1993-cü ildə Şəmkir rayonu Yeniabad kəndində anadan olan Sədaqət
Qafarova bu il fevralın 11-də, saat 19:40 radələrində intim münasibətdə
olduğu Elmar Xudiyevə məxsus QAZ-32213 markalı avtomaşınla birlikdə
Şəmkir rayonu Keçili kəndində yaşayan və falçılıqla məşğul olan Marina
Məmmədovanın evinə gedib. Onlar maşında Marina Məmmədovanın evə
gəlməsini gözləyiblər.
Teleqraf.com-un
araşdırmlarına görə, bu zaman avtomobildə Sədaqət Qafarova və Elmar
Xudiyev arasında şəxsi münasibətlər zəminində zorakılıqla müşayiət
olunan mübahisə baş verib. Bundan əsəbləşən Elmar Xudiyev onu Kür
çayının kənarına aparmaq qərarına gəlir. Elmar Sədaqət Qafarovaya
əxlaqsız ailədən olduğunu sübut edəcəyini deyərək, avtomaşını həmin
istiqamətdə idarə edib.
Sədaqət yolda dəfələrlə
Elmar Xudiyevdən onu evə aparmasını tələb edib. Lakin Elmar Sədaqətin
onu evə aparması tələbindən imtina edib. Bu zaman onların arasında
mübahisə daha da qızışıb. Həmin gün saat 20:40 radələrində Elmar Xudiyev
idarə etdiyi avtomaşını Şəmkir rayonu, Mahmudlu kəndinin giriş
hissəsində saxlayıb. O, Sədaqətin saçından tutaraq özünə tərəf çəkib.
Elmar
cibində olan soyuq silah hesab edilməyən bıçağı çıxararaq Sədaqət
Qafarovanın sağ bud hissəsindən vuraraq ona xəsarət yetirib. Həmin vaxt
bıçaq Sədaqətin ayağı altına düşüb.
Sədaqət
Qafarova bu imkandan istifadə edərək hərəkətlərinə görə Elmar Xudiyevi
öldürmək istəyib. Qadın niyyətini həyata keçirmək üçün bıçağı götürərək
Elmar Xudiyevin döş qəfəsinə zərbə endirib. Elmar aldığı bıçaq
yarasından dünyasını dəyişib.
Teleqraf.com
xəbər verir ki, Sədaqət Qafarova bu əməli ilə Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib və cinayət
işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə
göndərilib. Cinayət işinə hakim Faiq Mahmudovun sədrliyi ilə baxılıb.
"Elmarın maşını ilı işə gedib gəlirdim"
Məhkəmədə
ifadə verən Sədaqət Qafarova elan olnumuş ittiham üzrə özünü təqsirli
bilib. O, ifadəsində göstərib ki, rayonda fəaliyyət göstərən
istilikxanalarda fəhlə kimi işləyərək valideynlərinə köməklik edib:
"Elmar Xudiyevi təxminən bir il yarım əvvəl tanımışam. O, "Qazel”
markalı avtomaşını ilə sərnişin daşıyırdı. Elmar ayrı-ayrı kəndlərdən
fəhlələri toplayaraq onları müxtəlif istilikxanalara işləmək üçün
aparıb-gətirməklə məşğul idi. Anam Tərlan və bacım Nəzakət məndən əvvəl
Elmara məxsus olan "Qazel” markalı sərnişin avtomaşını ilə müxtəlif
yerlərdə yerləşən istilikxanalara fəhlə kimi işləmək üçün
gedib-gəliblər. Elmar sərnişin daşımaqla yanaşı istilikxanaların
müdirləri ilə razılığına görə fəhlələrə verilməli olan pulları təhvil
alıb. Həmin pulları fəhlələr arasında paylayıb. Sonralar anam ilə bacım
Elmarın avtomaşını ilə deyil, başqa şəxslərin avtomaşınları ilə digər
istilikxanalarda işləməyə gedib. Lakin özüm Elmarın avtomaşını ilə
istilikxanalarda işləməyə gedib-gəlməyə davam etmişəm”.
"Mənimlə ikinci dəfə ailə qurmaq istədiyini dedi”
Təqsirləndirilən
daha sonra qeyd edib ki, həmin vaxtlarda Elmarla aralarında yaxın
münasibət yaranıb və onunla mütəmadi olaraq mobil telefonla danışmağa
başlayıb: "Elmar özünə məxsus mobil telefon nömrəsi ilə mənim
istifadəmdə olan mobil telefonuma mütəmadi zənglər edib. Elmar mesajlar
yazmaqla məndən xoşu gəldiyini və ikinci dəfə ailə qurmaq istədiyini
deyib. Elmarın ailəli və iki uşağı olduğunu bildiyimdən əvvəllər onunla
münasibət saxlamaqdan çəkinmişəm”.
"Elmarın başqa qadınlarla da münasibətinin olmasını eşitmişdim”
20
yaşlı təqsirləndirilən qadın daha sonra ifadəsində qeyd edib ki, Elmar
bir çox qadınlarla münasuibət qurub: "Elmarın istilikxanalarda işləyən
başqa qadınlarla da münasibətinin olmasını eşitmişdim. Buna baxmayaraq,
mütəmadi maraqlanaraq xoş sözlər deyirdi. Onun mənimlə evlənəcəyini
deməsi məndə Elmara qarşı sevgi hissi yaratmışdı”.
"Onunla cinsi əlaqədə olmaq istəmədiyimi dedim”
Sədaqət
Qafarovanın sözlərinə görə, təxminən 2012-ci ilin yanvar ayının 3-4-də
Elmar onu öz avtomaşını ilə Şəmkir rayonu "Yasamal” dağları deyilən
əraziyə aparıb: "Orada "Yastı meşə” deyilən yerdə avtomaşını saxladı.
Biz orada avtomaşından düşərək bir müddət gəzişib, söhbət etdik. Elmar
söhbət etdikdən sonra məni öpməyə və əynimdəki paltarları çıxarmağa
başladı. Mənimlə cinsi əlaqədə olmaq istədiyini başa düşdüyümdən Elmara
ailəli olduğunu xatırladım. Onunla cinsi əlaqədə olmaq istəmədiyimi
dedim. Elmar məni sevdiyini, evlənəcəyini və lazım gələrsə, arvadından
boşanaraq məni saxlayacağını dedi. Yenə də mənimlə cinsi əlaqədə olmaq
istədi. Zorla paltarımı əynimdən çıxardı. Mənimlə cinsi əlaqədə oldu və
bakirəliyimi pozdu. Sonra bir daha ailə quracağını bildirdi. Bu barədə
heç kimə bir söz deməməyimi tapşırdı. Elmara inandım. Onunla münasibətim
daha da yaxınlaşdı və mütəmadi olaraq həm üzbəüz görüşdük, həm də
qarşılıqlı olaraq mobil telefonla əlaqə saxladıq”.
"Elmar hamiləliyimi pozmaq üçün dərman verdi”
Onun
sözlərinə görə, hər dəfə işdən çıxarkən Elmarla Şəmkir şəhəri, Posanlı
qəsəbəsi ərazisində, asfalt yolun kənarında ağaclar olan ərazidə onun
idarə etdiyi "Qazel” markalı avtomaşının içərisində könüllü olaraq
dəfələrlə cinsi əlaqədə olub: "2012-ci ilin mart ayında hamilə olduğumu
bildim. Elmar hamiləliyimi pozmaq üçün dərman verdi. Həmin dərmanı
içərək hamiləliyimi pozdum. Birinci dəfə hamilə qaldıqdan sonra Elmarın
təklifi ilə cinsi əlaqədə olarkən hamilə qalmamaq üçün qorunmağa
çalışdım. Həmin ilin təxminən iyul-avqust aylarında Elmarla növbəti dəfə
cinsi əlaqədə olduğuma görə ondan hamilə qaldım. İki aylıq hamilə
olanda Elmara yenə hamilə olduğumu bildirdim. Elmar isə etiraz edərək
hamiləliyimi pozmağı tələb etdi. Bu məqsədlə də mənə müxtəlif dərman
preparatları verdi. Lakin hamiləliyimi pozmaq istəmədiyimə görə, həmin
dərmanları qəbul etmədim. Elmar hamiləliyimi pozmaq istəmədiyimi
bildikdən sonra tez-tez mənimlə dalaşmağa başladı. Məndən qəti şəkildə
hamiləliyimi pozmağımı tələb etdi”.
"O, məni aldatdığını dedi”
Sədaqət
Qafarova ifadəsində qeyd edib ki, təxminən 2012-ci ilin sentyabr ayının
əvvəllərində Elmar paltar almaq adı ilə onu aldadaraq işlədiyi
istilikxanadan çıxarıb və öz avtomaşını ilə Şəmkir şəhəri, Posanlı
qəsəbəsində əvvəllər görüşüb cinsi əlaqədə olduqları əraziyə aparıb:
"Orada avtomaşını saxlayaraq mənimlə hamiləliyimi pozmaq istəməməyim ilə
bağlı mübahisə etməyə başladı. Həmin mübahisə vaxtı Elmar mənimlə
evlənməyəcəyini, cinsi əlaqədə olmaq üçün münasibət saxladığını deyərək
məni aldatdığını izah etdi. O, hamiləliyimi pozmağımı tələb etdi. Mən
isə Elmara hamiləliyimi pozmayacağımı qəti şəkildə bildirdim”.
"Elmar məni döydüyü üçün hamiləliyim pozuldu”
Təqsirləndirilən
şəxs qeyd edib ki, buna görə də Elmar onu döyüb, təpiklə qarnına vurub:
"Elmar məni döydüyü üçün hamiləliyim pozuldu və açılış olduğunu hiss
etdim. O, daha sonra məni işlədiyimiz istilikxanaya apardı. Lakin özümü
yaxşı hiss etmədiyimə görə Elmar tanış taksi sürücüsü Orxana zəng edərək
onu istilikxanaya çağırdı. Orxanın avtomaşını ilə Elmar məni Şəmkir
şəhəri Posanlı qəsəbəsində yaşayan özünün tanışı kimi təqdim etdiyi,
sonradan adını bildiyim Sevinc Piriyevanın evinə gətirdi. Sevinc isə
sonradan adını bildiyim Südabə Hüseynovanın evinə apardı. Orada həmin
qadın məni müayinə və müalicə etdi. Elmar baş vermiş hadisə barədə hər
hansı başqa şəxsə danışmamağımı tələb etdi. Biabır olacağımdan
qorxduğuma görə bu barədə heç kimə danışmadım. Lakin bacım Nəzakətə baş
verənləri bir müddətdən sonra danışdım”.
"Məni aldadaraq bədbəxt etdiyinə görə etiraz etdim”
Sədaqət
Qafarovanın sözlərinə görə, daha sonra təxminən iki ay Elmar onunla
cinsi əlaqədə olmayıb və hamiləliyini pozmaq istəmədiyinə görə hətta onu
danışdırmayıb: "Bir müddətdən sonra isə yenidən mənimlə cinsi əlaqədə
olmağa davam edib. Lakin münasibətlərimiz əvvəlki kimi yaxşı olmayıb.
Təxminən üç ay sonra Elmar mənimlə münasibətini kəsmək istədiyini
deyərək, başqa şəxslə tanış olduğunu, həmin şəxslə münasibət saxladığını
və ondan uzaq olmağımı istədi. Elmara məni aldadaraq bədbəxt etdiyinə
görə etiraz etdim. Onunla münasibətlərimiz barədə valideynlərimə məlumat
verəcəyimi bildirdim. Elmar isə bu barədə başqa şəxslərə danışdığım
halda məni biabır etməklə hədələdi. Mən də biabır olmamaq üçün heç kimə
bu barədə danışmadım”.
"Elmara mənimlə pozğun kimi münasibətdə olması barədə söhbətlər etdiyini dedim”
O,
daha sonra ifadəsində qeyd edib ki, Elmar onunla cinsi əlaqədə olmasını
xəbəri olmadan mobil telefonuna çəkib: "Elmar həmin videonu başqa
şəxslərə göstərəcəyini bildirərək, bir neçə dəfə məni şantaj edib. Bir
dəfə 300 manat, bir dəfə də 400 manat pulumu alıb. Həmin videonu hətta
iş yoldaşım Şakir də görüb.
