Cənnətin ətri (8-ci bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 2 626
Səs ver:
(səs: 0)
Mingəçevirdən hərəkət edən ilbizlər Kürdəmiri keçmişdi, amma zaman keçmək bilmirdi. Nazlana- raq keçən günlər alkoqola dönməyimə səbəb olurdu. Bazar günü həmişəki yerimdə, pəncərə önündə otu- rub pivə içirdim. Axşamüstü Elnur yanıma gələndə mən artıq piyan idim. Onu da nə qədər içirtmişdimsə o da piyan olub aşa-aşa güclə çıxıb getmişdi. Mənsə təkbaşına oturub qusaraq içməkdə davam etmişdim. Əsr kimi gələn ikinci gündə Röya zəng edib anasıgilin Mingəçevirə qayıtdığını, bacısına ev işlərində kömək etsin deyə Bakıya, bacısının yanına gəldiyini söylədi. O mənlə görüşmək, parkda gəzmək istədiyini, filmə baxmaq istədiyini və məni xərcə salacaq digər şeylər etmək istədiyini deyəndə mən hamısına “edərik, gedərik, yaxşı”, – deyib görüşəcəyimizi vəd etdim. Elə həmin gün yeni nömrə alıb onu istifadə etdiyim bütün sosial şəbəkələrdə qara siyahıya atdım. Sonrakı aqibətindənsə heç bir xəbərim olmadı.
Yeddi gün keçmişdi. Durumuma öyrənişməyə ça- lışırdım. Nərmindən soyuduğuma, ürəyimdəki boş- luğa alışdığıma inanmaq istəyirdim. Həyatımda ona məxsus nə varsa silib atırdım. Nömrəsini, telefonum- dakı şəkillərini sildiyim kimi. Amma xatirələri silmək asan deyildi, insanı öldürüb yaşayan xatirələri. Ona olan pis sevgim ehtiyac halını almışdı, suya, havaya olan ehtiyac kimi. Buna alışmağa çalışırdım, hava- sız, susuz yaşamağa. Başımı qarışdırmaqdan ötrü işə geri qayıtmaq barədə fikirlər keçirdi ağlımdan. Bütün günü oturmaqdan sıxılır, heç nə etməməkdən yoru- lurdum...

Yeni ili evdə yalnız başımı siqaret və çaxırla qeyd edərək qarşıladım. Daha günlər əvvəlki kimi yox, sürətlə keçirdi. Sürətli günlərin birində, yanvarın əvvəllərində Səidə zəng etdi. Telefonu açıb:
– Nömrəmi haradan tapmısan? Sənin əlindən də- yişmişdim, – dedim.
– Salam-sağ ol yoxdu? Facebook profilindəki dos- tundan tapmışam, çoxdandır səsini eşitmirdim, de- dim görüm necəsən? Yeni ilin də mübarək.
– Pisəm, çox pisəm, sən necəsən? Sənin də hər yeni saniyən mübarək.
– Həmişəki kimi, sağ ol, sənlə görüşmək istəyirəm, mümkünsə bu gün, elə indi.
– Niyə? Sizə istirahət filan yoxdu? Universitet qur- tarmayıb?
– Bir şeylər demək istəyirəm, xahiş edirəm, yox demə, gəl. Universiteti qurtarmağıma iki il var, imta- hanlar aralığındayıq, gələcəksənmi?
– Yaxşı, hara gəlim, saat neçədə?
– Nərimanovda MOON-ol-SUN kafesini tanıyır- san? Ora gələ bilərsən?
– Hə, tanıyıram, gələrəm.
– Saat 10-da görüşərik, gözləyəcəm.
– Yaxşı hələlik, sağ ol – deyib telefonu söndürdüm.

