Ölümsüzlüyün sirrini axtaranlar

Müəllif: my_angel
Şərhlər: 4
Baxılıb: 1 744
Səs ver:
(səs: 4)
Dünya yaranandan bəri uzunömürlüyün sirri, cavanlıq eliksiri və gümrah qalmaq istəyi insanları maraqlandırıb. Daima gənc qalmaq arzusu ən azı bir dəfə hər bir insanın ağlından keçib. Ancaq uzun ömürlük haqqında nağıllarda və rəvayətlərdə oxusaq da, bununla bağlı tarixdə də az məlumat yoxdu.

Məsələn, qədim Roma İmperiyasında insanların düşüncələrində yaratdıqları bir "vampir” obrazı vardı. Həmin dövrlərdə bir çoxları, eləcə də həkimlər cavan və güclü insanların qanının qocalığın qabağını alacağını düşünürdülər. İtaliyanın akademik kitabxanasında vampirizmə aid bəzi latın əlyazmalarına rast gəlmək olar. Qladiator döyüşləri zamanı ölüm ayağında olan döyüşçülərə zəif və xəstə romalılar hücüm edərək, onların boyun damarlarını deşib qanını sormağa başlayırdılar. Bu üsuldan Roma papası VIII İnnokentiy də istifadə etmişdi. Qadın və içki həvəskarı olan papa uzun ömür sürməsinə baxmayaq, qocalıqdan canına qurtara bilməyib, ağır əzab içində canını Allaha tapşırmışdı.

Gəncləşmək üçün Qədim Misirdə də özünəməxsus reseptlər olub. Bizim dövrümüzə qədər gəlib çıxmış "Qocanı cavana çevirmək üçün ilk kitab” adlı papirusda gənc qalmaq üçün müxtəlif üsullardan bəhs edilir.

Məşhur yunan filosofu Demokrit mikroskopun kəşf olunmasından 22 əsr əvvəl belə bir nəticəyə gəlib ki, insan orqanizmində olan bəzi mikrohüceyrələr xəstəliklər yaradır. Uzun və sağlam ömür keçirdən alim uzunömürlüyün sirrinin hər gün bal və bal məhsullarının yeməkdə görürdü.

Həmin dövrün nümayəndələrindən biri olan məşhur həkim Paratsels ölümsüzlüyün eliksirini tapdığını iddia edirdi. Onun tibb elminə verdiyi töhvələrin əhəmiyyətli olduğunu da qeyd etmək lazımdı. Məhz Paratsels kimyaterapiyanı ilk dəfə istifadə edənlərdən biri olub. Özünü ən yaxşı həkim və filosof hesab edən Paratsels deyirdi ki, onun dünyada sağalda və həyata qaytara bilməyəcəyi insan yoxdur. Amma həyat onunla heç də yaxşı zarafat etmədi. Balta kimi sağlam olduğunu deyən Paratsels nə qədər yaşasa yaxşıdı? Əllicə il... Bu da bu...

Ancaq qədim həkimlərin təklif etdikləri başqa, daha maraqlı "qerokomika” adlı bir üsul da var idi ki, həmin üsula görə qoca biri gənc insanın nəfəsi ilə qocalmağını gecikdirə bilər. Yəni, siz də bağışlayın, söhbət yalnız gənc insanlarla yatağa girməkdən gedir.

Qədim farslar isə qocalmamaq üçün lap adamyeyənliyə "hə” deyirlər. Onlara görə qızılsaçlı bir insanı 30 yaşına kimi yaxşıca yedizdirəndən sonra ballı daş qaba qoyub möhkəm bağlamaq lazımdır. 120 il ərzində bədən mumiyaya çevriləcək və bu mumiyadan alınan cavanlıq eliksirini xüsusi qayda ilə içmək lazımdır.

Tarixə baxsan, həyatı uzatmaq üçün nəinki dərman və eliksirlərdən, həmçinin müxtəlif talisman və amuletlərdən də istifadə edilirdi.

Orta əsrlərin kimyagərləri dəmiri qızıla çevirən, gəncliyi qaytaran və xəstəlikləri sağaldan "filosof daş”ının varlığından danışırdılar. Bu "daş” toz halındaymış. Onun hazırlanması qaydası gizli saxlanılırdı və kiməsə yalnız xüsusi ritualdan keçdikdən sonra daş haqda məlumat verilirdi. Əslində, bu daş insanın ruhunun sərbəstliyi və özünü tam azad hiss etməsi üçün istifadə edilirdi. Rəvayətlərə inansaq, bunu əldə etmiş yeganə insan Nikola Flamel adlı fransız olub. Onun həyatı da ölümü kimi sirrlərlə doludur. Hətta bu adamım qəbri də boşdur. Yəni, belə nə qədər inandırıcı olmasa da, guya Nikola müəllim ölməyib...