Daha sonra Elmarla
yalnız mobil telefonla danışmışam. 11 fevral 2013-cü il tarixdə Elmar
evə zəng edərək valideynlərimə narahat olmamaları üçün axşamüstü
bibimgildə olacağımı bildirməyimi istədi. Həmişə olduğu kimi təxminən
saat 18 radələrində Elmar məni və iş yoldaşlarımı işlədiyimiz
istilikxanadan götürdü. Fəhlələri payladıqdan sonra məni əvvəlcə dayım
arvadı Güllü Qarayeva ilə birlikdə onun evinə apardı. Fəhlələri Şəmkir
rayonu, Şiştəpə kəndinə ötürdükdən sonra məni dayımgildən götürəcəkdi.
Elmar mənimlə dayım arvadı Güllünü onların yaşadıqları evin
yaxınlığındakı avtomobil yolunda düşürdü. Dayım arvadı Güllü ilə
birlikdə onlara getdim. Təxminən bir saat orada qaldım. Sonra Elmara
zəng edərək nə vaxt gələcəyini dəqiqləşdirdim. Elmar axşam saatlarında
öz mobil telefonum ilə qonşumuz Sahibin oğlu Elşənə zəng etməyimi
tapşırdı. Dedi, zəng et ona de ki, dayım Səyyadgildəyəm, o da sizə gedib
bunu desin, qoy valideynlərin narahat olmasın. Elmar digər fəhlələri
evlərinə yola saldıqdan sonra təxminən saat 19:40 radələrində dayım
Səyyadgilin evinin yaxınlığındakı avtomobil yolunun kənarına gələrək
mənə zəng etdi. Məni orada gözlədiyini bildirdi. Evdən çıxıb Elmarın
avtomaşınına əyləşdim. Elmar avtomaşını Şəmkir rayonu, Muxtariyyat
kəndinin içərisi ilə Şəmkir rayonu, Keçili kəndində yaşayan və
falçılıqla məşğul olan Marinanın evinin yaxınlığına sürdü. Marina evdə
olmadığından biz avtomaşının içərisində onun gəlməsini gözlədik. Həmin
vaxt Elmar istifadə etdiyim yeni aldığım "Samsung” markalı mobil
telefonunu alaraq nömrələrə və mesajlara baxmaq istədi. Mən isə Elmara
münasibətlərimin olmadığını deyərək telefonumu ona vermədim. Bununla
əlaqədar Elmar bir dəfə ağız nahiyəmdən sillə ilə vurdu və avtomaşının
mühərrikini işə salaraq həmin yerdən uzaqlaşdıq. Yolda Elmara
istilikxanalarda işləyən digər şəxslərin arasında məni biabır etdiyinə
və ailəmin başını aşağı elədiyinə görə narazılığımı bildirdim. Elmara
mənimlə pozğun kimi münasibətdə olması barədə söz-söhbətlər etdiyini
dedim. Elmar heç kimə belə bir söz demədiyini bildirdi. Bununla əlaqədar
aramızda mübahisə oldu və Elmar Şəmkir rayonu, Keçili kəndinin
içərisində avtomaşını saxlayaraq məni sillə ilə vurdu. Mən isə Elmarı
əlim ilə vurdum və avtomaşının içərisində qarşılıqlı olaraq dalaşdıq.
Elmar əsəbiləşərək avtomaşının mühərrikini işə salaraq məni Kür çayının
qırağına aparacağını deyərək, avtomaşını həmin istiqamətdə idarə etdi.
