Övladım xuliqanlığa məruz qalırsa, nə etməliyəm?

Müəllif: Sweet Candy
Şərhlər: 5
Baxılıb: 2 145
Səs ver:
(səs: 0)
Övladınız deyir ki, məktəbdə onu ələ salırlar. Bu zaman nə etmək yaxşı olar? Məktəbdən təqsirkarı cəzalandırmasını tələb etmək? Övladınıza necə mübarizə aparmağı öyrətmək? Qərar verməzdən öncə xuliqanlıq barədə bəzi faktları nəzərdən keçirin.

Xuliqanlıq barədə nəyi bilməliyəm?
Xuliqanlıq nədir? Xuliqanlıq kimisə davamlı və məqsədyönlü şəkildə fiziki və ya emosional cəhətdən incitməkdir. Ona görə də hər təhqirə və qərəzli hərəkətə xuliqanlıq demək olmaz.

Xuliqanlığın nə olduğunu bilmək nəyə görə vacibdir? Bəzi insanlar kiçik də olsa, onları üzən hər bir davranışı «xuliqanlıq» sözü ilə ifadə edir. Amma kiçik məsələləri böyütməklə özünüz də bilmədən uşağınıza həm indi, həm də gələcəkdə lazım olacaq bir bacarığa yiyələnməsinin qarşısını alacaqsınız. Bu, münaqişələri həll etmək bacarığıdır.

Müqəddəs Kitab prinsipi: «Küsəyən olma» (Vaiz 7:9).

Nəticə: Düzdür, bəzi vəziyyətlərə sizin müdaxilə etməyiniz gərəkli ola bilər. Amma digər vəziyyətlərdə uşağınıza imkan yarada bilərsiniz ki, o, çətin vəziyyətlərin öhdəsindən gəlməyi və insanlarla yaranan mübahisəli məsələləri özü həll etməyi öyrənsin (Koloslulara 3:13).

Bəs əgər övladınız davamlı və məqsədyönlü təqibə məruz qaldığını dilə gətirirsə, onda nə edə bilərsiniz?

Necə kömək edə bilərəm?

Övladınızı səbirlə dinləyin. Çalışın 1) nə baş verdiyini və 2) başqalarının övladınızı nəyə görə ələ saldığını müəyyən edəsiniz. Bütün faktları əldə etməmiş hər hansı bir nəticəyə gəlməyin. Ola bilsin, hadisə haqda bütün təfərrüatları bilmək üçün uşağınızın müəllimi və ya digər uşağın valideynləri ilə danışmalı olasınız.

Müqəddəs Kitab prinsipi: «Dinləmədən cavab vermək səfehlik və rəzillikdir» (Məsəllər 18:13).

Övladınız xuliqanlığa məruz qalırsa, onda ona növbəti sahədə kömək edin. Qoyun o anlasın ki, vəziyyətin yaxşılığa və ya pisliyə doğru dəyişməsi onun xuliqanlığa necə qarşılıq verməyindən asılıdır. Məsələn, Müqəddəs Kitabda deyilir: «Mülayim cavab hirsi yatırar, kobud söz qəzəb oyadar» (Məsəllər 15:1). Həqiqətən də, əvəz çıxmaq gözlənilən nəticəni verməyəcək. Bu, xuliqanı sakitləşdirməkdənsə, daha da qızışdıra bilər.

Müqəddəs Kitab prinsipi: «Pisliyə pisliklə, təhqirə təhqirlə cavab verməyin» (1 Butrus 3:9).

Uşağınıza başa salın ki, əvəz çıxmaması onun zəif olduğunu göstərmir. Əksinə, bu, onun güclü olduğunu göstərir, çünki o, qarşı tərəfin onu idarə etməsinə izin vermir. Beləcə, o, xuliqana çevrilmədən özünü müdafiə edəcək.

Övladınız kiberxuliqanlığa məruz qalırsa, bu məsləhəti yadda saxlaması xüsusilə vacibdir. «Onlayn qəzəb mübadiləsi» adlanan «internet müharibəsinə» qoşulmaq xuliqanın hərəkətlərinə davam etməsinə yol açır. Həmçinin bu uşağınızın özünü xuliqanlıqda təqsirləndirməsinə səbəb ola bilər. Bu səbəbdən, bəzən ən yaxşı cavab cavab verməməkdir. Böyük ehtimal, bu üsul xuliqanın sakitləşməsi və övladınızın özünü ələ alması üçün daha çox işə yarayacaq.

Müqəddəs Kitab prinsipi: «Odun olmayanda ocaq sönər» (Məsəllər 26:20).

Bəzi hallarda övladınız xuliqanlığa gətirib çıxaran yerlərdən və insanlardan uzaq dura bilər. Məsələn, əgər o, belə insanın və ya qrupun harada olduğunu bilirsə, xata-baladan uzaq olmaq üçün başqa yolla gedə bilər.

Müqəddəs Kitab prinsipi: «Uzaqgörən bəlanı duyub gizlənər, cahil isə qabağa gedib ziyan tapar» (Məsəllər 22:3).

Ata oğlunun müəllimi ilə danışır; ata digər uşağın atası ilə danışır
Ola bilsin, uşağınızın müəllimi və ya digər uşağın valideynləri ilə danışmaq lazım gəlsin

MƏSLƏHƏT: Övladınıza kömək edin ki, qarşısındakı seçimlərin müsbət və mənfi yönləri barədə düşünsün. Məsələn:

Əgər o, xuliqana məhəl qoymasa, nə baş verə bilər?

Əgər o, qəti şəkildə xuliqana dayanmasını desə, nə baş verə bilər?

Əgər o, xuliqanın etdiklərini məktəbə bildirsə, nə baş verə bilər?

O, xuliqanı mehribanlıqla və ya yumorla sakitləşdirə bilər?

Xuliqanlığa üzbəüz və ya onlayn məruz qalmaqdan asılı olmayaraq, hər vəziyyət müxtəlifdir. Ona görə də praktiki bir həll yolu tapmaq üçün uşağınıza kömək edin. Bu çətinlik boyunca onun yanında olacağınıza onu əmin edin.

Müqəddəs Kitab prinsipi: «Əsil dost hər zaman sevər, o, dar gün üçün doğulmuş qardaşdır» (Məsəllər 17:17).
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 145
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri