67
yaşlı dəb ilahəsi Linda Rodini kiminləsə səhv salmaq qeyri-mümkündür.
O, daim hər kəsdən seçilir. Onun əsas fərqləndirici cəhəti individual
geyim tərzi, həm də boyanmamış ağ telləridir. Lindanın üslubunu şıq
ekstremal adlandırmaq olar. Bu gözəl üsluba sahib olmaq çətindir, o,
qəlbinizdə olmalıdır...
Linda
Rodin gənclik illərində model, daha sonra stilist kimi fəaliyyət
göstərib. Balıqqulağı və vintaj geyim dəlisi olan Linda 2007-ci ildə öz
kosmetika brendini yaradıb.
Linda
Rodinin müsahibəsini təqdim edirik. 67 yaşlı Linda Rodin müsahibəsində
qəlbinin və zahirinin gənc, gözəl qalmağının sirlərindən danışıb.
- Saçlarınızı neçə yaşından etibarən boyamamağa qərar verdiniz?
-
35 yaşında saçıma xına qoymuşdum, onda tellərim çəhrayı rəngdə olmuşdu.
Bir müddət sonra saçımı öz axarına buraxdım. Tədricən, saçım ağarmağa
başladı, onda təbiətin qanunları ilə barışmalı oldum. Ümumiyyətlə, ağ
tellərin qocalıq əlaməti olduğunu heç vaxt düşünməmişəm.
- Yaş amili geyim seçimində nə dərəcədə rol oynayır?
-
İnsanlar yaşa dolduqca istər geyimdə, istərsə də makiyajda özünə
məhdudiyyət qoyur. Mən isə heç vaxt dayanmırdım, öz eksperimentlərimə
davam edirdim. Bu yaxınlarda 68 yaşım olacaq, sözsüz ki, bundan sonra da
dayanmaq fikrim yoxdur. Ürəyim istədiyi kimi geyinirəm.
- Saçınız ağarmağa başladıqdan sonra geyim tərzinizdə nə dəyişdi?
- Xeyr, "saçım ağardı, bundan sonra geyimlərimi də ona uyğunlaşdırmalıyam” fikri heç zaman ağlıma gəlmədi.
- Gözəllik rituallarınız nədən ibarətdir?
-
Gözəllik rituallarım çox sadədir. Həmişə sadəlik tərəfdarı olmuşam.
Məsələn, səhər yuxudan durub gəzintiyə çıxmaq xoşuma gəlir. Uzun
illərdir ki, eyni şampundan istifadə edirəm. Saçımı həftədə bir dəfə
yuyuram və bu, onları daha parlaq edir. Üzüm hər zaman təmiz və nəmli
olmalıdır. Əminəm ki, bu gün bir çox böyük elmi kəşflər qadını həqiqətən
cavan saxlamağa kömək edə bilər. Bir də onlardan düzgün istifadə
etməlisən, mən isə daha gec yaşda başlamışam.
- Amma cəlbedici qırmızı və ya çəhrayı dodaq boyanız heç vaxt əskik olmur.
- Gənclik
illərində sakit çalarlarda dodaq boyası istifadə etmişəm. Saçım
ağarandan sonra onları istifadə edə bilməzdim, əks halda, çox solğun
görünürəm. Fikirləşdim ki, solğun görüntünü azaltmaq üçün parlaq dodaq
boyasına ehtiyacım var. Mən də qırmızı ilə çəhrayı dodaq boyasını
seçdim.
- Hər bir qadının əməl etməli olduğu əsas gözəllik ritualı hansıdır? Xanımlara nə məsləhət verərdiniz?
-
Çox-çox illər əvvəl mənə nəmləndirici kremlərin vacibliyindən
danışmışdılar. Ümumiyyətlə, orqanizmin ümumi su balansını qorumaq bütün
qadınların əməl etməli olduğu əsas gözəllik ritualıdır.
- Yalnız suyun və nəmləndirici kremin sayəsində belə gözəl qalmaq mümkündür?
-
Yuxu da mənim gözəllik sirlərimdən biridir! Mən sutkada 10 saat
yatıram. Əgər səhər yuxudan tez oyanmalıyamsa, tez yatıram. Bir də
gözəllik sənayesində yeni trendləri xüsusi izləyir və öz brendimin
kosmetik məhsullarından istifadə edirəm.
- Cavanlıq fotolarına baxanda tapdığınız qüsurlara görə təəssüf hissi keçirirsiniz?
-
Nə danışırsınız? Mən heç nəyə görə peşman olmuram. Zənnimcə, onda daha
yaxşı görünürdüm. O vaxt hamımız Şerə oxşamaq istəyirdik. Mən heç bir
makiyaj etmirdim, əsas geyim-kecimə fikir verirdim. Əvvəllər saçım çox
uzun idi, həmişə də açıq qoyurdum, kosmetikam isə yox dərəcəsində
olurdu.
- İndi özünüzü neçə yaşında hiss edirsiniz?
- 18.
- Hissləriniz nəyə əsaslanır?
-
Bilirsiniz, yaş yalnız pasportdakı rəqəmlərdir! Bəli, illər keçdikdcə,
mən daha müdrik olmuşam, üzümdə qırışlar yaranıb, amma qəlbimin
yaşlandığını hiss etmirəm.
- Bu yaşınıza qədər əldə etdiyiniz ən böyük nailiyyət hansıdır?
-
Düşünürəm ki, daha azad və müstəqil olmuşam. Əslində, heç vaxt kiminsə
diktəsi ilə yaşamamışam. Başqalarının məndən gözlədiyi kimi deyil,
həyatımı öz istədiyim kimi qurmuşam. Əlbəttə ki, bunun üçün müəyyən
cəsarət lazımdır, amma mən onu öz daxilimdə tapa bildim. Yaş mənə
öyrətdi ki, həm özüm, həm də insanlarla ədalətli və səmimi olmaq
lazımdır. Onu da başa düşdüm ki, artıq cavan olmayacağam və bunu qəbul
etdim. Bu da normaldır.
- Nə vaxtsa gözəllik inyeksiyalarına əl atmısınız?
-
3-4 il əvvəl sınaqdan keçirmişəm. Fikirləşdim ki, niyə də olmasın?
Lakin qırışları aradan qaldırmaq cəhdi iflasa uğradı, çünki nəticəni
bəyənmədim. Başqa adama çevrildiyimi hiss edirdim. Həkimlər çox yaxşı
işləmişdi, ona görə də, heç kəs bunu görmədi. Yəqin, çox mühafizəkar
olduğumdan irəli gəlir. İndi qırışlarımla fəxr edirəm.
- Gənc qızların plastik əməliyyat etdirməsinə necə baxırsınız?
- Gənc yaşlarından özünü dəyişdirməyə çalışan qızlar çox qorxunc görünür.
- Şəxsi biznesinizi qurmağı çoxdan düşünürdünüz?
-
Bu barədə heç vaxt fikirləşməmişdim. Hər şey çox sürətlə baş verdi.
Sadəcə, sevdiyim, maraq dairəmə uyğun bir işlə məşğul olmaq istəyirdim.
İnsanların brendimin məhsullarını bəyənməsi və alması mənə çox xoş təsir
bağışladı.
- Cavanlıqda
model və stilist kimi fəaliyyət göstərmisiniz. İndi isə kosmetika
şirkətiniz var. Gözəllik naminə dəbdən ayrılmaq çətin olmalıdı ki?
- Xeyr, çünki bu iki sahə onsuz da bir-biri ilə bağlıdır. Bundan əlavə, işimi həvəslə görürəm.
- Həqiqətən, heç vaxt idman zallarına getməmisiniz?
-
Bir dəfə 15 il bundan əvvəl idman zalında çox ağır məşq etmişdim. Bu
üsulun indi də istifadə edilib-edilmədiyini bilmirəm. Çox sərt üsuldur.
Deyəsən, onda 50 yaşım vardı. Amma bu məşqdən sonra belimdə ağrılar
yarandı. Bununla bütün məşqləri dayandırdım. Yüngül idman hərəkətlərini
edəndə onsuz da belim ağrıyırdı. Bir vaxtlar yoqa ilə də məşğul olmuşam,
amma onu da sevə bilmədim. Daha sonra pilatesə başladım. O da yarımçıq
qaldı. Bütün uğursuz cəhdlərdən sonra özümə belə dedim: "Cəhənnəm
olsun bütün hərəkətlər! Ən yaxşısı, evdə qalıb kitab oxuyaram,
pəncərədən baxaram, ya da başqa bir işlə məşğul olaram".
- Sizi hansı dəb ilahələri ilhamlandırır?
- Frida Kalo, Odri Xepbern, Corciya Okeffi, ən əsası anam. Onların hamısı özünəməxsus idi