Ölümsüzlüyün sirri və cavanlıq eliksiri ilə çinlilər daha çox məşğul olublar. Ənənəvi Çin dini olan daosizmə görə insan ölümsüzlüyə yalnız özünü davamlı şəkildə təkmilləşdirməklə çata bilər. Çinlilərə görə, gənclik dövrünün uzadılması üçün insan bir neçə gimnastik hərəkətləri bilməli və xüsusi tənəffüs formalarını bacarmalıdır. Daosizmdə ölümsüzlük üçün kimyagərlikdən da istifadə edilir.

Haşiyə kimi onu da xatırladaq ki, ancaq Avropa kimyagərlərindən fərqli olaraq çinlilər "filosof daşı”yla nəinki dəmirdən, hətta başqa metallardan da qızıl almaq mümkün olduğunu deyirlər. Onlar öz eksperimentlərində əsasən civə, kükürd və qurğuşundan istifadə edirdilər. Öz aramızdı, elə bizdə də belə şeylər olub. Rəhmətlik Axundovun "Hekayəti-Molla İbrahimxəlil kimyagəri” xatırlasaq, bəs eləyər...

Bundan əlavə, onlar qəribə otlar yetişdirərək, bu otları tisbağadan, durnadan, gərgadanın buynuzundan ibarət olan qarışıma əlavə edib məhlul hazırlayırdılar. Əlbəttə, kimyagərlər hazırladlığı ağır tərkibə malik bu məhlulu kiçik dozalarda içmək lazım idi. Kimyagərlərin sözünə qulaq asmayan, məhlulu qədərindən çox içən və qısa müddətə cavanlaşmaq istəyən insanların həyatı faciəvi sonluqla bitirdi. Məhz buna görə, orta əsrlərdə hakimiyyəti idarə edən imperatorlar məhluldan zəhərlənərək bir-birinin ardınca vəfat ediblər. Yeri gəlmişkən, sonralar cavanlıq eliksiri düzəltmək üçün insan bədəninin şirəsindən də istifadə edildi.

Qədim Hind eposu "Mahabharata”da şirəsi insan ömrünü 10 min ilə kimi uzadan sehrli ağac haqda yazılıb. Ancaq ağacın harda olması ilə bağlı dastanda heç bir ipucu verilməyib.

Müxtəlif dövrlərdə alimlər uzunömürlüyün sirlərinə fərqli tərəfdən yanaşıblar.

Orta əsrlərdə yaşamış italyan həkimi Tserbinin fikrinə görə, insan bədəninin rütubətinin azalması və bədənə qeyri-stabil qidanın paylanması nəticəsində toxumalarda qalınlaşma prosesi gedir və insan qocalmağa başlayır. Bundan sonra qocalmaqla bağlı bir çox fərziyyələr səslənsə də, bu fərziyyələr sübutunu daha sonralar nəzəriyyələrdə tapdı.

18-ci əsrdə yaşamış Erazm Darvin (Çarlz Darvinin babası) belə fərziyyə ortalığa atdı ki, qocalıq "qıcıqlanma artıqlığı” nəticəsində baş verir. Onun məsləhətinə görə, yaşlı insanlar açıq havada daha çox gəzməli və həyata maraqla baxmalı, cəmiyyət arasında çox olmalıdır.

Digər ingilis filosofu buna bənzər fikir söyləyərək, bildirib ki, insan "həyat enerjisini” itirdikdə qocalır. Yəni, insan daima əqli əməklə məşğul olmalı, həyat enerjisini qoruyub saxlamalıdır. Maqnetizm nəzəriyyəsinin banisi Mesmerin fikrinə əsasən bəzi insanlarda xususi maqnit gücü var. Bu güc sahəsində insanlar başqa insanlara təsir göstərə, xəstəliklərini sağalda, hətta cavanlaşdıra bilərlər.

72 yaşlı fransız fizioloqu Şarl Broun-Sekar 1892-ci ildə sensasion açıqlama verərək, Fransanın bioloqlar cəmiyyətinə apardığı araşdırmalar barəsində məlumat verib. Broun-Sekar müşahidələri nəticəsində heyvanın və insanın yumurtalığından götürdüyü məhlulun insan enerjisini stimulyasiya etdiyi və bədəni gəncləşdirdiyi qənaətinə gəlib. Onun sözlərinə görə, itin yumurtalığından aldığı inyeksiyanı özünə tətbiq etdikdən sonra gəncliyindəki gümrahlığı, təravəti və əmək qabiliyyəti qayıdıb.

