İmişli rayonu, Muradxanlı kənd sakini, 21 yaşlı Samirəni (qızın
adı şərti verilib) öz doğma bibisi oğlu Namiq Həsənov ötən il oktyabrın
19-da, axşam saatlarında zorla qaçırıb. Bu əməldə ona bacısı Afət və
Xeyrulla adlı bir şəxs köməklik göstərib.
Bu
barədə redaksiyamıza müraciət edən şikayətçi, qızın anası Sevinc
Həsənova bildirib. Onun sözlərinə görə, qızı qaçırılan zaman evdə 12
yaşlı digər qızından başqa heç kim olmayıb. Qadın bildirib ki, Afət
Həsənova əvvəlcə qızdan anasını soruşub: "Qızım evdə olmadığımı
bildirəndən sonra Afət qızıma deyib ki, gəl, səninlə işim var. Qohum
olduğumuz üçün qızım heç bir pis şey fikirləşməyərək onlara yaxınlaşıb,
görüşüblər. Bu vaxt onlar zorla qızımı maşına basaraq qaçırıblar. Hadisə
vaxtı evdə olan 12 yaşlı qızım baş verənləri söyləmək üçün xalasıgilə
gedib. Mənə xəbər çatanda, elə həmin gün kəndə qayıtdım, polisə xəbər
verdik. Bir gün sonra qızım zəng vurub ağlaya-ağlaya "məni bunların
əlindən alın”, - deyə fəryad qopardı.
Bundan sonra onlar telefonu qızdan aldılar. Sonra polisin əli ilə qızımı saxladıqları Beyləqan rayonunda tapdıq və geri aldıq”.
Şikayətçi
bildirib ki, həyat yoldaşı bir neçə il əvvəl 3 qız övladı və bir oğlu
ilə onu ataraq Rusiyaya gedib və geri qayıtmayıb: "Bundan sonra
övladlarımı özüm böyütmüşəm. Həyat yoldaşımın qohumları ilə əlaqələrimiz
soyuyub. Ərim Rusiyada başqa bir qadınla ailə qurub. Namiq baldızımın
oğludur. O, iki dəfə oğurluq, bir dəfə isə qeyri-qanuni yaşadığı qadının
5 yaşlı övladını qətlə yetirdiyinə görə ümumilikdə 18 il həbsdə olub”.
Qadının
sözlərinə görə, polisin axtarışından sonra məlum olub ki, qızı
Ağcabədiyə aparıblar və burada müqavimət göstərdiyi üçün döyüb,
hədə-qorxu gəliblər: "Oradan qızım Beyləqan rayonuna aparılıb. Qayıtmaq
istədiyi üçün burada da ona işgəncə veriblər. Beyləqanda nəhayət, polis
izə düşərək qızı onların əlindən alıb. Qızımın başına gətirilən min bir
əzab-əziyyətdən sonra ciddi psixoloji sarsıntı keçirib. İndi ancaq onu
bu vəziyyətə salanların cəzalandırılmasını istəyirik”.
S.
Həsənova bildirib ki, Namiq tutulub və barəsində cinayət işi başlayıb.
Şikayətçinin dediyinə görə, onları narazı salan məqam cinayətkarların
cəzalandırılması istiqamətində heç bir işin görülməməsidir: "Bu hadisəni
Namiq Həsənov tək törətməyib. Qızımın qaçırılmasında onun bacısı Afət
və Xeyrulla adlı sürücü də iştirak edib. Bu insan oğurluğu hadisəsidir.
Hələ bu azmış kimi, baldızımın əri, uzun müddət həbsdə yatan Arzuman
Həsənov evimə gələrək məni hədələyir və bildirir ki, övladları haqda
şikayət etsəm 12 yaşlı qızımı da qaçıracaq. Mən də, övladlarım da qorxu
içərisində yaşayırıq və məcburiyyət qarşısında evimizdən çıxaraq
kəndimizi, rayonumuzu tərk etmişik. Ailəliklə Bakı şəhərində
qohumlarımızın evinə sığınmışıq. Ancaq hələ ki bu işə baxan rayon
prokurorluğu cinayətin iştirakçısı olan Afət Həsənovanı və sürücünü
məsuliyyətə cəlb etməyib. Namiq Həsənova da iş kəsilməyib. Halbuki bu
əməl cinayətkar qrup şəklində həyata keçirilib”.
S.
Həsənova deyib ki, cinayəti törədənlərin cəzalandırılması üçün müvafiq
qurumlara etdiyi şikayətlərinə hələ ki cavab verilməyib.
Cinayət
işi əvvəlcə İmişli rayon Prokurorluğunda araşdırılıb. İbtidai istintaqı
rayon prokurorluğunun müstəntiqi İlqar Əhədov aparıb. Sonra cinayət işi
İmişli rayon Prokurorluğundan alınaraq Beyləqan rayon Prokurorluğuna
verilib.
Qeyd
edək ki, barəsində həbs-qətimkan tədbiri seçilən Namiq Həsənovla bağlı
Beyləqan rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 144.2.3-cü (adam
oğurluğu bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya
mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat)
tərəfindən törədildikdə) maddəsi ilə istintaq tədbirləri həyata
keçirilir.
Yazıda adları çəkilən tərəflərin fikirlərini çap etməyə hazırıq.