Yalnızlığın kölgələri..

Müəllif: Barbaris
Şərhlər: 3
Baxılıb: 1 090
Səs ver:
(səs: 0)
Yalnızlığın kölgələrinə əyilib, kar cümlələrin topal sətirlərini bir-bir yığdım bu gecə. Ad günü hədiyyəsi olaraq yenə ayrılıqlar təqdim edildi ürəyimizə.

İnsanlar, bilməsələr də hər vaxt layiq olduqlarını yaşayarlar. Mən həmişə təkliyə məhbus, mən həmişə sevdadan iraq.

Acını gecənin kiçik çaydanında dəmləyb hədiyyənə baxıram gözüm yaşlı, könülüm yaralı.

Ürəyimdə dəmlənmiş təkliyin idi dodaqlarıma zorla içirdiyim. Bədənimi ağrının ələyindən keçirib arda qalanlarıyla günahlarına atdığım mən idim.

Mən sənə həsrət, sən ayrılıqlarla əbədi. Sən dilimdən axan yaş dua ikən, mən ovuclarında qaldım. Sən, gözlərimdə ümid ikən, səndəki mən həmişə sevginə uçurum oldum.

Hicranı izdiham dolu ürəyimdə yenə hüznlərin ağrısıyla yenidən səhnəyə çıxacağam qaranlıqların son səhnəsində. Baş rollarda hüzn, mən və bir də sən.

Halbuki ağrını bal edib xoşbəxtliyi saxta gözyaşlarıyla oynayacaq qədər usta deyiləm mən. Mən kasıb cümlələrin hüzn qoxusu verən sətir aralarında ağır axsaq gedən figur idim.

Hər şeyi unudub gerçəyə dönürəm. İçimdəki qanayan yaralarıma, ürəyimdə yanan təkliyimə baxıb sənsizliyin susqun səkilərinə düşürəm.
Düzlər çaşqın, yollarım həmişə sənə incik. Əlimdə bəzənmiş hədiyyən, ürəyimdə təkliyim. Düşünürəm, düşündükcə qaranlıqların dibində yavaş-yavaş boğuluram.

Haqlısan bəlkə də. Yaralı bədənin, yamaqlı bir ürəyin ad günündə alacağı ən böyük hədiyyə təklikdən başqa nə ola bilərdi ki!

Boşluqları ağrılı sözlərin belə doldura bilməyəcəyi nəhəng bir təklik idi ad günü hədiyyəm. Əlimdə təkliklə bəzəkli hədiyyən, kirpiklərimdə yorğun bir kəpənək gözümün nəmini silir.

Ümidə həsrət ürəyimi qanadıb, sonsuzluğa gedirəm bir neçə cümləyə sığmayan təkliyimlə. Yol alıram qanlı bıçaqlı. Ayaqlarım yalın və gözyaşlarım çılpaq.

Səni yaşayarkən heç bir zaman dayanmadım. Yoxluğunda, varlığına sarıldım; varlığında gözlərinə. Gedişlərim həmişə ağrılarında yanmağa; gəlişlərim isə həmişə sənə idi.

Mən səni gülüşlərin üçün sevsəydim; heç bir zaman günahlarına zamin olmazdım. Mən sənin ağrılarını sevdim. Ağrılarını bədənimdə saxlayıb gözlərindəki Cənnəti tənəffüs etmək üçün sevdim səni.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 090
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri