Xanım Fatimə
Allahın rəsulu Muhəmmədin - sallallahu aleyhi və səlləm - birinci həyat
yoldaşı Xədicədən olan qızı, Həsən və Hüseynin anasıdır. Allah onlardan razı olsun!
O, Muhammədə peyğəmbərliyin
verilməsindən bir müddət əvvəl miladi təqvimi ilə 605-ci ildə Məkkədə
dünyaya gəlmişdir. Bədr döyüşündən sonra Əli ibn Əbu Talibə ərə
getmişdir. Peyğəmbər onu çox istəyər və ona hörmət edərdi. Fatimə
səbirli, dinə bağlı, səxavətli, ismətli, mehriban, sədaqətli və Uca
Allaha şükür edən bir bəndə idi.
Allah Rəsulunun danışığına insanlar içərisində ən çox oxşayanı
Fatimənin danışığı idi. Aişə demişdir: "Danışığında Allah Rəsulunun
sözünə Fatimədən daha çox oxşayan birini heç bir zaman görmədim”.
(əl-Buxari 233, Muslim, 3349).
Fatimə atasının yanına daxil
olduqda, o ayağa durar, onu qucaqlayıb öpərək salamlayar, Fatimə də ona
qarşılıq verərdi. Peyğəmbərin vəfatından sonra Fatimə altı ay yaşadı.
Abbas onun üçün cənazə namazı
qılmış, Əli və Fəzl onu qəbirə endirmişdi. Fatimənin oğlanları Həsən və
Hüseyn, qızlarından biri Ömər ibn Xattaba ərə getmiş Ummu Külsüm, digəri
isə Abdullah ibn Cəfər ibn Əbu Talibə ərə getmiş Zeynəb idi.
Aişə demişdir: "Fatimə Peyğəmbərin yürüdüyü tərzdə yürüyərək gəldi.
Peyğəmbər dedi: "Xoş gəldin, mənim qızım”. Sonra onu sağ və yaxud sol
tərəfinə otuzdurdu, sonra ona gizlicə bir söz söylədi və Fatimə ağladı.
Mən ona: "Nə üçün ağlayırsan?” deyə soruşdum. Sonra o Fatiməyə gizlicə
bir söz söylədi və o gülümsədi. Mən: "Bu günki kimi sevincin kədərə bu
cür yaxın olduğunu görmədim”. Rəsulullahın ona nə söylədiyini soruşdum
və o: "Allah Rəsulunun sirrini açmaram” deyə söylədi. Peyğəmbər vəfat
etdikdən sonra ondan bu barədə soruşdum və o dedi: "O
mənə dedi: "Cəbrayıl mənə hər il bir dəfə Quranı oxuyurdu, lakin bu il
iki dəfə oxudu, hiss edirəm ki, artıq əcəlim yetişib. Əhli Beytimdən
mənə ilk qovuşan sən olacaqsan”. Ona görə də mən ağladım. Sonra o dedi:
"Cənnət əhlinin və yaxud mömin qadınların seyyidi olmaq istəməzsən?”.
Buna görə də güldüm". (əl-Buxari 3437, Muslim, 4483).
Abdullah ibn Məsudun rəvayət
etdiyi hədisdə belə deyilir: "Peyğəmbər Kəbədə namaz qılırdı və Əbu Cəhl
və yoldaşları orada əyləşmişdilər. Bu zaman onlardan bəziləri
digərlərinə: "Sizlərdən kim filan və filan dəvənin içalatını gətirib
Məhəmməd səcdə etdikdə onun belinə qoya bilər? Beləliklə, qövmün ən
bədbəxti gedib bunu gətirdi və Peyğəmbər səcdə edənə kimi gözlədi, sonra
isə iki çiyninin arasına belinə qoydu. Bu zaman mən baxırdım, lakin heç
gücüm olmadığından ona yardım edə bilmirdim. Onlar gülürülər və gülərək
bir-birinə söykənirdilər və Allah Rəsulu səcdə edirdi və başını
qaldırmırdı. Sonra Fatimə gəlib içalatı onun kürəyindən götürüb kənar
etdi. Sonra Allahın Elçisi başını qaldıraraq üç dəfə: "Ey Allahım!
Qureyşi sənə həvalə edirəm" deyərək dua etdi. Onlara bəd dua etdikdə bu
onlara ağır gəldi, vəlvələyə düşdülər. Çünki onlar düşünürdülər ki, bu
diyarda edilən dualar qəbuldur...". (əl-Buxari və Muslim).
Digər bir hədisə Allahın Elçisi belə deyir: "Fatimə məndən bir
hissədir, kim onu qəzəbləndirərsə, məni qəzəbləndirər”. (Buxari və
Müslim).
Başqa bir rəvayətdə isə belə deyilir: "Dünyadakı ən fəzilətli dörd qadın bunlardır: Məryəm, Asiyə, Xədicə və Fatimə".