Qadın işləməlidirmi?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 167
Səs ver:
(səs: 2)


"Olaylar" qəzeti yazır ki, əksəriyyəti qızlar olan məclisdə fikirlər fərqli idi. Zərif cinsin bəzi nümayəndələri qadınların işləməməsini, digər bir qisim isə işləməsinin önəmini dəstəkləyirdi. Qadınlar işləməsin deyənlər, bunu iş şəraitinin çətinlikləri, zərif nümayəndələr olan qadınların  həmin çətinliklərə tab gətirə bilməməsi ilə əlaqələndirdilər. İşləməyi müdafiə edənlər bunu qadının inkişafı üçün önəmli faktor hesab edirdilər. Onların fikrincə, "qadın işləyirsə, demək inkişaf edir”. İllər, bəlkə də ərslərdir müzakirə mövzusu olan bu mübahisəyə mütəxəssis aydınlaşdırması gətirmək istədik.


AMEA-nın fəlsəfə, sosial və hüquq institutunun elmi işçisi Aynur Veysəlova məsələnin çoxtərəfli yanaşma tələb etdiyini bildirdi. O hər iki fikir sahiblərinin doğru hesab etdikləri məqamları bir daha xatırlatdı: "Qadınların işləməsini istəyənlər belə hesab edir ki, işləyən qadınlar daha gec qocalır, dünyagörüşləri daha çox inkişaf edir, hüquqlarını yaxşı bildiklərindən onları aldatmaq çətin olur. Onlar işləyən zaman sadəcə özlərini inkişaf etdirmirlər, həm də ailə büdcəsinə kömək göstərirlər. Qadınların işləməsinə etiraz edənlərin də özlərinə görə səbəbləri var. Cəmiyətdə əxlaqsızlıq, ədalətsizliyin daha çox hökm sürməsi, rəhbər vəzifələrə irəli çəkiləndə qadınlara qarşı ayrı-seçkiliyin, qadınları təngə gətirənlərin olmasını əsas götürən qadın və kişilər qadınların işləməyini istəmir. Əlbəttə, bu cür yanaşmalarda da müəyyən qədər həqiqətlər var, lakin bütün iş yerləri eyni olmur, hər yerdə eyni problem olacaq deyib, cəmiyyətdən təcrid olunmaq da düzgün deyil. Bundan başqa qadınların işləməsinə maneə olanlar bunun həm də iş yeri adı ilə onları aldadan müəssisələrin artması ilə də əlaqələndirirlər. Çox zaman işə düzəlmək adı ilə hansısa müəssisəyə müraciət edən qadınların istismar olunması, insan alveri qurbanına çevrilməsi yaşadığımız dövrün reallığıdır. Bir çox idarələr işləmək üçün müraciət edən qadınları həm ölkədaxili, həm də xaricdə onları cinsi istismara məruz qoyurlar”.

Bərabər əmək haqqı

Bu gün həqiqətən də bir çox iş yerlərində qadınların irəli getməsinə mane olurlar. Əgər qadın işdə uğur qazanırsa, buna kölgə salmağa çalışırlar. Hətta həmin qadınlar haqqında müxtəlif rəvayətlər uydurur, onları gözdən salmağa çalışırlar. Bəzi qadınlar bu maneələrlə mübarizə aparsa da, bəziləri bezib geri çəkilir. Müsahibimiz isə kişilərin bu cür yanaşmalarının daha çox  patriarxal düşüncələrinin  nəticəsi olduğunu bildirdi: "İş yerlərində bəzən əmək haqqının verilməsi və ya vəzifədə yüksəlməyə görə qadın və kişilərə fərqli yanaşmalar olur. Qanunda da göstərilir ki, bərabər əməyə görə bərabər əmək haqqı verilməlidir. Lakin  bəzən qanunun pozulduğunu görürük. Bunu daha çox kişinin evin rəisi olması ilə izah edirlər. Qadının rəhbər vəzifələrə çəkilməməsini isə onun ailəyə daha çox bağlı olması, bu qayğılarının işini daha məsuliyyətlə yerinə yetirməsinə maneə olması ilə əlaqələndirirlər. Hələ də bir çox kişilərin özünü sevməsi, eqosundan kənara çıxa bilməməsi bir çox idarələrdə bu məqamlara səbəb olur”.

Ata, qardaş və həyat yoldaşı

İş yerlərində qadınların yüksəlməsinə maneə olan kişilər qədər, bəzən onların ən yaxınlarındakı kişilər də onların karyera qurmasının qarşısını almağa çalışırlar. Öncəliklə atalar, qardaşlar, daha sonra həyat yoldaşı qadının karyera qurmasına maneə olur. Ekspertin də dediyi kimi onlar əsl məqsədlərini müxtəlif bəhanələrlə kölgələməyə çalışırlar. İş yerlərinin qadınlar üçün təhlükəli olduğunu və ya onların əziyyət çəkməsinə razı olmadıqlarını bildirərək onları iş fikrindən döndərməyə çalışırlar. A.Veysəlova da deyir ki, heç bir kişi - ata, qardaş, həyat yoldaşı olmasından  asılı olmayaraq ailəsindəki qadının işləyib, ailəyə pul gətirməsinə dözə bilmir. Bunu həm ictimai qınaq, həm onların şəxsiyyətini alçaltmaq mənasında qəbul edirlər. Hətta məişətdə belə söhbətlər olur: "Filankəs necə kişidir ki, qızı, həyat yoldaşı və ya bacısı alver edir, küçə süpürür, müxtəlif müzakirələrdə, tədbirlərdə çıxış edir? Bunun kimi bir çox sosial psixoloji məqamları əsas gətirən kişilər belə düşünürlər ki, qadınlar işləməməlidir. Lakin onlar anlamalıdırlar ki, ali təhsili olub-olmamasından asılı olmayaraq qadınların işləməsi  vacibdir. Çünki bu həm onların böyütdükləri uşaqların dünyagörüşünün yüksək olmasında, həm də cəmiyyətə lazımlılıq nöqteyi-nəzərdən böyük təsir etmiş olur. Əgər bir kişi bəzənən, yaxşı geyinən, özünü təsdiq edən qadınlarla "münasibət” qurmaqda meylli olursa, nə üçün evindəki qadının da o səviyyəyə çatmasını istəmir? Bu çox ziddiyyətli məqamlar yaradır. Yəni bir tərəfdən bəzi kişilər iş yerindəki qadınlarla hörmətlə yanaşır, evindəki qadın hər hansı bir sahədə çalışmaq, karyera qurmaq istəyəndə buna maneə olurlar. Çünki onlar qadınların inkişaf edərək üzə çıxmalarını istəmir. Bir var deyələr filankəsin arvadı, biri də var ki, deyələr filankəsin əri, atası. Onlar bu cür tanınmamaq üçün qadınların inkişaf edib müəyyən yer tutmasına etiraz edirlər”.

Müsahibimiz işləməyən qadınların psixoloji problemlər yaşadığını da bildirdi: "İşləməyən qadınların psixoloji, fizioji durumu işləyənlərə nisbətən daha gərgin, az inkişaf etmiş olur. Əgər qadın ancaq dörd divar arasında oturursa, özünə vaxt ayırmırsa, müxtəlif ad günlər və ya yığıncaqlara, gözəllik salonlarına getmirsə, bütün günü televiziyada hansısa şou  veriliş və ya filmə baxır, uşaqları və yoldaşının qayğısını çəkirsə, artıq o qadınlarda psixoloji problemlər yaranır. Amma elə qadınlar da var ki, işləməsə belə özünə vaxt ayırır, daim sosial mühitdə olurlar, onların psixoloji durumu daha yaxşı olur”.


