Azərbaycanda 21 yaşlı qızı qaçırıb, başına oyun açdılar..

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 19 344
Səs ver:
(səs: 4)

21 yaşlı qızım Pərvin Həsənova ötən il fevral ayının 19-da İmişli rayonu Mahmudlu kəndində yaşadığımız evdən, 18 il məhbəs həyatı yaşamış 44 yaşlı Namiq Həsənov tərəfindən zorla qaçırılıb.

 
Qadın hadisə baş verən gün Bakı şəhərində digər qızının toy məclisində olduğunu  deyir:

"Həyat yoldaşım neçə illər əvvəl 3 qız övladı ilə məni ataraq Rusiyaya gedib və geri qayıtmayıb. Bundan sonra övladlarımı özüm böyütmüşəm. Həyat yoldaşımın qohumları ilə əlaqələrimiz soyuyub.

Namiq Həsənov baldızımın oğludur. O, iki dəfə oğurluq, bir dəfə isə qeyri-qanuni yaşadığı qadının 5 yaşlı övladını qətlə yetirdiyinə görə, ümumilikdə 18 il həbsdə olub.

Hadisə baş verən gün Namiq Həsənov, bacısı Afət Həsənova və Xeyrulla adlı sürücü bizə gələrək qızım Pərvini çağırıblar. Qohum olduğumuz üçün Pərvin heç bir pis şey fikirləşməyərək onlara yaxınlaşıb, görüşüblər. Bu vaxt onlar zorla qızımı maşına basaraq qaçırıblar.

Hadisə vaxtı evdə olan 12 yaşlı qızım baş verənləri söyləmək üçün xalasıgilə gedib. Mənə xəbər çatanda, elə həmin gün kəndə qayıtdım, polisə xəbər verdik.

Bir gün sonra Pərvin ağlaya-ağlaya mənə zəng vuraraq "məni bunların əlindən alın” deyə fəryad qopardı. Bundan xəbər tutduqdan sonra, onlar telefonu qızdan aldılar.

Polisin axtarışından sonra məlum oldu ki, qızı Ağcabədiyə aparıblar və burada müqavimət göstərdiyi üçün döyüb, hədə-qorxu gəliblər. Oradan isə qızım, Beyləqan rayonuna aparılıb. Qayıtmaq istədiyi üçün burada da ona işgəncə veriblər. Beyləqanda nəhayət ki, polis izə düşərək qızı onların əlindən alıb.

Pərvin başına gətirilən min bir əzab-əziyyətdən sonra ciddi psixoloji travma alıb. İndi ancaq onu bu vəziyyətə salanların cəzalandırılmasını istəyir”.

S.Həsənova bildirib ki, hazırda Namiq Həsənov tutulub və barəsində cinayət işi açılıb.

Ancaq ananı narazı salan məqam cinayətkarların cəzalandırılması istiqamətində ötən bir il ərzində heç bir işin görülməməsidir:

"Bu hadisəni Namiq Həsənov tək törətməyib. Qızımın qaçırılmasında onun bacısı Afət və Xeyrulla adlı sürücü də iştirak edib. Bu insan oğurluğu hadisəsidir. Hələ bu azmış kimi baldızımın əri, uzun müddət həbs həyatı yaşayan Arzuman Həsənov evimə gələrək məni hədələyir və bildirir ki, övladları haqda şikayət etsəm 12 yaşlı qızımı da qaçıracaq. Mən də, övladlarım da qorxu içərisində yaşayırıq və məcburiyyət qarşısında evimizdən çıxaraq qohumlarımızın evinə sığınmışıq.

Ancaq hələ ki, bu işə baxan Beyləqan rayon prokurorluğu cinayətin iştirakçısı olan Afət Həsənovanı və sürücünü məsuliyyətə cəlb etməyib. Namiq Həsənova da iş kəsilməyib. Halbuki ki, bu iş cinayətkar qrup şəklində həyata keçirilib”.

Sevinc Həsənova cinayəti törədənlərin cəzalandırılması üçün əlaqəli qurumların, hüquq-mühafizə orqanlarının, hüquq müdafiəçilərinin, KİV-in ona yardım etməsini xahiş edib:

"Qızımın başına gətirilənlərin və ailəmi gözləyən təhlükənin qarşısının alınması üçün bizə kömək edin”.    

Məsələ ilə əlaqədar Beyləqan rayon prokurorluğuna müraciət etdik.

Prokurorluqdan bildirildi ki, faktla əlaqədar Beyləqan rayon prokurorluğunda Həsənov Namiq Arzuman oğlunun barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü, (adam oğurluğu bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) və 149.1-ci (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiqetmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda Namiq Həsənovun barəsində başlanan cinayət işinin istintaqı davam edir.

İstintaq başa çatmadığından prokurorluqdan cinayətin detallarını istintaq sirri olduğu üçün açıqlama vermədilər.  

Şikayətçi Sevinc Həsənovanın narazı qaldığı məqama, yəni digər şəxslərin cinayət məsuliyyətinə cəlb olunması məsələsinə gəlincə, Namiq Həsənova adam oğurluğu maddəsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi ittihamı elan olunduğundan belə nəticəyə gəlmək olar ki, bu iş üzrə digər təqsirləndirilən şəxslər var və ya olacaq.

Bunun üçün Sevinc Həsənovaya istintaqın nəticəsini gözləmək məsləhət görüldü. Bildirildi ki, məhz bundan sonra prokurorluq tərəfində tərtib olunan ittiham aktı ilə zərərçəkən də tanış ediləcək.

Qeyd edək ki, bu maddələrlə Namiq Həsənovu 4 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
(səs: 4)
Şərhlər: 3
Baxılıb: 19 344
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri