Ermənistan Rusiyanın Azərbaycana "Yak–130” təlim-döyüş təyyarələrinin ixracı ilə bağlı planlarından narahatdır.
Ermənistan Müdafiə Nazirliyi məsələ ilə bağlı açıqlama yayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Arçrun Ovanisyan bildirib ki, Ermənistan tərəfi "Yak–130” təlim-döyüş təyyarələrinin Azərbaycana satmağa hazırlaşmasına konkret reaksiya verməyib.
"Lakin ölkə prezidenti Serj Sarkisyan və müdafiə naziri Seyran Ohanyan yaxın vaxtlarda bəyan etmişdi ki, Ermənistan hökuməti Rusiya silahlarının Azərbaycana ixracından narahatdır”, deyə nazirliyin açıqlamasında bildirilir.
Qeyd edək ki, Rusiya Azərbaycana "Yak–130” (NATO kodu "Mitten”) təlim-döyüş təyyarələrinin ixracına hazırlaşır. Rusiya tərəfi təyyarənin Azərbaycan Hərbi Hava Qüvvələri üçün təqdimatını keçirib. Təyyarənin silahlanmasında idarə olunan və olunmayan raketlər yer alır. Hazırda bu təyyarələr Rusiya, Belarus və Əlcəzairin silahlanmasında yer alır.