Canımıza hopmuş ümidsizlik xofundan qurtulmaq, gələcəkdə uğur qazanmaq üçün daim gərgin və səmərəli işləmək lazımdır. Bu isə fərdin əzmi ilə bağlıdır. O, iradəsini yoxlamaq üçün özünü məcbur etməlidir ki, əvvəlki uğursuzluqları yenidən yaşamasın, qarşıdakı problemləri müvəffəqiyyətlə həll etsin. Çünki o yalnız qətiyyəti ilə ümidsizlik bəlasından qurtula bilər.
Problemsiz bir həyat absurddur. İş olan yerdə mütləq problem vardır. Problemin olmadığı yerdə ya ümumiyyətlə iş görülmür, ya da problemlər ört-basdır edilir. Problemi həyatın gerçəkliyi kimi qəbul edən insan gözlənilməz hadisələrə qarşı da həmişə hazır olur və ümidsizliyə qapılmır.
Ümidsizlik, bədbinlik və ya pessimizm çox təhlükəli bir xəstəlik olub, insanın məruz qala biləcəyi ən dəhşətli müsibət kimi qəbul edilməlidir.
Həyatı iztirabla keçən istiqlal şairi Mehmet Akif Ərsoy Türkiyənin çox çətin vəziyyətdə olduğu anda belə ümidsizliyə üsyan etmişdir:
Ümidsizlik elə bataqlıqdır ki, düşsən, boğularsan,
İradəndən möhkəm yapış, bax gör nə olarsan!
P.S. Ümidsizliyə qapılanda bundan necə çıxış yolu tapmısınız?