Ayna önündə qıvırcıqlaşan saqqalıma, qulaqları- mı örtən, səliqəsiz saçıma əl gəzdirərək paltarımı ge- yinib yola çıxdım. Bayırda şaxta adamın sümüyünə işləyirdi, nəfəs alıb-verərkən buxarlanaraq ağızdan çıxan isti hava siqaret tüstüsünə bənzər boz rəngə ça- lırdı. Yollar buz bağladığından maşınlar asta hərəkət edirdi. Kənar yerlərdə qar topaları da vardı. Soyuqdan əllərimi ceketin cibinə salmışdım. Arada şaxtadan rəngini itirmiş burnumu və qulaqlarımı əlimin içi ilə ovuşduraraq qızdırırdım. Addım atdıqca ayağımın altında qalan şaxta vurmuş qar şaqqıldayırdı. Bəzən ayağım sürüşürdü. Yıxılmağa az qalmış müvazinətimi düzəldirdim. Önümdə gedən yaşlı bir kişi mənim kimi çevik davranmadığından sürüşərək beli üstə yerə dəydi. Onu yerdən qaldırıb yenidən yoluma da- vam etdim. Geriyə dönüb baxdığımda həmən kişi- nin yenidən sürüşüb yıxıldığını gördüm. İkinci dəfə onu qaldırmağa getməyib metroya girdim. Dediyim vaxtdan on dəqiqə gec, saat on birə on dəqiqə işləmiş kafeyə gəlib çıxdım. Səidə ikinci mərtəbədə pəncərə qırağında oturub yoldan asta-asta irəliləyən maşınları izləyərək məni gözləyirdi. Görüşərək şüşədən masa arxasındakı yumşaq oturacağa əyləşib ofisianta iki di- lim çiyələkli tort, iki stəkan çay sifariş etdim. İsti çayı əlimdə tutub barmaqlarımı qızdıraraq:

– Hə, de görüm nə deyəcəksən, Səidə xanım, daha məni çağırmağının səbəbindən danış, – dedim.
O, başını aşağı salıb tort dilimini çəngəllə eşib, de- şərək:
– Dediyimə inanmağını istəyirəm, xahiş edirəm səmimi ol, başından eləmə məni, – dedi.
– Əvvəlki söhbətlərdəndisə, mən sənə o vaxtı da demişdim, əgər həmin sözləri deyəcəksənsə, eyni sözləri eşidəcəksən.
– O zamandan indiyə mənə qarşı hər hansı hiss ya- ranmayıb səndə? O qədər pisəm ki, məndən uzaq du- rursan? Mənlə ancaq yatmaq keçir ağlından?
– Səidə, o vaxt da demişdim sənə, indi də deyirəm, sən çox gözəl qızsan, buna şübhən olmasın, sadəcə olaraq mən istəmirəm, alınmır, biz də alınmaz bu. Özün də başa düşürsən məni, bizdən olsa-olsa dost olar ancaq, o da bəlkə.
Mən danışdıqca onun gözləri qızarır, qeyri-ixtiyari çəngəllə tortu əzərək qəmli-qəmli gözlərimə baxırdı. Onun mənə olan sevgisinin səmimiyyətinə inanırdım. Amma istəsəydim də, o an qəlbimdə ona qarşı sevgi yaranmayacaqdı. O gözəl olmağına gözəl idi, amma qəlbimdəki gözəllik o deyildi. Başlıca olaraq onun başqaları ilə də yatdığını bilirdim və bunu üzünə deyə bilmirdim.

Səidə çayından bir qurtum götürüb:
– Bilirdim belə deyəcəksən, ancaq içimdə közərən kiçicik ümid, o məcbur etdi məni. Mən razıyam, razı- yam ki, dost qalaq, ən azından üzünü görəcəm, – deyib üzündəki gerçək hissi gizlətməyə və gülümsəməyə çalışdı.
Saata baxdığımda gec olduğunu görüb:
– Daha gecdi, gəl gedək səni evə ötürüb gedim, – dedim.
Sakitcə:
– Hə yaxşı, – deyib razılaşaraq masaya keçirdiyi boz qalın ceketini əyninə geyindi.
Kafenin qırmızı xalı sərilmiş, ağ rəngə boyanmış dəmir sürahili pilləkənləri ilə aşağı endiyimizdə:
– İndi harda qalırsan? Yaxındı bura? – soruşdum.
– Montində, piyada on-on beş dəqiqəlik yoldu har- dasa, sən istəyirsən get, metro bağlanar, yolda qalar- san.
– Narahat olma, qayıdaram mən. Gedək səni ötü- rüm, – deyərək kafenin şüşədən giriş qapısını açıb ba- yıra çıxdıq.
Çox astadan soyuq külək əsirdi. Şaxta azca ölüş- kəmiş, narın qar yağmağa başlamışdı. Buludlardan ayrılıb rəqs edərək dünyaya qovuşmağa can atan qar dənələri yerə düşdüyü an əriyib yox olurdu. Narın qar yağışı altında asta addımlarla bir xeyli heç nə da- nışmadan lal-dinməz getdik. Yarıyolda “üşüyürəm”,
– deyərək qoluma girdi. Yarı yolu da eləcə başa vur- duq. Yaşadığı evin giriş qapısı önündə sağollaşan- da qəfil pəncəsi üstə duraraq dodaqlarımdan öpdü. Bir az uzun öpüş oldu bizim öpüşümüz. Məlhəm oldu, dərman oldu həsrətdən çatlamış dodaqlarımı- za, sevgiyə həsrət o çatlaqlara. Bitməsini istəmirdim bu nəvazişin. Çünki o an sevgisini hiss edirdim, so- lum keyimiş, sinəm odlanmışdı. Adsız duyğu bunu duyurmuşdu. O astaca dodaqlarını çəkərək gözləri nəmli “çatanda xəbər et”, – deyə ayrılığın və sevginin xəbərçisi olan sözlərlə yola saldı məni.

***
Ondan ayrılıb fikrə dalaraq metroya tərəf yola düş- düm. Səidəyə dediyim sözləri düşünərək qəbahət etmiş kimi hiss edirdim özümü. Bu peşmançılıq sevgidən yox, mərhəmətdən doğurdu. Acıyırdım ona. Onu sevə bilmədiyimə, sevgimi əsirgədiyimə görə təəssüflənirdim. Məyus halda addımlayarkən siqaret tüstüsü ilə hislərimi boğmağa çalışırdım. Fikirlərdə boğularaq telefonu çıxarıb saata baxdığımda düz on iki tamam idi. Metronun bağlandığına, sonuncu qatara gecikdiyimə əmin idim. Amma açıq olması

ümidi ilə oraya tələsdim. Sönük ümidim puça çıxdı. Nəriman Nərimanov metro stansiyasının girişini bağ- lamışdılar artıq. Yol qırağında dayanıb müştəri uman boz sıx saçları, üzünə yayılmış girdə burnu, enli qaş- ları olan, orta boylu yekə qarın bir taksi sürücüsünə yaxınlaşaraq:
– Salam dayı, Əcəmiyə gedə bilərik, – dedim. Taksi sürücüsü:
– Niyə getmirik, otur getdik, – dedi. Maşına oturmadan öncə:
– Neçəyə aparacaqsız? – deyə soruşdum. “Vaz 2107” sürücüsü:
– Nə verərsən-verərsən, otur.
– Cəmi beş manatım var, bəs edər? Sürücü:
– Otur gedək, bəs edər, – dedikdən sonra keçib arxa oturacaqda əyləşdim. O arxada oturduğumu gördüyündə: – keç qabaqda otur, cavan-cavan söhbət edərik, – dedi.
Ərindiyimdən:
– Mənə bura rahatdı, çox sağ olun, – dedim. Sürücü:
– Sənə necə xoşdursa, qardaş, – deyərək maşını ağır-ağır zolağa saldı. Yola düzəlib sürəti artıraraq:
– Hava dəhşətdi, heç sərf eləmir bu havada maşın sürmək, ancaq nə edək? Çörəyimiz burdan çıxır,
– de- yib susdu. Cavab vermədiyimi görüb: – Əcəmidə han- sı tərəfə gedəcəyik? – sualını verdi.
Mən:
– Metro qırağı harda istəsəz saxlayarsız, ordan gedərəm.
Sürücü:
– Baş üstə, qardaş, – deyib özünü tərifə başladı:
– Mən yeddi il Rusiyada maşın sürmüşəm, bu şaxta nədi ki ordakının yanında? Heç nə.
– Yoldakı maşın- ları işarə edərək: – Bunların maşın sürməyinə bax, gör necə sağa-sola sürüşdürürlər,
– dedi. Ardınca “Mersedes”i göstərib,
– hələ bunu heç sürmək olmur, əlindən çıxdı sənin deyil, ya maşına, ya da divara çır- pacaqsan, salamat çıxsan dua elə,
– sağ əlini iki dəfə qaldırıb sükana vuraraq
– hayıf deyil 07? Maşınların şahıdı, hər cür maşın sürmüşəm, 07-dən başqası ya- landı, vallah, qardaş, əlimə elə yatır ki, bir dəfə olsun yarı yolda qoymayıb məni.
Onun sözlərini yalandan təsdiq etdim:
– Hə, elədi.
O, sözlərimdən daha da həvəslənərək söhbətinə davam etdi:
– Necə istəyirsən sürüm. Saata bax, yol buz olsa da uzağı yeddi dəqiqəyə çatdıracam səni. Belə havada, qarda, şaxtada fərqi yoxdu. Bütün şəraitdə sürürəm, daha vərdiş almışam, gör neçə ildi sürürəm, on yed- di ilə yaxın, indiyədək iki-üç kiçik qəza keçirmişəm, onunla da qurtardı. – Geriyə çevrilib mənə baxaraq:
– inanırsan, qardaş, mən...
Qorxu ilə:
– Önə bax! – deyə qışqırdım.
Başını çevirib önə baxanadək aləm qarışdı. Ötmə edən avtomobilə çırpılmamaqdan ötrü əyləci sıxdı- ğında maşın durmayaraq avtomobilə sarı sürüşməyə başladı. Sürücü qəfil hərəkətlə sükanı sağa çəkib qur- tulmağa çalışarkən maşının arxası sola dartıldı. O əlli- altmışla getdiyimiz buz bağlamış yolda idarəetməni tamamən itirdi. Maşın gah sağa, gah da sola sürüşür- dü. Əllərimi ataraq möhkəmcə qapılardan tutdum. Səsimi çıxara bilmədiyimdən udquna-udquna qal- dım. Həyəcandan dilim-dodağım quruyur, ürəyim şiddətlə döyünürdü. Əzrailin yaxınlarda olduğunu hiss edirdim. Maşın sağa-sola sürüşərək səkiyə çır- pılıb yolun qarşı tərəfinə keçdi. Sonuncu gördüyüm üstümüzə çıxan Kam.AZ-ın faraları oldu. O an qorxu- dan göz qapaqlarımı möhkəmcə bir-birinə sıxdım. Çox möhkəmdən tormoz, ardınca toqquşma səsi gəldi, başım zərblə maşının üstünə çırpıldı və bütün bədənimdə ağrılar hiss etdim.

***
Gözlərimi açıb qatı dumanı parçalayan günəşə baxır, harada olduğumu anlamağa çalışdım. Heç nə anlamadan taqətsiz gözlərimi yumdum. Gözümü aç- mağa gücüm yox idi. Bütün enerjimi toplayıb ikinci dəfə gözlərimi açdığımda ətraf qaranlıq idi, mən hələ də dumanlı görürdüm. Gözlərimi yumub yenidən açdım, dumanlar içində ağ xalatlı bir qadın mənə baxaraq dodaqlarını tərpədirdi. O mənə nəsə deyirdi, lakin heç nə eşitmirdim. Gözlərimi qırpıb açdığımda önümdə anam dayanmışdı. Deyəsən ağlayırdı. Hər gözümü yumub-açdığımda yeni bir insan üzü ilə qar- şılaşırdım.
Qarşıladıqlarımdan yalnızca üçünü tanımışdım: anamı, qardaşımı və Nərmini. Digər üzlərin heç biri tanış deyildi. Yavaş-yavaş nə baş verdiyini anlama- ğa başladım. Məni xəstəxana otağında, çarpayıda uzandırmışdılar. Danışmağa halım yox idi. Boynuma plastik boyunluq bərkidilmişdi deyə başımı hərəkət etdirə bilmirdim. Hər iki ayağım gipsə salınmışdı. Sol qolumun damarlarına iynələr sancmışdılar. İynələrə qoşulu şəffaf sistem şlanqlarından rəngsiz və qırmı- zı mayelər axırdı. Başım gicəllənir, alnım qaşınırdı. Əlim tərpənmədiyindən alnımı qaşıya bilmirdim. Və o getdikcə məni qıcıqlandırırdı. Qaşıntı ilə mübarizə etdiyim bir vaxtı qapı açıldı. İçəri əlində vərəqlər tutmuş ağ xalatlı qadın girdi. Damarlarıma qoşulan şlanqlara baxdıqdan sonra gülümsəyərək mənə:
– Möhkəm adam imişsən, özünü necə hiss edirsən?
– dedi.
Mən udqunub qupquru dodaqlarımı dilimlə isla- daraq güclə eşidiləcək tərzdə:
– Pis, alnımı qaşısanız bəlkə bir az toxdayam, – de- dim.
Ağ xalatlı qadın:
– Yaxşı olacaqsan, darıxma, alnında yara var, ona görə qaşınır, qaşımaq olmaz, – deyib gülümsədi və səssizcə otağı tərk edib getdi.
Yamanca yorğun və yuxulu idim. Susuzluqdan ciyərlərim yanırdı. Bütün bədənimdə sızıltılar var idi. Bəzən o sızıltılar getdikcə artır, artır və artdıqca ağrıya çevrilirdi.Ağrılartədricənartaraqodərəcəşiddətlənirdi ki, dözməyə halım olmurdu. Çığıraraq yerimdə çırpı- nırdım. Səsimə gələn ağ xalatlılar ağrıkəsicilər vura- raq imdadıma yetirdilər. Günlər keçdikcə ağrıkəsicilər də təsir göstərmirdi və ağrılar dözülməz olurdu. Həmin vaxtlar Allahdan ölüm diləyirdim, bircə ölüm. O isə xəstə adamın bircə diləyin gerçəkləşdirmirdi. Xəstə yatdığım müddətdə anam özünü unudub qay- ğımı çəkərək tamam əldən düşmüş, arıqlayıb zəifləmişdi. O elə bil yeddi il qocalmışdı. Ağlamaqdan gözlərinin altı qaralmış, içi qan qoymuşdu. Gözlərinin altında qaralan şişkinlik, üzündəki qırışlar, saçında- kı ağ tellər ürəyimi parçalayırdı. İncə barmaqlı zərif əllərinin solğunlaşmış dərisini çoxdan sarı xallar bü- rümüşdü. Həyat iztirab verərək gözlərimin önündə onu qocaldırdı, mənimsə əlimdən tamaşa etməkdən savayı heç bir şey gəlmirdi. Anam yanı başımda otu- raraq saçlarıma sığal çəkib:
– Yaxşı olacaqsan bala, yaxşı olacaqsan, sənin üçün hər gün allaha yalvarıb dua edirəm, – dediyində qapı- nı açaraq həkimim otağa girdi.
Həkim yanıma gəlib:
– Salam, Rasim, necəsən? Bu gün daha yaxşı görü- nürsən, – dedi.
– Əvvəlkindən yaxşıyam, doktor, çox sağ olun, nə vaxt ayağa qalxa biləcəm?
– Rasim, nə vaxt ayağa qalxacağını dəqiq deyə bilmərəm, bəlkə üç, bəlkə dörd, bəlkə beş aya, o səndən asılıdı. Bura nə halda gəldiyini unuda bilmirəm, ya- şayacağına ümidimiz yox idi, Allah sənə ikinci bir həyat qismət elədi. Bura gələndə çoxlu qan itirmişdin, bəxtin çəkdi bir xanım elə həmin gün sənə qan verdi, yoxsa qanitirmədən ölə bilərdin. Üç gün komada qal- dın, ayılmağın özü bir möcüzə oldu.