Adaptasiya ola bilmir

Lakin istənilən halda heç kim  heç nədən sığortalanmayıb. Qadınların işləməsinə maneə maneə olan atalar, qardaşlar, həyat yoldaşları bir gün onların olmadığı bir zamanda qadınların necə yaşayacağını heş düşünürmü? A.Veysəlova heç zaman işləməyən qadınların birdən-birə işə başlayanda problemlər yaşadığını dedi: "Elə məqamlar da olur ki, ömründə heç zaman işləməyən qadın, həyatının müəyyən dövründə işləməli olur. Məsələn, həyat yoldaşı vəfat edir, iş qabiliyyətini itirir və s. Bu məqamlarda qadın işləmək məcburiyyətində qalır. Həmin qadınlar ən azı bir neçə ay və ya bir il iş prosesinə uyğunlaşa bilmirlər. Adaptasiya olunmaqda çətinlik çəkir, iş yoldaşları ilə münasibət qura bilmir, ümumiyyətlə, insanlarla ünsiyyət qurmaqda çətinlik çəkir və iş prosesində tez-tez danlanırlar. Ona görə də burada televiziya, radio, müasir dövrdə isə internet medianın üzərinə böyük məsuliyyət düşür. Müəyyən verilişlər və ya saytlar yaratmaq olar ki, virtual da olsa insanlarla ünsiyyətə girsinlər ki, sonradan münasibətlərə daha tez uyğunlaşsınlar”.

"İşləmək istəmirəm”

Yazının əvvəlində də qeyd etdiyimiz kimi, kişilərlə yanaşı bəzi qadınlar da həmcinslərinin işləməsini istəmirlər. Elə qadınlar da var ki, özləri işləyir,  lakin həyatının müəyyən dövründə artıq işləməkdən bezir. Müsahibimiz bunu daha çox psixoloji durumla əlaqələndirdi: "Müxtəlif problemlər qadınların işlərindən bezməsinə səbəb olur. Müşahidə aparsaq görərik ki, elə insanlar var  həyatda özünü çox erkən yaşlarında təsdiq etdiyi halda, bəziləri isə yaşının çox olmasına baxmayaraq hələ də istəklərinə çata bilməyiblər. Heç bir nailiyyət qazana bilməyən qadınlar daha pessimist olur. elə qadınlar da var ki, əvvəlcə ailə qurur, uşaqları müəyyən səviyyəyə çatandan sonra işə başlayırlar və bu zaman həmyaşıdlarının onlardan çox inkişaf etdiyini görüb, işlərinə daha çox məsuliyyətlə yanaşır, səviyyələrini qaldırmaq üçün gecə-gündüz səy göstərirlər. Amma bir qisim qadınlar da var ki, erkən yaşlardan işləməyə başlayıblar, onların bəziləri ya  heç ailə qurmayıb və ya ailələri uğursuz alınıb, həmin qadınlar hər şeyə daha pessimist yanaşırlar. Onlar hər şeydən çəkinir, hətta işdən də bezirlər. İşdən bezmək həm də qadınların müəyyən yaş dövrü ilə bağlıdır. Araşdırmalara əsasən, deyə bilərik ki, ailə quran, övladı olan qadınlar psixoloji cəhətdən daha əzmkar olurlar, həm də onları gələcəyə bağlayan ailə və övladları var. Digər qadınlarda isə müəyyən natamamalıqlar var. Ona görə də onlar işdən daha çox bezir, pessimist olurlar. Bundan başqa bəzən cəmiyyətdəki çatışmazlıqları, iş yerlərindəki ədalətsizlikləri görmək, təzyiqlərə məruz qalmaq qadınların işdən bezmələrin səbəb olur. Lakin əgər işdə stimul olarsa, insan ondan heç zaman bezməz”.

Müsahibimiz istənilən halda psixoloji problem yaşayan qadınların işlərini itirməkdənsə psixoloqa müraciət etmələrini vacib hesab edir: "İnkişaf etmiş Avropa ölkələrinin əksəriyyətində hər bir ailənin, fərdin öz psixoloqu var. Həmin psixoloqlar insanlara kömək edirlər. Müəyyən yaş dövrü və ya iş prosesində çətinliklər, pessimizm yaşayan qadınlar da onlara müraciət edərək psixoloji problemlərindən xilas olurlar. Çünki işlərindən bezən qadınlar üçün sadəcə bir səbəb lazımdır ki, onlar yenidən əvvəlki əhval-ruhiyyələrinə qayıtsınlar”.

(səs: 2)
Şərhlər: 2
Baxılıb: 3 167
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri