"Sevgilinlə qarşı-qarşıya əyləşib bir-birinə baxmağın özü də bir növ seksdir”
Böyük
sənətkarımız Akif İslamzadə müsahibələrinin birində belə bir fikir
söyləyib ki, vaxt vardı biz bəzi mahnıları toylarda ifa etməyə
çəkinirdik, hazırda həmin mahnılar səhnələrdə, efirlərdə səslənir. Son
vaxtlar mahnı janrında olan problemlərdən cox danışılır, müzakirə
olunur. Son illərin ən yaddaqalan mahnıları hansılardır desək, yəqin ki
barmaq sadalamaqda çətinlik çəkəcəyik. Söhbət mahnının statusundan,
hansı bəstənin harda səslənməsindən gedir. Bu baxımdan köməyimizə bu
günlərdə meydana bomba kimi düşən "Dilbərim” çatacaq. Hər bəstəsi ilə
gündəmdə maraqlı müzakirələrə yol aça bilən Xumar Qədimova bu dəfə bizi
mövzuya tam fərqli bucaqdan baxmaga vadar etdi. Elə sevilən sənətçimizlə
müsahibəmiz də tam fərqli, orijinal, maraqlı, ən əsası, səmimi oldu. Ən
azı ona görə ki, müsahibim özünəməxsus ifası, qeyri-adi səs tembri, elə
naz-qəmzəsi ilə də ürəkləri ovsunlayan, könülləri yandırıb-yaxan və
ehtirasa gətirən Xumar Qədimovadır.
"O ürəyi Xumarda görəndə özümə aşiq oluram”
- Xumar xanım, hər layihəniz bomba kimi partlayır, bunun səbəbi nədir, deyin, həmkarlarınız da xəbərdar olsun…
-
Sənətə gələndə özüm-özümə sual verdim; bu sənət aləmində nə ilə
sevilib, yadda qala bilərəm. Düşündüm ki, bu, yalnız fərqlilik ola
bilər. Sözün düzü, o ürəyi, o fərqliliyi Xumarda görəndə özümə aşiq
oluram. Bax, bu ürəyə, bu fərqliliyə güvənib sənətə gəldim. Və elə
bugünkü uğurumun, sevilməyimin və hər layihəmin siz deyən kimi bomba
kimi partlamasının səbəbi yalnız budur; orijinallıq və ürək.
- Elə yeni həyat verdiyiniz "Dilbərim” də dərhal hitə çevrildi…
-
Bəli, bu gün Dilbərimə görə daha çox sevilməyimin şahidi oldum. Vaxtilə
özüm də bu musiqini dinləmişəm axı. İçdən gəlib bu ifa, nə bilim
şirindir, dadlıdır, başqa bir ləzzətdir.
-
Hətta xalq artistlərimiz belə gündəmdə qalmaq məqsədilə gah qalmaqal
edir, sosial şəbəkələrdə şəkillərini paylaşır, bir-birini söyməkdən belə
çəkinmir. Amma Xumar bir neçə ay görünməsə də belə, gündəmdədir. Bunun
sirri nədədir bəs?
- Sənətimdən əlavə burada bir insan
olaraq da özümün rolum var. Özəl olaraq bir az yapışıqlımı deyim, bir az
dəyərlimi deyim - bunlar da rol oynayır. İndi deyəcəklər ki, Xumar
özünü tərifləyir, amma görürsünüzmü mən bir az dedim. Xumarı da qatıram o
nəğmələrə və ikisi bir yerdə sevilir.
-
Bir çox müğənnilər, məsələn, Ülvi Qılınc, Samir Cəfərov məhz sizinlə
duet oxuyandan sonra daha da populyaşdı və gündəmə gəldi. Mənə çox
maraqlıdır, bunu onların özləri bilirmi, yoxsa, zəhmətinizi itirirmi?
-
Açığı, mən də bilmirəm onlar bunu bilir, yoxsa itirir, heç
maraqlanmamışam. Amma hər halda, bilmələrini istərdim. Ona görə yox, ki,
onardan asılıyam, yox, sadəcə, xoş olmaq üçün bu, mənə yetər. Sözün
düzünü eşitmək hər bir insana xoşdur. Desələr ki, Xumar xanımın da bir
addım qayğısı oldu, bu, sözün düzü olardı.
-
Mahnılarınız öz ifanızda daha çox sevilir, çünki onlarda Xumarın ruhu
var. Maraqlıdır, başqa müğənnilərə vermək istərdinizmi o mahnılardan,
çünki bildiyimizə görə, bir çox həmkarlarınız o mahnılar üçün sizə
dəfələrlə müraciət ediblər?
- İllər boyu məşhur
müğənnilərimizin 90 faizi mənim mahnılarımı oxumaq istəyiblər, bunun
üçün müraciətlər ediblər. Ona görə yox ki, onları qəbul etmirəm, yox.
Sadəcə, mən Xumarı ruhuma daha yaxın bildiyim üçün nəğmələrimi Xumara
vermişəm. Amma belə Brilliant, Nadir, Ruhəngiz Allahverdiyeva, Elton,
Yıldız Tilbə oxuyub.
"Kaş ki…”
- Mahnılarınızın mətni də musiqi kimi gözəldir, məna yükü, məzmunu var. Bu, bir zövq məsələsidir, yoxsa?..
-
Mən özüm də bu barədə Xumara mat qalmışam. Mənə bir kitab ver, ordan ən
qaymaqları seçib ortaya çıxaracağam. Bəlkə də qəliz anlaşılır, amma
ruhuma yaxın olur.
- Olub kimsə şeirlərinə musiqi bəstələnməsini istəyib, amma ruhunuza yaxın olmadığından imtina etmisiniz?
-
O qədər. Milyoner çıxarıb stolun üstünə pul töküb ki, bu kitabdakı
şeirlərdən birinə mahnı yaz. Amma baxıb görmüşəm ki, ruhuma yaxın bir
dənə də olsun şeir parçası yoxdur orda. Bu ruhdan, gendən gələn bir
zövqdür. Atam şeiriyyətə bağlı bir insan olub. Hər gecə Aşıq Ələsgərdən
bizə şeir oxutdurmasaydı, yatmazdı. Bununla dincələrdi. Eləcə də kinoya,
musiqiyə tutuqlu bir insan idi. Hərdən fikirləşirəm ki, kaş
valideynlərim belə duyğulu olmayaydı, bu da gendən bizə keçməyəydi.
Çünki duyğulu, romantik, dərin, həssas olmaq insana əziyyət verir.
"… özümü qısqanıram”
- Sosial şəbəkələrdə görə bilmirik sizi. Niyə?
-
İnternetlə heç aram yoxdur. Sosial şəbəkələrdə də yoxam. Hərdən mənə
deyirlər ki, sən də bu sosial şəbəkələrə qoşul. Deyirəm, yox. Mən kağıza
yazılan məktubu daha çox sevirəm, nəinki mesajları. Mən doğal, real
ünsiyyəti daha çox sevirəm. O şeylər mənə saxta gəlir, tükənmişlik
təsiri bağışlayır. Həm də mən qısqancam, özümü qısqanıram. Qoy biraz
məni özləsinlər. Mən harda oturdum, neylədim - istəmirəm bunları sosial
şəbəkələrdə paylaşım, fotolarımı göstərim-istəmrəm. İmkanım qədər özümlə
bağlı çox şeyi gizlədirəm.
- Deyəsən, Xumar Xumarı çox qısqanır…
-
Xumar nəinki Xumarı, Xumar bütün sevdikdlərini, ətrafını, dostlarını,
doğmalarını qısqanır. Hətta sözü də qısqanıram. Bəzən bacımla oturub
televizora baxırıq, deyirəm buna bax e, bu sözü də adiləşdirdilər. Bəzən
müğənnilər arasında olan saxtalığı görəndə qəbul etmirəm, çox pis
oluram.
"Hələ Xumarın dördüncü, beşinci qapısından adlayıb keçsinlər…”
- Saxtalıqdan danışdıq, içdən olan insanlar üçün belə deyək də, mənəvi aclıq keçirirsinizmi?
- Çox çəkirəm. Bu dəqiqə səmimi insanlar çox azdır.
- Paylaşdığınız adamlar varmı?
- Sənətdən kənarda azsaylı dostlarım var ki, onlarla paylaşıram. Qadın da var, kişi də.
-
Bunun birinci, ikinci, nə bilim 39-cu qapısı var. Hələ Xumarın
dördüncü, beşinci qapısından adlayıb keçsinlər, sonra 40-cı qapı barədə
düşünsünlər.
"Qarşımdakı insan milyonları ayaqlarım altına töksə də…”
- Bütün musiqilərinizdən ehtiras, enerji, ruh yağır…
-
Çoxları ehtirası daha çox seksual mənada anlayır. Bu yaxınlarda bir ad
günü idi, hörmətli insanlar iştirak edirdi, mən orda canlı oxudum. Aman
Allah, mən düşündüm ki, bir saat belə oxusaydım ölə bilərdim, ürəyim
dayanardı. içimdə bir hal yaşandı. Bax, həmin an o ehtiras görünür. Səs
rejissoru Savid var, mənə bir dəfə dedi ki, ay Xumar, sən "Qəmərim”i
neyləmisən, "Dilbərim” var ha, onun canını alarsan e. Bax, Cavid onu
ehtirasla dedi. Doğrudan da o mahnını oxuyanda mən tutdum ki, o nəyi
deyirmiş. Ürəyini qoyduğun o anda ehtiras yaranır. Allah mənə bir
ehtiras verib ki, o da sevgi ehtirasıdır. Allahım mənə o ehtirası o
qədər bol verib ki, onun qarşısında dayanmaq çox çətindir. Həmin o sevgi
ehtirasından da mənim nəğmələrim dünya gəlir, doğulur. Adicə sevdiyin
bir insanla oturub çay içirsən, o baxışlar, o istilik özü elə ən böyük
seksdir...
"Sevgidiyimin yanımda olması vacib deyil, əsas…”
- Yəni fiziki yox, ruhi bağlantını vacib sayırsınız…
-
Bəli, vacib deyil ki, bunun üçün mütləq yatağa girməlisən. Sevməsəm,
qarşımdakı insan milyonları ayaqlarım altına töksə də, xeyri yoxdur.
Sevgi, ehtiras, səmimiyyət, iç dünyası, doğallıq hər zaman məni
müşayiət edir. Mənim üçün sevdiyimin yanımda olması vacib deyil, əsas
məni hiss eləməsidir. Bir dəfə dostlarla çay içən zaman bunu dedim və
ardından da bir şeir söylədim:
Oturmuşam sakit,
Bir otaqda tək-tənha,
Bu sayaq yaşamaqdan bezmişəm daha
Durub sənsizlikdən qaçmaq istəyirəm,
Qapımla, pəncərəmlə birgə…
Dedilər
bəs bayaqdan deyirdin sənin üçün sevdiyinin yanında olub-olmaması fərq
etməz. Mən onlara qayıtdım ki, mən ümidsiz sevgidən danışıram. Əgər ümid
varsa, başqa məsələ. Vacib deyil sevdiyinin yanında olması…
"Kənardan baxanda deyirlər ki, Xumarın sevgilisi var”
- İndi sevgi varmı içinizdə?
-
Yox, tamamən boşdur. Amma sevənlərim çoxdur. Bir etirafı da edim ki,
mən hər zaman sevilən qadın olmuşam. Amma özüm sevim, yox, indi buna çox
ehtiyacım var. Çünki sevgisiz həyat yoxdur.
- Amma son günlər efirlərdə sizi gördük, sanki sevgi fırtınası qoparırdınız…
-
Ola bilər, kənardan baxanda deyirlər ki, Xumarın sevgilisi var, Xumar
çox xoşbəxtdir. Bax, burda da mənim bayaq dediyim o enerji, ehtiras
köməyimə gəlir. Bəlkə də o ehtiras tükənəndə sevgisizliyim görünəcək.
Amma lap kimsə mənə bəxtəvərlik versin kənarda, amma özüm bilirəm ki,
iç, hal o iç, o hal deyil. Xumarı qane etmir o hal, amma baxıram ki,
bunun səbəbi dediyim o enerjidədir. Allahıma minnətdaram o enerjiyə
görə. Allah eləməmiş, o enerji tükənərsə, o sevgisizlik görünəcək və
özüm də deyəcəm ki, Xumar, aldatma camaatı.
"Xumar elə durduğu yerdə dəlidir, sevgi anında…”
- O enerjini nə tükəndirə bilər?
- Allah eləməmiş, doğmaların itkisi. Bunu heç dilimə belə gətirmək istəmirəm.
- Xumar Qədimova hazırda dəli sevgi yaşamaq istərdi?
-
Xumar elə durduğu yerdə dəlidir, sevgi anında bir az da çılğınlaşır.
Niyə istəmirəm, istəyərəm. Hazırda sevgisinə hörmət etdiklərim var, amma
içimdə o sevgi yoxdur.
- Xumar xanım, sizin üçün bu gün maraqlıdır, yoxsa keçmiş?..
-
Yox, mən hər zaman keçmişin nostalgiyası ilə yaşayıram. Mənim üçün
dünən bu gündən gözəldir. Mənim vaxt keçirdiyim hansısa bir krallara
məxsus məkanda bir saat olmağı kimsə xəyal edər, nəinki keçmişi, bir
saat qabağı belə unudar, amma mən əksinə, dünən üçün burnumun ucu
göynəyir. Sizdən də şöhrətli, varlı insanlarla oturub danışaram, amma
həmin anda sizləri özləyərəm.
"Elə bir həkim istəyirəm ki, beynimi dəyişsin və…”
- Nə Xumarı hönkür-hönkür ağlada bilər?
-
Keçmişim. Ağlatmır e, məni məhv edir. İçimdən balaca Xumar həmişə
boylanıb mənə sarı. Hər iki Xumar bir-birinə bənzəyir, heç
dəyişməyiblər. O balaca Xumar da mənim kimi heç özü də bilmir nə
istəyir. Adi bir ətir, yağışın səsi, küləyin vıyıltısı, it hürməsi məni
dəli edir, darıxıram, keçmişim, kəndim üçün ürəyim gedir. Elə bir həkim
istəyirəm ki, beynimi dəyişsin və bütün keçmişimi unudum.
- Güclü xanımsınız, gücünüz daha nədən qaynaqlanır?
-
Əslində içimdə çox zəif və zərifəm. Keçmişimin qarşısında acizəm.
Məsələn, mən oxuduğum orta məktəbin qabağından keçə bilmərəm. Sanki
ölərəm həmin anda.
"Göz yaşımı göstərməyi sevmirəm”
- Darıxanda, bulud kimi dolanda necə boşaldırsınız ürəyinizi?
-
Ağlayıram. Bunun zamanı yoxdur, anidən də ola bilər. Mən göz yaşımı
göstərməyi sevmirəm. Çox vaxt belə halımda royal arxasına keçib nəğmələr
bəstələyirəm.
- Elə onu soruşacaqdım, nəğmələriniz necə doğulur: xoşbəxtlik anında, yoxsa əksinə?..
- İki halda; lap çox xoşbəxt olanda, bir də lap kədərli olanda.
- Nəyi bağışlamaz həyatda Xumar Qədimova?
-
Xəyanəti. Sevəndə mükəmməl sevirəm və qarşımdakından da bunu
gözləyirəm. Heç olmasa, hisslərimin qarşılığı yarısı qədər olmalıdır ki,
ünsiyyətim davam edə bilsin. Özümü hamıdan çox istəyirəm və ona görə də
qarşımdakını özüm qədər sevə bilirəm. Fərqi yoxdur kişi-qadın sevgisi
ya dostluq, rəfiqəlik, əgər ortada xəyanət yoxdursa, ömrümün sonuna
qədər həmin insanlarla varam. Xəyanət gördüyüm anda sevgim bitir. Daha
ikinci bir variant ola bilməz. Sadiqliyi mən dildə, sözdə yox,
hərəkətlərdə bilməliyəm.
"Xəyanətə görə ayrıldıq”
- Tuş gəlmisiniz belə bir xəyanətə?
- Olub, ayrılmışıq. Amma bəlkə də başqası bunu heç xəyanət də saymazdı. Heç əhəmiyyət də verməzdi.
- Pul sizin üçün nədir?
- Çox şeydir, lazımlıdır pul.
- Deyirlər, Xumar çox varlıdır…
- Düz deyirlər, mənəvi cəhətdən dəşhət varlıyam.
- Xumarı daha çox nəylə təəccübləndimək olar: hansısa bir bahalı hədiyyə ilə?..
- Yox, səmimi sevgi ilə. Onda təəccüblənmirəm, həm də xoşhal oluram. Bahalı hədiyyələrim də çox olub...