağlanıb sərin yerə qoyulur.
Duzlu-sirkəli suyu hazırlamaq üçün 3 litr qaynadılmış və soyudulmuş suya 3 dolu xörək qaşığı duz və 2 x.q. sirkə cövhəri tökülür və qarışdırılır.
Bibərin içini doldurmaq istəməyənlər isə sadəcə pörtlədilmiş bibərləri səliqə ilə balona yığmalı, aralarına 2-3 ədəd bir neçə yerə bölünmüş acı istiot, dilimlənmiş sarımsaq, iri doğranmış cəfəri, kərəviz və nanə qoyaraq, üstünə duzlu -sirkəli su töküb ağzını kapron qapaqla bağlayıb sərin yerə qoymalı.