Çılpaq
çiyinlər ədəb qaydaları çərçivəsində zərif dərini vurğulayan ən
əlverişli, fərqli və rahat üslubdur. Bundan başqa, çiyni açıq köynəklər,
toplar və donlar yayın ən qaynar yeniliyidir. Üstəlik, havalar çox isti
olduğu üçün açıq çiyinlər tərləmək problemini aradan qaldırır.
Çiyni
açıq maksi və ya mini klyoş paltarlar bu mövsümdə xüsusi ilə aktualdır.
Onlar bilək ətrafında bağlanan nazik qayışlı bosonojka və miniatür əl
çantasıyla əla görünür. Eyni zamanda, çiyni açıq dar midi donlar da
dəbdədir. Lakin onlar yalnız ideal bədən quruluşuna malik xanımlara çox
gözəl yaraşırlar.
Sarafanların
çiyinləri açıq versiyaları yayın əvəzolunmazıdır. Açıq, yumşaq pastel
rəngli, birrəngli, etnik və ya çiçək printli pambıq, kətan və ipək kimi
təbii parçalardan hazırlanan modellər seçin. Onları qladiator
səndəllərlə geyinin.
Çiyni açıq topları hündürbel şort və ya şalvarlarla uzlaşdırmaq olar.
Məşhur
dizaynerlərin bir çox kolleksiyalarında açıq çiyinli gəlinliklər öz
yerini çoxdan möhkəmlədib. Bohem tərzində gəlinlik axtaran qızlar üçün
çiyin dekolteli paltarlar ideal seçimdir. Belə paltarlar çılpaq körpücük
sümüklərinə bir incəlik və zəriflik əlavə edə bilər.
Çiyinlərdə
kəsiklər 90-cı illərin qranj üslubunu xatırladır. Çiyni kəsik köynək və
paltarları istənilən gündəlik və klassik ayaqqabı ilə uyğunlaşdırmaq
olar.
Lakin
bu trendlə ehtiyatlı olmaq lazımdır. Belə paltarlar kiçik miniatür
bədən ölçülərinə və qəşəng çiyinlərə yaraşır. Əgər sizin çiyinləriniz
çox enlidirsə, yaxud döşləriniz çox böyükdürsə, bu trend sizə görə
deyil. Çünki çiyin dekolteli köynəklər çatışmazlıqları gizlətmək yerinə,
daha da vurğulayacaq.
Çılpaq
çiyinlər özlüyündə çox diqqət cəlb edir. Və ona görə də dekolte
zonasını dəbli aksessuarlarla vurğulamaq mütləqdir. İncə boyunbağılar,
bilərziklər və üzüklər obraza parlaqlıq verir. Çiyin dekolteli
paltarları saçları toplayaraq, həm də uzun sırğalarla birləşdirdikdə
romantik axşam obrazı alınır.