Hər gün ən azı bir rəsmini paylaşmağa çalışır bu gülümsəyən qız. Hər
rəsmində gülümsəyir. Lakin özündən başqa onun gülümsəməsinin səbəbini
bilən yoxdur. Hamı onu şən, zarafatcıl, istiqanlı, arabir küsəyən
olduğunu yaxşı bilir. O, hər adamla ünsiyyət qurmur. Hər adamla
oturub-durmur. Onun öz dünyası və öz dünyasında yer alacaq yaxınları
var.
O, hələ də gülümsəyir. Atasının təqaüdə çıxdığını, anasının məktəbdə
müəllimə işlədiyini (onun anasına "pulgir Məsmə" də deyirlər),
qardaşının institutdan qovulduğunu, digər qardaşının fərarilik üstündə
həbsxanada olduğunu gizlədir bu təbəssüm.
Onun gülüşündə diş məcunlarında reklam olunan rəsm xronologiyası durur.
Onun gülüşündə nə gizlənmir ki? Amma yenə də gülümsəyir. Onun bir qəmgin
portretini görən yalnız evdəki Məstandır. Mətbəxə yemək qalıqlarını
oğurlamağa gələn bu pişik tez-tez bu qızın gizlincə oturub ağladığının
şahidi olub. Onun ağlamasının şahidi olmuş bu pişik buna əhəmiyyət
verməyib, öz işində olurdu...
Gülümsəyən qız... O, çox özünə vurğundur. Özünü Afrodita hiss edir.
Artıq bunu beyninə təlqin edib ki, yer üzünə nazil olmuş yeganə huridir.
Səhər-axşam saatlarla güzgü qarşısında o yana bu yana gedib gələn və
maraqla özünə tamaşa edən o gülümsəyən qız... Öz bədəninin saatlarca
qayğısına qalır, anasından aldığı pullara bahalı-bahalı kremlər,
balzamlar alaraq özünü daim xoş rayihələrdə saxlamağa çalışır. O, hətta
Kleopatra da olmaq istəyirdi..
Gülümsəyən qız... O daim bu dünyada ona layiq olacaq bir oğlanın
olmayacağını düşünür. Tez-tez rəfiqələrinə bu haqda söz açır. Özünün
Tanrı tərəfindən lənətləndiyi gümanındadır. Bu dünyada çox gözəl və ən
ideal insan olduğu üçün ona tay tapıla bilməyəcəyini düşünür və bunu
üzündə ifadə edir... Gülümsəyir...
Gülümsəyən qız... O tənqidi əsla qəbul etmir. Tərifi çox sevir. Onu daha
çox tərif edən şəxsə daha çox təbəssüm edərək "Çox sağ olun,
minnətdaram!" - deməyi sevir. Lakin o daha artığını istəyir... İstəyir
ki, ağıla -gümana gəlməyəcək təriflər deyilsin ona. O istəmir ki, hər
kəsə deyilən gözəllik tərifləri ona da deyilsin. Xeyr, istəmir...
O ərə itaət, dünyaya övlad gətirmək, övladları məktəbə aparıb
qayğılarını çəkmək kimi fikirləri absurd hesab edirdi. İyirmi iki yaşına
çatmasına baxmayaraq hələ də o, evdə valideynlərinə çay belə
süzməmişdi. Amma hələ də onlardan şikayətçi idi və özünə qarşı az qayğı
göstərildiyini iddia edib - ailəsini gülümsəyərək lənətləyirdi.
Gülümsəyən qız... Gülümsəyir, gülümsəyir... Gülümsədikcə həyatın
ona nələr hazırladığından xəbərsiz halda gülümsəyir. Şəkillər çəkdirir,
özünü əla-həzrət şahzadə kimi hiss etməyi çox sevir və yenə də
gülümsəyir. Anlamır ki, həyat bir zaman ona qəhqəhə ilə cavab verəcək...