Mən gülümsəyib:
– Əzrail bu dəfə bacarmadı, üç gün komada olmu- şam? Qəribədi, heç nə xatırlamıram, bəs mənə qan verən qəhrəman kimdi, doktor? – dedim.
Həkim:
– Hə düz üç gün, xatırlamağın qəribə olardı. Bir qız qan vermişdi, tanımıram, – deyəndə anam: – Səidə, Səidə, mən bilirəm Səidə, – dedi.
Mən: – Hə bildim, sağ olsun. Həkim:
– Özünə yaxşı bax, kefini pozma, yaxşı olacaqsan, təki möhkəm ol, indi gedirəm, yenə gələcəm, – deyərək gülümsəyib otaqdan çıxdığında anam söhbətini da- vam etdirdi:
– Deməli, sənin sevgilin də var imiş, Nərmin qı- zım mənim gəlinim olacaq demək. Çox yaraşır sənə, ayağa dur inşallah, gedərik elçiliyə. Çox bəyəndim onu, tərbiyəli qıza oxşayır. Səni elə çox istəyir ki, gəl görəsən, səni burda görəndə dəli olmuşdu. Sabah gələcək bura, dərslərinə görə gələ bilmədiyini dedi, hər fürsətdə gələcəm, dedi, – dedi və əlavə təriflər.
Nərminlə bağlı söhbəti bitirib anamdan atamla qardaşımın məni ziyarətə gəlməmələrinin səbəbini soruşdum. Qardaşımla sadəcə bir gün söhbət etmiş- dim. Atamsa heç gəlməmişdi. Zar-zor öyrəndiyimə görə: atam qəzaya düşdüyümü, komada olduğumu eşitdiyində infarkt keçirdib. Həkim: “Bir daha olarsa ölə bilər, ehtiyatlı olun”, – dediyinə görə ziyarətimə gəlməsinə mane olurmuşlar. Qardaşımsa dükandakı işlərlə məşğul olduğundan, atamın qayğısına qaldı- ğından gələ bilmirmiş. Anam:
– Atan indi yaxşıdı, dükana da gedib-gəlir, qarda- şın yanına gəlməyə qoymur, mən də istəmirəm gəlsin, telefonla danışırsınız, bəsdi. Səni belə görsə yenə halı pisləşər. Daha atanız qocalıb, bala. Hüseyn əvvəlki Hüseyn deyil! – deyərək ah çəkib ürəyimi kövrəltdi. Səidə barəsində soruşduğumda sadəcə:
– Xəbərim yoxdu, bala, – deyərək söhbəti dəyişdi. Səidəni sonuncu dəfə evlərinə ötürdüyümdə gör-
düyüm idi. O vaxtdan bəri yanıma gəlməmişdi, heç te- lefonla da danışmamışdıq. Anama Səidənin nömrəsini deyib ona zəng etməsini istədim. Anam nömrəni yığıb zəng etdiyində telefonuna zəng çatmırdı. Həmin gün ona beş dəfə zəng etdik, amma əlaqə saxlaya bilmədik. Bilmədiyim başqa nömrəyə keçdiyini düşünərək ona istifadə etdiyi sosial şəbəkələrdən mesaj yazdım. Birindən belə cavab gəlmədi. Mən: “Maraqlıdır, niyə belə etsin? Qan verib, indi heç ziyarətimə gəlmir, nə də zəng edir» – deyə düşünürdüm...

Axşamlar yuxum gəlmirdi. Gecələri də oyaq olur- dum. Bəzən səhər saat yeddidə gözümə yuxu gəlirdi. Adətən dörddə, ya da beşin yarısı yatırdım. Ondan tez yatmağıma sevinirdim. Bütün günü otağıma qo- yulmuş kiçik televizordan xəbərlərə, tele-şoulara, ev- lilik proqramlarına, filmlərə, futbol yarışlarına baxır- dım. İztirablı günlər keçmək bilmirdi və mən çox sıxı- lırdım. Elə günlər olurdu ki, Nərmin gəlmirdi. Belə vaxtlar daha da sıxılırdım. Zəng edərək telefonda uzun-uzadı danışırdım. Onun dərslərinin olduğunu bildiyimə görə bezdirmirdim. Amma yanımda olma- sını çox istəyirdim. Hələ Nərminlə barışdığım üçün qəzaya düşməyimə sevinirdim də.
Bir gün Nərmin əlində kitab qapını açıb otağıma girdi. Onun içəri girməsi ilə üzümdə çiçəklər açdı. Nərmin dodağımdan öpüş götürüb altına stul çəkib:
– Bax, sənə kitab gətirmişəm, – deyərək əlində gətirdiyi kitabı göstərdi. – Qabriel Qarsia Markesin “Vəba günlərində eşq” kitabını almışam, deyəsən səndən danışırlar, – deyərək gülüb, – mən oxuyacam, sən dinləyəcəksən, razılaşdıq? – deyə soruşdu.
– Söhbət etsək olmaz? Səndən sarı darıxmışam, Markesdən sarı yox, sonra oxuyarsan, olar?
– Mən də darıxmışam, yaxşı sən deyən olsun, nə danışaq?

– İlk olaraq bir də öp, dilimdə dadı qaldı. – Söylə- diyim üçün Nərmin stuldan azca qalxıb özünü irəli verərək dodaqlarımı bir də öpdü. Bu öpüş azca uzun olmuşdu. Həm də çox xoşuma gəlmişdi.
Nərmin:
– Hə, öpdüm, indi danış, – dedi.
– Yaxşı danışım, nədən danışım? – dediyimdə ağ- lımda Səidə ilə bağlı bir neçə sual var idi, amma on- dan soruşmağa çəkinirdim. Küsəcəyindən qorxaraq başqa mövzulardan danışdım: –Anam mənə dedi ki, yataqdan qalx, Nərminə elçi gedəcəm. Deməli, yaxın- da evlənirik.
Nərmin sevinərək:
– Hə, mənə də dedi Lalə xala, inşallah...

Yazar: Elmar Şahbazov
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 626
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri