Uşaqlarda kifayət qədət tez-tez burun qanaxmaları olur. Hətta bəzi
hallarda qanaxma xeyli miqdarda olmaqla, uşağın sağlamlığı üçün
təhlükəli də ola bilər.
Burun qanaxmasının səbəbini müəyyən etmək üçün ilk növbədə aşağıdakıları aydınlaşdırmaq lazımdır: 1. Travmanın olub-olmaması (əksər hallarda uşaqlar burunlarını "qurdalayaraq” onu zədələyirlər); 2. buruna yad cicmin
düşüb-düşməməsi. Bu halda burundan qanla birlikdə pis qoxulu ifrazat da
xaric olur. Bunu dəqiqləşdirmək üçün uşağı mütləq burun-boğaz-qulaq
həkiminə göstərmək lazımdır; 3. Uşağın uzun müddət ərzində günəş altında olması.
Uşağın bədənində tez-tez göyərmiş sahələrin yaranması ilə yanaşı burun
qanaxmasının da baş verməsi – onun tez bir zamanda həkim hematoloq
tərəfindən müayinə edilməsini tələb edir. Digər halda, burun qanaxması
ilə yanaşı başda pulsasiya şəkilli baş ağrılarının olması arterial
təzyiqin yüksəlməsinin əlaməti ola bilər.
Burun qanaxmasını saxlamaq üçün, bədənini bir qədər önə əymək şərti ilə
uşağı otuzdurmaq lazımdır. Heç bir halda uşağı uzandırmaq və ya başını
xeyli arxaya tərəf əymək olmaz. Çünki bu zaman qan udlaq vasitəsilə
yemək borusuna və ya daha qorxulu hal hesab edilən nəfəs borusuna axa
bilər. Qan axan burun yoluna 3%-li hidrogen peroksid məhlulunda (və ya
adicə soyuq suda) isladılmış zolaq şəkilli tənzif parçası daxil etmək,
daha sonra isə burun pərlərindən yuxarı olmaqla burunun yumşaq hissəsini
5 dəqiqə ərzində barmaqlarınızla sıxmaq (iri yaşlı uşaqlar bunu özləri
də edə bilərlər) lazımdır. Qanaxma davam edərsə, burunu daha 10-15
dəqiqə ərzində sıxıb saxlamaq lazımdır. Qanaxma dayandıqdan sonra tənzif
zolağını burundan xaric etmək üçün onu pipet ilə bir qədər islatmaq
lazım gəlir.
Burun qanaxması zamanı uşaqlar üçün olan damardaraldıcı burun damcıları
(naftizin, nazol bebi və s.) da bu halda yaxşı kömək edir. Əgər uşaq
qrip, KRVİ ilə xəstə deyilsə, burunun üst hissəsinə hər hansı bir soyuq
(burun boşluğunda olan damarların sıxılması üçün) əşya (məsələn,
sellofan paketdə olan buz kubları, soyuducuda olan və sellofan paketə və
ya əskiyə bükülmüş hər hansı donmuş məhsul) qoymaq olar. Bu zaman uşağa
danışmağa, öskürməyə, burnunu çəkməyə də icazə verməyin!
Uşaqda burun qanaxması güclü olarsa və görülən tədbirlərə baxmayaraq onu
saxlamaq mümkün olmazsa, tez bir zamanda "təcili yardım” çağırmaq və ya
uşağı yaxınlıqdakı tibb müəssisəsinə çatdırmaq lazımdır!