Broun-Sekarın ekprementindən sonra bəzi həkimlər onun yolunu davam etdirərək, öz xəstələrinə bu metodu məsləhət görürlər. Cavanlıq eşqi ilə yanan insanlar bu üsuldan sonra özlərini doğrudan çox gümrah və enerjili hiss etdiklərini etiraf ediblər. Ancaq bir müddət sonra qocalıq yenə özünü biruzə verir, hətta bəzən insanlar vaxtından tez ölürlər.

Araşdırmaçı İlham Tumas "Cin, yoxsa qar adamı?” yazısında Fransada yaşamış başqa bir alimdən danışır: "Samuil Abramoviç Voronov bu kimi təcrübələri ilə bütün Avropada əsl sensasiya yaratmışdı. Hətta ahıllığını yaşayan Türkiyənin baş naziri də onun xidmətindən yararlanmaq niyyətindəymiş. Bəs Voronov hansı qabiliyyətinə görə belə diqqətə layiq görülmüşdü?

Bəri başdan deyim ki, abır-həya sarıdan İvanov Voronovun yanında toya getməlyidi. Əgər İvanovun özünəməxsus kəşfləri heç olmasa, 10 faiz də olsa, təsərrüfata-filana xidmət eləyirdisə, Voronov özünü tamamilə heyvanların cinsi məsələlərinin, yaxud problemlərinin öyrənilməsinə, tədqiqinə həsr eləmişdi. Təsəvvür eləyin ki, cənab Voronov 1917-26-cı illər arasında 500 başdan artıq cavan keçinin, qoyunun və erkək dananın cinsiyyət orqanlarını yaşlı keçilərə, qoyunlara və danalara köçürmüşdü. Əməliyyatın nəticələrini xüsusi jurnallarda qeyd eləyən Voronov yazır: «Bu kimi köçürmələr nəticəsində yaşlı heyvanlarda əməlli-başlı oyanma baş verdi, onlar tamamilə cavanlaşdılar». 
Belə əməllər axırda Voronovun son niyyətinin nədən ibarət olduğunu aşkara çıxardı. Erkək meymunun badamcıq vəziləri üzərində də təcrübələr aparan Samuil Abramoviç 1920-ci ildə dünyada ilk dəfə calaq yoluyla insanın cavanlaşdırılması əməliyyatını həyata keçirdi: şimpanzenin badamcıq vəziləri yaşlı bir adama köçürüldü və dünyanın 700-ə yaxın məşhur cərrahı bu əməliyyatı alqışladı.
Voronovun bu uğuru ona dünya şöhrəti gətirdi. Artıq 1930-cu ilin əvvəlində təkcə Fransada 500 kişi onun cavanlaşdırma üsulu ilə müalicə kursu keçmişdi. İnandıq, ya inanmadıq, ingilis müəllifi Con Deyvidin 1986-cı ildə «Taym» jurnalında çap etdirdiyi «İnanaq, yoxsa inanmayaq» məqaləsinə görə, bu sırada «International Harvester Company» şirkətinin rəhbəri Harold MakKormikin, həmçinin Türkiyənin baş nazirlərindən birinin də adı var. Ancaq az keçməmiş Voronov elmi ictimaiyyətin təkidi nəticəsində eksprimentlərini dayandırmalı oldu. Bundan sonrakı həyatını nəzəriyyəsinin müdafiəsinə həsr eləyən alim 1951-ci ildə vəfat edir. 1994-cü ildə isə dünya alimləri Voronovu yenə xatırlamalı olurlar. «Viaqra»nın kəşfiylə adı təzədən hallanan alimin ünvanına ittihamlar da irəli sürülür: bəziləri QİÇS-in meymundan insana keçməsini məhz onun eksperimentləri sayəsində baş verdiyini güman edirlər”.

Nəsə... Qəliz məsələdir. Ancaq bilirsiniz, mən nə düşünürəm. Düşünürəm ki, ölümsüzlük axtarmaq elə ölümsüzlüyə qovuşmaq kimi bir şeydi. Kolumbun başına gələn olayda olduğu kimi..

Belə ki, Kolumb Atlantik okeanın ətrafında bilinməyən torpaqları aşkar etdiyi zaman orada ölümsüzlüyün dərmanını tapacağını düşünürdü. O, məhz ölümsüzlüyün sirrini tapmaq üçün çıxdığı səfərdə Amerikanı kəşf etmiş, tapdığı torpağa da Florida (tərcümədə - çicəklənən) adı vermişdi. Əslində, Kolumbun məqsədinə, yəni ölümsüzlüyə qovuşduğunu deyə bilərik...
(səs: 4)
Şərhlər: 4
Baxılıb: 1 744
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri