Səbahəddin Ali - "Xəz Paltolu Madonna" kitabından seçilmiş sitatlar

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 4 065
Səs ver:
(səs: 2)
- İnsanlara yaxınlaşmaq ehtiyacım artdıqca, onlardan uzaq qaçmaq arzum güclənirdi.

- İnsanlar bir-birilərini tanımağın nə qədər çətin olduğunu bildiklərinə görə, bu zəhmət tələb edən işə girişməyə təşəbbüs etməkdənsə, bir-birilərinə kor-koranə yanaşmağı və yaşayış uğrundakı mübarizədə bir-birilərinin varlığından xəbərsiz olmağı üstün tuturlar.

- Mühitin illərcə, həm də aram-aram, yorulmadan yaratdığı saxta sifətlər daha qüvvətli idi, əsl insani keyfiyyətlərin baş qaldırıb meydana çıxmasına imkan vermirdi.

- Onun düşündüyü yerdə düşünmək, onun kimi düşünmək demək deyildi.

- İnsan səbir edib, dözə bilməyəcəyini zənn etdiyi çox şeylərə alışır.

- Çünki mühitimdən uzaq düşməyimin, qəribəliyimin bir səbəbi də kitablardan tanıyıb öyrəndiyim insanları ətrafımda tapa bilməməyim deyildimi?

- Əvvəlcə özümü itirmişdim, lakin bu hal uzun sürmədi. Çünki gördüm ki, bura da şəhərdir. Küçələri bir az geniş, bir qədər təmiz, əhalisi sarışın bir şəhərdir. Burada insanın ağlını başından çıxaran təəccüblü bir şey yox idi. Halbuki xəyalımda Avropanı başqa cür, müxtəlif macəralarla dolu bir yer kimi təsəvvür edirdim. Xəyalımdakı Avropanın necə olduğunu və indi yaşadığım şəhərin ona hansı cəhətlərdən oxşamadığını indi özüm də ayırd edə bilmirdim. Xəyalımızda təsəvvür etdiyimiz xariqüladə şeylərin həyatda olmadığını hələ dərk etməmişdim.

- Mənim aləmimdə qadın, mənimliyimi qamçılayan, isti yaz günləri zeytun ağaclarının altında uzandığım zaman xəyalımda qurduğum min bir macərada iştirak edən, maddilikdən daha uzaq bir məxluq idi.

- Dünyada mənə heç bir şey təbiətən qəmgin bir insanın zorla gülümsəməyə çalışması qədər acı görünməmişdi.

- O tamamilə mənim təsəvvür etdiyim kimi idi. Başqa cür olsaydı, mənə belə tanış gözlərlə baxardımı, salamlayardımı?

- Bir kitabın oxunmasına sərf etdiyim iki saatın ömrümün bir çox illərindən daha mənalı, daha əhəmiyyətli olduğunu gördükdə insan həyatının heçliyi haqqında düşünər, qəm-qüssəyə batardım.

- Şübhə yoxdur ki, hər kəsin özünəməxsus ruhu var. Lakin çoxları, bütün ömrü boyu bunun fərqinə varmır. Bu ruh ancaq özünə oxşarı ilə rastlaşdıqda meydana çıxıb özünü göstərir. Həm də bizdən, ağlımızdan, istəyib-istəmədiyimizdən asılı olmayaraq meydana çıxır. Biz sözün əsl mənasında, ancaq bu zaman yaşayıb hiss edirik. Bu vaxt hər cür tərəddüd, utancaqlıq kənara atılır, bir-birinə oxşar iki ruh bütün maneələri aradan qaldıraraq, bir-birinə qovuşmağa can atır.

- Duyub yaşamaq, təbiətin ən xırda hadisələrini, həyatın sarsılmaz bir məntiqlə axıb getdiyini seyr edərək yaşamaq. Başqalarından daha qüvvətli, daha coşqun hisslərlə yaşadığını duymaq. Keçirdiyin hər anın bir insan ömrü qədər mənalı, dolğun olduğunu bilərək yaşamaq. Bütün bunları şərh etməyə qadir bir adamın mövcud olması barədə fikirləşib, onu gözləyərək yaşamaq. Dünyada bundan fərəhli nə ola bilərdi?
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 4 065
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri