Tibbi arayış, sevgi, yoxsa hər ikisi?!..

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 673
Səs ver:
(səs: 0)
alt

"Ekspress" qəzeti yazır ki, Azərbaycanda yeni ailə həyatı qurarkən tərəflərdən tibbi arayış tələb ediləcək. Son zamanlar bu məsələ ətrafında daha çox müzakirə aparılır. Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli sonradan bir sıra problemlərin ortaya çıxmaması üçün bu addımın atılmasını vacib sayır. Komitə sədrinə görə, xəstəlik daşıyıcısı olmaları gənclərin nikaha girməsini əngəlləməyəcək: "Söhbət yalnız qarşılıqlı şəkildə məlumatlandırmadan gedir. Tibbi arayış buna görə məcburi olacaq".

Yeni evlənənlərdən tibbi arayış tələb olunması doğrudanmı bu qədər önəmlidir? Elə bu sualla kiçik bir sorğu keçirdik. Bakı sakini Səidə Manafova hesab edir ki, bu addım düzgündür. 4 il öncə valideynlərinin təkidilə sevmədiyi birisinə ərə getdiyini deyən həmsöhbətim ailə qurduqdan bir neçə gün sonra həyat yoldaşının narkotik istifadəçisi olduğunu bilib: "Özünü daim qəribə aparan Eldar narkotik istifadə edəndən sonra üzü gülür, daha mehriban olurdu. Bu səbəbdən heç kəsə heç nə demirdim. Amma ilk övladımın şikəst dünyaya gəlməsi bu susqunluğumu bitirdi", - deyən S.Manafova Eldarla ailə qurmasına peşman olmasa da, övladının şikəst olması ona əziyyət verir.

Dediyinə görə, həkimlər hamiləlik dövründə uşağın qüsurlu doğulacağını bildirsələr də, gənc ana uşağından imtina etməyib. Sonrakı müayinələr nəticəsində körpənin qüsurlu olmasının əsas səbəbinin narkotik istifadəçisi ata ilə birbaşa bağlı olduğu məlum olub. "Bu səbəbdən də ailə qurmazdan öncə, hər iki tərəfin həkimdən arayış alması önəmlidir. Ən azından ailə həyatı quracağı insanın hansı xəstəliklərin daşıyıcısı olduğunu bilmək hər bir insanın haqqıdır".

İmran Quliyev də ailə qurarkən həkimdən arayışın alınmasını vacib sayır: "Son zamanlar gənc ailələr sonsuzluq problemlərindən şikayətlənirlər. Məncə, ailə qurarkən tibbi arayışın alınması hər iki tərəfdə hansı xəstəliklərin, problemlərin olduğunu bilməyə imkan verdiyi üçün çox vacibdir".

Nailə Əliyeva isə tibbi arayışın tərəfdarı olsa da, bunu tələb edə bilməyəcəyini deyir. "Mən sevdiyim insandan necə tibbi arayış istəyə bilərəm. O mənə deməzmi ki, mənim varlığım sənin üçün önəmlidir, yoxsa hər hansı bir xəstəliyimin olması? Həqiqətən mən bunu istəyə bilmərəm".

Ginekoloq Xoşqədəm İbrahimovanın sözlərinə görə, gənclərin nikah öncəsi həkim müayinəsindən keçməsi mütləqdir. Çünki çox zaman gənclər ailə qurarkən partnyorlarının hansı xəstəlik daşıyıcısı olduğunu bilmirlər. "Gənclər ailə qurarkən bir-birinin sağlamlığından xəbərsiz olurlar. Bu da ən yaxşı nəticədə boşanma ilə sonuclanır. Qan analizi, qanın rezurslarının uyğunluğu, qan xəstəliklərinin varlığını müəyyənləşdirmək çox vacibdir. Çünki hər hansı bir tərəfdə qan xəstəliyi olduğu halda bu, körpəyə ötürülür", - deyən həkimin fikrincə, bundan əlavə gənclər ailə qurmamışdan öncə psixoloq, psixoterapevt müayinəsindən də keçməlidir.

Təməli möhkəm ailə qurmaq üçün hər iki tərəf psixoloji baxımdan sağlam olmalıdır. Ailə müqəddəsdir, bu gün ailə qurub iki gün sonra "aramızda uyğunsuzluq var" deyib ailəni dağıtmaq ruhi sağlamlığın yerində olmamasından irəli gəlir.

Hər halda, psixoloqlar belə düşünür. Həkim-psixoterapevt İkram Rüstəmovun fikrincə, son zamanlar gənclərimiz yaşadıqları duruma görə aqressivləşiblər. Belə ki, onlar bir-birini başa düşmək istəmirlər. "Bunu birbaşa sosial -maddi durumla əlaqələndirmək düzgün olmazdı. Bir çox ailələr var ki, heç bir sosial problem yaşamadıqları halda, övladları ərköyün böyüdürlər. Hər şey ailədə verilən tərbiyədən də asılıdır".

İ.Rustəmovun dediyinə görə, ailə qurmazdan öncə psixoloq və psixoterapevt məsləhəti çox önəmlidir. Belə ki, bu zaman gənclərin psixoloji durumu, evliliyə hazır olub-olmadıqları məlum olur. "Bəzən gənclərimiz evliliyə əyləncə kimi baxırlar. Bunun məsuliyyətini dərk edə bilmirlər. Onlar evliliyin həyat yoldaşı və uşaqdan ibarət olduğunu hesab edirlər. Başa düşmək istəmirlər ki, ailə həyatı qurulursa, istəklər, fikirlər, düşüncələr paylaşılmalıdır. Ailə qurulubsa, hər kəs özü üçün yaşamamalıdır. Ailə artıq qurulubsa, "mən", "sən" olmamalı, "biz" olmalıdır".

Onun fikrincə, insanlar "biz" amilini qəbul edə bilmədikəri üçün ailələr tez dağılır.

 

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 673
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri