Qadın gözəlliyinin ən əsas göstəricilərindən biri də məhz saçlardır.
Sağlam və parlaq saçlar hər kəsin diqqətini çəkə bilər. Lakin, bir çox
hallarda biz özümüz də dərk etmədən saçlarımıza ziyan vururuq. Bunu
müxtəlif vərdişlərimiz sayəsində edirik. Gündəlik həyatda bir çoxumuzun
etdiyi və saçlarımıza ziyan vuran həmin vərdişlərdən yaxa qurtarmaq
lazımdır.
Hər gün saç yumaq
Əlbəttə təmiz görünmək və özünü təmiz hiss etmək əladır. Lakin, bu sizin
saçlarınıza ziyan vurur. Çox yağlı və ağırlaşan saçınız yoxdursa, hər
gün saçınızı yumaqla ancaq onları korlaya bilərsiniz. Saçlar adətən 2-3
gündən bir yuyulmalıdırlar. Çünki, saçlarınıza hər gün su və şampunun
dəyməsi, saç dərisinin saçı qorumaq üçün istehsal etdiyi təbii yağ
qatının pozulmasına və saçınızın daha da ağırlaşaraq, korlanmasına səbəb
olur.
Saçların qaynar su ilə yuyulması
Saçlarınızı çox isti su ilə də yumaq onlara ziyan vurur. Bu yağlanma və
saç tökülməsi kimi problemlərə yol aça bilər. Qaynar su saçın dərisini
qurudur və strukturunu pozur, qaşınma və qabıqlanma kimi problemlər
yarada bilir.
Saç kremindən səhv istifadə etmək
Saçlarınıza qulluq prosedurlarında ən çox istifadə etdiyiniz məhsul da
saç kremi olur. Balzamlardan səhv istifadə edərək saçınızın dibini
yumşaldır, onların tökülməsinə yol açırsınız. Ən doğrusu az miqdarda saç
kremi götürərək, saçlarınızın ancaq uclarına çəkmək və daha sonra
yaxşı-yaxşı yaxalamaqdır. Beləliklə saçlarınızın ucları daha möhkəm və
sağlam olacaq.
Uzun müddət eyni şampun və balzamın istifadəsi
Peşəkar saç ustalarının da dediyi kimi, eyni saç məhsullarını uzun
müddət istifadə etmək olmaz. Çünki dəriniz uzun müddət istifadə
etdiyiniz şampunun tərkibinə qarşı bir müddət sonra tamamilə təsirsiz
qalmağa başlayır. Əgər saç məhsullarından maksimum dərəcədə fayda almaq
istəyirsinizsə, özünüz üçün iki fərqli məhsul seçin və mütəmadi olaraq
dəyişdirərək istifadə edin.
Saçların yaş-yaş daranması
Bir çoxumuz duşdan çıxan kimi saçlarımızı dərhal daramağa üstünlük
veririk. Lakin bilmək lazımdır ki, saçlar yaş olduqda daha çox qırılmağa
meylli olur. Buna görə də yaş saçları daramamaq lazımdır. Xüsusilə
nazik dişli daraqlardan istifadə etməyin. İri dişli daraqlarla saçınızı
ehmalca açın və tam quruduqdan sonra istədiyiniz kimi darayın.
Saçları dəsmalla sərt şəkildə qurulamaq
Daha əvvəl də qeyd etdiyimiz kimi, saçlar yaş olduqca qırılmağa çox
meylli olur. Ona görə də, dəsmalla saçlarınızı quruladıqda çox ehtiyatlı
olun. Biz adətən hamamdan çıxan kimi, saçlarımızı dəsmalla möhkəm
qurutmağa çalışırıq və bu an saçlarımızı nə qədər qırdığımızı da dərk
etmirik.
Vaxtaşırı saç kəsdirməmək
Uzun saçlar bir çox qadının arzusudur. Lakin bu saçlar sağlam görünüşdə
deyilsə, onların uzun olması da gözəl görünməsinə səbəb olmayacaq.
Vaxtaşırı saçlarınızı kəsdirin və bununla da saç qırılmalarının
qarşısını alın. Bunu maksimum hər 3 aydan bir etməyə çalışın.
Fenin çox istifadəsi
Saçınıza edə biləcəyiniz ən böyük pisliklərdən biri də, onu mütəmadi
yüksək temperatura məruz qoymaqdır. Buna görə də, hər gün saçı fenləmək
kimi bir vərdişiniz varsa, buna son qoymalısınız. Çünki fendən mütəmadi
istifadə saçın keratin bütünlüyünü pozur və saçlarınızın bioloji yaşını
sürətlə yüksəldir. Həftədə maksimum 2 dəfə istifadə etməyə çalışın.