Elmardan dəfələrlə məni evə aparmağını tələb etdim və valideynlərimin
narahat olacaqlarını izah etdim. Elmar isə ona "Siz ailəlikcə
buraxmasınız. Mən də səni buraxma qadın kimi Kür qırağına aparıb
istifadə edəcəm” dedİ. Elmara cavab olaraq öz ailəsinin buraxma olduğunu
bildirdim. Həmin cavabdan daha da əsəbləşən Elmar avtomaşını Şəmkir
rayonu, Mahmudlu kəndinin giriş hissəsində dayandırdı. O, saçımdan tutub
başımı iki dəfə avtomaşının ön sağ hissəsinə vurdu. Əlim ilə sifətimi
qorudum. Sonra Elmar "sənin ailənin buraxma olduğunu sübut etmək üçün
səni Kür qırağına aparıb orada istədiyim formada cinsi əlaqədə olacağam"
dedi. O, razılaşmadığım halda başımı kəsəcəyi ilə hədələdi”.
"Elmar ağzı üstə mənə tərəf əyilərək zəif səslə kömək çağırmağımı xahiş etdi”
Təqsirləndirilən
şəxs daha sonra qeyd edib ki, Elmarın onu qorxutmaq üçün hədələdiyini
düşünüb. O, Elmara onunla getməyəcəyini deyərək avtomaşının sağ qapısını
açıb: "Mən avtomobildən düşmək istədim. Həmin vaxt Elmar saçlarımdan
tutaraq özünə tərəf çəkdi və cib bıçağını çıxartdı. Elmarın dişləri ilə
bıçağı açdığını və həmin bıçağı boğazıma tərəf tutduğunu gördüm. İki
əlimlə onun əlini aşağıya dartdım. Bıçağı əlindən buraxması üçün sıxıb
silkələdim. Həmin vaxt Elmar əlindəki bıçaqla bud nahiyəmdən vurdu.
Bıçağı onun əlindən almaq istəyərkən sağ əlimi də kəsdim. Bıçağı
buraxması üçün onun əlindən tutub aşağıya dartdım. Əlini sıxıb
silkələyərkən bıçağın qatlanaraq Elmarın əlini kəsdiyini hiss etdim.
Elmar əlini kəsdiyinə görə bıçağı buraxdı. Həmin bıçaq onun ayaqlarının
altına - avtomaşının ayaqaltına düşdü. Elmar bıçağın əlindən avtomaşının
ayaqaltısına düşdüyünü görüb saçlarımı buraxdı. Məni özündən kənara
itələyərək həmin bıçağı götürmək üçün aşağı əyildi. Mən isə bıçağı
düşdüyü yerdən götürmüşdüm. Bıçaq yarım açıq vəziyyətdə olduğundan
bıçağın tiyəsini tam açdım və dərhal da Elmarın sinəsinə bir dəfə zərbə
vurdum. Elmar ağzı üstə mənə tərəf əyilərək zəif səslə kömək çağırmağımı
xahiş etdi. Mən də dərhal öz mobil telefonumla Orxana zəng etdim. Ona
Elmarı bıçaqla vurduğumu deyərək xəstəxanaya aparmaq üçün kömək
etməsini xahiş etdim. Olduğumuz yeri də ona izah etdim. Elmarın
ölməsindən qorxub Orxanın mobil telefon nömrəsinə təkrar zəng edib
təcili gəlməsini xahiş etdim. O, gələcəyini desə də, təxminən 10 dəqiqə
keçməsinə baxmayaraq, onun gəlmədiyini gördüm. Bir neçə dəfə yenidən
təkrarən ona zəng etdim. Orxan avtomaşının mühərrikinin işə düşmədiyini
deyərək, telefonu söndürdü. Orxana bir daha zəng etdim və ondan kömək
istədim”.
"Bacıma zəng vuraraq hadisə barədə dedim”
Onun
sözlərinə görə, Orxan kömək üçün başqa şəxslərə deyəcəyini bildirib və
telefonu söndürüb: "Sonra Elmarın əlini və üzünü ovxalayaraq onu
isitməyə çalışdım. Qonşumuz Elşənə zəng edərək Elmarı bıçaqla vurduğumu
və valideynlərimə bu barədə məlumat verməyimi istədim. Elə həmin vaxt
Elmara məxsus olan "Qazel”in yanında başqa bir avtomaşının dayandı.
Dərhal "Qazel”dən düşərək həmin avtomaşına yaxınlaşdım. Avtomaşından
düşmüş şəxslərə "Elmar məni bıçaqla vurmaq istəyirdi. Mən bıçağı əlindən
alıb onu vurdum” deyərək Elmarı xəstəxanaya aparmalarına kömək
etmələrini istədim. Lakin çox həyəcanlı olduğundan həmin vaxt huşumu
itirdim və yerə yıxıldım. İstilikxanada işləyərkən tanıdığım Şakirin
məni ayıltmağa kömək etdiyini gördüm. Ayıldıqdan sonra ora gələn
şəxslərin Elmarı öz avtomaşınlarının arxa oturacağına uzandırdıqlarını
gördüm. Mən də həmin şəxslərlə birlikdə getmək istəsəm də, onlar
avtomaşında yer olmadığını deyərək, orada qalmağımı istədilər. Lakin
təkidlə həmin avtomaşına əyləşmək istədim. Buna görə də avtomaşının
tanımadığım sürücüsü məni sillə vurdu, yer olmadığını deyərək, maşını
sürüb həmin yerdən uzaqlaşdı. Həmin vaxt bacıma zəng vurub hadisə barədə
məlumat verdim. Elmara zərbə vurduğum bıçağı "Qazel"in içinə tulladım”.
"Elmarı öldürmək istəməmişəm”
Təqsirləndirilən
şəxs qeyd edib ki, Elmar ona məxsus mobil telefonlardan birini əlindən
alaraq sındırıb və Şəmkir rayonu, Keçili kəndindən çıxarkən küçəyə
tullayıb: "Digər telefonum isə özümdə olub. Təxminən 5-10 dəqiqə
gözləsəm də, heç kimin gəlmədiyini görüb oradan keçən dəmiryolu ilə
körpüyə tərəf getdim. Bir müddət körpünün yaxınlığında gözlədim. Sonra
"Şəmkirin üç yolu” deyilən istiqamətə tərəf getdim. Üstümdəki mobil
telefonun batareyasında elektrik yükü qurtardığından telefon sönmüşdü.
Ona görə də heç kimə zəng edə bilməmişdim. Piyada əvvəlcə Seyfəli
kəndinə, oradan isə Şəmkir şəhərinə tərəf getdim. Bu müddət ərzində nə
edəcəyimi bilmirdim. Şəmkir rayon polis şöbəsinə gedərək törətdiyim əməl
barədə məlumat verərək könüllü təslim olmaq qərarına gəldim. Şəmkir
şəhərinin "Dörd yol" deyilən ərazisindən polis şöbəsinə doğru gedərkən
təsadüfən bacım Aidənin əri Ramin Orucovu gördüm. Həmin vaxt Ramin
Orucova da baş verənləri danışdım. Ramin atamgilə zəng edib onları həmin
yerə çağırdı. Atamgil həmin yerə gəldi. Onlara könüllü olaraq polisə
getmək istədiyimi bildirdim. Atam ilə birlikdə Şəmkir rayon Polis
şöbəsinin Kür polis bölməsinə getdim. Könüllü olaraq təslim oldum.
Elmarı öldürmək istəməmişəm. Özümü qorumaq üçün Elmar Xudiyevə bıçaqla
zərbə vurmuşam”.
8 il cəza...
Məhkəmə
şahid ifadələrini dinlədikdən sonra hökm elan edib. Məhkəmənin hökmü
ilə Sədaqət Qafarova 8 il müddətinə azadlıqdan məhrum edilib. Sədaqət
Qafarovanın vəkili Yusif Hüseynov məhkəmənin hökmündən apelyasiya
şikayəti verərək hökmün ləğv edilməsini və ədalətli qərar çıxarılmasını
xahiş edib. Məhkum Sədaqət Qafarova da apelyasiya şikayəti verib. O,
şikayətində cinayət işinin təzədən ibtidai istintaqa qaytarılması barədə
qərar qəbul edilməsini istəyib.
Şikayətə Gəncə
Apelyasiya Məhkəməsində baxılıb. Hakim Bədəl Əliyevin sədrliyi ilə
keçirilən prosesdə qərar elan edilib. Qərara görə, təqsirləndirilən
şəxsin və onun vəkilinin apelyasiya şikayəti təmin edilməyib.