Həyatda kimdən nümunə götürmək istərdim - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 722
Səs ver:
(səs: 0)
Xalqa, Vətənə qəlbən bağlı olan, həyatları boyu əməlisaleh işlər görən insanlar gənclərə, yeniyetmələrə örnəkdirlər. Biz zaman-zaman xalqımızın içindən çıxan belə insanlarla fəxr edir, özümüz də gələcəyimizi onlar kimi qurmağı arzulayırıq.

Valeh olduğum insan kimdir? Həyatda kimə oxşamaq, kimdən nümunə götürmək istərdim? Əwəllər hər bir gənc kimi, mən də tez-tez bu kimi suallarla baş-başa qalırdım. Ilk vaxtlarda fikirlərim haçalanırdı. Ayrı-ayrı tarixi simalar, görkəmli şəxsiyyətlər arasında müqayisələr apardıqdan sonra nəhayət, mövqeyimi dəqiqləşdirmişəm. İndi mən yuxarıdakı suallara tərəddüd etmədən belə cavab verərdim: həyatda xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yolunu tutmaq, ona oxşamaq istərdim.

Mən öz seçimimi təsadüfən etməmişəm. Bu gün hər bir azərbaycanlının adını iftixarla çəkdiyi, özünə mənəvi dayaq sandığı H.Z.Tağıyevin həyatını ətraflı öyrəndikdən sonra bu qənaətə gəlmişəm.

H.Z.Tağıyevin həyatı humanistliyin, insanpərvərliyin zirvəsində dayana biləcək faktlarla zəngindir. O, milyonçu idi. XIX əsrin sonlarından başlayaraq, Bakıda və Abşeronda neft hasilatının sürətlə artması bir çoxları kimi kasıb həyat sürən, bənnalıq etməklə birtəhər çörəkpulu qazanan H.Z.Tağıyevi də varlı-hallı adamlar sırasına çıxarır. Tezliklə o, böyük sərvətə sahib olur.

Lakin həyatının dəyişməsi, var-dövlətinin artması H.Z.Tağıyevin xarakterini dəyişmir. O, ana torpağrın sərvəti və özünün böyük zəhməti hesabına qazandığı milyonlarla ətrafdakı kasıblara əl tutmağı, onların dolanışığını yüngülləşdirməyə kömək etməyi özünə borc bilirdi. Çətinliyə düşən insanlar onun adını ümidlə çəkirdilər.

H.Z.Tağıyev mütərəqqi fikirli, millətin sabahını düşünən bir insan olmuşdur. Həmvətənlərinin elmdən, təhsildən uzaq düşmələri, öz hüquqlarını bilməmələri bu humanist insanı bərk ağrıdırdı. O, millətin nümayəndələrinin, ələlxüsus da hüquqsuz vəziyyətdə yaşayan müsəlman qadınlarının maariflənməsi üçün yollar axtarırdı. H.Z.Tağıyevin Bakıda açdığı qızlar məktəbində çoxlu sayda müsəlman qadını təhsil almışdır. Bundan başqa, vətənpərvər milyonçu azərbaycanlı gənclərin dünyanın qabaqcıl ali məktəblərində yüksək səviyyəli təhsil almalarına da məmnuniyyətlə vəsait ayırırdı. H.Z.Tağıyevin tikdirdiyi binalar bu gün də doğma Bakımızın ən gözəl memarlıq abidələri sırasındadır. Vaxtı ilə H.Z.Tağıyevin şəxsi mülkü olan imarətdə isə hazırda Azərbaycan Tarix Muzeyi yerləşir.

H.Z.Tağıyev öz şəxsi vəsaitini məktəb, teatr tikintisinə, gimnaziyalar açılmasına, ana dilində qəzetlər, jurnallar çap olunmasına, azərbaycanlı gənclərin başqa şəhərlərdə təhsil almalarına, kasıb insanların həyat şəraitlərinin yaxşılaşmasına xərcləməyə vadar edən nə idi? Yox, Hacını bu işlərə pul xərcləməyə heç kəs məcbur etmirdi. Sadəcə, Hacı böyük vətənpərvər idi, onun qəlbində xalqını, Vətənini dərin məhəbbətlə sevən ürək döyünürdü. Bir dəfə bədxahlar Hacını nüfuzdan salmaq üçün onun Azərbaycandan köçəcəyi barədə şayiələr yayırlar. H.Z.Tağıyev dərhal mətbuat vasitəsi ilə belə şayiələrə cavab olaraq bildirir ki, Azərbaycan onun dədə-baba yurdudur və o, buradan heç yerə köçmək fikrində deyildir.

H.Z.Tağıyevi bir şəxsiyyət kimi xarakterizə edən belə müsbət keyfiyyətlər çoxdur. Buna görə də mən də həyatda onun kimi Vətənə, xalqa xidmət yolu tutmaq istəyirəm.

H.Z.Tağıyevin həyatını öyrənərkən gəldiyim qənaət belədir ki, insan gərək heç vaxt öz keçmişini unutmasın və xalqının xoşbəxtliyindən kənarda öz şəxsi xoşbəxtliyini axtarmağa çalışmasın.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 722
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri