Bəzi
çirkin əməllərimiz insanlarla rabitəmizə mənfi təsir qoyar. Bu çirkin
əməllərdən biri də qeybətdir. Qeybət elə bir şeydir ki, əgər həmin insan
bu xəbəri eşitsə, xoş qarşılamaz. Yəni, sən kiminsə nöqsanını
başqalarının yanında deyirsən. Bu nöqsan ola bilsin ki, əxlaq, rəftar və
bədən eybləri olsun. Qeybət sırf dillə edilən bir əməl deyildir. Yazmaq
və ya işarə etmək də qeybətə şamil edilir.
Həzrət
Peyğəmbər (s) soruşur: "Bilirsinizmi ki, qeybət nədir?". Deyirlər:
"Xeyr". Buyurur: "Qardaşını elə yada salmaqdır ki, əgər başa düşsə,
narahat olar". Soruşurlar: "Əgər o şeyi ki, deyirlər, qardaşımızda olsa
belə?". Buyurur: "Əgər o şeyi ki, deyirsən, onda olarsa, qeybət
etmişsən, əgər onda olmazsa, böhtan atmısan".
İslamın tövsiyə etdiyi ən gözəl əxlaqi fəzilətlərindən biri budur ki, başqasının eybini gizlədək.
Qeybətin gətirdiyi bəlaları iki dəstəyə bölmək olar: dünya və axirət bəlalarına.
Qeybətin mənəvi və axirət bəlası
1.
Yaxşı əməlləri məhv edər. Qeybət nəticəsində insanın gördüyü yaxşı
əməllər məhv olar. İmam Sadiq (ə) buyurur: "Qeybət etmək hər bir
müsəlmana haramdır. Necə ki, atəş odunu yeyər, qeybət də yaxşı əməlləri
yeyər və aradan aparar".
İnsan qeybət edərək əməl dəftərində olan yaxşı əməllərini məhv edər və onu qeybət etdiyi insanın əməl dəftərinə ötürmüş olar.
Həzrət Peyğəmbər (s) nəql edir: "Qiyamət günü sizlərdən birini məhşər
səhrasına əməllərinə baxmaq üçün hazır edərlər. Əməl dəftərini əlinə
verərlər. Ona baxan zaman yaxşı əməllərindən heç bir şeyi orada görməz.
Deyər: "Pərvərdigara! Bu, mənim əməl dəftərim deyildir. Çünki dünyada
yerinə yetirdiyim əməl və ibadətdən orada bir şey görmürəm". Ona deyilər
ki, sənin Allahın xəta etməz. Bu əməl dəftəri - sənindir. Qeybət
etdiyin üçün gördüyün yaxşı əməllər qeybət etdiyin insanın əməl
dəftərinə yazılmışdır. Sonra başqa birini hesab üçün gətirərlər. Əməl
dəftərini ona verərlər. Dəftərə nəzər salar, ancaq gözlədiyinin əksinə
olaraq orada çox sayda ibadət və yaxşı əməl görər. Təəccüblənib deyər:
"Allahım, bu, mənim əməl dəftərim deyildir. Mən burada yazılan yaxşı
əməlləri görməmişəm". Ona deyilər: "Çünki filankəs sənin haqqında pis
danışmışdır və ona görə də onun yaxşı əməlləri sənin əməl dəftərinə
yazılmışdır"".
2. Allah vilayətindən xaric olar
İmam
Sadiq (ə) buyurur: "Hər kəs möminin abırını aparmaq və eybini tutmaq
üçün onun əleyhinə danışarsa, Allah bu cür insanı öz vilayətindən xaric
edər. Şeytanın vilayətinə tərəf göndərər, ancaq şeytan onu qəbul etməz".
3. İnsanın inancı fasid olar
Həzrət Peyğəmbər (s) buyurur: "Qeybətin müsəlmana təsiri, cüzamın bədənə təsirindən daha tezdir".
4. İbadətin dəyəri azalar.
O kəs ki, qeybət edir, ibadətinin dəyəri azalmış olar. Həzrət Peyğəmbər
(s) buyurur: "Məsciddə əyləşmək və namazın vaxtının çatmasını gözləmək
ibadətdir o zamana qədər ki, insan həds etməsin". Soruşdular ki, həds
nədir? Buyurdu: "Qeybət etmək".
5. Əməlləri qəbul olmaz
6. Behiştdən məhrum olar
Həzrət Peyğəmbər (s) buyurur: "Behişt üç nəfərə haramdır: söz gəzdirənə, qeybət edənə, daima şərab içənə".
7. Mükafatı təxirə düşər
Allah
Musaya (ə) vəhy edir ki, qeybət edən əgər tövbə edərsə, behiştə daxil
olan sonuncu kəsdir. Əgər tövbə etməzsə, cəhənnəmə daxil olan ilk insan
olar.
8. Qiyamət günü çirkin şəkildə təcəssüm olar
Qeybətin dünya bəlaları
1. Abrı aparar
İmam Sadiq (ə) buyurur: "Qeybət etmə ki, qeybət olunarsan. Qardaşın üçün quyu qazma ki, özün ora düşərsən".
2. Düşmənçilik yaradar
İmam Əli (ə) buyurur: "Qeybətdən çəkin, çünki Allahın və insanların qəzəbinə və düşmənçiliyinə səbəb olar və savabı məhv olar".
3. Çirkinlikləri təbliğ edər
İmam
Sadiq (ə) buyurur: "Həqiqətən o kəslər ki, imana malik olan insanların
arasında çirkinlikləri yaymağı xoşlayır, onlar üçün ağrılı əzab vardır".
Allah Təala bizləri günahdan qorunanlardan qərar versin