Həyatın məşğuliyyətlərinin çox olması
və insanın bu işlərə qərq olması qəflətə düşməyinə səbəb olur. Qəflət
insanın bütün həyatını əhatə edir.
Bəzən bu unutqanlıq o qədər genişdir ki, insanı dini vəzifələrini
yerinə yetirməkdən saxlayar və yaxınlarına yardım etməkdən uzaqlaşdırar.
Qəflət insanın dünya həyatını əhatə etdiyi kimi, axirətinə də təsir
göstərər.
O kəs ki, bu dünyada dini vəzifəsindən qafil olar, şübhəsiz ki, axirət
savabından da məhrum olar. Bu dünya - əkmək dünyasıdır və əgər insan
həyatını yersiz işlərlə keçirərsə, heç nə əkə bilməz. Əliboş halda
axirətə daxil olar. Bu cür insan həmişə həsrət çəkər və qəm yeyər.
Əlində olan qiymətli vaxtını əldən verdiyi üçün pərişan olar. Bu zamanı
geri qaytarmaq olmaz. (Tebyan)
Bəs nə edək ki, qəflətdən xilas olaq?
1. Zehni diqqət göstərmək.
Qəfləti aradan apara biləcək ən mühüm amillərdən biri - əməl və
rəftarına diqqət etməkdir. İnsan əgər zehni diqqət göstərərsə, gündəlik
gördükləri işdə nəinki qəflətə düşməz, bəlkə ona görə savab belə
qazanar. Həzrət Peyğəmbər (s) buyurur: "Ey Əbuzər! Yaxşı iş görməyi qəsd
et, baxmayaraq ki, onu yerinə yetirməsən belə, qafillərin zümrəsinə
yazılmazsan".
2. Dünyanı tanımaq. İnsan
həyatıın qısa bir hissəsi dünyada keçir və bu qısa həyat onun axirət
taleyini həll edir. Əgər bu qısa həyat qəflətdə keçirilərsə, həsrətdən
savayı insana bir şey gətirməz. O kəslər ki, dünyanın keçici olduğuna
diqqət edirlər - daima səydədirlər və heç bir zaman qəflətə düşmürlər.
Onlar hər an maddi həyatlarından bəhrə aparmaq istəyirlər. İmam Əli (ə)
bu haqda buyurur: "Hər kim əyyamı tanıyar, hazır olmaqdan qafil olmaz".
3. Ölümü davamlı olaraq
xatırlamaq. Qəfləti aradan aparan amillərdən biri də davamlı olaraq
ölümü yada salmaqdır. İnsan ölümü ilə bu dünyaya vidalaşar və əməl
dəftəri bağlanar. İnsan əgər bilsə ki, hal-hazırda olduğu zamanı bir
daha geri qaytara bilməyəcəkdir - o zaman qəflətdən xaric olar. Bu cür
insan çalışar ki, hər an ölümə hazır olsun və dünya fürsətlərini əldən
verməsin. Əmirəl-möminin (ə) buyurur: "Yolun uzaq olması üçün fasiləsiz
qorxudan yardım alın. O qədər qafillər olub ki, öz qəflətlərinə etimad
ediblər, ömür möhlətlərini bəhanə gətiriblər. Ona görə də uzun arzular
edib, uca saraylar yüksəldiblər. Ancaq əcəlinin yaxın olması ilə
arzusunun uzunluğu qısalmış, ölümün anidən gəlməsi ilə ümidi qət
olmuşdur".