Gələcəyi yıxan analar: "Qızını döyməyən, dizinə döyər" - MÜZAKİRƏ

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 4 014
Səs ver:
(səs: 2)
21-ci əsrdə qızlarını hələ də heyvani tərbiyə üsulu ilə böyüdən qadınlarımız var...

Nərmin xanımın 44 yaşı var. Ailəlidir, 1 oğlu və 1 qızı var. Qızların çox pozulduğunu əminliklə vurğulayan bu xanım, hətta həmin qızların anaları tərəfindən pozulduğunu deyir. Söhbət zamanı oğlanlar haqqında heç bir mənfi söz deməyən bu xanım qızını uşaqlıqdan qapazla döyərək böyütməyindən böyük bir iftixar hissi ilə danışdı.

"Mən onu başında qapazla böyütmüşəm. Döyülməsəydi, indi o da tərbiyəsiz olardı. İndi onun 22 yaşı var. Onun ağzı nədir, mən söz danışanda ağzını açıb söz desin. Bir gün uşaq olanda gəldim evə, gördüm ev yaxşı yığışdırılmayıb, döydüm, dedim, təzədən yığışdır. Onun 4 yaşı olanda ayağının altına stul qoyub qab yuyurdu. Sabah ərə gedəndə qayınanası mənə "çox sağ ol" deyəcək. Oğluma qarşı belə deyiləm. O başqadır. Onu nadir hallarda, 1-2 dəfə vurmuşam”.

Bu cür qapazla böyüyən və qızlarına bu cür münasibət bəsləyən qadınlar ölkəmizdə yetərincədir. Döyülən qızların bəziləri ali təhsil də ala bilirlər. İlk baxışdan normal görünür.

Amma Anspress-in müraciət etdiyi ekspertlərin əksəriyyəti bununla razılaşmırlar, bildirirlər ki, gələcəkdə onlarda psixoloji və fizioloji travmalara səbəb olur.

Psixoloq Dəyanət Rzayevin fikrincə, ümumiyyətlə, insanı döymək psixopatlıqdır. Bu cür insanlar nə özləri yaşayır, nə də başqasını yaşamağa qoyurlar.

"Təəssüflər olsun ki, bu gün anaların arasında belə bir psixopatlara rast gəlmək olur. Bu gün ancaq bizdə görmək olar ki, ana ictimai nəqliyyatda qızını döyür. Çox təəssüf ki, bu gün xalq arasında belə bir keçmişdən qalmış, düzgün olmayan ifadə var ki, "Qızını döyməyən dizini döyər”. Psixoloji mərkəzlərə, psixoloqlara müraciət edən qadınların əksəriyyəti döyülən qadınlardır ki, onlar nevroz diaqnozu ilə gəlirlər. Və həmin qadınların uşaqları da doğulanda xəstəliklə doğulur”, - deyə Dəyanət Rzayev vurğulayır.

Onun sözlərinə görə, bu gün məsuliyyəti boyunlarından atmaq üçün ağına-qarasına baxmadan qızları ərə verirlər. Qızların həyatını korlayırlar, baxmırlar ki, əyyaşdır və ya narkomandır, kimə gəldi ərə verirlər: "Belə bir primitiv, 18-19-cu əsr düşüncələri ilə yaşayan ailələr hələ də var”.

Qadın Krizis Mərkəzinin hüquqşünası Mətanət Əzizova isə qızların və qadınların savadsız və dünyagörüşsüz olmasından gileylənir:

"Rayonlarda 14-15 yaşlı qızların arzuları ərə getməkdir. Görən niyə vəziyyət belədir?! Çünki hələ bir neçə il bundan əvvəl eyni sualla qızlara müraciət edəndə qızlar ən böyük arzularının məktəbi "5”lə bitirib universitetə daxil olmaq, həkim və ya müəllim olmaq və s. olduğunu deyirdilər. Bunun da səbəbi ailədən gəlir. Əvvəllər valideynlər, xüsusən analar qızlara "Get dərsini oxu, yoxsa küçə süpürəcəksən və ya xlor satacaqsan”, ”Dərsini yaxşı oxu, böyüyəndə yaxşı vəzifədə işləyəsən” kimi sözlər deyirdilər. Beləcə, uşaq özünü hansısa vəzifədə görürdü, karyera düşünürdü. Ancaq indi tam əksini deyirlər. İndi analar qızlarına "Kitab oxuyub nə edəcəksən ki, get yemək bişirmək, ev yığışdırmaq, paltar ütüləmək öyrən. Sabah ərə gedəndə getdiyin evdə məni söyməsinlər ki, qızıma heç nə öyrətməmişəm” kimi sözlər deyirlər. Və beləcə bu günün savadsız qızları sabahın savadsız anaları olurlar”. Mətanət xanımın əslində Azərbaycanın hər yerində bu problemin olduğunu qeyd edir.

Amma bununla belə vəziyyət elə də faciəli deyil və bunu ekspertlər də qeyd edirlər. "Son zamanlar bu məsələdə nisbətən yumşalma var”,- deyə Dəyanət Rzayev vurğulayır. Və bunun da səbəbləri var. Artıq insanların dini savadı artır və möhvumatdan uzaqlşırlar.

Çünki qızlarının hüquqlarını pozan, sözlə yox, döyərək tərbiyə edən valideynlərə İslamda - müqəddəs kitabımız olan "Quran”da mənfi münasibət bəslənilir. İlahiyyatçı Qoşqar Səlimli dinimizin ümumiyyətlə insanın döyülməsinə, insana qarşı zor, şiddət tədbiq edilməsinə qarşı olduğunu bildirir.

"Qədimdə qızı olanlara pis baxırdılar. Hətta uşaq qız olanda öldürürdülər və ya anasını qınayırdılar. Bu indi də rayonlarda və Bakı kəndlərində qalmaqdadır: qız uşaqlarına münasibət pisdir. Çoxu bunu dinlə əlaqələndirsə də, İslamda belə şey yoxdur. İslamda nə kişi qadından üstün, nə də qadın kişidən üstündür. Quranda "Şura” surəsinin 49-50-ci ayəsində buyurulub: ”Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini yaradır, istədiyinə ancaq qız, istədiyinə də ancaq oğlan verir. Yaxud hər ikisindən – həm oğlan, həm də qız verir, istədiyini də sonsuz (övladsız) edir. O (hər şeyi) biləndir, (hər şeyə) qadirdir!” Ancaq qadına, qız uşaqlarına xüsusi diqqətlə yanaşmaq, rəftar etmək buyurulub. O ki qaldı qızların döyülməsinə, İslam ümumiyyətlə insanın döyülməsini qəbul etmir. Nəinki qızın. Uşaqları döyməklə yox, sözlə tərbiyə etmək lazımdır”.

Yəni ilahiyyatçının sözlərindən belə çıxır ki, qızlarının hüquqlarını İslam adından pozan, onlara zor tətbiq edən valideynlərə, xüsusilə də analara İslami dəyərləri düzgün başa salmaq lazımdır. Bu, onların dünyəvi elmləri qavramasını da asanlaşdırar. Dünyəvi elmlərin araşdırması isə sübut edib ki, qadın savadlı və öz hüquqlarını bildikdə zorakılığa məruz qalmırlar. Eyni zamanda, millətin gələcəyinə mənfi təsir edən bu problemi həll etmək üçün dövlət orqanları müvafiq qanunlar qəbul etməlidir.

Bəs siz necə düşünürsünüz, əziz oxucular, döyməklə tərbiyə etmək mümkündür?
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 4 014
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri