Hər bir insanın daxilində təsəvvüredilməz istedadlar qoyulub

Müəllif: Diablo
Şərhlər: 4
Baxılıb: 2 260
Səs ver:
(səs: 1)
Bismilləhir-Rahmənir-Rahim!

Uca Allahın lütfü ilə, insan tanıma mövzularını davam etdiririk. Bu mövzuların əhəmiyyəti ilk növbədə ondadır ki, insan öz daxili mühərriklərini tanısa və eyni zamanda öz daxili əyləclərinə də bələd olsa – onun kamillik yolunda irəliləmə imkanları dəfələrlə yüksəlir, reqressə düçar olmaq təhlükələri isə xeyli zəifləmiş olur.

İnsanın elmi nə qədər atarsa...
Həzrət Əli (ə) buyurur: “Hər nə qədər bir insanın elmi artar, özünə diqqət etməsi daha da çoxalar və özünü tərbiyə və islah yolunda daha da çox çalışar”.

Həzrət Əli (ə) bizə mühüm bir həqiqəti öyrədir ki, bir insanın elmlənməsinin, savadlanmasının, bilgilənməsinin meyarı – özünə diqqətinin artmasıdır. Günümüz üçün də çox aktualdır. “Elmli, alim insan kimdir?” sualının cavabı da bu buyuruşdadır. Həzrət Əli (ə) bizə öyrədir ki, hər bir insanın nə qədər elmi artırsa, bunun bir təzahürü olmalıdır. Nə qədər bir insanın elmi artarsa, o adamın özünə diqqət etməsi daha da artar və özünü tərbiyə və islah yolunda daha da çox çalışar.

Beləliklə, deyə bilərik ki, insanın elmlənməsinin, savadlanmasının, bilgilənməsinin ən zəruri və aydın görsəntisi – insanın özünə yönəlişinin, diqqətinin artmasıdır. Əgər bizim oxuduqlarımız, öyrəndiklərimiz bizi özümüzə tərəf yönəltmirsə, özümüzü tanımağa, özümüzlə məşğul olmağa yönəltmirsə – o zaman bu bilgi və elm həqiqi elmə aparan müqəddimə sayıla bilməz. Fərqi yoxdur ki, insan fizika, kimya, riyaziyyat, biologiya – hər nə öyrənir. Bütün bunlar insan yetişməsi üçün, insan olmaq üçün, insan kimi içərisində olan keyfiyyətləri ortaya çıxarmaq üçün yönəldilməlidir. Əks halda bunları elmə aparan yol hesab etmək olmaz, sadəcə məlumatlanma olacaq və tək məlumatlanma ilə də həyatda nələrəsə gedib çıxmaq olmur.

Özünü tanıma, amma fiziki və ürfani mənada deyil
İnsanşünaslıq bəhsini daha da genişləndirmək üçün bir neçə istilah və terminologiya ilə tanışlıq zərurəti var. Çünki biz bəhsimizdə bunlardan dəfələrlə istifadə edəcəyik və tam aydınlığın olması üçün çox lazımlı və faydalıdır.

İstifadə etdiyimiz istilahlar içərisində ən çox istifadə etdiyimiz məfhum – özünütanımadır. Özünütanıma dedikdə, nə anlayırıq, nələri nəzərdə tuturuq və nələri nəzərdə tutmuruq? Biz insantanıma, özünütanıma dedikdə öz içərimizdə olan istedad və qüvvələri tanımağı nəzərdə tuturuq.

Sual edilə bilər ki, tək bu sahədə deyil, başqa sahələrdə də insanın istedadları, potensialları, insanın bu və ya digər imkanları tanınır. Bəs, fərq nədədir? Burada fərq ondadır ki, söhbət insanın insani, mənəvi təkamülü, onun ibadi bəndəlik ruhiyyəsi baxımından, həqiqi, kamil insan olmaq istiqamətində təkamülü üçün lazım olan istedad və qüvvələrdən gedir. İnsanı kamil insan olmağa doğru apara biləcək istedad və qüvvələrdən söhbət açılır.

Biz insanşünaslıq bəhsində özünütanıma dedikdə, o istedad və qüvvələri nəzərdə tuturuq ki, onların insanı kamilliyə, təkamülə aparmaq potensialları mövcuddur. Burada qətiyyən insanın özünü birbaşa tanımasından söhbət açılmır. Çünki, hər bir insanın özünə fitrətən bir bilgisi, tanıması var. İbtidai və başlanğıc tanıma hər bir insanda var və o növbəti tanımalar və inkişaflar üçün çox mühümdür.

Bizim bəhslərimizdə özünütanıma dedikdə, qətiyyən ürfani tanımadan söhbət getmir. Çünki, bu mənada özünütanıma insanın özünü düzəltməsinin nəticəsidir. Amma biz bu bəhslərimizdə özümüzü tanımağı, insantanımanı öyrənirik ki, özümüzü düzəldək, özümüzü islah edək, nəfsimizi qaydaya salaq. Ürfani tanıma isə daha üst bir tanımadır. Bu, əslində islahdan, tərbiyə və təzkiyədən sonra meydana gələn insanın tanımasıdır. Deməli, biz bu bəhslərimizdə özünütanıma dedikdə nə fitri mənada, ibtidai mənada özünütanımadan danışırıq, nə də ürfani mənada özünütanımadan bəhs edirik. Biz bu bəhslərimizdə özünütanıma dedikdə qətiyyən fiziki mənada, fizioloji olaraq özümüzün maddi hissələrinin tanınmasından da danışmırıq. Onlar da çox mühümdür, önəmlidir, çoxlu ibrətlər var, bu mövzular da ayələrlə zəngindir. Amma, bizim bu bəhsimizdə mövzularımız onlar deyil.

İstedadları tapdıqdan sonra, nə etməli?
Biz bu bəhslərimizdə özümüzə nəzər salırıq, özümüzü tanıyırıq ki, özümüzdə o təkamül mühərriklərini, generatorlarını tanıyaq, onları işə salaq, bütün həyatımızı şəkilləndirək, həyatımızı o ali kamala doğru istiqamətləndirək, özümüzü toparlayaq və bütün həyati fəaliyyətlərimizin, çalışmalarımızın cəhət və istiqamətini bu hala gətirib çıxardaq.

Bu halda yatmağımız, durmağımız, yeməyimiz, içməyimiz, təhsilimiz, işimiz, ailəmiz – hər bir mövzumuz təkamülə xidmət edən bir proses olacaq. Həyatımızın hər bir mövzusu, çaları təkamül üçün olacaq.

Özünütanıma əslində buna xidmət edir ki, biz o istedad və qüvvələri tapdıqdan sonra, onları həyatımızın bütün müstəvilərinə gətirək. O zaman həyat başdan-başa dəyişər. Həyatımızın, mövcudiyyətimizin, həyat fəaliyyətimizin məna yükü əmələ gələr, sumbur, qarmaqarışıq vəziyyətdən çıxarıq. Özünütanımağın əsil hədəfi məhz budur.

Bu, bir məhdudlaşdırma deyil, əksinə – hədəfi tapıb, hədəfə doğru sürətlənmədir. Bu, dayanma, tərki-dünyalıq deyil, özünü tapıb, özünü kəşf edib, özündən maksimum dərəcədə, ən doğru formada istifadədir. Bu, özümüzün israfının qarşısı almaqdır. Bu, özümü zay etməyə imkan verməməkdir.

İnsanşünaslıq, özünütanıma bəhsinin əhəmiyyəti bundadır ki, biz özümüzü tanıyaq və bilək ki, biz kimik, nələrimiz var və nəyə doğru getməliyik. Yalnız o zaman fərqində olarıq ki, xeyirlərimiz və zərərlərimiz nələrdir. O zaman ayıq, diqqətli olarıq, özümüzü israf etməyə qoymarıq. O zaman heyifimiz gələr israf etməyə.

Kamal nədir?
Bəhsimizi daha dərindən anlamaq üçün fundamental mövzulardan biri olan kamal barədə danışacağıq. Kamal nədir? Kamal əslində bir anlayışdır ki, hər kəs onu duyur, dərk edir. Bu, nöqsanın əksidir. Uşaqlıqdan bəri biz çox yaxşı bilirik ki, nöqsan, çatışmazlıq nədir və tam bunun əksi də kamaldır. Kamal və nöqsan bir-birinin əksi olan anlayışlardır. Kamal çox önəmli bir anlayışdır və o qədər aydın bir anlayışdır ki, ona xüsusi tərif verməyə də ehtiyac yoxdur. Amma, dəqiqlik baxımından kamal anlayışını sözsüz ki, izah etməyə ehtiyac var. Çünki, bəzən insanlar çox rahat dərk etdikləri anlayışları da qarışdıra bilərlər.

Kamal – bir varlıq sifətidir. Varlıq aləmində müxtəlif varlıqların daşıma qabiliyyətləri var. Kamal – bir varlıq sifətidir. Hər bir varlıq öz tutumuna, mahiyyətinə, istedadına görə həmin kamallara yiyələnə bilər. Əgər varlıq həmin kamala yiyələnmirsə, o baxımdan naqis vəziyyətdədir.

Ümumiyyətlə eyni şey bir varlıq üçün kamal, bir başqa varlıq üçün nöqsan ola bilər və bir varlığın bunu qəbul etmək istedadı olmaya da bilər, onun mahiyyəti tamamilə fərqli ola bilər və həmin mövzu onun üçün nə kamal, nə nöqsan olmaya bilər. Misal üçün, şirinlik. Şirinliyi bir mövzu olaraq götürsək, qarpız üçün kamaldır. Əgər qarpızı insanlar yeyən zaman şirinliyi olsa, o, kamal durumundadır. Əksinə, turşluq – qarpız üçün nöqsan sifətdir. Əgər qarpız turş olsa, insanlar deyər ki, bu qarpız nöqsanlı idi. Gördük ki, bir varlıq üçün bir keyfiyyət kamal, digəri isə nöqsandır.

Elm isə bir insan üçün kamaldır, amma bir ağac üçün ümumiyyətlə nə kamal, nə də nöqsandır. Çünki, cansız bir varlığın elm daşıyıcısı olmaq istedadı yoxdur.

Hər bir varlığın mahiyyətini və mahiyyətinin sərhədlərini tanımalı

Hər bir varlığın bir mahiyyəti və mahiyyət sərhədləri var. Bu mahiyyət sərhədlərini tanıdıqda, hər bir varlığın nəliyini, nələrdən ibarət olduğunu tanıdıqda, bu zaman onun gerçək çata biləcəyi idealı, maksimal halı müəyyən etdikdə, onun istedad və qüvvələrini müəyyən edə bilirik. Bunlar müəyyən edilməsə, bu və ya digər varlıqla davranılan zaman nə etməli qətiyyən aydın olmaz. Misal üçün, bir meyvə ağacı üçün onun budaqları, yarpaqları müqəddimə kamal sayılır. Bir ağacın inkişafı, budaqlarının artması, yarpaqlarının artması – ağacın inkişaf mərhələlərində təkamül sayılır. Amma o ağacın gerçək, nəhayi kamalı – meyvə verməkdir. Bu həqiqi kamala çatmaq üçün onun budaqlarını budamaq lazımdırsa, budayacaqlar, yarpaqlarını azaltmaq lazımdırsa, azaldacaqlar. Əgər həqiqi kamala gedib çatmaq yolunda köməkçi, müqəddimə kamallar bir həddən sonra mane olursa, onları tənzimləyəcəklər, nəzarətə götürəcək, bəzən azaldacaqlar. Həqiqi kamala çatmaq üçün öz missiyasını yerinə yetirmiş olacaq.

İndi bir anlığa biz təsəvvürümüzə gətirək ki, bir kəs bağban olmasın, ağacı tanımasın. Və o, ağacı tanımadan ağacla necə davranacaq? Dəhşətli bir mənzərə yaranar. Ona görə də, bir ağacla davranmazdan öncə ağacı tanımaq lazımdır və bütün mövzular da bu cürdür. İnsantanıma baxımından da biz özümüzü tanımasaq, vəziyyət çox pis olar, öz üzərimizdə cürbəcür eksperimentlər aparmış olarıq.

Bu gün bəşəriyyət bu vəziyyətinə məhz bu səbəbdən gəlib. Bir şeyi tanımadan onunla davranmanın nəticəsi göz qabağındadır. İnsanı tanımadan onun rifahını, ehtiyaclarını ödəməiddiası – bir avantüradır. İnsan kimdir, insanın kamalı nədir, insanın həqiqi təkamülü nədən ibarətdir ki, onun fərdi, ailə, ictimai, iqtisadi, siyasi həyatı bunun içərisinə daxil olur? Bunlar həll olmayınca, insanı tanımayınca, onun haqqında danışdıqlarımız, dediklərimiz hamısı boş söhbətlər olacaq.

Odur ki, insanı tanımalıyıq ki, insanan nəyin xeyir, nəyin isə ziyan olmasını müəyyən edə bilək.

Hər bir insanın daxilində nəhəng istedadlar qoyulub. İnsan özünü tanısa, insanı tanısa, bu istedadları tanısa – böyük zirvələrə yetişə bilər.

Allahım! Bizləri öz yaradılış fəlsəfəsini dərk edənlərdən qərar ver!

Allahım! Bizləri xeyir-şərini anlayanlardan qərar ver! Amin!



Hacı İlqar İbrahimoğlu,
ilahiyyatçı-filosof
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 260
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri